Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının Baş katibi Valter Şvimmer ilə görüşdə söhbəti - Strasburq, Avropa sarayı, 25 yanvar 2001-ci il


Valter Şvimmer: Cənab Prezident, Sizi Avropa Şurasında salamlamaqdan çox məmnun qaldığımı bildirirəm. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan xalqı belə bir etimada layiqdir.

Heydər Əliyev: Cənab Şvimmer, çox sağ olun. Səmimi sözlərə və ölkəmizin Avropa Şurasına üzv qəbul edilməsinə göstərdiyiniz dəstəyə görə minnətdarlığımı bildirirəm. Bu işdə sizin rolunuz böyük olubdur, Azərbaycanı həmişə dəstəkləmisiniz.

Valter Şvimmer: Cənab Prezident, əmin ola bilərsiniz ki, biz bundan sonra da Azərbaycana dəstək verəcəyik. Azərbaycanda demokratik islahatların aparılması işində Sizə həmişə yardım etməyə hazırıq. Bizim bununla bağlı bir sıra təkliflərimiz də vardır.

Heydər Əliyev: Biz sizin təkliflərinizi qəbul edəcəyik və Avropa Şurası ilə bundan sonra da sıx əməkdaşlıq edəcəyik.

Cənab Şvimmer, mən Avropa Şurasına, sizə azərbaycanlı rəssam Sakit Məmmədovun "Babadağ"tablosunu gətirmişəm. Burada təsvir edilmiş dağ Azərbaycanın hündür dağlarından biridir. Bizim ölkənin çox gözəl dağları vardır. Bu qovluqda isə həmin tablonun müəllifi və onun əsərləri haqqında məlumat vardır.

Valter Şvimmer: Cənab Prezident, çox sağ olun. Mən Avropa Şurası adından Sizə öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, Azərbaycanda ən uca dağlardan birinin rəsminin bizə hədiyyə olunmasının özü də rəmzi məna daşıyır. Bu o deməkdir ki, həmin tabloya hər dəfə baxmaq bizi ucalığa doğru yüksəlməyə sövq edəcəkdir. Cənab Prezident, söz verirəm ki, Sizin bu hədiyyənizi həmişə şərəflə saxlayacağam.

Heydər Əliyev: Cənab Şvimmer, biz Avropa Şurası ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk. Ona görə də "Avropa Şurası və Azərbaycan: sülh, əmin-amanlıq və demokratiya naminə"kitabını sizə təqdim etmək istəyirəm. Biz Avropa Şurasına qonaq statusu ilə dəvət ediləndən indiyə qədər Avropa Şurası ilə Azərbaycan arasındakı əlaqələrin tarixi bu kitabda öz əksini tapmışdır.

Valter Şvimmer: Cənab Prezident, çox sağ olun. Biz Azərbaycanla əlaqələrimizi çox yüksək qiymətləndiririk. Təşəbbüs göstərib, belə bir kitab hazırlatdığınıza görə də Sizə təşəkkürümü bildirir və Sizi təbrik etmək istəyirəm.

("Cənab Şvimmer respublikamızın rəhbəri Heydər Əliyevə xatirə hədiyyəsi təqdim etdi. Görüşdə Avropa Şurasının Baş katibi Valter Şvimmer və Azərbaycanın Xarici İşlər naziri Vilayət Quliyev ölkəmizin bu beynəlxalq təşkilatla əməkdaşlığına dair sənədləri imzaladılar).

Valter Şvimmer: Cənab Prezident, mən Sizi Avropanın demokratik ailəsində salamlayıram və bu ailənin üzvü olmağınız münasibətilə bir daha təbrik edirəm. Cənab Prezident, bizim ailəmizə xoş gəlmisiniz.

Cənab Prezident, Siz bu gün, Azərbaycanın Avropa Şurasına qəbul edilməsi münasibətilə keçirilən mərasimdəki nitqinizdə də dediyiniz kimi, Azərbaycanın Avropa Şurasının üzvü olması, Avropa ailəsinə yeni üzv kimi qəbul edilməsi bu təşkilatın zənginləşməsinə yardım göstərəcək və ona öz töhfələrini verəcəkdir.

Biz Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar üzərinizə öhdəliklər götürməyinizi də yüksək qiymətləndiririk. Hesab edirik ki, bu öhdəliklərin həyata keçirilməsi Avropanın qarşısında duran ümumi ideyalara, məqsədlərə çatmaqda kömək göstərəcəkdir. Beləliklə, Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması uzunmüddətli əməkdaşlığımızın yalnız başlanğıcıdır.

Mən Sizin ölkənin Xarici İşlər naziri Vilayət Quliyevi isə Avropa Şurası Nazirlər Komitəsinin yeni üzvü kimi salamlayıram. Əminəm ki, o da bizim ümumi işimizə öz töhfəsini verəcəkdir.

Heydər Əliyev: Cənab Baş katib, çox sağ olun. Mən bugünkü nitqimdə dedim, indi bir daha təkrar edirəm ki, Azərbaycanın Avropa Şurasına üzv qəbul olunması ölkəmiz üçün tarixi hadisədir. Azərbaycan Avropa qitəsində yerləşir. Ancaq öz tarixi köklərinə, milli adətənənələrinə və başqa xüsusiyyətlərinə görə bəziləri hesab edirlər ki, Azərbaycan Avropada yerləşmir. Azərbaycan coğrafi nöqteyi-nəzərdən Avropada yerləşir. Bugünkü hadisə isə göstərir ki, Azərbaycan nəinki coğrafi nöqteyi-nəzərdən, hətta siyasət, iqtisadiyyat, mədəniyyət baxımından və başqa dəyərlər nöqteyi-nəzərindən də Avropa ailəsinin bir üzvüdür. Bəlkə də, Avropa Şurasının bir sıra üzvləri ilə müqayisədə Azərbaycanın müəyyən üstünlüyü də vardır. Mən bu gün bu barədə danışdım. Bu ondan ibarətdir ki, bizim tarixi köklərimiz daha çox şərq mədəniyyəti ilə bağlıdır, ancaq iki əsrdir ki, Azərbaycan öz tarixi köklərindən ayrılmayaraq, eyni zamanda Avropa dəyərlərini qəbul etmiş, bu dəyərlərdən istifadə etmişdir. Ona görə də Azərbaycan Avropa dəyərlərinə tam uyğun olaraq, Avropa Şurasına üzv qəbul olunmuşdur. Biz bu şuraya yeni mədəni, milli dəyərlər də gətirəcəyik. Təbiidir ki, biz Avropa Şurasının bütün öhdəliklərini də həyata keçirəcəyik.