"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın müdafiə naziri Uilyam Kohen ilə görüşdə söhbətindən" (Vaşinqton, Pentaqon, 31 iyul 1997-ci il) sənədinə tarixi arayış


ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlığın əsası 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin həmin ölkəyə ilk rəsmi səfəri zamanı ABŞ müdafiə naziri Uilyam Kohen ilə imzalanan birgə bəyanatla qoyulub. "ABŞ - Azərbaycan Müdafiə və Hərbi Münasibətlərinin Gələcəyi haqda bəyanat" adlı sənəddə müdafiə sahəsində əməkdaşlıq və Azərbaycan ordusunun demokratik və mülki nəzarət altında inkişafına yardım nəzərdə tutulurdu.

İki ölkə arasında hərbi və müdafiə sahəsində sıx əməkdaşlıq xüsusilə 2001-ci il 11 sentyabr hadisələrindən sonra güclənib. Azərbaycan ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyası adlanan ittifaqda fəal iştirak edib.

ABŞ-la hərbi əməkdaşlıq başlıca olaraq Azərbaycanın daxil olduğu Xəzər regionunda enerji layihələrinin təhlükəsizliyi, terrorizmin qarşısının alınması məqsədlərinə xidmət edir. Azərbaycan ordusuna Pentaqonun yardımı maddi-texniki təchizatın yaxşılaşdırılması və lazımi təcrübə təminatından ibarətdir.

Azərbaycan Silahlı Qüvvələri və Pentaqon arasında münasibətlərin kifayət qədər yüksək səviyyədə olması tərəflər arasında baş verən səfərlər və danışıqlardan da məlum olur. ABŞ Müdafiə naziri Donald Ramsfeld antiterror koalisiyasında əməkdaşlıq çərçivəsində üç dəfə - 2001-ci ilin dekabrında, 2004-cü ilin avqustunda və 2005-ci ilin aprelində Azərbycanda səfərdə olub və o, iki ölkə arasında hərbi əlaqələrin daha da inkişafında maraqlı olduğunu bəyan edib.

1997-ci il iyulun 31-də ABŞ-da rəsmi səfərdə olarkən Müdafiə naziri Uilyam Kohen ilə görüşən Azərbaycan Prezidenti Heydər Əliyev regional təhlükəsizliklə bağlı ABŞ-la hərbi əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirib: "Mən Azərbaycan - Amerika əlaqələrinin hazırkı vəziyyətindən razıyam, ABŞ Müdafiə Nazirliyi ilə ölkələrimiz arasında son illər yaranan yaxşı münasibətlərdən məmnunluq duyuram və bu əlaqələrin Azərbaycan üçün xüsusi əhəmiyyəti olduğunu qeyd edirəm".

Azərbaycanla ABŞ arasında hərbi əlaqələr sonrakı dövrlərdə də davam etdirilib. 2007-ci il noyabrın 6-da Azərbaycanın Milli Məclisi "Azərbaycan Silahlı Qüvvələri ilə ABŞ-ın Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə İş Planı"nı təsdiq edib. Həmin il sentyabrın 14-də Bakıda imzalanmış İş Planı özündə hərbi əməkdaşlığın bir çox sahələrini əhatə edir. Plana əsasən ABŞ Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif birlik və birləşmələrinin imkanlarının və peşəkarlığının artırılması, maddi və texniki yardımların göstərilməsini həyata keçirir. Həmçinin, hərbi əlaqələr çərçivəsində Sülh Naminə Tərəfdaşlıq Proqramı və NATO-nun dəstəyi ilə həyata keçirilən tədbirlər, yüksək rütbəli zabitlərin səfərləri, təcrübə mübadilələri və konfransların keçirilməsi müəyyənləşdirilib.

2008-ci il aprelin 17-də Bakıda 5-ci Azərbaycan - ABŞ hərbi məsləhətləşmələri keçirilib. Məsləhətləşmələrin əsas məqsədi iki ölkə arasında hərbi sahədə əməkdaşlığı müzakirə etmək olub. Keçirilmiş danışıqlarda tərəflər Azərbaycanla ABŞ arasında hazırkı hərbi əməkdaşlığı yüksək qiymətləndiriblər, o cümlədən əlaqələrin gələcək perspektivlərini müzakirə ediblər.

2008-ci il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanı general Dunkan Maknabın başçılıq etdiyi nümayəndə heyətini qəbul dib. Görüşdə iki ölkə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Cim Makduqalın görüşündə isə iki ölkə arasında əməkdaşlığın həm ikitərəfli, həm də NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramına əsaslandığı qeyd edilib. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri zamanı dediyi "biz ABŞ və NATO ilə əməkdaşlığımızı davamlı surətdə inkişaf etdirəcəyik" sözlərini xatırladıb. Cim Makduqal isə öz növbəsində ABŞ-la birlikdə beynəlxalq terrorizmə qarşı mübarizədə və sülhməramlı əməliyyatlarda iştirakına görə Azərbaycan dövlətinin rəhbərliyinə təşəkkürünü bildirib. 

Tarixi arayış 17 dekabr 2008-ci ildə yeniləşdirilib.