Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın Müdafiə naziri Uilyam Kohen ilə görüşdə söhbətindən. Vaşinqton, Pentaqon, 31 iyul 1997-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli cənab Kohen!

Azərbaycan prezidentinin ABŞ-a ilk rəsmi səfərini ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində tarixi bir hadisə kimi yüksək qiymətləndirdiyinizə və xoş sözlərə görə Sizə minnətdarlığımı bildirirəm. Bunu vurğulamaq mənim üçün xoşdur ki, mən Azərbaycan-Amerika əlaqələrinin hazırkı vəziyyətindən razıyam, ABŞ Müdafiə Nazirliyi ilə ölkəmiz arasında son illər yaranan yaxşı münasibətlərdən məmnunluq duyuram və bu əlaqələrin Azərbaycan üçün xüsusi əhəmiyyəti olduğunu qeyd edirəm.

Bildirirəm ki, NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulan Azərbaycan bu beynəlxalq təşkilatın bir sıra strukturları ilə əlaqələrini genişləndirməyə ciddi diqqət yetirir. Bu sahədə NATO-nun Baş katibi Xavyer Solana ilə şəxsi münasibətlərimiz az rol oynamır və cənab Solananın Bakıya səfərindən razılıqla danışmaq istəyirəm.

NATO-nun və Avropa-Atlantika Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Madrid Zirvə görüşünün nəticələrini yüksək qiymətləndirirəm və orada apardığım danışıqları uğurlu hesab edirəm.

Mən Azərbaycanın ən ağrılı probleminə - Ermənistan-Azərbaycan münaqişəsinə diqqətin cəlb olunmasının vacibliyini qeyd etmək üçün bildirirəm ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, çoxsaylı maddi və mənəvi sərvətlərimiz talan edilmişdir, bir milyondan artıq vətəndaşımız yurdundan, ev-eşiyindən qovularaq çadırlarda ağır şəraitdə yaşamaqdadırlar. Buna baxmayaraq, Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə tərəfdarıq və 1994-cü il mayın 12-də əldə edilmiş atəşkəs haqqında sazişin şərtlərinə dönmədən əməl edir. ATƏT-in Minsk qrupunun fəaliyyətinə xüsusi diqqət yetirən Azərbaycan hazırda Minsk qrupuna həmsədrlik edən dünyanın üç nüfuzlu dövlətinin - ABŞ-ın, Rusiya və Fransa dövlət başçılarının - prezidentlər Bill Klintonun, Boris Yeltsinin, Jak Şirakın Denverdə imzaladıqları bəyanat münaqişənin tez bir zamanda sülh yolu ilə nizama salınacağına ümidləri artırır.

Nəzərə çarpdırmaq istəyirəm ki, yeni müstəqillik qazanmış dövlətlər arasında Azərbaycan yeganə ölkədir ki, onun ölkəsində heç bir xarici dövlətin silahlı qüvvələri yoxdur. Biz öz müstəqilliyimizi öz qüvvəmizlə qoruyub saxlamaq əzmindəyik və buna nail olmaq üçün hər şeyi edirik və bundan sonra da edəcəyik. Heç kəsin şübhəsi olmasın ki, Azərbaycanın müstəqilliyi əbədi, dönməz və sarsılmazdır.

Səmimi görüş və açıq söhbət üçün bir daha minnətdarlığımı bildirirəm.

"Azərbaycan" qəzeti, 2 avqust 1997-ci il