Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda Rusiya Federasiyası səfirliyinin tikilməkdə olan kompleksinin bünövrəsinə ilk daşqoyulması mərasimində çıxışı - 27 fevral 1996-cı il


Hörmətli səfir, möhtərəm xanımlar və cənablar!

Mən bugünkü hadisəyə böyük əhəmiyyət verirəm. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi üçün kompleksin bünövrəsi qoyulur. Bu, hər şeydən əvvəl, Azərbaycan Respublikasının dövlət suverenliyini və müstəqilliyini aydın və dəqiq bir şəkildə nümayiş etdirir. Azərbaycan Respublikası xarici dövlətlərin səfirlərini qəbul edir, onların səfirliklərinin fəaliyyəti üçün şərait yaradır və bununla da bütün ölkələrlə öz qarşılıqlı münasibətlərini bərabərlik əsasında, suverenlik, dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurur.

Azərbaycanda Rusiya səfirliyinin olması bunun konkret təsdiqidir. Azərbaycan dövlət müstəqilliyi, suverenlik əldə etdiyi vaxtdan bəri respublikada səfirliklər, o cümlədən də Rusiya Federasiyasının səfirliyi yaradılmağa başlanmışdır. Rusiya səfirliyi fəaliyyət göstərir, Rusiya Federasiyasının və Azərbaycanın dövlətlərarası münasibətlərinin təşəkkül tapmasında və inkişafında yaxından iştirak edir və zənnimcə, həm Rusiya üçün, həm də Azərbaycan üçün bu nəcib və çox gərəkli işə layiqli töhfə verir. Lakin səfirliyin daha yaxşı, daha səmərəli işləməsi üçün, böyük Rusiya dövlətini ictimaiyyətə, bütün dünyaya nümayiş etdirməsi üçün, onun fəaliyyəti üçün müvafiq, bu dövlətin səviyyəsinə cavab verən şəraiti olmalıdır. Əslinə baxsan, bu gün həmin şəraiti yaratmaq üçün mühüm addım atılır.

Biz Bakının gözəl və mərkəzi yerlərindən birində, bakılıların çox sevdikləri bir yerdəyik. Bundan sonra burada Rusiya Federasiyası səfirliyinin kompleksi yerləşəcəkdir. Bu yeri onun nümayəndələrinin özləri seçmişlər. Biz də buranın səfirlik üçün ayrılmasına məmnuniyyətlə razılıq vermişdik. Kompleksin yaradılması sahəsində qarşıda çox böyük iş durur. Mən qarşıdakı tikintinin prospektinə, planına ötəri nəzər saldım. Tikinti yaxşı təsir bağışlayır. Düşünürəm ki, gələcək kompleks Rusiya Federasiyasını burada, Bakıda, Azərbaycanın paytaxtında layiqincə nümayiş etdirəcək, təmsil etdirəcəkdir.

İstərdik ki, ictimaiyyətin nümayəndələrinin, Rusiya səfirliyi əməkdaşlarının və bu kompleksin tikintisini, özlərinin dedikləri kimi, 18 aya başa çatdırmağa söz verən Türkiyə firması nümayəndələrinin iştirakı ilə başlanan iş müəyyən edilmiş müddətdə, yaxşı və keyfiyyətlə yerinə yetirilsin.

Bayaq dedim ki, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi müvəffəqiyyətlə, səmərəli surətdə işləyir, Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə fəal kömək edir. Güman etmək olar ki, kompleks tikilib istismara verildikdən sonra səfirlik coşğun fəaliyyət üçün daha böyük imkanlar qazanacaqdır. Bunda həm Rusiya Federasiyası maraqlıdır, həm də Azərbaycan maraqlıdır. Rusiya dünyanın ən iri dövlətidir, böyük ölkədir. O, Azərbaycanın yaxın qonşusu və bizə dost ölkədir. Azərbaycan ilə Rusiya arasında, rus və Azərbaycan xalqları arasında sıx dostluq münasibətləri mövcud olmuş və mövcuddur. On illər və əsrlər boyu bu münasibətlər Azərbaycan xalqına və təbii olaraq, Rusiya xalqlarına fayda gətirmişdir. İndi bu münasibətlər prinsipcə yenı əsasda qurulur. Müstəqil Rusiya dövləti, müstəqil Azərbaycan Respublikası öz münasibətlərini əvvəlki dövrdə toplanmış nə varsa onların əsasında, xoş, qiymətli, yaxşı, müsbət hallar əsasında qururlar. Buna görə də biz Rusiya ilə Azərbaycan arasında bütün istiqamətlərdə münasibətlərin möhkəmlənməsi və inkişafı üçün hər şey edirik və edəcəyik.

Dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi dostluq, tam qarşılıqlı anlaşma, qarşılıqlı, mehriban əməkdaşlıq xarakteri daşıyır. Lakin mən hesab edirəm ki, biz malik olduğumuz nə varsa hamısını zənginləşdirmək, genişləndirmək və inkişaf etdirmək üçün səy göstərməliyik. Mən yanvarda Moskvada olarkən Rusiya prezidenti hörmətli Boris Nikolayeviç Yeltsin ilə çox ətraflı söhbət etdim. Biz Rusiya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin daha da genişləndirilməsi məsələlərini müzakirə etdik və münasibətlərimizin daha da genişləndirilməsi ilə bağlı prinsipial məsələlərdə ümumi rəyi və tam yekdilliyi qeyd etdik. Rusiyanın baş naziri Viktor Stepanoviç Çernomırdin, xarici işlər naziri Yevgeni Maksimoviç Primakov, Rusiya Federasiyasının digər rəhbərləri ilə görüşlərim, söhbətlərim çox faydalı və səmərəli oldu. Hesab edirəm ki, indiki mərhələdə bu görüşlər, söhbətlər ikitərəfli münasibətlərimizin daha da inkişaf etməsi və dərinləşməsi üçün yaxşı zəmin idi. Biz bunların hamısını yüksək qiymətləndiririk. Şəxsən mən Moskvada keçirdiyim söhbətlərdən, görüşlərdən çox məmnunam. Odur ki, əsas məsələlər barəsində əldə olunmuş razılaşmanın əməli təcəssümünü tapması üçün öz tərəfimdən hər şey edirəm və edəcəyəm.

Bununla əlaqədar Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, Azərbaycanın Rusiyadakı səfirliyinin fəal işi çox böyük əhəmiyyətə malikdir. Biz Rusiyanın Azərbaycandakı səfirliyinin öz vəzifəsini müvəffəqiyyətlə yerinə yetirməsi üçün hər cür şərait yaratmışıq və bunu gələcəkdə də edəcəyik. Bu gün Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi üçün iri bir kompleksin bünövrəsini qoymaq üçün buraya yığışmağımız bunun sübutudur. Əminəm ki, gələcək nəsillər bu gün baş verənlərin hamısını minnətdarlıqla qiymətləndirəcəklər. Bu gün nəinki kompleksin bünövrəsini, həm də Rusiyanın Azərbaycandakı səfirliyinin fəaliyyəti üçün, Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsi üçün daha əlverişli şəraitin bünövrəsini qoyur.

Sizi bu hadisə münasibətilə təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu kompleksin tikintisinə girişən Türkiyə firması öz öhdəliklərini layiqincə yerinə yetirəcək və 18 aydan, - bu isə o qədər də çox müddət deyil, - sonra biz tikilmiş kompleksin açılış mərasimində iştirak edə biləcəyik.

Bir daha təbrik edirəm. Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə öz fəaliyyətində uğurlar arzulayıram. Rus xalqına səadət və tərəqqi arzulayıram. Rusiya Federasiyasına ən yaxşı arzularımı bildirirəm. İndi Rusiya qarşısında demokratik, hüquqi dövlət quruculuğu, demokratik cəmiyyət yaradılması, iqtisadi islahatlar aparılması, ölkənin böhran vəziyyətindən çıxarılması sahəsində olduqca böyük vəzifələr durur. Mən inanıram ki, rus xalqının, Rusiya xalqlarının, Rusiya dövləti rəhbərliyinin iradəsi bu yolda müvəffəqiyyətin rəhni və zəminidir. Bir daha təbrik edir, səadət və firavanlıq arzulayıram!