Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Dövlət Dumasının deputatı Boris Qromovu qəbul edərkən söhbətindən - 18 fevral 1999-cu il


Heydər Əliyev: Boris Vsevolodoviç, sizi Azərbaycanda görməyimə şadam. Sizin burada olmağınız bizə görüşməyə imkan verir.

Siz sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 10-cu ildönümünü qeyd edirsiniz. Bu, çox mühüm tarixdir, mən sizi "əfqanlar" adlandırdıqlarınızın hamısını təbrik edirəm. İstəyirəm ki, dünyada daha müharibələr olmasın. Harayasa qoşun göndərtməyə, yad ölkədə vuruşmağa bir daha lüzum olmasın.

Əlbəttə, həmin müharibə həmişə ikili hiss doğurur. Siz, Əfqanıstanda vuruşmuş bütün döyüşçülər öz dövlət, vətəndaş borcunuzu yerinə yetirir və bunu layiqincə, cəsarətlə edirdiniz. Bununla yanaşı, başqa bir sual da doğur - müharibə lazım idimi? Bu artıq sizin deyil, qoşunlarınızın Əfqanıstana yeridilməsi haqqında qərar qəbul etmiş adamların işidir.

Keçmişdə çox nöqsanlar, səhvlər olmuşdur və bu da yeni səhv deyildir. Hər halda, qəhrəmancasına və layiqincə vuruşmuş insanlar hörmətə, ehtirama layiqdirlər və şübhəsiz, onlara qayğı göstərmək lazımdır. Öz xalqı, öz dövləti qarşısında borcunu yerinə yetirmiş olan hər bir insan böyük hörmətə layiqdir. Mən də sizi məhz bu hisslərlə təbrik edirəm.

Boris Qromov: Mənimlə, mənim simamda Əfqanıstan müharibəsindən keçənlərin hamısı ilə görüşməyə imkan tapdığınıza görə şəxsən Sizə çox sağ olun demək istəyirəm.

Heydər Əliyeviç, bir insan kimi, Azərbaycan təki bir ölkənin rəhbəri kimi Sizə şəxsən mən çox böyük hörmətlə yanaşıram. Mənim burada çoxlu dostum var və döyüş yoldaşlarımızı dəstəkləmək, şübhəsiz, ancaq firavanlığa yönəlmiş müəyyən məsələləri həll etmək üçün buraya gəlməyimizə şadıq.

Məlumat vermək istəyirəm ki, ötən ilin martında biz Məhəlli Müharibə və Hərbi Münaqişə Veteranlarının Beynəlxalq İttifaqını yaratdıq. Bunun əsasını "əfqanlar" təşkil edirlər. Beynəlxalq ittifaqa əvvəlcə üç ölkə - Belarus, Ukrayna və Rusiya daxil idi, bu gün isə Kiyevdə ona Azərbaycan və Moldovadan olan qardaşlarımız da daxil oldular. Yəni artıq beş ölkə ittifaqın üzvüdür. İndi növbə Qazaxıstandan, Orta Asiya respublikalarından, Baltikyanı ölkələrdən olan qardaşlarımızındır. Onu da deyim ki, özlərinin xahişinə əsasən Yuqoslaviya ilə, bu ölkənin keçmiş respublikaları ilə, konkret olaraq, Sloveniya, elə Yuqoslaviya ilə, habelə Slovakiya ilə iki dəfə söhbətimiz olmuşdur. Yəni biz belə əlaqələrin əhəmiyyətini başa düşərək, ittifaqımızın möhkəmlənməsinə, genişlənməsinə çalışırıq. Onu da demək istəyirəm ki, indiki zamanda biz Sizdən də nümunə götürürük. O mənada nümunə götürürük ki, indi çox düzgün dediyiniz kimi, başa düşürük ki, daha heç bir müharibə olmamalıdır. Biz, heç olmasa bir dəfə vuruşmuş olan insanlar, şəxsən mən özümə söz vermişəm ki, bundan sonra hər hansı müharibələrin, hər hansı hərbi münaqişələrin qəti əleyhdarı olacağam. Mən Çeçenistan müharibəsinin əleyhdarı idim, buna görə məni Müdafiə Nazirliyindən bir qədər kənarlaşdırdılar. Amma məsələ bunda deyildir. Biz, yəni döyüşmüş olan insanlar bu əsrin sonunda bütün dövlətlərə belə bir çağırışla müraciət etmək istəyirik ki, XXI əsrdə heç bir müharibə olmasın. Nə bizim torpağımızda, nə də qonşularımızda. Əlbəttə, bütün Yer kürəsinin adından danışmaq çətindir, lakin hər halda, keçmiş Sovet İttifaqının ərazisində və daha geniş ərazidə müharibələr və hərbi münaqişələr olmasın. Belə düşünürəm ki, bu məsələdə bizi hamı dəstəkləyəcəkdir.

Bundan əlavə, biz əlillərimizin, hərbi qulluqçuların ailələrinin dəstəklənməsi ilə bağlı öz daxili məsələlərimizi həll edirik. İndiki halda bizdə Rusiyada vəziyyət bir qədər pisdir. Biz bu məsələdə də Azərbaycandakı döyüş dostlarımıza bir qədər həsədlə baxırıq. Bu cəhətdən onların bəxti gətirmişdir, bizdə isə belə deyildir. Bununla belə, hər halda çalışacağıq ki, bizdə də hər şey normal olsun.

Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasından artıq 10 il keçmişdir. Bəxtimizdən, bu müddət ərzində yaddaş, xüsusən dostlarımızın yaddaşı nəinki zəifləməmiş, əksinə, möhkəmlənmişdir.

Sizə bir daha təşəkkür etmək istəyirəm. Qardaşlarımız üçün şəxsən gördüyünüz işlərə görə Sizə təşəkkür etmək mənim üçün bəlkə də yaxşı düşmür. Amma bir "əfqan" kimi mən buna sevinirəm. Buna görə çox sağ olun. Heydər Əliyeviç, qoşunlarımızın çıxarılmasının 10-cu ildönümü şərəfinə əfqan simvolikası ilə buraxılmış saatımızı Sizə təqdim etmək istəyirəm. Qoy bu saat Sizə xatırlatsın ki, çox böyük sayda insanlar Sizə daha böyük hörmət və məhəbbətlə yanaşırlar. Hər şeyə görə çox sağ olun.

Heydər Əliyev: Boris Vsevolodoviç, bizim ünvanımıza, o cümlədən, mənim ünvanıma dediyniz xoş sözlərə görə sağ olun.

Dediyim kimi, bu müharibə böyük bir səhv idi. Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının bu il 10 ili tamam olur. Eyni zamanda, onların yeridilməsindən 20 il keçir, zənnimcə, bu, 1979-cu ilin dekabrında olmuşdu. 20 il əvvəl sovet rəhbərliyi tərəfindən çox kobud səhv buraxılmışdı. 10 il ərzində sovet qoşunları, sovet ordusunun gənc əsgər və zabitləri yad ölkədə, çox ağır şəraitdə vuruşdular, çoxlu itki oldu, çoxlu adam həlak oldu, şikəst, əlil oldu. O vaxtlar sovet vətənpərvərliyi hissi yüksək idi, zabitlər, generallar, habelə əsgərlər Əfqanıstanda nə üçün vuruşduqları, bunun nəyə gərək olduğu barədə hətta düşünmürdülər. Açığını deyəcəyəm. O vaxtlar siyasi təbliğat elə güclü idi ki, nəinki vuruşanlarda, həm də vuruşmayanlarda, Sovetlər İttifaqında dövlət fəaliyyəti, siyasi fəaliyyətlə məşğul olanlarda, digər sahələrdə çalışanlarda sual doğmurdu ki, nə üçün Sovetlər İttifaqı Əfqanıstanda vuruşur.

Səhv ondan ibarət idi ki, 1979-cu ildə insanlar nədənsə hesab edirdilər ki, Əfqanıstanda sosializm qurmaq olar. Əslinə qalsa bu, sosializmin elə bir ölkəyə müəyyən dərəcədə ixracı idi ki, həmin ölkə o vaxtlar bu planları quran insanların düşündükləri sosializmə keçmək mərhələsindən çox-çox uzaq idi.

Bu, böyük səhv idi. O, Sovetlər İttifaqına da, bizim hamımıza da baha başa gəldi, çünki hər bir respublika Sovetlər İttifaqının bir hissəsi idi. Xatirimdədir, mən Moskvada işləyərkən, - mən isə orada 1983-cü ildən işləmişəm, - Siyasi Büroda dəfələrlə məsələ qaldırılmışdı: Nə qədər davam edəcək, nə üçün, niyə? Dəfələrlə iddia edirdilər ki, bu lazımdır və sairə.

İndi bunların hamısı artıq arxada qalmışdır. Mən dedim və siz də dediniz ki, bir daha müharibələr olmasın. Təəssüf ki, o vaxtlar Əfqanıstanda müharibənin perspektivsizliyi və Sovetlər İttifaqına gərək olmadığı dərk edilən vaxtlarda - 1988-ci ildə Ermənistanla Azərbaycan arasında münaqişə başlandı. Yenə də sovet rəhbərliyinin məhz çox kobud səhvi 1988-ci ildən 1994-cü ilədək davam edən qanlı müharibəyə gətirib çıxardı. Həm Azərbaycan tərəfdən, həm də Ermənistan tərəfdən nə qədər adam həlak oldu. Nəticədə Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi, ölkəmizin ərazi bütövlüyü pozuldu, işğal olunmuş torpaqlardan bir milyondan çox azərbaycanlı didərgin salındı, onlar artıq neçə illərdir çadırlarda, çox ağır bir şəraitdə yaşayırlar.

Məhz onu əsas tutaraq ki, müharibə gərək deyil, 1994-cü ilin mayında biz atəşin kəsilməsinə nail olduq. Mən 1993-cü ilin yayında Azərbaycana rəhbərlik etməyə başladım və bir neçə aydan sonra biz atəşkəsə nail olduq, indi atəşkəs rejimi mövcuddur, müharibə yoxdur. Elə bunun özü böyük işdir. Azərbaycanın çox şey itirməsinə, onun ərazisinin 20 faizinin işğal altında qalmasına, bir milyon qaçqın olmasına baxmayaraq, xalq minnətdardır ki, biz müharibəni, qan tökülməsini dayandırdıq. Ancaq bu, birinci mərhələdir, ikinci mərhələdə məsələni sülh yolu ilə həll etmək lazımdır. Lakin o, heç cür həll edilmir.

Mən dəfələrlə demişəm və bu görüşdən istifadə edərək, - siz keçmiş Sovetlər İttifaqının böyük hərbi sərkərdələrindən birisiniz, bu gün Rusiyada həm də siyasi xadimlərdən birisiniz, özü də təkcə Dövlət Dumasının üzvü kimi deyil, ümumiyyətlə böyük ictimai-siyasi iş aparırsınız, - Sizə demək istəyirəm ki, sovet rəhbərliyi, şəxsən Qorbaçov Ermənistan ilə Azərbaycan arasında bu münaqişənin qarşısını almamaqla, qeyri-obyektiv mövqe tutaraq bu yolla Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana verməyin mümkünlüyünü düşünməklə cinayət etdilər. Halbuki münaqişənin qarşısını almaq olardı. Ölkənin rəhbəri belə qeyri-obyektiv, birtərəfli mövqe tutduqda o, məğlubiyyətə uğrayır. Qorbaçov da üç ildən sonra məğlubiyyətə uğradı. Sovetlər İttifaqı dağıldı, o daha yoxdur. Qorbaçov da daha heç vaxt siyasi xadim, dövlət xadimi ola bilməz, çünki təkcə bu müharibə yox, başqa müharibələr də onun adı ilə bağlıdır.

Yeri gəlmişkən, dediniz ki, siz Çeçenistan müharibəsinin əleyhinə idiniz. Mən də əleyhinə idim. Əlbəttə, mənim buna birbaşa aidiyyatım yox idi, ancaq kənardan hesab edirdim ki, bu müharibə lazım deyildir. Onu da deyim ki, bütün bu münaqişələr Dağlıq Qarabağdakı münaqişədən sonra, Ermənistan-Azərbaycan münaqişəsindən sonra meydana gəldi. Yeri gəlmişkən, bu, Sovetlər İttifaqının ərazisində ilk münaqişə idi və onun ardınca gürcü-abxaz münaqişəsi, Moldovada çox da böyük olmayan münaqişə, Cənubi Osetiyada və Çeçenistanda münaqişələr başlandı. Bunların hamısı zəncirvari reaksiyadır və öz başlanğıcını Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsindən götürür. Mən bunu o vaxtlar, 1989-cu ildə, artıq istefada olarkən, təqib edildiyim vaxtlarda da demişdim. Mən bunu 1990-cı ildə də demişdim ki, əgər bu münaqişəyə yol verməsəydilər, - onun qarşısını almaq, ona yol verməmək olardı, - onda gürcü-abxaz, gürcü-osetin, Çeçenistan və Moldova münaqişələri də olmazdı.

Buna görə də sizin bu ideyanıza tam rəğbətlə yanaşıram ki, heç bir münaqişə, heç bir müharibə olmasın. Biz bunu tamamilə dəstəkləyirik. Bununla yanaşı, biz münaqişənin sülh yolu ilə həll edilməsi uğrunda indi də mübarizə aparırıq. Yəni Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, işğal altındakı torpaqların erməni silahlı qüvvələrindən azad edilməsinə çalışırıq. Əlbəttə, biz dəfələrlə demişik ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək özünüidarə statusu verməyə hazırıq. Yeri gəlmişkən, bu, sənədlərdə, ATƏT-in 1996-cı ilin dekabrında Portuqaliyada, Lissabonda keçirilmiş zirvə görüşünün bəyanatında öz əksini tapmışdır.

Təəssüf ki, bu münaqişənin həlli üçün 1992-ci ildə ATƏT tərəfindən yaradılmış və hazırda üç böyük dövlətin - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın başçılıq etdiyi Minsk qrupu o vaxtdan bəri bu istiqamətdə real nəticələrə nail ola bilmir.

Yeri gəlmişkən, mən çox demişəm, sizə də deyirəm, çünki siz Rusiyanın nümayəndəsisiniz, Rusiya bu işdə həlledici rol oynaya bilər. O vaxt Sovetlər İttifaqının, - mən Sovetlər İttifaqının rəhbərliyini nəzərdə tuturam, - etmədiklərini Rusiya Federasiyasının rəhbərliyi edə bilər. Mən bu barədə prezident Boris Nikolayeviç Yeltsinlə, Rusiyanın digər rəhbərləri ilə dəfələrlə danışmışam. Ancaq təəssüflər olsun, onlar bu baxımdan lazımi fəallıq göstərmirlər. Üstəlik, münaqişənin yarandığı vaxtda olduğu kimi, yenə də tutaq ki, Ermənistana və Azərbaycana müxtəlif cür münasibət bəslənməsi məsələnin mürəkkəbləşməsinə gətirib çıxarır.

Siz yəqin bilirsiniz ki, 1997-ci ilin əvvəllərində Dövlət Dumasında belə bir fakt, Rusiya Federasiyasının elə özünün müvafiq səlahiyyətli orqanları tərəfindən aşkara çıxarılmış fakt müzakirə edilmişdir ki, 1997-ci ilədək üç il ərzində Rusiya Federasiyasının Müdafiə Nazirliyi Ermənistana qeyri-leqal və təmənnasız olaraq bir milyard dollarlıq silah, döyüş sursatı, hərbi texnika vermişdir. Bu məsələ ortaya çıxdıqda, - sonra o, Dövlət Dumasında müzakirə olundu, materiallar Rusiyanın Baş Prokurorluğuna verildi, - biz Boris Nikolayeviç Yeltsinə məktubla müraciət etdik. Şəxsən mən bu məsələni onunla dəfələrlə müzakirə etdim ki, həmin silah Ermənistandan götürülüb geri qaytarılsın. Rusiya ordusunun o qədər də yaxşı vəziyyətdə olmadığı bir vaxtda bir milyard dollarlıq silahı, döyüş sursatını, texnikanı Ermənistana vermək olmaz. Niyə? Rusiyanın Baş Prokurorluğunda bütün sənədlər var. Demək istəyirəm ki, bu sənədlər bizdə də var. Bunu araşdırmaq, tədbirlər görmək lazımdır, amma onlar tədbir görmürlər. Bu mövzuda danışmayacağam. Son illər biz dəfələrlə danışıqlar aparmışıq.

Vəziyyəti çətinləşdirən budur ki, Rusiya Ermənistanla belə bir saziş bağlamışdır ki, Ermənistandakı Rusiya qoşunları hərbi bazadır. Niyə? Niyə Rusiyanın Ermənistanda hərbi bazası olmalıdır? Mən bunu Rusiya Federasiyasının rəhbərlərindən soruşmuşam, lakin onlar aydın cavab verə bilmirlər.

Biz Müstəqil Dövlətlər Birliyində birləşmişik. Məsələn, şəxsən mən Azərbaycan prezidenti kimi çox istəyirəm ki, birliyimiz mükəmməl, səmərəli olsun. Biz iqtisadi əməkdaşlıqda da, digər bütün sahələrdə əməkdaşlıqda da çox şeyə nail ola bilərik. Amma təəssüflər olsun ki, Rusiyanın, onun ayrı-ayrı vəzifəli şəxslərinin etdiyi hərəkətlər buna imkan vermir. Rusiya və Ermənistan buna misaldır.

Siz mətbuatdan bilirsiniz, hətta bu gün mənə "Nezavisimaya qazeta"da çıxmış belə məqalə də verdilər ki, hansısa general Ermənistandadır, orada SU-20 təyyaralərəinin sınaqlarını keçirirlər, C-300 raketləri yerləşdirilir. Niyə? Nə üçün? Bilirsinizmi, Birliyin üzvü kimi, MDB-yə daxil olan Azərbaycan dövlətinin başçısı kimi soruşmağa haqqım var və soruşuram, ancaq cavab almıram. Ermənistanla Azərbaycanın hərbi münaqişə vəziyyətində olduğunu nəzərə alsaq, bu texnika nə üçündür, bu təyyarələr nə üçündür, bu raketlər orada niyə gərəkdir? Əgər bunu, deyək ki, heç bir münaqişə olmayan Qazaxıstanda və ya Qırğızıstanda etsələr, bunu başa düşmək olmaz, amma razılaşmaq olar. MDB-dəki iki dövlətin - Ermənistanla Azərbaycan münaqişə vəziyyətində olduğu halda isə MDB-də aparıcı rol oynayan Rusiya səylərini Ermənistanın silahlandırılmasına və orada öz silahlı qüvvələrinin yerləşdirilməsinə yönəldir. Hansı məqsədlə? Aydın deyildir.

Bütün bunları Rusiyanın nümayəndəsi kimi sizə qarşı nəsə irəli sürmək üçün demirəm. Sadəcə olaraq öz fikrimi sizinlə bölüşürəm, mövqeyimizi bildirmək istəyirəm, çünki siz çox təcrübəli, nüfuzlu, səlahiyyətli adamsınız. Bu hərəkətlər münaqişələrin nizama salınmasına, onların tamamilə aradan qaldırılmasına kömək etmir.

Bilirsiniz, mən bu mövzuda çox danışa bilərəm. Amma bilirəm ki, bu gün saat 6-da iclasınız var. Sadəcə olaraq imkandan istifadə edərək bu barədə danışıram.

"Əfqanlar"a gəldikdə, siz özünüz qeyd etdiniz ki, biz onlara lazımi diqqət yetiririk. Ancaq düşünürəm ki, daha çox diqqət göstərmək lazımdır. Bir daha demək istəyirəm ki, siz öz vətəndaşlıq borcunu, öz dövləti qarşısında, öz vətəni qarşısında borcunu yetirmiş, mərdlik və qəhrəmanlıq göstərmiş insanlarsınız və ən yüksək qiymətə, yüksək ehtirama layiqsiniz. Sizə və bütün "əfqanlar"a ən əvvəl cansağlığı arzulayıram, çünki hətta yaralanmayan adamların da müharibə illərində səhhətinə çox ziyan dəymişdir. Həyatda firavanlıq arzulayıram, bizim keşməkeşli zəmanəmizdə bu, çox mühümdür. Əlbəttə ki, işlərinizdə də uğurlar arzulayıram. Boris Vsevolodoviç, bütün siyasi və ictimai, dövlət fəaliyyətinizdə sizə müvəffəqiyyətlər arzulayıram. Hər halda siz o vaxtlar tarixə çox güclü şəkildə daxil oldunuz. 40-cı ordunun komandanı kimi Əfqanıstanda sizin fəaliyyətiniz haqqında televiziya verilişlərini xatırlayıram. Yadımdadır, siz Əfqanıstanı tərk edərkən, çayı, körpünü keçərək Sovetlər İttifaqının ərazisinə daxil olarkən çox təsirləndirici kadrlar göstərirdilər. Mən bunların hamısını yaxşı xatırlayıram. Bütün bunlar sizin qəhrəmanlıq fəaliyyətinizin parlaq epizodlarıdır və mən sizi təbrik edirəm.

Boris Qromov: Heydər Əliyeviç, bir daha vurğulamaq istəyirəm ki, münaqişə ilə əlaqədar toxunduğumuz mövzuya, əlbəttə, etinasız, sakit yanaşmaq olmaz. Şəxsən mən buna sakit yanaşmıram. Mən Dövlət Dumasının Beynəlxalq İşlər Üzrə Komitəsinin üzvüyəm və bütün dinləmələr, Dövlət Dumasında gördüyümüz işlərin hamısı bizim komitəmizdə getmişdir. Rusiya parlamentinin nümayəndəsi kimi hesab edirəm ki, dövlətin birinci şəxslərinin xəbəri olmadan Ermənistana silahlar verilə bilməzdi, buna heç bir şübhə yoxdur. Pisi odur ki, həmin adamların bunu deməyə cəsarəti çatmır. Amma, zənnimcə, vaxt gələcək, biz bu barədə bütün həqiqəti biləcəyik.

Mənə vaxt ayırdığınıza görə sağ olun. Görüşümüzün sonunda Sizə Yuri Mixayloviç Lujkovdan çoxlu salam yetirmək istəyirəm. O mənim buraya gəldiyimi bilirdi və Sizə dərin ehtiramını bildirməyi, ən səmimi sözlərini çatdırmağı, fəaliyyətinizdə, bütün işlərinizdə uğurlar arzuladığını bildirməyi xahiş etdi. Əlbəttə ki, mən də Sizə əmin-amanlıq, böyük uğurlar, cansağlığı, ən yaxşı arzular diləmək istəyirəm.

Heydər Əliyev: Yuri Mixayloviç Lujkova mənim salamımı və ən xoş arzularımı yetirin. Bizim Moskva ilə, xüsusən Yuri Mixayloviçlə çox yaxşı münasibətlərimiz var. Biz fəal iqtisadi əməkdaşlıq edirik və bu əməkdaşlığı davam etdirəcəyik.

"Azərbaycan" qəzeti, 19 fevral 1999-cu il.