Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ümumrusiya "Rifah" İctimai-Siyasi Hərəkatının nümayəndələri ilə görüşdə söhbətindən - 21 iyul 2000-ci il


Heydər Əliyev: Hörmətli dostlar, hörmətli qonaqlar, mən sizi salamlayıram. Məmnunam ki, təşəbbüs göstərmiş və Azərbaycana gəlmisiniz. Mən sizin fəaliyyətinizlə bir qədər tanış olmuşam və görürəm ki, faydalı iş aparırsınız. Azərbaycanda olmağınız, təbii ki, sizə ölkəmizin, həyatımızın, xalqımızın bugünkü reallığına baxmaq imkanı verəcəkdir. Təbii ki, bu da sizə gələcək praktiki fəaliyyətinizdə kömək edəcəkdir.

Əbdülvahid Niyazov (Ümumrusiya "Rifah" İctimai-Siyasi Hərəkatının sədri, Dövlət Dumasının Reqlament və İşin Təşkili komitəsi sədrinin müavini): Hörmətli cənab prezident!

Şübhəsiz ki, dünya siyasətinin patriarxlarından biri, təkcə keçmiş postsovet məkanının, müasir birlik ölkələrinin deyil, həm də ümumən bütün türk, müsəlman dünyasının şəksiz liderlərindən biri tərəfindən qəbul olunmağımız bizim üçün böyük şərəfdir. Əlbəttə, hesab edirəm ki, bugünkü gün çoxlarımız üçün tarixi bir gün olacaq, biz uşaqlarımıza böyük siyasətçi Heydər Əliyeviç Əliyevlə necə görüşdüyümüz barədə danışacağıq. Şübhəsiz, mən və həmkarlarım başa düşürük ki, bu görüş bizə bir növ avans olaraq göstərilən, əlbəttə, Rusiya Federasiyasında yaşayan 20 milyon müsəlmanın hamısına, ümumiyyətlə, Azərbaycan Respublikasına, Azərbaycan xalqına qardaş olan ölkəmizə, xalqımıza hörmət əlaməti olaraq göstərilən böyük şərəfdir. Ölkəmizə və xalqımıza sizin necə səmimi hisslər bəslədiyinizi bilirik. Siz görkəmli həyatınızın praktiki olaraq çox hissəsini vahid ölkədə yaşamısınız və şübhəsiz ki, biz bu görüşü məhz belə qiymətləndiririk.

Siz yəqin bilirsiniz, bizim hərəkat çox gəncdir, iki ildən də az bir müddətdir ki, qeydiyyatdan keçmişik, bir ilə yaxındır real siyasi fəallıq rejimində çalışırıq. Ancaq biz Qorbaçovun yenidənqurmasından sonrakı on illik təcrübəyə - müsəlman ictimai fəaliyyətinin mümkün olduğu dövrün təcrübəsinə əsaslanırıq. Hazırda biz həqiqətən ən böyük müsəlman ictimai-siyasi hərəkatıyıq. Bundan əlavə, biz Rusiyanın yerli türkdilli xalqları və digər xalqları arasında iş aparılmasına böyük diqqət yetiririk. Çünki həmin 25 milyon həmvətənimiz də Rusiya Federasiyasının 20 milyonluq müsəlmanlarının qarşılaşdıqları problemlərlə üzləşmişdir, onların qarşısında da eyni vəzifələr durur.

Bizim təşəbbüs göstərərək Azərbaycana gəlməyimiz müsəlman ölkəsinə rəsmi, yüksək səviyyədə ilk səfərimizdir. Bununla biz istər hərəkatımızın, istərsə də Rusiya müsəlmanlarının Azərbaycana böyük əhəmiyyət verməsini vurğulayır və ümid edirik ki, yeni prezident Vladimir Vladimiroviç Putin başda olmaqla Rusiya dövləti də belə addımlar atacaqdır. Biz görürük ki, Xəzər regionu barəsində xarici siyasətə öncül yer verilməsi nəzərə çarpır. Bizim böyük dostumuz, xarici işlər nazirinin müavini Viktor İvanoviç Kalyujnı prezidentin xüsusi nümayəndəsi təyin edilib və o, bu yaxınlarda burada olmuşdur. Biz bilirik ki, siz onunla görüşmüsünüz.

Şübhəsiz ki, bu gün Azərbaycan həm Xəzər regionunun, həm böyük Qafqaz regionunun istər siyasi, istərsə də iqtisadi baxımdan lideridir. Ona görə də ölkələrimizin sabitliyi, iqtisadi və siyasi tərəqqisi də xeyli dərəcədə Rusiyadan və Azərbaycandan asılı olacaqdır. Bizim ölkələrimiz çox ciddi separatizm problemi ilə qarşılaşmışdır və yəqin ki, biz bu ümumi problemdən məhz birlikdə, bəlkə də regionun Gürcüstan kimi digər ölkələri ilə birlikdə çıxmalıyıq.

Təəssüf ki, son vaxtlar istər Rusiya Federasiyasının, istərsə də Azərbaycanın bədxahları Çeçenistandakı, Şimali Qafqazdakı hadisələrlə əlaqədar ölkəmizin keçirdiyi çətin vəziyyətdən istifadə edərək ərazisinin xeyli hissəsinin işğal edilməsi və bir milyondan çox qaçqının olması, - biz bu gün onların bəziləri ilə görüşdük, - nəticəsində Azərbaycanın keçirdiyi çətinliklərdən istifadə edərək, ölkələrimiz arasındakı qarşılıqlı münasibətləri zəiflətməyə cəhd göstərirlər. Mətbuatda vaxtaşırı fitnəkar xarakterli yazılar verilir. Ancaq biz əminik ki, rus xalqı da, Heydər Əliyeviç Əliyev kimi lider başda olmaqla Azərbaycan Respublikası və Azərbaycan xalqı da bir-birini tərəfdaş kimi görür. Biz yeni prezidentimiz Vladimir Vladimiroviç Putinə çox inanırıq, ilk günlərdən, hələ keçən ilin avqustunda "Yedinstvo" hərəkatı yaradaraq onu birincilər sırasında dəstəklədik.

Əminik ki, mehriban qonşuluq, qardaşlıq münasibətlərinin davam etməsi və möhkəmlənməsi, çox vaxt süni şəkildə yaradılan narahatlıqların aradan qaldırılması üçün iki lider mümkün olan hər şeyi edəcəkdir. Biz - Rusiya müsəlmanları Rusiya - Azərbaycan tandeminin region ölkələrinin rifahı naminə, Müstəqil Dövlətlər Birliyi naminə, böyük Qafqaz regionunda, Xəzər dənizi regionunda yaşayan bütün xalqların rifahı naminə möhkəmlənməsi üçün əlimizdən gələni etməyə hazırıq.

Cənab prezident, icazə verin, Bakıda olduğumuz iki gün ərzində burada hansı hissləri keçirdiyimizi bəri başdan bildirək.

Axırıncı dəfə biz Bakıda, zənnimcə, 1992-ci ildə olmuşuq. O vaxtkı Bakı və bugünkü Bakı bambaşqa şəhərlərdir. Bugünkü Bakı sürətlə inkişaf edən perspektivli ölkənin gündən-günə dəyişən paytaxtıdır. Adamların üzü gülür, yeni binalar tikilir, başqa sözlə, ölkə hər cəhətdən gələcəyə doğru istiqamətlənmişdir. Əlbəttə, bütün bunlar xeyli dərəcədə Sizin sayənizdə mümkün olmuşdur. Siz 1993-cü ildə yenidən hakimiyyətə gələndə özünüzdə güc tapdınız və ölkəni məhv olmaq, gələcəyini, bütövlüyünü itirmək təhlükəsindən həqiqətən xilas etdiniz. Bu 7 il ərzində görülmüş işlər bizi heyran edir, təəccübləndirir. Hətta bəzən yaxşı mənada qibtə ilə baxırıq və ümid edirik ki, yeni prezidentimiz Vladimir Vladimiroviç Putin də Sizin kimi ağsaqqalların sayəsində, Sizin təcrübənizdən istifadə edərək ölkəmizi ona miras qalmış çətinlikdən çıxara biləcəkdir. Biz bunu çox istəyirik, çünki biz də ölkəmizi güclü, vahid, çox dinamik inkişaf edən, iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi görmək istəyirik. Bizim üçün çox xoşdur ki, hazırda Azərbaycan həqiqətən tanınmış, sabit, demokratik dövlətdir.

Parlament seçkilərinə hazırlıqla əlaqədar biz dünən parlamentin rəhbərliyi - spiker cənab Ələsgərovla və onun müavinləri ilə görüşdük. Hadisələrin necə maraqlı cərəyan etdiyini bilirik. Bu göstərir ki, Azərbaycan həqiqətən demokratik dövlətdir. Onu da qeyd etmək bizə xoşdur ki, bunların hamısında, şübhəsiz, Sizin xidmətiniz var. O da xoşdur ki, Siz bizi, bizim gənc hərəkatımızı, Rusiya müsəlmanlarını, Rusiyada yaşayan türkləri şərəfləndirdiniz və Rusiya dövlətinə bəslədiyiniz xoş münasibəti bir daha nümayiş etdirdiniz. Heydər Əliyeviç, buna görə Sizə çox minnətdaram.

İcazə verin, nümayəndə heyətini Sizə təqdim edim. Nümayəndə heyətimizdə müxtəlif regionlar, təşkilatımızda birləşən bütün qüvvələr təmsil olunmuşdur. Biz ictimai-siyasi hərəkat olsaq da, mənəviyyat və əxlaqa böyük diqqət yetiririk. İndiki prezident Putinin hələ prezident vəzifəsini icra edərkən "Ölkəni bərpa etməyə, dirçəltməyə yeni qanundan və ya vergi məcəlləsindən deyil, mənəviyyatı yüksəltməkdən başlamaq lazımdır" deməsi bizim üçün çox vacib idi. Bizim dini hamilər şuramız var. Ona görkəmli müsəlman dini liderləri, o cümlədən ölkənizin çoxdankı dostu, Qafqaz Müsəlmanları İdarəsində şeyxülislam Paşazadənin müavini, Şimali Qafqaz Müsəlmanlarının Əlaqələndirmə Mərkəzinin əlaqələndiricisi və rəhbəri, Rusiya Muftiləri Şurasının həmsədri, İnquşetiyanın muftisi şeyx Məhəmməd Alboqaçiyev daxildir.

Məndən sağda "Yedinstvo"nun siyahısı üzrə uzaq Xantı-Mansi mahalından seçilmiş Qurban Əmiroviç əyləşibdir. Mahalın inkişafı həmyerliniz Salmanovun sayəsində mümkün olmuşdur. Bu gün biz Elmlər Akademiyasında onu xatırladıq. Qurban Əmirov Büdcə Komitəsinin üzvü, hərəkatımızın İcraiyyə Komitəsinin sədridir.

Hərəkatımızın həmsədri, prezident seçkilərində Vladimir Vladimiroviç Putinin vəkili, Rusiyanın Türk Xalqları Assambleyasının prezidenti Brontoy Yanqoviç Bedyurov da burada bizimlədir. O, əvvəllər Altay Respublikası baş nazirinin müavini olmuşdur. Ora bizim ümumi vətənimizdir, üç il əvvəl islamı qəbul etmişdir. Bundan sonra Altayın bir çox ziyalıları, gəncləri, ictimaiyyətin liderləri də islamı qəbul etmişlər.

Mən Dolores Xaliulini də təqdim etmək istərdim. O, hərəkatımızın beynəlxalq departamentinin rəhbəridir. Onun səfir dərəcəsi var, Rusiya Federasiyasının Ciddədə baş konsuludur. Siz müqəddəs yerlərdə olmusunuz, səfərinizin yekunlarına dair müsahibənizə baxmışıq.

Azərbaycan diasporu ilə yaxından iş aparmağımız bizim üçün çox xoşdur. Yəqin ki, onu icma adlandırmaq daha düzgün olardı, bu, 2 milyonluq icmadır. Onların bir milyona yaxını Rusiya vətəndaşıdır, daha bir milyona qədəri isə orada müvəqqəti yaşayır. Lakin onlar da getdikcə Rusiyada daha dərin köklər salırlar və odur ki, Azərbaycan icması hazırda Rusiya Federasiyasının ən iri müsəlman icmalarından biridir. Biz onu ölkəmizin tərkib hissəsi sayırıq və ona görə də Azərbaycan icmasının, Rusiyada yaşayan azərbaycanlıların mənafelərini öz mənafelərimizin, onları elektoratımızın tərkib hissəsi hesab edirik. Bu gün, təəssüf ki, Dövlət Dumasında azərbaycanlı deputat yoxdur, amma siz tam əmin ola bilərsiniz ki, "Rifah"ın Dövlət Dumasındakı 12 deputatı Azərbaycan icmasının, Rusiya Federasiyasında yaşayan 2 milyon azərbaycanlının da mənafelərini layiqincə təmsil edəcəkdir.

Azərbaycan ictimaiyyəti Azərbaycanlıların Ümumrusiya Konqresini yaradanda biz bunu çox yüksək qiymətləndirdik və ruh yüksəkliyi ilə qarşıladıq. Konqresin üzvləri onun yaradılmasında, liderləri ilə ilk görüşdə Sizin şəxsən iştirak etməyinizdən çox ruhlanmışdılar. Bu gün burada Azərbaycanlıların Ümumrusiya Konqresi rəhbərliyinin nümayəndələri - İcraiyyə Komitəsinin sədri Məmməd Bağırov, konqresin vitse-prezidenti hörmətli Oqtay Hüseynov iştirak edirlər. Bizim fəallarımız da buradadırlar, onlar eyni zamanda, Azərbaycan icmasının fəalları, onun liderləridir. Burada Dağıstan azərbycanlılarının lideri, Dərbənddən olan hörmətli Seyran Rəhimov da var. Türkdilli ölkələrlə əlaqələr üzrə müşavirimiz Malik Kərimov və "Azərbaycan tayms" qəzetinin redaktoru, bizim fəal tərəfdarlarımızdan biri Məmməd Nəsibov da buradadır.

Yəni, biz Rusiya Federasiyasında yaşayan Azərbaycan icması ilə həqiqətən çox fəal işləyirik, səfirliklə, Ramiz Həsənoviç Rizayevlə çox sıx ünsiyyət saxlayırıq. Bir də təkrar edirəm, hərəkatımız cavan olsa da, Siz ona bütünlüklə etibar edə bilərsiniz, biz isə həm Sizin etimadınızı həqiqətən doğrultmağa çalışır, həm də həmvətənlərimizin - Rusiyada yaşayan azərbaycanlıların mənafelərini layiqincə təmsil etməyə söz veririk.

Hörmətli cənab prezident, biz bu gün Sizinlə görüşü səbirsizliklə gözləyirdik və nümayəndə heyətinin bəzi üzvləri də Sizə cəmi bir neçə kəlmə demək istərdilər.

Heydər Əliyev: Sağ olun. Sizin buraya gəlməyinizlə əlaqədar mən bir daha məmnun olduğumu bildirmək istəyirəm. Mənim xəbərim vardı, ancaq bu gün sizin "Rifah" ictimai təşkilatınız haqqında bəzi məlumatlarla tanış oldum. Hesab edirəm ki, siz düz yoldasınız, düzgün iş görürsünüz, çünki keçmiş Sovetlər İttifaqına daxil olan indiki bütün müstəqil dövlətlərdə dəyişikliklər baş verir, onlar demokratiyanı inkişaf etdirmək, demokratikləşmə, azadlıq yolu, hər bir millətdən olan insana bərabər hüquqlar vermək yolu ilə gedirlər. Siz tamamilə düzgün edirsiniz ki, əvvəla, Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak etmək, ikincisi, Rusiyanın müvafiq seçkili orqanlarında, həm də təkcə seçkili yox, ola bilsin, icra orqanlarında təmsil olunmaq üçün Rusiya müsəlmanları olaraq səylərinizi bu ictimai təşkilatda birləşdirirsiniz. Digər tərəfdən isə bunu öz milli ənənələrinizi, milli adətlərinizi inkişaf etdirmək üçün edirsiniz.

Biz hamımız bir ölkədə, Sovetlər İttifaqında yaşamışıq. Sovetlər İttifaqı çoxmillətli ölkə idi. Hamımız deyirdik ki, Sovetlər İttifaqında 100-dən çox millət və xalq yaşayır. Mən Sovetlər İttifaqının, Kommunist Partiyasının xadimlərindən biri idim. 15 il Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş, 5 ildən çox Moskvada Sov. İKP MK Siyasi Bürosunun tərkibində olmuş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Yəni, mən də bu siyasəti həyata keçirənlərdən biri idim, özümü kənara çəkmirəm. Amma həyat göstərdi ki, bu siyasət düzgün olmamışdır. Çünki hər bir xalqın öz tarixi, öz kökləri, öz etnik tərkibi var, hər bir xalq öz əcdadlarının dininə mənsubdur.

Odur ki, bunların hamısını bir yerə cəmləmək, hamısını eyni şəklə salmaq olmazdı. Təbliğ etdiyimiz belə bir nəzəriyyə var idi ki, Sovetlər İttifaqında insanların yeni birliyi - sovet xalqı yaranır. Hələ vaxtilə Stalinin belə bir nəzəriyyəsi var idi ki, bütün millətlər yaxınlaşmalıdırlar, nə vaxtsa fərqlər olmayacaq, vahid millət və vahid dil olacaqdır. O zaman çoxları buna inanırdı, çünki biz hamımız doğulduğumuz və boya-başa çatdığımız ölkədə təbliğ olunan bu ideologiyaya böyük inam bəsləyirdik. Özü də ölkə qapalı idi və biz başqa bir şey bilmirdik.

Bunların hamısının əsassızlığı və tarixi proseslərə uyğun olmadığı aşkara çıxdı. Yer kürəsi böyükdür, burada, dünyada müxtəlif millətlərə, müxtəlif dillərə mənsub olan, müxtəlif mənəvi, əxlaqi və milli dəyərlərə malik adamlar yaşayır. Bütün bunları getdikcə itirmək, sıxışdırmaq və hansısa vahid əxlaqi, milli dəyərlər modeli yaratmaq, sadəcə olaraq, mümkün deyildir. Məsələn, xristianlar var, özü də onların arasında da pravoslavlar, katoliklər, protestantlar və b. var. Müsəlmanlar, buddistlər və digərləri vardır. Sovetlər İttifaqında nə qədər dinlər təmsil olunurdu.

Din nə deməkdir? Din - xalqların müxtəlif dövrlərdə qəbul etdikləri əsas yaşayış qaydaları və mənəviyyatının başlıca qaynaqlarıdır. Odur ki, ateist təbliğatı, atezim o zaman heç bir nəticə vermədi. Doğrudur ki, din rəsmən qadağan edilmişdi, lakin adamların böyük əksəriyyəti qəlbən özünün dinə, milli dəyərlərə mənsub olduğunu yaddan çıxarmır, dilini unutmurdu. Halbuki Sovetlər İttifaqında hamının ancaq rus dilində, millətlərarası ünsiyyət dilində danışmalı olması, digər dillərin isə getdikcə ölməli olması fikri təlqin edilirdi. Bəli, bunu çoxmillətli ölkədə qəbul etmək olardı, lakin bir şərtlə ki, hər bir xalq öz dilini də inkişaf etdirsin. Çünki dil insanın milli mənsubiyyətini, milli köklərini müəyyənləşdirən mühüm amillərdən biridir.

Bu haqda çox danışmaq olar. Siz yaxşı bilirsiniz ki, bütün bunları mən də görmüşəm və hesab edirəm ki, bu fikirlərin hamısı səhv və hətta zərərli idi. Fikir verin, kommunist ideologiyası səhnədən gedən kimi Sovetlər İttifaqı dağılan kimi, əvvəla, müttəfiq respublikalar öz dövlət müstəqilliyini, öz azadlıqlarını elan etdilər, ikincisi isə hər bir insan öz köklərinə, tarixi, milli köklərinə qayıtmağa başladı.

Odur ki, məsələn, əgər sovet hakimiyyətinin ilk dövrlərində insanları xalqların əsrlər boyu topladığı dəyərlərdən zorla məhrum etməyə çalışırdılarsa, indi bütün bunların bərpası prosesi gedir. Özü də tətbiq edilən zorakılıq tədbirləri, əlbəttə ki, sərt repressiyalarla müşayiət olunurdu və bu, dövlət siyasəti idi. Buna baxmayaraq, həmin siyasət uğur qazanmadı. Xalqlar azadlıq qazandıqdan sonra isə heç kim, heç bir dövlət heç bir siyasət yeritmir. Hər bir xalq özü öz tarixi köklərinə, milli köklərinə, milli dəyərlərinə, milli adət-ənənələrinə qayıtmağa başladı və bu, çox qısa müddətdə baş verdi.

Yəni, bütün bunları qadağan etmək mümkün deyildi, bu eksperiment çox zərərli oldu. Lakin bəlkə də insan cəmiyyətinin böyük tarixi baxımından, görünür bəşəriyyət bununla da üzləşməli idi ki, belə bir ideologiyanın bir daha yaşamaq hüququ olmadığını yəqin etsin.

İndi, Sovetlər İttifaqı dağılandan sonra Rusiya özünü suveren federativ dövlət elan etmişdir. Biz hamımız - vaxtilə Sovetlər İttifaqının tərkibinə daxil olan müttəfiq respublikalar öz dövlət müstəqilliyimizi elan etmişik, öz suverenliyimizi elan etmişik və hər birimizdə milli dövlətçilik quruculuğu prosesi gedir. Mən bilirəm ki, keçmiş Sovetlər İttifaqına daxil olan bütün ölkələrdə demokratikləşmə prosesi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedir, iqtisadiyyatda böyük dəyişikliklər baş verir. Dövlət mülkiyyəti öz gücünü itirir, özəl sektor özünə layiq olan yeri tutur. Bu proseslər çətin, mürəkkəbdir. Ona görə də Rusiyada da, Azərbaycanda da, digər ölkələrdə də olduqca çox çətinliklər - iqtisadi xarakterli çətinliklər, əhalinin yaşayış səviyyəsi ilə bağlı çətinliklər, sosial, siyasi xarakterli çətinliklər mövcuddur. Mən deyə bilərəm ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan bu yolla qətiyyətlə irəliləyir. Azərbaycan görünməmiş dərəcədə fəxr edir ki, biz azad millətik, azad xalqıq, öz torpağımızda müstəqil dövlətimiz var, dünya birliyinə daxilik və öz taleyimizin sahibiyik, öz təbii sərvətlərimizin, hər şeyin sahibiyik.

Rusiya yenə də çoxmillətli dövlət olaraq qalmışdır.

Demokratikləşmənin ən vacib prinsiplərindən biri milli mənsubiyyətindən, dilindən, dərisinin rəngindən, dini etiqadından asılı olmayaraq, hamının hüquq bərabərliyi prinsipidir. Azərbaycanda bu azadlıqların hamısı verilmişdir. Azərbaycan da çoxmillətli dövlətdir, hansı millətə mənsub olmasından asılı olmayaraq, bizdə insanların hamısı bərabər hüquqlardan istifadə edir, onlar vətəndaşlardır. Azərbaycanda üç konfessiya - müsəlman, xristian və yəhudi konfessiyaları var. Onlar tamamilə sərbəst şəkildə, müstəqil fəaliyyət göstərirlər və çox xoşdur ki, müsəlman, xristian və yəhudi konfessiyaları arasında sıx qarşılıqlı əlaqə var.

Rusiya bu baxımdan daha rəngarəngdir. Rusiyada xalqlar daha çoxdur. Rusiya genişdir, ərazisi böyükdür, proseslər daha çətin gedir. Bu mənada sizin "Rifah" ictimai təşkilatını yaratmaq təşəbbüsünüz, - mən belə başa düşürəm ki, o, dövlətlə də fəal əməkdaşlıq edir, yeni prezident Vladimir Vladimiroviç Putinin xəttini dəstəkləyir və siz Dövlət Dumasında "Yedinstvo" birliyinə daxilsiniz, - çox yaxşıdır. Biz hesab edirik ki, bu, müsbət amildir.

Bax, siz öz mənəvi dəyərlərinizi, öz milli dəyərlərinizi dirçəldirsiniz. Rusiya müsəlmanlarının da dini birdir, ancaq müxtəlif adətlər, mərasimlər, müxtəlif fərqlər var. Amma bunlar onları bir-birindən çox fərqləndirmir. Çünki hər halda xalqlarımız islamı qəbul edəndən bəri bu din onların mənəvi həyatında mühüm rol oynamışdır. Davranış normaları da, milli dəyərlər də, adətlər də, mərasimlər də dini prinsiplər əsasında, Quranda yazılmış müddəalar əsasında yaranmışdır.

Ona görə də birləşmək Rusiyanın müsəlman mənşəli xalqlarını daha da zənginləşdirir. Hesab edirəm ki, siz böyük uğurlara nail ola bilərsiniz. Mən bilmirəm, Rusiyada nə qədər müsəlman yaşayır.

Əbdülvahid Niyazov: Təxminən 20 milyon.

Heydər Əliyev: Kimsə bir nəfər deyirdi ki, çoxdur. Bu, az deyildir. Həm də milli respublikaları götürsək, Rusiya Federasiyasına daxil olan milli respublikaların əksəriyyəti müsəlman dininə malik respublikalardır. Ona görə də sizin hərəkatın böyük perspektivi, böyük gələcəyi vardır. Əvvəla, mən sizin gördüyünüz işi dəstəkləyirəm və hesab edirəm ki, düz yoldasınız. Ancaq eyni zamanda, əlbəttə, Rusiya ilə müsəlman dövlətləri arasında münasibətlərin inkişafı və möhkəmlənməsi bizim üçün çox vacibdir. Bilirsiniz, hər halda, keçmiş vaxtlarda Rusiyada şovinizm olub, sovet dövründə də daha çox yerli millətçilik haqqında danışırdılar. Yeri gəlmişkən deyim ki, bilmirəm Leninə kim necə yanaşır, amma bu baxımdan Leninin çox düzgün fikirləri var idi. O deyirdi ki, bu da, o birisi də - şovinizm də, millətçilik də təhlükəlidir. Mən bunu bu gün də düzgün hesab edirəm. Amma onun başqa sözləri də var idi. O deyirdi ki, qeyri millətin ruslaşmış nümayəndəsi rus pəzəvəngindən pisdir. Yadınızdadırmı? Bilirsiniz, bu, çox dəqiq ifadədir. Rusiyada bəzən başqa millətin nümayəndəsi, - hələ çarizm vaxtında, Lenin bunu əsrin əvvəlində demişdi, - digər millətdən olan insanlar ruslaşıb daha çox rus olurdular, necə deyərlər, "Roma papasının özündən də qatı katolik olmaq istəyirdilər". Bu da var. Bizdə hələ elə adamlar var ki, assimilyasiyaya uğrayır, öz milli köklərini, dilini itirirlər.

Biz, milli respublikalar Sovetlər İttifaqının tərkibində heç nə itirmədik. Biz azad deyildik, yəni müstəqilliyimiz, dövlətçiliyimiz yox idi. Amma öz dilimiz vardı, onu qoruyub saxladıq, nəinki saxladıq, həm də zənginləşdirdik. Məsələn, əgər əsrin əvvəlindəki Azərbaycan dilini və bugünkü Azərbaycan dilini müqayisə etsək, - bugünkü çox zəngin dildir. Yəni biz öz dilimizi zənginləşdirmişik, dilimiz tədricən inkişaf etmişdir. Biz milli məktəblərimizi, milli mətbuatımızı, milli elmimizi qoruyub saxlamışıq, bütün milli kadrları - hər şeyi qoruyub saxlamışıq. Ona görə də müstəqillik qazananda heç bir problemimiz olmadı. Amma bir üstünlük var, rus dilini yaxşı bilən adamlar vardır, - bu da çox lazımdır, o, dünya səviyyəli dillərdən biridir, - onlar öz dillərini də yaxşı bilirlər. Doğrudur, elələri var ki, rus dilini öz dilindən yaxşı bilir. Bu da var. Amma bu da müvəqqəti haldır. Hesab edirəm ki, onlar da rus dilini yaxşı bilməklə yanaşı, öz milli dilində danışmağa, ondan yaxşı istifadə etməyi öyrənəcəklər.

Ona görə sizin hərəkatın bir əhəmiyyəti də ondadır ki, ümumi dövlətin tərkibində olan, Rusiya Federasiyasının normaları, konstitusiyası çərçivəsində yaşayan hər bir milli respublikada hər bir xalq Rusiya Federasiyası dövlətinin siyasətinə uyğun olaraq fəaliyyət göstərə bilsin, eyni zamanda öz milli dəyərlərini - dilini, adətlərini, ənənələrini inkişaf etdirsin.

Məsələn, müxtəlif bayramlar var - xristianların bir cür, müsəlmanların başqa cür. Hər ikisinə hörmətlə yanaşmaq lazımdır. Başqa sözlə, bizə qarşılıqlı hörmət lazımdır. Din baxımından sayca böyük xalqlardır, sayca kiçik xalqlardır - heç bir ayrı-seçkilik olmamalıdır. Mənə elə gəlir ki, Vladimir Vladimiroviç Putin prezident seçildikdən sonra Rusiyada məhz bu istiqamətdə çox düzgün siyasət aparılır. Sizin qeyd etdiyiniz kimi, ilk dəfə məhz o, vergi məcəlləsi deyil, əxlaq məcəlləsi yaratmaq lazımdır demişsə, bu, çox doğrudur, hər bir xalqın əxlaqı isə onun mənəvi dəyərlərindən başlayır. Mənəvi dəyərlər isə dinlə, milli köklərlə sıx bağlıdır. Hər bir millətin öz xüsusiyyətləri, öz mərasimləri var. Onları heç vaxt əldən almaq olmaz. Bizi Novruz bayramından məhrum etməyə cəhd göstərirdilər. Halbuki o, 3000 ildir mövcuddur və heç bir bini mənası yoxdur. Bu bayramı rəsmən keçirmirdilər, lakin hər bir azərbaycanlı ailəsi onu bayram edirdi. İndi isə Novruz bayramı ümumxalq bayramıdır, hamıya sevinc bəxş edir. Burada pis nə var ki?

Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərə gəldikdə isə, biz həmişə çalışmışıq və çalışırıq ki, münasibətlərimiz dostcasına, lakin bərabər hüquq əsasında olsun. Biz müstəqil dövlətik və Rusiya da müstəqil dövlətdir. Heç bir ölkə, respublika barəsində keçmişdəki kimi diktə olmamalıdır. Hər şey bərabər hüquq və qarşılıqlı surətdə faydalı olmalıdır. Hesab edirəm ki, bu barədə Rusiya hökuməti də, Azərbaycan hökuməti də eyni mövqedədirlər, aramızda heç bir fikir ayrılığı yoxdur.

Azərbaycanda rus dili çox işləkdir. Çoxlu rus məktəbləri var. Hətta azərbaycanlıların bir çoxu da rus məktəblərində oxuyur. Məsələn, bəlkə də Rusiyanın daha yaxın müttəfiqi sayılan Ermənistanda rus dilində tədris tamamilə qadağan edilmişdir, rus məktəbləri yoxdur. Bizdə isə var. Azərbaycanda təxminən 150 min rus əhali də yaşayır, heç bir problem yoxdur. Onlar öz həyatlarından, öz vəziyyətlərindən razıdırlar. Heç bir şəkildə sıxışdırılmırlar. Yeri gəlmişkən, rusdilli əhaliyə münasibət baxımından Moskvada Azərbaycanı tez-tez nümunə gətirirlər.

İndi münasibətlərimizi genişləndirmək və inkişaf etdirmək üçün yaxşı imkanlarımız var. Tez-tez nümayəndə heyətləri mübadiləsi edirik. Məsələn, bu yaxınlarda Azərbaycanda Rusiya Federasiyası mədəniyyəti günləri, Moskva mədəniyyəti günləri keçirildi. Bütün xalqımız bir neçə gün böyük ruh yüksəkliyi ilə bu tədbirlərdə iştirak etdi. Eyni tədbirlər Moskvada da keçirilir.

Sizin hərəkatınız bu yöndə bizə kömək edə bilər. Mən bu yaxınlarda Moskvada olanda orada Rusiya azərbaycanlılarının birinci konqresi keçirildi. Mən orada çıxış etdim. Mən onlara çoxlu arzularımı bildirdim. Bu haqda hər şey yazılıbdır. Orada Rusiya Federasiyasında Azərbaycan icmasının olduğu 50 vilayətin nümayəndələri iştirak edirdi. Mən onlara dedim ki, siz Rusiya vətəndaşlarısınız, bir hissəniz Rusiya vətəndaşıdır, bir hissəniz isə orada müvəqqəti yaşayır.

Rusiya vətəndaşları Rusiyanın tam hüquqlu vətəndaşları olmalıdırlar. Başqa sözlə, necə deyərlər, tamamilə Rusiya qanunlarına müvafiq hərəkət etməli və Rusiya vətəndaşlarının bütün hüquqlarından istifadə etməlidirlər. Orada müvəqqəti yaşayan azərbaycanlılar Rusiya qanunlarına hörmət etməli, bütün qaydalara tabe olmalı və əlbəttə, Azərbaycan ilə Rusiya arasında münasibətlərin möhkəmlənməsinə kömək göstərməlidirlər. Ümumilikdə, bizim arzumuz budur və mən bu vəzifəni Azərbaycanlıların Konqresi qarşısında qoydum.

Siz deyirsiniz ki, Rusiyada 2 milyon azərbaycanlı yaşayır. Belə məlumat bizdə də var. Onların vəzifəsi normal yaşamaq, öz bacarıqlarını gerçəkləşdirmək, uşaqlarına təhsil vermək, Rusiya vətəndaşlarının hüquqlarından və digər hüquqlardan istifadə etmək, Rusiya ilə Azərbaycan arasında münasibətləri möhkəmləndirməkdən, bir də Azərbaycan haqqında həqiqəti yaymaqdan ibarətdir. Bilirsiniz, təəssüf ki, Azərbaycan haqqında heç də hər yerdə düzgün təsəvvür yoxdur. Xüsusilə də Ermənistanla Azərbaycan arasında münaqişə yarandıqdan sonra.

Axı, bu münaqişə hələ 1988-ci ildə, Sovetlər İttifaqı mövcud olduğu dövrdə yaranmışdır. Sovet hökuməti Azərbaycana qarşı olduqca ədalətsizlik etdi. Əgər sovet hökuməti həqiqətən də istəsəydi, bu münaqişənin qarşısını ala bilərdi və o, bu qədər insanın ölümünə və qan tökülməsinə səbəb olan müharibəyə çevrilməzdi. Lakin onlar bunu etmədilər və bunda hökumət və dövlət, Siyasi Büro və şəxsən Qorbaçov günahkardır.

Sonra bu münaqişə müharibəyə çevrildi. Bu müharibədə Azərbaycan daha pis vəziyyətə düşdü. Çünki Ermənistana Rusiya qoşunları tərəfindən də, - o zaman hələ sovet qoşunları idi, - digər qüvvələr, xaricdəki erməni diasporu tərəfindən də yardım olunurdu. Azərbaycana isə heç kim yardım göstərmirdi. Digər tərəfdən isə, təəssüf ki, Azərbaycanın daxilində sabitlik, ölkədə etibarlı rəhbərlik yox idi. Burada böyük mübarizə gedirdi. Bir tərəfdən Ermənistan-Azərbaycan ərazisini işğal edirdi, digər tərəfdən isə daxildə müxtəlif qruplar, özü də silahlı qruplar hakimiyyət uğrunda mübarizə aparırdılar. Odur ki, 1988-ci ildən 1993-cü ilə qədər burada hakimiyyət beş-altı dəfə dəyişmişdi. 1993-cü ildə Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çıxmışdı. Onda məni buraya çağırdılar. O vaxtdan biz qayda-qanun yaradırıq.

Ermənistan silahlı qüvvələri əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağa, 170 min adamın, - bunların 70 faizi ermənilər, 30 faizi azərbaycanlılar idi, - yaşadığı kiçik torpağa iddia edərək, ərazimizin 20 faizini işğal etdilər. Dağlıq Qarabağ Azərbaycan ərazisinin mərkəzində yerləşir. Ermənilər oranı Ermənistanla birləşdirməyə cəhd göstərərək, bu münaqişəyə başladılar. Onlar əvvəlcə Dağlıq Qarabağı işğal etməyə, oradan azərbaycanlıları qovmağa nail oldular. Sonra isə təcavüzü daha da genişləndirdilər. Dağlıq Qarabağın ətrafında olan, yalnız azərbaycanlı əhali yaşayan 7 rayonu işğal etdilər və oradan bir milyon adamı qovdular. İndi bu adamlar Azərbaycan ərazisinin müxtəlif yerlərində, çadırlarda yaşayırlar. Təsəvvür edirsinizmi? Bir baxın, hava necə istidir, bu istidə onlar çadırlarda yaşayırlar.

Birləşmiş Millətlər Təşkilatı Ermənistan silahlı qüvvələrinin çıxarılması barədə qərar qəbul edir - Ermənistan tabe olmur. ATƏT qərar qəbul edir, onlar tabe olmurlar. Rusiya, Amerika və Fransa başda olmaqla ATƏT-in Minsk qrupu var. Onlar da heç nə edə bilmirlər.

Baxın, biz belə vəziyyətdəyik. Belə vəziyyətdə ikən, yəni təcavüzə, bu cür itkilərə məruz qalarkən, torpaqlarımızın 20 faizi işğal altında olarkən erməni diasporu, - o, Rusiyada da, Amerikada da, Fransada da və bir çox digər ölkələrdə də çox güclüdür, - vəziyyət haqqında yalan informasiya verir. Nəticədə dünyanın bir çox ölkələrində belə təsəvvür yaranır ki, bu işdə təqsirkar ermənilər deyil, azərbaycanlılardır. Başa düşürsünüzmü, məsələ nə yerdədir? Erməni diasporu Rusiyada da çox böyükdür, özü də o, daha sıx birləşmiş, daha güclüdür, dövlətdə və digər orqanlarda bir çox mühüm mövqeləri tutur.

Məsələn, Amerikada bir milyon erməni yaşayır, Amerikanın əhalisi təxminən 280 milyondur, ancaq ermənilərin böyük kapitalı var və Amerika hökumətinə təsir göstərirlər. Eləcə də Fransada.

Biz deyəndə isə, axı, belə olmaz, deyirlər ki, sizin dünyada təbliğatınız yoxdur. Bizim Amerikada, Fransada, demək olar ki, diasporumuz olmadığı bir halda, dünyada necə təbliğat aparaq, necə? Dünya birliyində isə ədalət yoxdur. Ona görə də biz Rusiyadakı Azərbaycan icması qarşısında vəzifə qoyuruq ki, özlərinin bütün ümumi işlərindən əlavə, Azərbaycan haqqında həqiqəti də yaysınlar.

Biz həqiqətdən savayı heç nə istəmirik. Əlbəttə, bununla əlaqədar sizin də köməyinizə müraciət edirik. Sizin böyük imkanlarınız var. Xahiş edirik, adamları göndərin, qoy gəlib qaçqınların necə çətin şəraitdə yaşadıqlarını görsünlər. Sizi hətta çadır düşərgələrinə deyil, şəhərdə qaçqınların yanına apara bilərlər.

Əbdülvahid Niyazov: Biz görmüşük, sabah da Gəncəyə gedəcəyik.

Heydər Əliyev: Gəncəyə? Çox yaxşı. Ancaq bizim baş nazirin müavini Əli Həsənova demək lazımdır ki, təşkil etsin, bu işlərlə o məşğul olur. Mən sizdən çox xahiş edirəm, gedib baxın.

Mən sizi salamlayıram, sizə uğurlar arzulamaq istəyirəm və çox şadam ki, bizim aramızda əlaqə yarandı və bu, davam edəcəkdir. Mən sizinlə söhbəti davam etdirərdim, amma bir az sonra mənim başqa, çox böyük görüşüm olacaq, ona görə də təəssüf ki, söhbəti bitirməliyəm.

Əbdülvahid Niyazov: Siz bizim hamımız üçün çox yaxın insansınız, çünki biz Sizi hələ o vaxtdan Sovet İttifaqının lideri olan vaxtdan tanıyırıq. Buradakı qardaşlarımızın çoxu çıxış etmək istəyirdi, ancaq çox inamla irəliləyən, çox vacib regionda - bugünkü Qafqazda Xəzər regionunda çox şeyi müəyyənləşdirən dövlətin başçısı kimi Sizin vaxtınızın olmadığını başa düşürük. Bizi qəbul etməyə vaxt tapdığınıza görə qardaşlarımızın hamısının adından Sizə minnətdarlıq etmək istəyirik. Yeri gəlmişkən, nümayəndə heyətimizin üzvlərindən biri oğluna Sizin adınızı vermişdir. Ümid edirik ki, balaca Heydər böyüyəndə Kəlbəcər, Laçın və Qubadlının ərazisinə sakitcə gedə biləcək, o yerlər azad olunacaq və bərpa ediləcəkdir. Əgər biz bu işdə kömək göstərə bilsək, xoşbəxt olacağıq.

Bu gün biz qaçqınlarla görüşdük. Bir qadın dedi ki, əgər Heydər Əliyeviçlə görüşsəniz ona deyin ki, bizə heç bir yardım lazım deyil, qoy mümkün olan hər şeyi etsin ki, doğma ocağımıza qayıdaq.

Heydər Əliyev: Onların hamısı bunu istəyir.

Əbdülvahid Niyazov: Dünən biz parlamentdə görüşərkən dedik ki, Rusiyada erməni diasporunun necə güclü, hazırlıqlı olmasına əminik. Biz orada da tədbirlər görməliyik ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı anlaşmanı və mehriban qoşuluğu sarsıdan hansısa qərar və ya müraciət qəbul edilməsin.

"Azəbaycan" qəzeti, 22 iyul 2000-ci il.