Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası hökuməti sədrinin müavini Viktor Xristenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 14 noyabr 2001-ci il


Heydər Əliyev: Viktor Borisovic, sizi və bütün nümayəndə heyətinizi salamlayıram. Şadam ki, siz buraya gəlmisiniz. Mənə dedilər ki, Azərbaycan-Rusiya birgə iqtisadi komissiyası çərçivəsində münasibətlərimizin daha da inkişaf etdirilməsi işi üzərində işləmək üçün kifayət qədər mötəbər bir qrupla gəlmisiniz.

Biz həmişə demişik və bu gün də deyirik ki, Rusiya Federasiyası ilə iqtisadi münasibətlərə və digər münasibətlərə böyük əhəmiyyət veririk. Əlbəttə, bütün sahələrdə əlaqələrin uğurla inkişafı üçün hər şeydən öncə iqtisadi inteqrasiyanı inkişaf etdirmək və təbii ki, bu baxımdan Rusiya üçün də, Azərbaycan üçün də konkret nəticələrə malik olmaq lazımdır. Baş nazir mənə məlumat verdi ki, artıq bir neçə sənəd hazırlanmışdır və siz onları nəzərdən keçirməlisiniz, sonra isə biz imzalayacağıq. Ancaq hesab etmirəm ki, birgə komissiyanın iclası təkcə bu sənədlərin müzakirəsi çərçivəsində keçirilir. Münasibətlərimizin inkişafının bütün cəhətlərini nəzərdən keçirmək gərəkdir. Ona görə də mən sizi salamlayıram və hesab edirəm ki, səfəriniz öz rolunu oynayacaqdır.

Viktor Xristenko: Heydər Əliyeviç, xoş sözlərə görə sağ olun. Mən, əvvəla, bizimlə göruşməyə vaxt tapdığınıza görə Sizə təşəkkür etmək istəyirəm. Bizim üçün bu çox vacibdir. Bu, Rusiya-Azərbaycan münasibətlərinə böyük diqqət verilməsi əlamətidir. Rusiya prezidenti Vladimir Vladimiroviç Putinin, hökumətin sədri Mixail Mixailoviç Kasyanovun ən səmimi sözlərini və xoş arzularını Sizə yetirmək istərdim. Bakıda bizim bugünkü və sabahkı işimiz iki əsas vəzifəyə həsr edilmişdir. Bu vəzifələr həm hökumətlərarası iqtisadi komissiyanın işi ilə, həm də Rusiyaya Sizin qarşıdakı rəsmi səfərinizlə bağlıdır.

Artıq bu gün biz hələ səfər zamanı imzalanması nəzərdə tutulan sazişlərin hazırlanmasının gedişini kifayət qədər müfəssəl müzakirə edə bildik, çünki həm protokol məsələlərindən, həm də dil problemlərindən tez-tez irəli gələn bir çox narahatlıqlardan, necə deyərlər, azadıq. Ünsiyyət dili ilə bağlı, protokolla bağlı problemlərimiz yoxdur. Bu gün təyyarədən duşub biz maşına minən kimi, həmkarım, Baş nazirin birinci muavini Abbas Aydınoviçlə qarşıdakı işimizlə bağlı məqamları müzakirə etməyə başladıq. Yeri gəlmişkən, burada bizə göstərilmiş mehribanlığa görə, səmimi qəbula görə, hətta belə xoş havaya görə də təşəkkür etmək istərdim. Hava qeyri-adi dərəcədə günəşli, mulayimdir.

Heydər Əliyev: Bu gün hava çox yaxşıdır, hətta istidir.

Viktor Xristenko: Əla havadır, adamların əhval-ruhiyyəsi də əladır. Biz küçələrlə gedərkən adamların üzundə təbəssüm görürdük.

Biz Azərbaycan iqtisadiyyatının inkişaf göstəricilərini izləmişik və demək istəyirəm ki, Azərbaycan iqtisadiyyatında, qarşılıqlı münasibətlərimizin inkişafında qazanılmış uğurlar bizi çox sevindirir. Bu yəqin ki, küçələrdəki insanların xoş əhval-ruhiyyədə olmasında da öz əksini tapır. Normal, sakit, xoş şərait, mulayim hava - bütün bunlar bizə ayrılmış gün yarım ərzində müvəffəqiyyətlə işləyə bilməyimizə də, Sizin səfərinizə layiqincə hazırlaşa bilməyimizə də əlverişli imkan yaradır.

Səfərlə əlaqədar olaraq biz 2010-cu ilədək iqtisadi əməkdaşlığın strateji məsələlərinə aid tam bir sıra sazişlər və müqavilələr hazırlamışıq. Bunlar təkcə əsas prinsiplərin yazıldığı çərçivə sənədləri deyil, həm də belə uzun dövr üçün Rusiyanın və Az.rbaycanın qarşılıqlı iqtisadi mənafelərinin gercəkləşdirilməsi sahəsində tam bir sıra tədbirlər nəzərdə tutan konkret proqramdır. Bu bizim təcrübəmizdə ilk dəfədir və hesab edirəm ki, həmin sənədlər ölkələrimiz üçün çox faydalı olacaqdır. Hələ bundan əvvəl əldə olunmuş razılaşmaların həyata keçirilməsində qazanılmış nailiyyətlərlə də fəxr etməyə əsasımız var. Bununla əlaqədar olaraq komissiyanın Rusiya tərəfindən həmsədri kimi, mənim fikrimcə, daha bir muhum, prinsipial məqamı nəzərə çatdırmaq istərdim ki, bu ilin yanvarında Rusiya prezidenti Vladimir Vladimiroviç Putin ilə Sizin görüşünüz ölkələrimiz arasında siyasi, iqtisadi dialoqun fəallığında, intensivliyində, əslində, dönüş məqamına çevrilmişdir. Əgər yanvardakı həmin səfərdən sonra həyata keçirilmiş səfərlərin həcmini xatırlasaq, onda mənə elə gəlir ki, heç bir ildə, heç bir dövrdə belə yüksək intensivlik olduğunu görmərik. Özu də bunlar qarşılıqlı səfərlərdir, qarşılıqlı maraq doğuran səfərlərdir. Əgər məsələlərin, o cümlədən də konkret, çətin məsələlərin, deyək ki, məşhur modul, 902-ci sifarişə, Həştərxan məsələsinin necə həll edildiyinə nəzər salsaq, belə qısa müddətdə bu cür ciddi qərarlar hazırladığımız barədə nümunələr tapa bilmərik. Sazişlər imzalamağımız və dolayı vergilər üzrə, azad ticarət zonası ilə bağlı məsələlərin həllinə dair bütün proseduraları həyata keçirməyimiz də müsbət haldır və biz onu yanvardan başlayaraq bugünkü günədək öz uğurlarımız sırasında yaza bilərik.

Hesab edirəm ki, bu çox yaxşı tərəqqidir, hərçənd Sizin səfərinizədək üzərində hələ işləməli olduğumuz məsələlər var. Lakin həmkarlarımızla apardığımız fikir mübadiləsinə və bu işi davam etdirəcəyimizə əsasən deyə bilərəm ki, səfərinizin çox yaxşı səviyyədə keçməsi üçün biz bütün imkanlara malikik.

Heydər Əliyev: Sağ olun, Viktor Borisoviç. İlk növbədə prezident Vladimir Vladimiroviç Putindən və hökumətin sədrindən mənə yetirdiyiniz salama görə sizə təşəkkür edirəm. Sağ olun.

İkincisi, mən sizinlə Tam razıyam ki, Vladimir Vladimiroviç Putinin cari ilin yanvarında Azərbaycana səfəri bizim üçün çox böyük əhəmiyyətli hadisəyə çevrilmişdir. Siz haqlısınız ki, bu səfər bütün sahələrdə, xüsusən iqtisadi sahədə münasibətlərimizin fəallaşmasında ciddi dönüş olmuşdur. Bu gün biz həmin səfəri xatırlayırıq və onun necə bir rol oynadığını duyuruq. Təbii ki, mən də Prezident Putinin dəvəti ilə Moskvaya səfəri gözləyirəm. Düşünürəm ki, bununla da biz cari ili Rusiya ilə Az.rbaycan arasında münasibətlərin daha da genişləndirilməsi baxımından ciddi addımlar ili hesab edəcəyik. Dediyiniz kimi, qısa müddətdə artıq çox şey əldə edilməsi və nəticələrin olması onu göstərir ki, hər iki tərəfin bunda marağı var. Bizim bunda xususi marağımız var, lakin məsələnin həllinin üsulunu tapmaq lazımdır. Məsələnin həllinin bu üsulunun bünövrəsini isə Vladimir Vladimiroviç Putinin səfəri qoydu. Mən bu müddətdə görülmüş işlərdən razıyam və inanıram ki, siz bu gun də işləyəcəksiniz, sabah da işləyəcəksiniz, sənədlərin layihələrini lazımi səviyyəyə çatdıracaqsınız və digər məsələləri də müzakirə edəcəksiniz ki, Moskvaya səfərim zamanı biz onları qəti şəkildə həll edə bilək. Beləliklə, biz münasibətlərimizin inkişafına güclü təkan vermişik. Mən buna çox şadam və ictimaiyyətimiz bunu məmnunluqla qarşılayır.

O ki qaldı havanın yaxşı olması barədə sizin təəssüratınıza əlbəttə, biz istəyirdik ki, hava yaxşı olsun, çünki hava işə həmişə həm müsbət, həm də mənfi təsir göstərir. Bizdə belə sakit, arxayın şərait olmasına və şəhərdə adamların öz işlərini görməsinə, sizin qeyd etdiyiniz kimi, adamların yaxş əhval-ruhiyyədə olmasına gəldikdə, bu bizi sevindirir. Mənə xüsusilə xoşdur ki, bunu bura gələn adamlar deyirlər, indiki halda siz qeyd edirsiniz. Hərçənd bizdə problemlər də çoxdur. Siz onları bilirsiniz, biz bu barədə danışmışıq. Bunlar həm də iqtisadi problemlərdir, qaçqınlarla bağlı problemlərdir. Buna baxmayaraq, biz irəliləyirik. Siz iqtisadi göstəricilərdən danışdınız. Bəli, iqtisadi göstəricilər bizi həqiqətən sevindirir, ona gor. ki, belə vəziyyətdə bu cur gostəricilərə malik olmaq heç də asan deyildir. Bu bizim səylərimizin, işimizin nəticəsidir. Odur ki, dediklərinizə görə sağ olun. Sizə təşəkkür edirəm.

Zənnimcə, bu gün siz əsaslı surətdə işləməlisiniz. Az vaxt ayırıblar. Siz bu gün günorta gəlmisiniz, sabah günorta isə gedəcəksiniz. Cəmi 24 saat edir.

Nikolay Ryabov (Rusiyanın Bakıdakı səfiri): Dərhal maşında işləməyə başladıq, elə hava limanında maşına oturan kimi işləməyə başladıq.

Heydər Əliyev: Fərqi yoxdur, burada daha artıq müddətdə işləmək və daha çox işləmək olardı. Lakin bunun əhəmiyyəti yoxdur. Biz sizin proqramınızı qəbul etdik.