Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıya səfərə gəlmiş Rusiyanın xarici işlər naziri Yevgeni Primakovla görüşdə söhbətindən - Prezident sarayı, 7 oktyabr 1997-ci il


Hörmətli Yevgeni Maksimoviç!

Mən məmnun qaldığımı bildirirəm ki, Siz, Rusiya XİN-nin rəhbəri ölkələrimiz arasında ikitərəfli münasibətlər barəsində, bölgəmizə aid olan, habelə Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılması prosesi ilə bağlı bir çox məsələlər haqqında fikir mübadiləsi aparmaq üçün imkan tapıb Bakıya gəlmişsiniz.

Bu ilin iyulunda Moskvaya rəsmi səfərim, orada keçirilmiş görüşləri və danışıqları, xüsusən Rusiya prezidenti Boris Yeltsinlə aparılmış danışıqları xatırlamaqla bir daha səfər zamanı Azərbaycan nümayəndə heyətinə göstərilmiş qayğıya görə, habelə imzalanmış dövlətlərarası və hökümətlərarası sənədlərə görə təşəkkürümü bildirirəm. Bu sənədlər respublikamızda bəyənilmiş və tamamilə dəstəklənmiş, ATƏT-in Minsk qrupunun həmsədri kimi, Rusiyanın vasitəçiliyinin konkret nəticələrə gətirib çıxaracağına daha böyük ümid və inam yaratmışdır. Azərbaycanda bunu da yüksək qiymətləndirirlər ki, Rusiya Lissabon Zirvə toplantısında bəyanat qəbul edilməsində çox mühüm rol oynadı. Bu bəyanat gələcək danışıqlar və ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti üçün əsasa çevrilmişdir.

Ermənistan-Azərbaycan münaqişəsinin iki mərhələdə aradan qaldırılması haqqında ATƏT-in Minsk qrupu həmsədrlərinin axırıncı təkliflərinə müsbət münasibət bəslədiyimi bir daha təsdiqləyərək nəzərə çarpdırmaq istəyirəm ki, bu təklifləri Azərbaycan tərəfi danışıqlar prosesinin gücləndirilməsi üçün əsas kimi qəbul etmişdir və bu barədə öz rəyini yazılı şəkildə təqdim etməyə hazırdır.

Mən Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlığı möhkəmlətməyin zəruriliyi barədə Moskvaya rəsmi səfərim zamanı verdiyim bəyanatlara da sadiq qaldığımı təsdiqləyərək vurğulayıram ki, ölkəmiz bu münasibətlərin inkişafı və möhkəmlənməsi üçün hər şeyi edəcəkdir. Ayrı-ayrı qeyri-rəsmi bəyanatlar bu münasibətlərə xələl gətirə bilməz. Bununla belə, elə məsələlər var ki, onlar ölkəmizi narahat edir. Bunlardan biri də böyük miqdarda Rusiya silahlarının Ermənistana qanunsuz göndərilməsi faktı ilə bağlıdır. Mən həmin faktın yoxlanmasını gücləndirməyin zəruriliyini bir daha nəzərə çarpdırmaq istəyirəm.

Bu il avqustun 29-da Moskvada Rusiya ilə Ermənistan arasında imzalanmış müqavilənin bəzi müddəaları da ölkəmizdə narahatlıq doğurur. Bununla belə, hesab edirəm ki, bu məsələlər müzakirə və danışıqların mövzusu ola bilər, lakin ölkələrimiz arasında münasibətlərin strateji xarakterinə heç cür təsir göstərə bilməz. Mənim fikrimcə, Rusiya XİN başçısının indiki səfəri ölkələrimiz arasında münasibətləri bu il iyulun 3-də imzalanmış müqavilə əsasında daha da möhkəmləndirmək barədə fikir mübadiləsi üçün yaxşı imkandır və bu imkandan səmərəli istifadə olunacaqdır. Ümidvar olduğumu bildirirəm ki, indiki, habelə bu görüşdən əvvəl olmuş faydalı və maraqlı söhbətimiz bu səfərin hər iki ölkə arasında münasibətlərin yaxşılaşmasına kömək edəcəkdir.

"Müstəqilliyimiz əbədidir", XII cild, Azərnəşr, Bakı-2004, səh 274