Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası Ali Arbitraj Məhkəməsinin sədri Veniamin Yakovlev ilə görüşdə söhbəti - Prezident sarayı, 16 may 2001-ci il


Heydər Əliyev: Azərbaycanda, deyəsən, çoxdan olmayıbsınız? Yoxsa, heç olmayıbsınız?

Veniamin Yakovlev: Buraya ilk dəfədir gəlirəm, hərçənd gəlməyə dəfələrlə hazırlaşmışdım.

Heydər Əliyev: Mən çox şadam. Siz burada seminar keçirirdiniz? Seminar necə keçdi?

Veniamin Yakovlev: Mənə elə gəlir ki, o, gözlənildiyindən də yüksək səviyyədə oldu. Biz düşünürdük ki, seminar uzun fasilədən və sıx əlaqələrdən sonra maraqlı olacaq, amma gözlədiyimizdən də maraqlı keçdi. Bu bir çox səbəblərə görə, ilk növbədə ona görə belə oldu ki, hüquqşünaslarda həmişə məsələlər yığılıb qalır və bunlar mülki qanunvericilik baxımından ümumi maraq doğurur. Rusiyada Mülki Məcəllə artıq altı ildir qüvvədədir, Azərbaycanda yeni Mülki Məcəllə var və biz onunla, demək olar, tanış deyilik. Bir sözlə, seminar bizim üçün Azərbaycanın Mülki Məcəlləsi, məhkəmə sisteminin işi, xüsusən iqtisadiyyat, sahibkarlıq sahəsində məhkəmə müdafiəsinin səmərəliliyi ilə tanış olmaq imkanı idi. Gün yarım ərzində çox intensiv işlədik.

Cəfər Vəliyev (Azərbaycan İqtisad Məhkəməsinin sədri): Cənab Prezident, demək olar ki, bu, arbitraj məhkəmələrinin yaradıldığı vaxtdan bəri ilk seminarımızdır.

Heydər Əliyev: Mən sizi salamlamağıma şadam. Bazar iqtisadiyyatının inkişaf etdiyi indiki vaxtda İqtisad Məhkəməsinin, yaxud sizdə deyildiyi kimi, Arbitraj Məhkəməsinin əhəmiyyəti artır. Mən dövlət arbitrajına yaxşı bələdəm. Zənnimcə, yadınızdadır ki, mən Moskvada işləyərkən dövlət arbitrajına kuratorluq edirdim.

Veniamin Yakovlev: Çox yaxşı yadımdadır.

Heydər Əliyev: Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi, öz fəaliyyətimdə bunu mühüm nailiyyət sanıram ki, arbitraj haqqında qanunu ilk dəfə biz qəbul etdik. Çünki o vaxt arbitraj Nazirlər Sovetinə tabe idi, halbuki arbitraj müəssisələr, nazirliklər arasında yaranan məsələləri araşdırır. O vaxt arbitraj bir növ formal idi, ona görə ki, hər şey Nazirlər Sovetinin ixtiyarında idi. Biz qarşıya vəzifə qoyduq ki - əslinə qalsa, bu, Siyasi Büronun qoyduğu vəzifə idi - hər halda, arbitraj haqqında qanun işləyib hazırlamaq lazımdır. Bu qanunun hazırlanması işinə mən rəhbərlik edirdim, çünki arbitraj mənim kuratorluğumda idi.

Bilirsinizmi, o dövrdə, islahatlar aparmağa başladığımız ilk dövrdə hansı çətinliklərlə üzləşdik? Əvvəla, Nazirlər Sovetinin Aparatı etiraz etməyə başladı. Bizdə hələ Stalin dövründə işləmiş bir əməkdaş - hüquq şöbəsinin müdiri Şumilin vardı. Ağıllı, bacarıqlı adam idi, düzgün məsləhətlər verirdi. O bir neçə dəfə yanıma gəlib dedi: "Siz nə edirsiniz? Biz arbitraja müstəqillik verə bilmərik". Sonra işlər müdiri Smerdyukov vardı. O da Stalinin kadrı idi. O da mənimlə mübahisə edirdi. Lakin buna baxmayaraq, mən hüquqşünaslarla məsləhətləşib, hər halda, belə bir fikri qəbul etdirdim ki, arbitrajı heç kəsdən asılı olmayan müstəqil məhkəməyə çevirmək lazımdır.Odur ki, bütün sənədləri, qərar layihəsini hazırladım. Mən onları Nazirlər Sovetinin iclasına çıxardıqda, orada çox güclü müqavimətlə üzləşdim. Ancaq sonra mən Nazirlər Sovetinin Rəyasət Heyətini də, Siyasi Büronu da inandırdım. Bax, buna beləcə birmənalı yanaşılmırdı. Hesab edirəm ki, bu, o vaxt üçün tarixi bir qərar idi. İndi artıq həyatın özü də təsdiqləyir ki, məhz belə də olmalı idi. Onda biz düzgün yolda idik.

Dövlət arbitrajının sədri uzun müddət Anisimov oldu. O, qanunun hazırlanmasında iştirak etmişdi, sonra biz qanunu qəbul etdikdə çox böyük sevinclə yanıma gəldi. Axı onlara müstəqillik, sərbəstlik verilmişdi. Biz burada hər şeyi tamamilə yenidən təşkil etdik, hüquq islahatı apardıq və ona görə də İqtisad Məhkəməsi yaratdıq. Əlbəttə, o, keçmiş arbitrajdan fərqlənir. Yəqin ki, sizə bu barədə danışıblar. Biz məhkəmə, prokurorluq orqanlarında çox böyük islahat apardıq. Hərçənd bizdə də böyük müqavimət oldu. Bilirsinizmi, sistem təşəkkül tapmışdır, adamlar neçə illərdir işləyirlər, buna vərdiş etmişlər və təbii ki, hüquqları var. Məsələn, prokurorluq haqqında qanun az qala iki il yatıb qaldı, ona görə ki, qanun bizim aparatda hazırlanmışdı, prokurorluqda isə onun əleyhinə çıxdılar, bizi qorxutmağa başladılar ki, bilirsinizmi, əgər prokurorluq bu hüquqlardan məhrum olsa, bu, dövlətə, cinayətkarlıqla mübarizəyə ziyan vuracaqdır. O vaxt, sadəcə olaraq, təsəvvür edə bilmirdilər ki, həbs üçün sanksiyanı təkcə prokuror deyil, hakim də verə bilər. Struktur yenidən təşkil edildikdə isə, təbii ki, ixtisar aparılır. İndi hamı hesab edir ki, bu, normal haldır. Yaxud, götürək hakimlərin test üsulu ilə seçilməsini. Mənə deyirlər ki, Ali Məhkəmənin nəhəngləri sayılan bəzi məşhur üzvləri test imtahanından keçə bilməyib kənarda qalmışlar.

Dünən mən televiziyadan eşitdim ki, Dövlət Dumasında Rusiyada hüquq islahatı məsələsi müzakirə edilir, bildirdilər ki, ilin sonunadək ya qanun qəbul olunacaq, ya da Rusiyada hüquq sisteminin islahatı həyata keçiriləcəkdir. Gördüyünüz kimi, bu işdə biz sizi bir qədər qabaqlayırıq.

Veniamin Yakovlev: Sizin dediklərinizi eşitmək mənə çox xoşdur. Ona görə ki, dövlət arbitrajının hökumətdən asılı olmayan orqana - iqtisadi mübahisələri həll etməyi bacaran orqana çevrilməsi məhkəmənin iqtisadiyyata gəlməsinə doğru tarixi addım idi. Demək olar ki, həmin andan dövlət arbitrajı əslində nəinki iqtisadi mübahisələri həll edən məhkəmə orqanının funksiyalarını yerinə yetirməyə başladı, həm də mahiyyətcə məhkəmə səviyyəsinə yaxınlaşdı. Bax, onda məni ittifaqın Baş dövlət arbitri təyin etdilər, bir müddətdən sonra isə biz Sovet İttifaqının Ali Arbitraj Məhkəməsinin yaradılması haqqında qanun qəbul etdik, beləliklə də dövlət arbitrajı artıq qəti şəkildə məhkəməyə çevrildi. Sizin başladığınız işi biz davam etdirdik. Rusiyada da bu cür prosedur getdi, Rusiyanın Ali Arbitraj Məhkəməsi yaradıldı, sonra yerlərdə dövlət arbitrajı orqanları yaradıldı. Artıq 9 ildir ki, onlar arbitraj məhkəmələri kimi, lakin əslində kommersiya, ticarət məhkəmələri kimi fəaliyyət göstərirlər.

Əslinə qalsa, biz inqilabdan əvvəlki məhkəmə sistemini bərpa etmişik, çünki Rusiyada həmişə ümumi yurisdiksiya təsisatları ilə yanaşı, kommersiya məhkəmələri də olmuşdur. Bu sistem imperator 1 Nikolayın fərmanı ilə yaradılmış və 1917-ci ilədək qalmışdı. Biz onu əslində bərpa etmişik. İndi o, kifayət qədər səmərəlidir. Biz sahibkarlar, o cümlədən əcnəbi sahibkarlar arasında baş verən mübahisələrə baxırıq. Onlar bizim məhkəmənin fəaliyyətini yüksək qiymətləndirir, mübahisələrə baxılması üçün həvəslə müraciət edirlər. Bizdə bu müstəqil məhkəmə sisteminin üç səviyyəsi var. Bunlar vilayətlərin, diyarların, respublikaların arbitraj məhkəmələridir, sonra 10 məhkəmə dairəsi, nəhayət, ali məhkəmə orqanı kimi, Ali Arbitraj Məhkəməsi gəlir. Bir çox əcnəbi sahibkarlar hesab edirlər ki, iqtisadi mübahisələrin həlli üçün belə ixtisaslaşdırılmış məhkəmə sisteminin olması iqtisadi dəyişikliyə lazımınca təkan vermişdir. Ona görə ki, əgər belə sistem olmasaydı, təkcə ümumi yurisdiksiya məhkəmələri olsaydı, onda, çox güman, iqtisadi mübahisələrin həlli ilə bağlı böyük çətinliklər yaranardı. Əvvəla, ümumi məhkəmələrdə mütəxəssislər yoxdur. İndi bütün dünyada ixtisaslaşdırılmış məhkəmələrin yaradılması isə məhkəmə sisteminin inkişaf etdirilməsinin, necə deyərlər, strateji yolu sayılır, çünki ədalət məhkəməsinin keyfiyyəti yüksəlir. Bundan əlavə, əgər bu işlər ümumi yurisdiksiya məhkəmələrində olsaydı, onda ön sırada cinayət işləri, sonra da əmək məsələləri olardı, kommersiya mübahisələri isə axırıncı yerdə qalardı. Biz isə, sahibkarların fikrincə, kommersiya mübahisələrini kifayət qədər tez, peşəkarlıqla həll edirik.

Lakin buna baxmayaraq, indi hüquq, məhkəmə sistemini daha da təkmilləşdirmək zərurəti yaranmışdır. Amma bununla belə, bu sistemin mahiyyəti dəyişmir, sadəcə olaraq, məhkəmələrin kadr tərkibi güclənir, hakimlərin statusu təkmilləşir. Yəqin ki, hakimlərin əmək haqqı artırılacaqdır. Yeri gəlmişkən, siz bunu həyata keçirmisiniz. Biz isə hələ etməliyik. Biz hakimlərin üzərinə düşən yükü bir qədər tənzimləyirik ki, pozuntular olmasın. Bir sözlə, söhbət ədalət məhkəməsinin səmərəliliyini yüksəltməkdən gedir.

Biz burada mülki qanunvericilik barədə fikir mübadiləsi aparmaqla yanaşı, məhkəmə sistemini də müzakirə etdik. Bizim oxşar cəhətlərimiz olduqca çoxdur, ona görə ki, sizdə üç məhkəmə sistemi - aşağı məhkəmə, Apellyasiya Məhkəməsi, Konstitusiya Məhkəməsi mövcuddur.

Heydər Əliyev: Bizdə dairə məhkəmələri var?

Cəfər Vəliyev: Birinci instansiya rayon məhkəməsidir, sonra Apellyasiya Məhkəməsi gəlir, kassasiya isə sonra, Ali Məhkəmənin kollegiyasında olur.

Veniamin Yakovlev: Dünən yeganə olaraq bunu eşitdim: nəzərə almaq lazımdır ki, kassasiya instansiyası Ali Məhkəmədə deyil, İqtisad Məhkəmələri sistemində olmalıdır. Bir çox respublikalarda instansiyaların üçü də iqtisad məhkəməsinin tərkibindədir.

Heydər Əliyev: Baxmaq lazımdır, axı biz bir-birimizin ən yaxşı təcrübəsini öyrənmək üçün görüşürük, fikir mübadiləsi aparırıq, seminarlar keçiririk.

Veniamin Yakovlev: Dünən sahibkarlar dedilər ki, Apellyasiya Məhkəməsi kommersiya qanunvericiliyini yaxşı bilən mütəxəssislərdən ibarətdir. Kassasiya instansiyası isə Ali Məhkəməyə daxil olan kiçik bir kollegiyadır. Bax, məhz burada qeyri-mütəxəssislər işləyirlər. Onlar isə göstərmək istəyirlər ki, mütəxəssisdirlər və ona görə də qərarları ləğv edirlər. Dünən bu barədə sahibkarlar danışdılar.

Cəfər Vəliyev: Cənab Prezident, Konstitusiyada Ali İqtisad Məhkəməsi yazılmışdır, mən Sizə bu barədə məlumat vermişəm. İndiki sistem Konstitusiyanın 132-ci maddəsinə ziddir.

Veniamin Yakovlev: Zənnimcə, bu, Konstitusiyaya əməl olunmasını təmin etmək baxımından, həqiqətən, düzgün olardı. Dünən universitet alimləri bu barədə dedilər, bir mütəxəssis kimi, mənə elə gəldi ki, onlar haqlıdırlar.

Heydər Əliyev: Mən sizinlə görüşə şadam. Məndən salam yetirin. O vaxtlar arbitrajda işləmiş kadrlardan indi kimlərinsə qalıb-qalmadığını bilmirəm. Mən onlarla çox işləmişəm. Onlar məni xatırlamalıdır.

Veniamin Yakovlev: Sizin salamınızı böyük məmnuniyyətlə yetirəcəyəm. Mən Sizi ali məktəbin kuratoru kimi də xatırlayıram. Mən əvvəllər ali məktəbdə işləmişəm.

Heydər Əliyev: Mən eyni zamanda həm ali Təhsil Nazirliyinin, həm Maarif Nazirliyinin, həm də Texniki Peşə Təhsili Komitəsinin kuratoru idim. Mən bundan əlavə, təxminən 18 nazirliyə də kuratorluq edirdim. Bir sözlə, çox böyük yük idi. Özü də bunlar bir-birindən tamamilə fərqlənən sahələr idi. Ali məktəb və tədqiqat, arbitraj və səhiyyə, mədəniyyət. Yük böyük olsa da, biz çox işlər gördük.

Veniamin Yakovlev: Həqiqətən, olduqca çox yaxşı işlər görülmüşdü. Mənim də yadımdadır, siz ali məktəb sisteminə əsaslı surətdə təsir göstərdiniz...

Heydər Əliyev: O vaxtlar, hər halda, ilk orta təhsil islahatı keçirdik. Yeri gəlmişkən, bu həmin sahədə ilk qanun idi və mən bu barədə SSRİ Ali Sovetinin sessiyasında məruzə etmişdim. Bu hələ Andropovun dövründə olmuşdu. Bu, orta təhsil sisteminin islahatı idi. Sovetlər İttifaqının təhsil sistemi yaranandan bəri heç vaxt islahat aparılmamışdı. Bundan sonra isə biz ali təhsil sisteminin islahatına başladıq. Bir sözlə, xatırlamalı çox şey var.