Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının tibb işçilərinə təbriki - Bakı şəhəri, 16 iyun 2001-ci il


Hörmətli tibb işçiləri! 

Sizi müstəqil respublikamızda ilk dəfə qeyd olunan peşə bayramınız münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Tibbin insan cəmiyyəti ilə yaşıd olan bir tarixi var və siz də bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq, həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə - insanların sağlamlığının qorunması işinə həsr etmisiniz. Keçid dövrünü yaşayan digər ölkələr kimi, Azərbaycan da hazırda bir çox sosial problemlərlə üzləşmişdir. Belə bir şəraitdə əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar və əldə etdiyiniz uğurlar bizi sevindirir.

Azərbaycan XX əsrdə tibb elminin sürətli inkişafı, çoxprofilli səhiyyə şəbəkəsinin yaradılıb genişləndirilməsi və tibb işçilərinin hazırlanması sahələrində böyük nailiyyətlər qazanmışdır. Hazırda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycanın çoxsaylı tibb işçiləri ordusu var. Respublikanın sosial inkişafında onun xidmətləri təqdirəlayiqdir. Məhz həmin nailiyyətlər yeni minilliyin və yeni əsrin ilk ilində bu peşə bayramı gününün təsis edilməsi üçün möhkəm zəmin yaratdı. Dövlət müstəqilliyinin 10 illik yubileyini qeyd etməyə hazırlaşan respublikamızın tibb işçilərinin Azərbaycan Xalq Cümhuriyyətindən yadigar qalmış bu günü əziz bayram kimi keçirməyə tam haqları vardır.

Xalqımız on ildən artıqdır ki, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində yaranmış bir çox çətinliklərlə üzləşmişdir. Torpaqlarımızın işğal olunması nəticəsində bir milyondan artıq soydaşımız öz ev-eşiyindən didərgin düşərək, olduqca acınacaqlı şəraitdə qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalmışdır. Bu insanlarımızın da sağlamlığı problemlərinin həlli qarşımızda dayanan ən vacib məsələlərdəndir. Belə məsuliyyətli vəzifənin ağırlığının böyük bir hissəsi isə əhalinin öz sağlamlığını etibar etdiyi şəxslərin - siz tibb işçilərinin üzərinə düşür.

Əmin olduğumu bildirirəm ki, peşə andınıza sədaqət göstərərək, əhalimizin sağlamlığının qorunması naminə bundan sonra da var qüvvə ilə çalışacaq, bu mühüm işin öhdəsindən layiqincə gəlmək üçün bilik və bacarığınızı əsirgəməyəcəksiniz. Belə məsuliyyətli və nəcib bir məqsədə yönəlmiş fəaliyyətinizdə sizə yeni-yeni uğurlar, hər birinizə cansağlığı və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Tarixi arayış

SOSİUM

Əlavə sənədlər

SOSİUM