Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransanın milli bayramı - Fransa inqilabının 206-cı ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda çıxışı - "Gülüstan" Sarayı, 14 iyul 1995-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar, cənablar!

Mən sizi Fransa inqilabının 206-cı ildönümü, 14 iyul günü, Bastiliya günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə, Fransa xalqına, hökumətinə səadət, xoşbəxtlik arzulayıram və bütün işlərində uğurlar diləyirəm. Dünya tarixində 14 iyul Fransa inqilabının çox görkəmli yeri var. 14 iyul inqilabı və fransızların bu inqilabından sonra həyata keçirdikləri dəyişikliklər bütün dünyada demokratiya, insan hüquqlarının qorunması, vətəndaşların azadlığı üçün böyük yol açmışdır. Ona görə də bütün dünyada Fransa inqilabına böyük hörmət və ehtiram vardır.

Böyük ənənələrə malik olan Fransa Respublikası 206 il ərzində dünya sivilizasiyasına mühüm töhfələr vermiş, Fransa xalqı bu müddətdə şərəfli yol keçmiş, öz torpağında, ölkəsində qüdrətli, demokratik, insan hüquqlarını qoruyan bir dövlət, cəmiyyət yaratmış və bütün xalqlar, dünya ölkələri üçün örnək olmuşdur. Fransızların, Fransa xalqının dünya tarixində böyük yeri var. Dünya elminin, mədəniyyətinin, ümumdünya cəmiyyətinin yaranmasında Fransa xalqının çox böyük xidmətləri var. Buna görə də fransızlar, Fransa xalqı, böyük Fransa həmişə hörmət və ehtiramla qarşılanır. Bu bayram günü mən Azərbaycan xalqı, ölkəmizin bütün vətəndaşları, müstəqil dövlətimiz adından Fransa xalqının tarixi xidmətlərinə hörmət və ehtiramımı bildirirəm və fransızlara səmimi salamlarımı, xoş arzularımı göndərirəm.

Azərbaycan Respublikası demokratik prinsiplər əsasında müstəqil dövlətini quraraq, dünyəvi, hüquqi cəmiyyət yaradaraq Fransa xalqının keçdiyi yoldan, onun təcrübəsindən daim istifadə etməyə çalışır. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, Fransa Respublikası ilə müstəqil Azərbaycan Respublikası arasında sıx əlaqələr yaranıb və bu əlaqələr gündən-günə möhkəmlənir, inkişaf edir.

Respublikamız müstəqillik qazandıqdan sonra ölkəmizdə yaranan ilk xarici səfirliklərdən biri də Fransanın Azərbaycandakı səfirliyidir. Cənab Jan Perrənin qeyd etdiyi kimi, artıq dörd ilə yaxındır ki, o burada səfirlik fəaliyyətini davam etdirir, Fransa ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsinə xidmət göstərir. Azərbaycan ilə Fransa arasında əlaqələr, dövlət başçılarının görüşləri, imzalanan sənədlər ilə nəticələnmişdir.

1993-cü ilin dekabrında Fransanın prezidenti cənab Fransua Mitteranın dəvəti ilə mən Azərbaycan prezidenti kimi Parisdə oldum və yüksək səviyyədə çox səmərəli görüşlər keçirdim. Fransua Mitteran ilə mənim çox səmimi söhbətlərim oldu və bunun nəticəsində biz dostluq, əməkdaşlıq haqqında, habelə digər məsələlər barədə bir neçə sənəd imzaladıq. Mən bunları Fransa ilə Azərbaycan arasındakı əlaqələrdə böyük bir mərhələ hesab edirəm.

Mən Fransa dövlətinin dəvəti ilə bu il mayın 8-də Parisdə oldum, faşizm üzərində qələbənin 50 illiyi ilə əlaqədar keçirilən bayram mərasimlərində iştirak etdim, Fransa dövlətinin başçıları ilə bir daha görüşdüm, söhbətlər apardım, bu ölkənin əldə etdiyi nailiyyətlərin şahidi oldum.

Fransa dövləti, hökuməti, cəmiyyəti həqiqətən demokratiyanın böyük nümunəsidir. Biz bunu bilirik və Fransada olarkən bunun dəfələrlə şahidi olmuşuq. Mən bu il mayın 7-də axşam Parisə gəldim. Fransada seçkilər təzəcə başa çatmışdı və Jak Şirak yeni prezident seçilmişdi. Biz həmin axşam fransız xalqının və yeni prezident seçilmiş Jak Şirakın tərəfdarlarının bu bayramı necə böyük təntənə ilə qeyd etdiklərinin şahidi olduq və gördük ki, orada həqiqətən insanlar azaddır, demokratiya şəraitində yaşayırlar, Fransa doğrudan da azad bir ölkədir.

Təsadüf elə gətirdi ki, mən Fransada 14 il prezidentlik etmiş, dünya miqyasında çox hörmətli siyasi xadim cənab Fransua Mitteranla söhbət etdim, həm də Fransanın yeni seçilmiş prezidenti cənab Jak Şirakla görüşmək imkanı qazandım və onu prezident seçilməsi münasibətilə təbrik etdim. Fransızların adət-ənənələri, o cümlədən dövlət quruculuğu sahəsindəki ənənələri çox yüksək qiymətə layiqdir. Mən Fransada insana nə qədər böyük hörmət olduğunu gördüm: ölkəyə 14 il prezidentlik etmiş Fransua Mitteran və yeni prezident seçilən Jak Şirak bir yerdə idilər, bayram mərasimini bir yerdə keçirirdilər. Fransız xalqı həm cənab Fransua Mitteranı, həm də cənab Jak Şirakı ürəkdən təbrik edirdi, onlara hörmət və ehtiramını bildirirdi. Bunlar doğrudan da demokratiyanın ən parlaq təzahürüdür. Bunlar bizim üçün örnək olmalıdır. Biz bunları görüb öz ölkəmizdə tətbiq etməliyik. Azərbaycanda dövlət quruculuğunda, cəmiyyətin formalaşmasında, demokratik prinsiplərin yaranmasında, inkişaf etməsində Fransa inqilabının, fransız xalqının keçdiyi yolun və Fransa cəmiyyətinin bugünkü təcrübəsindən səmərəli istifadə etməliyik.

Mən məmnuniyyət hissi ilə qeyd edirəm ki, Fransa dövlətinin başçıları ölkəmizin ən ağır problemi olan Ermənistan -Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün səylər göstərir və cənab səfirin bu gün bir daha bəyan etdiyi kimi bu məsələnin siyasi yolla, sülh yolu ilə həll olunması üçün öz tərəfindən ATƏT-in Minsk qrupunda lazımi fəaliyyət göstərirlər. Bu bayram günündə ümidvar olduğumu bildirmək istəyirəm ki, Fransa dövləti, yeni prezident Jak Şirak və digər yüksək vəzifəli şəxslər bu barədə öz səylərini gələcəkdə də əsirgəməyəcəklər.

14 iyul tarixi, yaxşı bir gündür. 1789-cu ildə Fransa inqilabı olmuş və bu inqilab 206 ildir ki, öz gözəl bəhrələrini verir. 14 iyul doğrudan da xoşbəxt bir gündür. Ona görə də mən bu gün münasibətilə sizin hamınızı, Fransa xalqını, bütün fransızları və bura toplaşanları təbrik edirəm və sizin hamınıza cansağlığı arzulayıram, fransız xalqına gələcək işlərində uğurlar diləyirəm. Sizi təbrik edirəm və fransız xalqının, dövlətinin, hökumətinin şərəfinə badə qaldırıram. Sağ olun.