Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xarici işlər nazirinin müavini Qriqori Berdennikov başda olmaqla Rusiya nümayəndə heyətini qəbul edərkən söhbətindən - 17 yanvar 2000-ci il


Heydər Əliyev: Hörmətli Qriqori Vasilyeviç, hörmətli qonaqlar, sizi Azərbaycanda salamlayıram. Sizin buraya gəlməyinizə və bu görüşə şadam. Şübhə yoxdur ki, görüşümüz fikir mübadiləsi aparmağa və Azərbaycanla Rusiya arasında münasibətlərə aid bəzi məsələləri, eləcə də digər məsələləri müzakirə etməyə imkan verəcəkdir.

Qriqori Berdennikov: Heydər Əliyeviç, ən əvvəl bizə vaxt ayırdığınıza görə çox sağ olun. Siz çox məşğulsunuz və şübhəsiz, bizi qəbul etdiyinizə görə Sizə minnətdarıq.

Biz buraya yanvarın 24-25-də Moskvada keçiriləcək görüşlə əlaqədar fikir mübadiləsi aparmağa gəlmişik. Ümilvarıq ki, bu görüş nəinki ölkələrimiz arasında münasibətlərin inkişafına, həm də digər mühüm problemlərin, o cümlədən bölgənin problemlərinin həllinə yeni stimul verəcəkdir. Bizə göstərdiyiniz diqqətə görə çox sağ olun.

Heydər Əliyev: Ondan başlayım ki, siz Ermənistanda olmusunuz, özü də kifayət qədər olmusunuz.

Qriqori Berdennikov: Bir gündən az.

Heydər Əliyev: Amma nədənsə Azərbaycana səfəri çox qısamüddətli planlaşdırmısınız. Odur ki dərhal müəyyən rəy və təbii ki, qısqanclıq yaranır.

Ən əvvəl, mənə məlumat verildiyi kimi, Koçaryanla Moskvada qarşıdakı görüşümüz barədə. Biz Ermənistan prezidenti ilə razılığa gəlmişik ki, MDB-nin iclasında olarkən görüşək. Mənə onu da bildirdilər ki, belə bir fikir var ki, sonra biz Rusiya Federasiyası prezidentinin vəzifəsini icra edən Vladimir Vladimiroviç Putinin iştirakı ilə üçlükdə görüşək. Mən buna razılıq verdim. Mənə dedilər ki, səfəriniz əsasən bu görüşün hazırlanması ilə bağlıdır. Əgər məsələ yalnız bundan ibarətdirsə, mən artıq öz razılığımı vermişəm. Əgər lazımdırsa, biz bir sıra məsələləri müzakirə edə bilərik.

Əlbəttə, bununla yanaşı, bizi narahat edən başqa məsələlər də var. Belə ki, Şimali Qafqazdakı hadisələrlə əlaqədar mətbuatda Azərbaycanın ünvanına intəhasız və tamamilə əsassız, anlaşılmaz ittihamlar ara vermir. Hətta bəzən Azərbaycana şər atırlar ki, guya o, Rusiya əleyhinə siyasət aparır və sair.

Təbii ki, bu, bizi narahat edir və narazılıq doğurur. Özü də təkcə bizdə - ölkənin rəhbərliyində deyil, həm də ictimaiyyətimizdə. Çünki bütün bunlar həqiqətə qətiyyən uyğun deyildir. Məsələn, bir az əvvəl mənə "İnterfaks" Agentliyinin guya burada hansısa bir təşkilat yaradıldığı və sair barədə məlmatını verdilər, siz bu informasiya ilə tanış ola bilərsiniz. Belə xəbərləri daim verirlər. Lakin bunların hamısı uydurmadır. Biz dəfələrlə demişik ki, gəlin, nə qədər istəyirsinizsə baxın, yoxlayın, belə şey yoxdur.

Amma, görünür, indi Azərbaycanla Rusiya arasında gərginlik yaratmaq kiməsə sərfəlidir. Biz bunun əleyhinəyik, bunu rədd edirik, bu cür siyasəti pisləyirik, çünki Rusiya ilə Azərbaycan arasında münasibətləri bütün istiqamətlərdə möhkəmlətmək və inkişaf etdirmək siyasəti yeridirik və yeridəcəyik. Əgər kimsə nəsə uydurursa, kiməsə nəsə həqiqət kimi görünürsə və bunu həqiqət kimi qələmə verirsə, başlıcası isə bu, mətbuatda dərc edilirsə və bu, təbii olaraq, ictimai rəy yaradırsa, onda sual olunur - bu, kimə gərəkdir, kimə sərfəlidir? Biz bunu istəmirik. Görünür, bu məsələ barəsində də fikir mübadiləsi aparmağımız lazımdır.

Bir dəfə Şimali Qafqazdakı qoşun qrupunun mətbuat xidməti bizim üçün çox narahatlıq doğuran məlumatla çıxış etdikdə, biz Xarici İşlər Nazirliyinin bəyanatını verməli olduq. Lakin sonra İTAR-TASS, Rusiyanın Müdafiə Nazirliyi bildirdilər ki, bu, dövlətin deyil, ayrı-ayrı şəxslərin nöqteyi-nəzəridir. Bəs ayrı-ayrı şəxslər nə üçün belə edirlər?

Biz demişdik, yeri gəlmişkən, Xarici İşlər Nazirliyimizin bəyanatında da bildirmişdik ki, on iki ildir separatçılıqdan, Azərbaycanın ərazi bütövlüyünün pozulmasından əziyyət çəkirik. Hərçənd, indi bəziləri Azərbaycanın ərazi bütövlüyünü tanımamağı mümkün sayırlar. Hətta, Birləşmiş Millətlər Təşkilatında Ermənistan-Azərbaycan münaqişəsi haqqında layihə olmuşdur, lakin ATƏT-in təqdim etdiyi mətndə bu tezis, təəssüflər olsun, yox idi. Halbuki bütün əvvəlki illərdə belə qərar qəbul edilərkən bu məsələ hər il təsbit olunmuş və bizi hamı dəstəkləmişdir. Təəssüf ki, bu dəfə bəziləri səsvermədə bitərəf qalmış, bəziləri isə əleyhinə səs vermişdir. Bilmirəm, Rusiya necə səs vermişdir?

Vilayət Quliyev (xarici işlər naziri): Rusiya səs verməmişdir.

Heydər Əliyev: Rusiya səs verməmişdir. Bu, necə olur? Bu gün biz bütün ölkələrin, o cümlədən də Rusiyanın ərazi bütövlüyünə hər yerdə səs veririk və bunu dəstəklədiyimizi dəfələrlə demişik. Biz terrorizmin əleyhinə olmuşuq və əleyhinəyik, çünki terrorizm nəinki Rusiya üçün, həm də bizim üçün təhlükədir. Biz islam təməlçiliyinin əleyhinəyik və bunu dəfələrlə demişik. Özü də, ola bilsin ki, islam təməlçiliyi Rusiya üçün o qədər də təhlükəli deyildir, çünki əhalinin ümumi sayı ilə müqayisədə islama etiqad edənlərin sayı o qədər də çox deyildir. Bizdə isə əhalinin tam əksəriyyəti islama etiqad edir. Lakin biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu mövqeyində durmuşuq. Odur ki, biz heç cür islam dövləti və ya islam təməlçiliyinin tərəfdarı ola bilmərik. Yeri gəlmişkən, biz bir çox ölkələrin, o cümlədən qonşu dövlətlərin nümayəndələrinə açıq demişik ki, sizin daxili işlərinizə qarışmırıq. Sizdə hansı quruluş olması öz işinizdir, amma bizim də daxili işlərimizə qoy heç kim qarışmasın. Biz dünyəvi dövlətik.

Ona görə də Rusiyanın Şimali Qafqazda nəyə qarşı mübarizə aparması, orada terror əleyhinə əməliyyat keçirməsi ilə bağlı bütün başqa məsələlər barəsində açıq-aydın mövqe olduğu halda, nə üçün Azərbaycan barəsində belə fikir, belə təsəvvür yaradılır? Bu, bizi təəccübləndirir. Biz bu məsələlər barəsində də fikir mübadiləsi edə bilərik.

O ki qaldı Ermənistanla münaqişə, Dağlıq Qarabağ münaqişəsi məsələsinə, siz bilirsiniz ki, - biz bunu dəfələrlə bəyan etmişik, bu gün bir daha deyirəm, - biz bu münaqişənin dincliklə nizama salınması mövqeyində durmuşuq. Prezident Koçaryanla görüşlərimiz zamanı biz bəzi variantları müzakirə etmişik və belə bir yekdil fikirdə olmuşuq ki, bu məsələdə qarşılıqlı güzəştlər gərəkdir. Biz danışıqları bu ruhda aparmışıq, onları bu gün də, sabah da belə aparmağa hazırıq. Bir sözlə, bu məsələdə də bizim mövqeyimiz aydındır.

Yeri gəlmişkən, Vladimir Vladimiroviç Putin hələ Rusiyanın baş naziri olarkən onunla Kiyevdə görüşüm zamanı mən bunu ona demişdim. Mən bunu yanvarın əvvəllərində onunla telefon danışığımız zamanı da demişəm. Aydındır ki, ATƏT-in Minsk qrupunun həmsədri olaraq Rusiya bu prosesdə, şübhəsiz, çox fəal iştirak etməlidir.

Görünür, indi söhbətimizin əsas mövzusu olan məsələlər barəsində mövqeyimiz bax, belədir.

Qriqori Berdennikov: Mən öz tərəfimdən demək istərdim ki, biz Azərbaycanla əməkdaşlığa, ərazi bütövlüyünün tanınmasına, bir-birinin daxili işlərinə qarışmamağa əsaslanan ən səmimi, bərabər hüquqlu münasibətlərin inkişaf etdirilməsinə tərəfdar olmuşuq və tərəfdar olaraq qalırıq. Bu baxımdan bizim qətiyyən heç bir məsələmiz yoxdur.

Mətbuatdakı bu və ya digər yazılara gəldikdə, bilirsiniz ki, biz mətbuata nəzarət etmirik, o azaddır. Əgər əndazədən çıxan bir şey olursa, onda biz bunu düzəltməyə çalışırıq. Təəssüf ki, verilmiş bəyanatla əlaqədar da belə olmuşdur. Biz Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı ilə çıxış edərək, düzəliş verdik. Təəssüf ki, bu cür qüsurların qarşısını hələlik tamamilə almaq olmur. Ancaq hər halda çalışacağıq.

Sizin kimi biz də ərazi bütövlüyünə tərəfdarıq. O ki qaldı səsvermədə iştirak etməməyimizə, görünür, başqa cür hərəkət etmək çox çətin olmuşdur, çünki biz bu münaqişədə vasitəçi olmağa və qərəzsiz mövqe tutmağa çalışırıq. Bu gün biz həmin məsələlər barəsində də daha ətraflı fikir mübadiləsi edə bilərik.

Biz Ermənistan prezidenti ilə dialoqunuzu çox alqışlayırıq. Hesab edirik ki, bu, münaqişənin döyüş meydanında deyil, məhz danışıqlar stolu arxasında həlli üçün düzgün yoldur. Ümidvarıq ki, bu dialoq tezliklə müsbət nəticəyə çıxaracaqdır. Öz tərəfimizdən biz hazırıq və bu cür nəticə əldə olunmasına köməyimizi əsirgəməyəcəyik.

Biz bunu çox qiymətləndiririk ki, Siz bu nizamasalmada Rusiyanın fəal rol oynamasına tərəfdarsınız. Biz digər münaqişələr kimi, bu münaqişənin də dondurulmasını deyil, məhz nizama salınmasını istəyirik və mən bunu vurğulamaq istəyirəm. Əgər Sizə kömək üçün az-çox səylərimiz hər hansı bəhrə verərsə, biz bundan çox məmnun qalarıq. Ümidvarıq ki, razılıq verdiyiniz, - biz buna görə Sizə minnətdarıq, - Moskva görüşü bu düzgün istiqamətdə bir addım olacaqdır.

Heydər Əliyev: Yaxşı. Belə isə, mən söhbətimizi davam etdirmək üçün mətbuata təşəkkürümü bildirirəm.

"Azərbaycan" qəzeti, 18 yanvar 2000-ci il.