Azərbaycan Prezidenti Heydər Əliyevin şəhid övladları və kimsəsiz uşaqlar üçün təşkil edilmiş Novruz şənliyində çıxışı -"Gülüstan " Sarayı, 20 mart 1997-ci il


Əziz balalar, bayramınız mübarək olsun!

Mən sizi, bütün Azərbaycan övladlarını, gənclərini Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı, səadət, şənlik və gələcək həyatınızda uğurlar arzulayıram.

Novruz bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır. Xalqımız çoxəsrlik tarixində böyük sınaqlardan keçibdir. Tariximizin ağır, çətin dövrləri olubdur. İnsanlar ağır günlər, çətin illər yaşayıblar. Ancaq bunlara baxmayaraq, Novruz bayramını heç kəs heç vaxt unutmayıbdır. Əksinə Novruz bayramı insanları, xalqımızı həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də onlarda xoş, nikbin əhval-ruhiyyə yaradıbdır. Ona görə də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır. Bu eyni zamanda, hər bir şəxsin qəlbinin bayramıdır, hər bir ailənin bayramıdır.

İndi, Azərbaycan dövlət müstəqilliyini, milli azadlığını əldə edəndən sonra Novruz bizim dövlət bayramımız olubdur. Ona görə də xalqımızın gözəl ənənələrini son illərdə sürətlə bərpa edərək, respublikamız, xalqımız bu bayramı ildən-ilə daha da şən, gözəl, yüksək səviyyədə keçirir.

Novruz bayramı həmişə xalqımızı birləşdirən, bir yerə yığan, insanları bir-biri ilə barışdıran bayram olubdur. Ona görə də insanlar bu bayramı sevirlər. Xalqımızın ənənələri məlumdur: bu bayramda küsülülər barışır, insanlar bir-birinə qonaq gedir. Bu bayramda insanlar bir-birinə daha da mehriban olur, daha da yaxınlaşır, bir-birinin günahından keçir, səhvini bağışlayır, cəmiyyətdə insanlar arasında münasibətlər daha da saflaşır, yüksəlir. Beləliklə, bu bayram xalqımızın milli birlik, milli həmrəylik bayramıdır.

Novruz bayramı insanlarda həmişə xoş əhval-ruhiyyə yaradır, milli ruhu yüksəldir, vətənpərvərlik hissiyyatlarını daha da möhkəmləndirir və hər bir insanı Vətəninə, millətinə, ölkəsinə, doğma dövlətinə daha da sadiq olmağa dəvət edir. Xalqımız bu bayramı əziz bir bayram kimi qoruyub saxlayıbdır. Keçmişdə bu bayrama münasibət də birmənalı olmayıbdır. Ancaq buna baxmayaraq bu bayram insanlarımız, xalqımız, millətimiz üçün o qədər əziz və insanlara o qədər fayda gətirən və onların həyatını yeniləşdirən, gəncləşdirən bayram olubdur ki, insanlar onu qoruyub saxlayıblar.

Xalqımızın daha bir gözəl ənənəsi vardır - bu bayramı qeyd edərkən insanlar öz əcdadlarını, dünyasını dəyişmiş valideynlərini, qohum-əqrəbalarını yad edirlər, Vətən, torpaq, millət uğrunda şəhid olanları yad edirlər, həyatını dəyişmiş Vətən, millət qəhrəmanlarını yad edirlər. Bu bayram dünyasını dəyişmiş yaxınlarımızın hamısının ruhunu şad edir. Bu bayramın on gözəl mənalarından biri də budur.

Biz bu gün də bu bayramı belə şən əhval-ruhiyyədə, gözəl, çox yüksək səviyyədə qeyd edərkən dünyasını dəyişmiş əzizlərimizi, Vətən, torpaq yolunda canlarını qurban vermiş şəhidlərimizi xatırlayırıq. Bu gün buraya toplaşan, Gülüstan Sarayının bu salonunda bu bayramı qeyd edən balalarımızın bir çoxunun valideynləri Vətən, torpaq yolunda şəhid olublar. Biz onların xatirəsini xüsusi yad edirik. Güman edirəm ki, bu gün sizin belə şən, gözəl, xoşbəxt, çalan, oxuyan əhval-ruhiyyəniz dünyasını dəyişmiş bütün şəhidlərin hamısının ruhunu şad edir.

Mən bu gün bu bayrama, yəni sizin yanınıza, bu bayramı sizinlə birlikdə qeyd etməyə çox yüksək hisslərlə gəlmişəm. Siz Azərbaycanın gələcəyisiniz, bizim əziz övladlarımızsınız, balalarımsınız. İndi siz təhsil, tərbiyə alırsınız, oxuyursunuz, özünüzü gələcək üçün hazırlayırsınız. Biz də sizə və bütün Azərbaycan gənclərinə böyük ümidlə baxırıq. Bu əziz bayram günündə mən bir daha bildirmək istəyirəm ki, müstəqil Azərbaycan Respublikamızın gözəl gənc nəsli yetişir, gözəl gəncləri vardır. Azərbaycanın bu gündən də gözəl gələcəyi vardır və bu gələcəyi də quran, yaradan siz olacaqsınız, əziz balalar, ölkəmizin gəncləri olacaqlar.

Bu gün siz gözəl mahnılar oxuyursunuz, rəqslər edirsiniz, öz istedadınızı nümayiş etdirirsiniz. Sizə baxanda hər bir kəs, o cümlədən mən də iftixar hissi keçirirəm. Xalqımız yüksək mənəviyyata, böyük zəkaya malik olan bir xalqdır. Xalqımız qəhrəman, şücaətli xalqdır. Xalqımız məğrur, yenilməz xalqdır. Bizim əcdadlarımız bunu tarix boyu dünyaya nümayiş etdirib, sübut ediblər. Bu gün biz çalışırıq ki, xalqımızın bu gözəl xüsusiyyətləri qorunub saxlansın və daha da vüsət alsın, daha çox inkişaf etsin və xalqımızı yüksəklərə qaldırsın. Bunlar da olacaqdır. Burada - bu salonda sizin əhval-ruhiyyənizi, sevincinizi, istedadınızı görəndə mən bir daha inanıram ki, belə də olacaq və siz bunlara nail olacaqsınız.

Bizim borcumuz gənclərə daha çox qayğı göstərməkdən, onların təhsil və tərbiyəsi işini, yaşayış şəraitini daha da yaxşılaşdırmaqdan və gələcək nəsil üçün daha yaxşı həyat qurmaqdan ibarətdir. Əziz balalar, sizə bildirmək istəyirəm ki, bu, bizim və şəxsən mənim ali məqsədimdir. Bu məqsəd yolunda mən bundan sonra da durmadan çalışacağam.

Sizin borcunuz yaxşı təhsil, tərbiyə almaqdan, öz istedadınızdan səmərəli istifadə etməkdən, həyat fəaliyyətinə, gələcəyinizə yaxşı hazırlaşmaqdan, öz əxlaqınızla, təhsilinizlə, tərbiyənizlə valideynlərinizi, cəmiyyətimizi və bizi sevindirməkdən ibarətdir. Əziz balalarım, mən sizə bu arzularla müraciət edirəm.

Mən inanıram ki, Azərbaycanın bu gün yetişən gənc nəsli bütün keçmiş nəsillərdən daha da yüksəklərə qalxacaqdır. Çünki siz müstəqil Azərbaycanda, öz azad Vətəninizdə yaşayırsınız. Qarşımızda duran bu çətinliklər aradan götürüləndən sonra müstəqil, azad, sərbəst Azərbaycanın gələcək vətəndaşları olacaqsınız. Biz bu çətinlikləri aradan götürəcəyik. Həyat gündən-günə rahatlaşacaq, yaxşılaşacaqdır.

Mən buna sizi tam əmin edirəm. Siz də çalışmalısınız bu həyatdan özünüz üçün daha da çox götürəsiniz ki, gələcəkdə müstəqil Azərbaycanın inkişafını yaradan, quran, təmin edənlər olasınız. Mən sizinlə bugünkü görüşümdən çox xoşbəxtəm. Gözəl uşaqlarsınız, balalarsınız. Mən sizin hamınızı ən dərin sevgi və məhəbbət hissi ilə bir daha təbrik edirəm. Sizə səadət, daim şənlik arzulayıram. Sizə gələcək həyatınızda xoşbəxtlik arzulayıram.

Mən sizi öpürəm, qucaqlayıram, bağrıma basıram. Sizə yeni-yeni uğurlar arzulayıram.

Əziz balalar, bayramınız mübarək olsun!

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər