Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Avropa Şurası Nazirlər Komitəsinin sədri, Lüksemburqun baş nazirinin müavini və xarici işlər naziri Lidi Polfer başda olmaqla AŞ-nın nümayəndə heyətini qəbul edərkən söhbətindən - 16 iyul 2002-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Heydər Əliyev: Hörmətli xanım səfir!

Hörmətli qonaqlar!

Mən sizi səmimi qəlbdən salamlayıram və Lüksemburq dövlətinin çox yüksək və geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfərindən çox məmnun olduğumu bildirmək istəyirəm.

Siz dünən və bu gün burada çox işlər görmüsünüz, görüşlər keçirmisiniz, ölkəmizlə, az da olsa, tanış olmusunuz. İndi çox şad olaram ki, siz mənə öz fikirlərinizi bildirəsiniz.

Lidi Polfer: Cənab prezident, çox sağ olun ki, bizi qəbul edirsiniz. Mən Sizinlə görüşərkən dediyim kimi, həm xoşbəxtəm, həm də mənim üçün böyük şərəfdir ki, Sizin ölkənizdəyəm. Elə bilirəm ki, Lüksemburqdan rəsmi nümayəndə heyətləri Azərbaycana tez-tez gəlmirlər və biz ilk nümayəndə heyətlərindən biriyik.

Heydər Əliyev: Elədir.

Lili Polfer: Bir-birimizdən öyrənməli çox şey var. Bu gün biz, Sizin qeyd etdiyiniz kimi, burada görüşlər keçirmişik. Ölkənizlə tanış olmaq imkanımız olmuşdur. Artıq məndə belə bir hissiyyat vardır ki, ölkəniz haqqında əvvəlkindən daha çox bilgim vardır. Məqsədimiz ondan ibarətdir ki, ölkəniz haqqında bildiklərimizi Avropa Şurasına mümkün qədər çox çatdıraq.

Cənab prezident, Sizə məlum olduğu kimi, Lüksemburq Avropanın ortasında yerləşən kiçik bir bölgədir və təəssüflər olsun ki, illər boyu böyük qonşularının bir-biri ilə apardıqları müharibələrdən əziyyət çəkmişdir, bu müharibələrin mərkəzində olmuşdur. Lakin xoşbəxtlikdən, 50 ildir ki, Avropada sülh hökm sürür və artıq imkan yaranmışdır ki, təsisatlar səviyyəsində əməkdaşlıq edək. Biz Avropa Şurası, habelə Avropa Birliyi çərçivəsində əməkdaşlıq edirik. Bu nadir imkan sayəsində Lüksemburqda sülh və iqtisadi inkişaf hökm sürür. İstərdik ki, bu zəngin təcrübəmizi Sizinlə bölüşək.

50 il bundan əvvəl bizim belə bir tərəqqimiz, nailiyyətimiz yox idi. Lakin indi yol keçmişik və istəyirəm ki, Sizin kimi yeni dostlarla bu təcrübəni bölüşək.

Azərbaycana gəldikdə isə, Sizi təbrik etmək istəyirik ki, 18 ay bundan əvvəl Azərbaycan Avropa Şurasının üzvü olmuşdur. Eyni zamanda təbrik edirik ki, 18 ay müddətində Azərbaycan bu qədər nəzərəçarpacaq tərəqqi əldə edibdir. Ölkədə lazımi qanunlar işlənib hazırlanıbdır, konvensiyalar ratifikasiya olunmuşdur.

Bizə məlumdur ki, islahatlar daim davam edən prosesdir. Əlbəttə, bəzən bu, çox vaxt aparır. Lakin ən vacibi odur ki, Siz artıq bu istiqamətdə işləməyə başlamısınız. Elə bilirəm ki, bununla da Azərbaycan həm iqtisadi, həm də siyasi sahədə inkişafa nail olacaqdır. Lakin bir məsələ də vardır və o, bizə də məlumdur - bu, Dağlıq Qarabağ məsələsidir. Bu, Azərbaycan üçün ən çətin problemdir. Biz parlamentinizin üzvləri ilə, parlamentdə çoxluq təşkil edən partiyanın üzvləri ilə, eləcə də müxalifət nümayəndələri ilə görüşmüşük. Onlar da ümumi fikirdədirlər ki, həqiqətən, Dağlıq Qarabağ problemi Azərbaycanın ən ağrılı-acılı problemidir. İstərdik ki, Dağlıq Qarabağ problemi ilə bağlı Sizin fikirlərinizi öyrənək. Siz bu məsələnin siyasi yolla həll olunmasında bir işıq ucu görürsünüzmü? Biz bilirik ki, Sizin bu günə qədər göstərdiyiniz fəaliyyət, səyləriniz çox səmimi və ciddi olmuşdur. Lakin, təəssüflər olsun, artıq xeyli vaxtdır ki, Dağlıq Qarabağ problemi həll edilmir. Minsk qrupu 7 ildir ki, fəaliyyət göstərir.

Heydər Əliyev: 7 il yox, 10 il.

Lidi Polfer: Artıq 10 ildir ki, fəaliyyət göstərir. Təəssüflər olsun ki, hələ bu günə qədər Minsk qrupunun fəaliyyəti nəticəsində Dağlıq Qarabağda sülh yaranmamışdır.

Heydər Əliyev: Sizin qısa müddətdə Azərbaycanda olmaqla əldə etdiyiniz təəssüratlara və bu barədə mənə verdiyiniz məlumatlara görə çox təşəkkür edirəm. Çox şadam ki, Azərbaycandakı vəziyyətə obyektiv qiymət verirsiniz. Mən bunu xüsusi qeyd edirəm. Çünki belə hallara biz az rast gəlirik.

Siz söylədiniz ki, Lüksemburq kiçik dövlətdir. Vaxtilə o bölgədə gedən müharibələr nəticəsində çox əziyyətlər çəkibdir. Ancaq 50 il bundan öncə sülh yaranıbdır, ölkəniz inkişaf edibdir. İndi inkişaf etmiş dövlətdir. Xalqınız yaxşı və rahat yaşayır. Amma müharibə qurtardıqdan və 10 il keçdikdən sonra siz bugünkü vəziyyətdə deyildiniz. Elədirmi? 20 il keçəndən sonra da bugünkü vəziyyətdə deyildiniz. 50 il olmasın, mən hesab edirəm ki, 30 ildən sonra sizin ölkəniz çox sürətlə inkişaf edibdir. Əgər nəzərə alsaq ki, Lüksemburq Avropanın mərkəzindədir, Avropa mədəniyyətinə və Avropa dəyərlərinə malik olan ölkədir, onda gərək sizin inkişaf müddətiniz daha da qısa olaydı. Amma biz 10 il bundan əvvəl müstəqillik əldə etmişik. Mən çox uzaq tarixə müraciət etmək istəmirəm. Biz 200 il Rusiya imperiyasının tərkibində olmuşuq.

Keçmişdə Çar Rusiyasının, 1920-ci ildən sonra isə Sovetlər İttifaqının, - doğrudur, bu, çar hökumətini devirib hakimiyyətə gəlmişdi və bu dövlət də imperiyaya çevrilmişdi, - tərkibində.

Bir şeyi də nəzərə alın, biz kökümüzə görə avropalı deyilik, biz Avropadayıq, amma milli, dini kökümüzə görə avropalı deyilk. Avropalı dəyərləri həmişə çox mütərəqqi olubdur. Bizim xalqımsız o dəyərlərdən həmin ağır illərdə də faydalanaraq inkişaf edibdir. Ancaq o şəraitdə ki, biz yaşamışıq, o, xalqımızın bütün potensialının inkişaf etməsinə imkan verməyibdir. O illər, xüsusən XX əsrdə Sovetlər İttifaqının tərkibində Azərbaycan Avropa dəyərlərinə çox yaxın münasibət göstərərək, onlardan istifadə edərək, mədəniyyəti inkişaf etdirərək çox şeylər əldə etməsinə baxmayaraq, biz yenə də, hələ ki, öz inkişaf səviyyəmizə görə Avropadan çox aşağıdayıq.

Azərbaycanın 10 illik dövlət müstəqilliyi ağır bir dövrdə keçibdir. Birincisi, dövlət müstəqilliyini əldə edərkən biz artıq Ermənistanla müharibə şəraitində idik. İkincisi, Azərbaycanın daxilində ictimai-siyasi sabitlik olmayıbdır. Belə vəziyyətdə ayrı-ayrı siyasi qüvvələr, silahlı dəstələr hakimiyyət uğrunda mübarizə aparıblar. Bütün bunlar da müstəqillik dövründə yaranmış imkanlardan istifadə edib daha sürətlə inkişaf etməyimizə imkan verməyibdir. Amma bunlara baxmayaraq, biz sürətlə inkişaf etmişik.

Biz 1995-ci ildə Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etdik. İqtisadiyyatımızın tənəzzülünü dayandırdıq, onu ilbəil inkişaf etdirməyə başladıq. Bütün sahələrdə islahatlar keçirdik. Demokratik dəyərləri qəbul etdik və onları Azərbaycanın hər yerində tətbiq etməyə çalışdıq. Aparılan islahatlar Azərbaycanda bazar iqtisadiyyatının yaranmasına yönəldilibdir. Bazar iqtisadiyyatını yaratmışıq. Biz böyük layihələr irəli sürüb Avropa və Amerika ölkələrinin böyük neft şirkətlərini Azərbaycana cəlb edərək, ölkəmizə böyük investisiya axınını təmin etdik. Amma bunların hamısı rahat şəraitdə keçməyibdir. Biz həm müxtəlif xarici ölkələrdən göstərilən təzyiq altında olmuşuq, həm də daxildə sabitliyi qorumaq üçün çox tədbirlər görməyə məcbur olmuşuq. Amma belə şəraitdə, bizdə demokratiya, insan azadlığı, mətbuat və söz azadlığı təmin olunub, vətəndaş cəmiyyəti yaradılıbdır. Siz buyurduğunuz kimi, çox qanunlar qəbul edilmişdir. Onların əsasında çox işlər görülübdür. Biz Avropa Şurasına qəbul olunmuşuq. Mən bu barədə ona görə geniş danışıram ki, sizdən fərqli olaraq, bəziləri bizə deyirlər ki, Azərbaycanda hər şey indi gərək Fransada, yaxud Almaniyada, ya da ki, Amerikadakı kimi olsun. Mən istərdim olsun. Amma bu, mümkün deyildir. Bunun üçün zaman, vaxt lazımdır. Bizim müxalifətin də dilinə belə bir söz düşübdür: Heydər Əliyev deyir ki, demokratiya üçün zaman lazımdır. Mən bu gün də deyirəm: demokratiyanın başlanğıcı var, amma sonu yoxdur. Bu yolla nə qədər getsən, o qədər də getməlisən.

Amma bir idmançı tapa bilməzsən ki, tutaq ki, on metrlik məsafəni ayaqla getmək əvəzinə, bu məsafəni tullanaraq keçsin.

Lidi Polfer: Məşqsiz, xüsusilə olmaz.

Heydər Əliyev: Lap məşq etsə də, mümkün deyildir. Axı, fiziki imkanlar var. Hamını demokratiyaya cəlb etmək üçün insanların dünya görüşündə də dəyişiklik lazımdır. Əgər insanlar on illərlə, əsrlərlə başqa bir sistemdə, başqa bir quruluşda yaşayıblarsa, başqa dəyərlərdən istifadə ediblərsə, onları 1 ilə, 2 ilə, 5 ilə, 10 ilə dəyişmək mümkün deyildir. Bunu ancaq illüziyaçılar edə bilər. Sizdə də "illüziyaçı" sözü var? İllüziyaçılar sirklərdə adamı gətirib qutunun içərisinə qoyur, əlinə mişarı götürərək kəsir, sonra qutunu açır, adam oradan sağ-salamat çıxır. Bunu illüziyaçı edə bilər.

Bununla demək istəyirəm ki, mən çox məmnunam, siz bu məsələləri düzgün qiymətləndirirsiniz. Eyni zamanda, onu da demək istəyirəm ki, bizim vəzifəmiz tutduğumuz demokratiya yolu ilə daha da sürətlə getməkdir.

Siz indi sürətlə getməməlisiniz, bu, lazım da deyildir. Bəlkə də yerinizdə sayasınız, yaxud da ki, çox kiçik addımlarla irəliləyəsiniz. Amma biz gərək qaça-qaça gedək. Biz bunu anlayırıq. Amma istəyirik ki, bizi də anlasınlar. O şey ki, Azərbaycanda mümkün deyil, onu tələb etmək və o alınmayanda ittiham etmək ki, burada demokratiya yoxdur və sair bu, obyektivlikdən kənar bir şeydir.

Siz Dağlıq Qarabağ haqqında mənim fikirlərimi öyrənmək istədiniz. Mən 9 ildir bu işlə məşğul oluram. Yəni prezident olan gündən, Sizə deyə bilərəm ki, tarixdə heç vaxt hər hansı bir işlə bu qədər çox məşğul olmamışam. Bütün imkanlardan istifadə etməyə çalışıram. Ancaq məsələni hələ ki, həll edə bilməmişik. Bunun həll olunması çox sadədir.

Ermənistan Azərbaycan torpaqlarını işğal edibdir. Ermənistan işğalçıdır, Azərbaycan torpaqlarını işğal etməyə onun haqqı yoxdur. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ vilayətinə iddia edir. Onun bu haqqı da yoxdur. Dağlıq Qarabağ Azərbaycanın ən qədim torpaqlarından biridir. Ancaq orada son əsrdə yaşayan vətəndaşların, insanların çoxu erməni, az hissəsi azərbaycanlı olduğuna görə, onlar deyirlər ki, Dağlıq Qarabağ Ermənistana məxsus olmalıdır. Onlar Dağlıq Qarabağı hələ sovet hakimiyyəti süqut etməmiş işğal etdilər və faktiki olaraq bu ərazini Azərbaycandan ayırıblar. Amma Dağlıq Qarabağın ətrafında olan 7 inzibati rayonu da işğal ediblər.

Dağlıq Qarabağ kiçik bir yerdir. Münaqişə başlayanda orada cəmi 160 min adam yaşayırdı, onların 40 mini azərbaycanlı idi. Onları oradan çıxararaq qovublar. Dağlıq Qarabağda yaşayan ermənilərin yarısı da oradan çıxıb gedibdir. Dağlıq Qarabağda cəmi 60 min əhali yaşayır. Kiçik bir yerdir. Amma bizim Dağlıq Qarabağın ətrafında olan, sırf azərbaycanlılar yaşayan rayonlardan 800 min insan o yerlər işğal edildiyinə görə zorla çıxarılıbdır.

Beləliklə, onlar Azərbaycanın ərazisinin 20 faizini, beşdə birini işğal ediblər. İşğal edilmiş torpaqlardan çıxarılan insanlar indiyə qədər, on ildir ki, çadırlarda yaşayırlar. Bu qədər haqsızlıq bütün dünyanın gözü qarşısında baş verir. Bu, Avropa Şurasına da, ATƏT-ə də, Birləşmiş Millətlər Təşkilatına da, bütün böyük dövlətlərə də, Minsk qrupunun həmsədrlərinə- Amerika Birləşmiş Ştatlarına, Rusiya və Fransaya, bu ölkələrin başçılarına məlumdur. Əgər biz istəyiriksə ki, dünyada vətəndaş cəmiyyətləri yaradaq, dünyada hüquqi dövlətlər quraq, demokratiya yaradaq, - bu da həm ATƏT-in, həm Birləşmiş Millətlər Təşkilatının, həm də Avropanın böyük dövlətlərinin bəyan etdiyi siyasətdir, - onda onlar bu haqsızlığa niyə göz yumurlar? Deməli, dünyada ikili standart var. Nə vaxt istəyirlərsə, təcavüzü təcavüz kimi qiymətləndirirlər. Amma nə vaxt istəmirlərsə, təcavüzə göz yumurlar. Buna görə də indi Dağlıq Qarabağ məsələsini həll etmək üçün bir yol var: ATƏT-in prinsipləri var, Birləşmiş Millətlər Təşkilatının prinsipləri var, beynəlxalq hüquq normaları var - hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır. Elədirmi?

Lidi Polfer: Əlbəttə.

Heydər Əliyev: Azərbaycan da müstəqil dövlət kimi tələb edir ki, onun ərazi bütövlüyü təmin edilsin. Bunun üçün Ermənistanın silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır. Bu barədə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri var. Amma ermənilər o qətnamələri yerinə yetirmirlər. Onlar işğal olunmuş torpaqlardan çıxsa, Azərbaycan Dağlıq Qarabağa öz tərkibində ən yüksək dərəcəli muxtariyyət hüququ verməyə hazırdır. Amma, Ermənistan bununla razı deyildir. O deyir ki, Dağlıq Qarabağ mənim olmalıdır. Bu, bütün beynəlxalq normalara ziddir. Yaxud kiçik Dağlıq Qarabağa dövlət müstəqilliyi statusu verməyi tələb edirlər. Buna biz razı ola bilmərik. Öz ərazimizdə hansısa bir bölgəyə dövlət müstəqilliyi statusu verməyə razı ola bilmərik. Həqiqət budur. Bu həqiqəti də dünyada hamı bilir. Amma böyük dövlətlərin başçıları da, ATƏT-in başçıları da bizə deyirlər ki, gedin danışın, özünüz bir yol tapın. Mən bunun yolunu göstərirəm. Əgər başqa bir yolu varsa, gəlin siz göstərin, Avropa Şurası göstərsin, ATƏT göstərsin, Avropa Birliyi göstərsin, Birləşmiş Millətlər Təşkilatı göstərsin, Amerika göstərsin, Rusiya, Fransa göstərsin. Bizə yolu göstərin. Siz yol göstərmirsiniz.

Bəyanat verirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Amma 10 ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyü pozulubdur, buna qətiyyən fikir vermirlər. Azərbaycanın prezidenti kimi mən gecə-gündüz çalışıram, başqa heç bir yol tapmıram. Ermənistanın silahlı qüvvələri Azərbaycan torpağından mütləq çıxmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Yerindən-yurdundan didərgin düşmüş azərbaycanlılar öz torpaqlarına qayıtmalıdır, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarə statusu verilməlidir və Ermənistanla Azərbaycan arasında sülh yaranmalıdır. Bunun yolu budur.

Lidi Polfer: Cənab prezident, əlbəttə, mən anlayıram ki, bu, Sizin üçün çox çətin, ağrılı bir məsələdir. Yəqin ki, Sizin yerinizdə hər hansı başqa bir ölkənin lideri olsaydı, o da eyni hissləri, narahatlığı keçirərdi. Sağ olun ki, bu haqda düzgün və geniş məlumat verdiniz. Təəssüflər olsun ki, mən yol göstərmək iqtidarında deyiləm. Ona görə də yalnız ümid etmək qalır ki, Ermənistanla Azərbaycan arasında sülh olacaqdır. Çünki bugünkü vəziyyət - nə sülh, nə müharibə vəziyyəti inkişafa mane olur.

Mən xəritələri görmüşəm. Xəritələrdə Azərbaycanın Dağlıq Qarabağdan əlavə işğal olunmuş ərazilərini görmüşəm. Məndə həqiqətən də belə bir sual yaranıbdır: Azərbaycanın da cənub hissəsində əsas ərazidən ayrılmış bir hissə vardır. Mənim bu sualım sadəlövh görünə bilər. Ərazi dəyişikliyinə cəhd olunubmu? Bəlkə Dağlıq Qarabağ Ermənistana birləşdirilsin və Azərbaycanın ayrılmış hissəsi Ermənistan torpaqları hesabına Azərbaycanın əsas ərazisinə birləşdirilsin.

Heydər Əliyev: Naxçıvan Muxtar Respublikası Azərbaycanın torpağıdır, Azərbaycanın bir hissəsidir. Təəssüflər olsun ki, 1920-ci illərdə Azərbaycana qarşı ədalətsizlik olubdur. İndi Naxçıvanı Azərbaycanın əsas ərazisindən ayıran 40 kilometr məsafə, - bunu siz xəritədə görmüsünüz, Mehri rayonu, hansı ki, əhalisi tam azərbaycanlılardan ibarət olubdur, - Ermənistana verilibdir. Bu, bizim torpağımız olubdur. Əgər ermənilər Naxçıvanı Azərbaycanın əsas ərazisindən ayıran hissədə olan həmin torpağı Dağlıq Qarabağ məsələsində bizimlə dəyişdirmək istəyirlərsə, onda qoy bu məsələni qaldırsınlar, baxaq.

Lidi Polfer: Yalnız Sizə uğur arzulamaq qalır.

Heydər Əliyev: Sağ olun.

Lidi Polfer: Cənab prezident, qanunlar və konvensiyalar sahəsində, həqiqətən, valehedici göstəricilərə nail olmusunuz. Mən başa düşürəm ki, bunu etmək olduqca çətindir. Lakin dinamik, möhkəm işləyən parlament olsa, qanunları, əlbəttə ki, təsdiq etmək olar. Ancaq qanunların tətbiq edilməsi çox çətin prosesdir. Avropa Şurası, Avropa ailəsi Sizə bu işdə yardımçı olmalıdır. İslahatlar sahəsində Azərbaycana kömək etməlidir. Elə olmamalıdır ki, bir tərəf bu işə bütün qüvvəsini sərf etsin, digər tərəf isə yalnız kənarda durub barmaq silkələməklə məşğul olsun. Bu işdə Azərbaycana yardımçı, köməkçi olmaq lazımdır. Qanunlar çıxarıldıqdan sonra onların yerinə yetirilməsi üçün bacarıqlı, yüksək səviyyəli kadrlar, inzibatçılar lazımdır. Avropa Şurası bu sahədə də Azərbaycanla çox işləməlidir. Mən hesab edirəm ki, bütün mümkün əlaqələrdən istifadə edib Azərbaycanın islahatlar aparmasına yardımçı olmaq lazımdır.

Heydər Əliyev: Bu sözlərinizə görə mən sizə çox təşəkkür edirəm.

Lidi Polfer: Cənab prezident, açıq danışdığınıza görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Siz qeyd etdiniz ki, doğrudur, Azərbaycan Avropaya məxsusdur, lakin eyni zamanda tam Avropa da deyildir. Mən hələ keçmiş SSRİ vaxtında Özbəkistanda, Türkiyədə olmuşam. Cənab prezident, deməliyəm ki, onlarla müqayisədə siz tamamilə avropalısınız. Mən Avropa ilə sizin aranızda heç bir fərq görmürəm.

Heydər Əliyev: Avropalıyıq. Mənsə, sadəcə, bizim avropalı olmaq prosesimizi anlatmaq istədim. İndi biz avropalıyıq və bir çox avropalılardan daha çox avropalıyıq.

Lidi Polfer: Cənab prezident, bizi bağlayan cəhətlər, ayıran cəhətlərdən daha çoxdur. Əlbəttə ki, müxtəlif ənənələr, müxtəlif keçmişimiz, müxtəlif qavrama ola bilər. Lakin bizi bağlayan məqamlar daha çoxdur. Ona görə də elə bilirəm ki, dözümlüyük, demokratiya, sərbəstlik, qanunun aliliyi - biz bu sahədə əməkdaşlıq etməliyik və sizə yardımçı ola bilərik.

Buraya gəlməzdən əvvəl mən çoxlu material oxudum. Səfər ərəfəsində bizim səfir hazırlamışdı. Həmin materialları dərindən öyrəndim. Bunlar müxtəlif mövzulara, siyasi dustaqlar, Venesiya Komissiyası ilə əməkdaşlıq və s. aid idi. Sizinlə görüşdən əvvəl ədliyyə naziri ilə söhbət etdim. O, bizə elə söhbətlər etdi ki, bəlkə də onun dediklərinin çoxu Avropa Şurasına məlum deyildir. Ona görə də mən fikirləşirəm ki, daha çox danışsaq, daha çox əlaqədə olsaq, fikir mübadiləsi aparsaq, lazım olmayan mübahisələr də aradan götürülər. Onda ölkənin imicinə də xələl gəlməz.

Heydər Əliyev: Doğrudur.

Lidi Polfer: Elə biz də razılaşırdıq ki, görüşlər zamanı çox səmimi, açıq söhbət edək, fikir mübadiləsi aparaq.

Heydər Əliyev: Biz də çox səmimi söhbət edirik.

Lidi Polfer: Cənab prezident, bu açıq və səmimi söhbətə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Elə bilirəm ki, biz əməkdaşlıq edəcəyik və xalq arasında hörməti olan Sizin kimi liderin sayəsində Azərbaycan Avropaya daha da yaxınlaşacaqdır. Əgər bizim tərəfimizdən hansısa bir yardım lazım olarsa, həmişə bunu etməyə hazırıq.

Heydər Əliyev: Çox sağ olun. Elə sizin bugünkü danışıqlarınızdan mən çox dəstək aldım. Bunun özü də yardımdır. Ümidvaram ki, gələcəkdə də çox səmərəli əməkdaşlıq edəcəyik. Sağ olun.

"Azərbaycan" qəzeti, 17 iyul 2002-ci il.