Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyəti quru qoşunlarının komandanı, ordu generalı Atilla Atəşi qəbul edərkən söhbətindən - Prezident sarayı, 17 iyul 2000-ci il


Heydər Əliyev: Hörmətli general, hörmətli dostumuz!

Azərbaycana xoş gəlmisiniz, səfa gətirmisiniz! Mən sizin Azərbaycana səfərinizdən çox məmnunam. Çünki Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq əlaqələri bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində də inkişaf edir. Təbiidir ki, sizin Azərbaycana gəlməyiniz və buradakı vəziyyətlə tanış olmağınız bizim əməkdaşlığımızı daha da irəli aparmağa imkan verəcəkdir.

Atilla Atəş: Möhtərəm prezident, Sizə məlum olduğu kimi, mən qardaş Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Azərbaycana gəlmişəm. Təbii ki, burada, Sizin sərrast ifadənizlə desəm, "Bir millət, iki dövlət"dən biri olan Azərbaycanda olmaqdan böyük şərəf duyuram. Hədsiz məşğul olmağınıza baxmayaraq, vaxt tapıb məni qəbul etdiyiniz üçün Sizə son dərəcə minnətdaram. Bu səfər zamanı biz həm nazir Əbiyevlə ölkələrimiz arasında müdafiə və ordu quruculuğu sahəsində fikir mübadiləsi aparmaq, həm də burada işləyən dostlarımızın fəaliyyətini görmək imkanı əldə etdik. Vaxt tapıb məni qəbul etdiyiniz üçün bir daha təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Çox sağ olun. Bu günlərdə Türkiyənin prezidenti hörmətli Əhməd Necdət Sezər Azərbaycana gəldi. O, Türkiyə prezidenti seçildikdən sonra ilk xarici səfərini Azərbaycana etdi. Biz bunu gözləyirdik, bu səfərdən çox sevindik. Gördük ki, ölkələrimiz arasındakı münasibətlər eyni səviyyədə davam edir. Möhtərəm prezident Sezər burada bəyan etdi ki, şəxsiyyətlər dəyişsə də Türkiyə-Azərbaycan münasibətləri dəyişməyəcək. Dövlət öz siyasətini dəyişməz. Türkiyə ilə bizi çox qüvvətli tellər bağlayır. Onlar heç vaxt qırıla bilməz, əksinə, daha da möhkəmlənə bilər.

Atilla Atəş: Möhtərəm prezident, Siz son dərəcə təcrübəli siyasətçi və dövlət adamı kimi hər zaman bu həqiqətləri dilə gətirirsiniz. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər birtərəfli deyil, çox şaxəlidir. Bütün sahələrdə - siyasi, iqtisadi, hərbi sahələrdə möhkəm əməkdaşlığımız mövcuddur. Qardaş Azərbaycanı ziyarət etmək bizim üçün həqiqətən bəxtiyarlıqdır. Mənə belə bir imkan verdiyiniz üçün Sizə bir daha dərin təşəkkürlərimi bildirirəm.

Heydər Əliyev: Siz Azərbaycana ilk dəfə gəlirsiniz?

Atilla Atəş: Bəli.

Heydər Əliyev: Türkiyə ordusunun baş qərargah rəisi hörmətli Hüseyn Kıvrıkoğlu Azərbaycanda olmuşdur. O, keçmişdə bir dəfə hörmətli Süleyman Dəmirəllə bərabər gəlmişdi.

O, Azərbaycanı tanıyır. İndi siz də gəlib tanış oldunuz.

Atilla Atəş: İcazə versəniz, hörmətli Kıvrıkoğlunun Sizə salamlarını yetirərdim.

Heydər Əliyev: Çox sağ olun.

"Azərbaycan" qəzeti, 18 iyul 2000-ci il.