Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının və Rusiya Federasiyasının nümayəndə heyətlərinin iştirakı ilə Rusiya-Azərbaycan danışıqlarında çıxışı - Moskva, Böyük Kreml sarayının Yekaterina salonu, 25 yanvar 2002-ci il


Heydər Əliyev: Sağ olun, Vladimir Vladimiroviç. Mən ilk növbədə dəvətinizə, səmimi qarşılandığımıza və qonaqpərvərliyə görə Sizə təşəkkür etmək istəyirəm. Dünən biz sizin evinizdə, dediyiniz kimi, əsas məsələlərə dair ətraflı fikir mübadiləsi etdik. Mən bu söhbətdən çox məmnunam, çünki dünən biz Sizinlə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərə dair mühüm məsələləri müzakirə etdik və bu gün təkbətək görüşdə də bunlardan danışdıq. Mən də belə hesab edirəm ki, bir il bundan əvvəl, Vladimir Vladimirovic, Sizin Az.rbaycana rəsmi səfərinizdən sonra Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrində yeni mərhələ başlanmışdır. Məmnuniyyətlə deyə bilərəm ki, bu bir il çox səmərəli il oldu. Biz münasibətlərimizi intensivləşdirə, eyni zamanda konkret məzmunla dolğunlaşdıra və hətta nəticələr də əldə edə bildik. Ona görə də bugünkü görüşümüz və imzalanmağa hazırlanmış sənədlər bir il bundan əvvəl Azərbaycana səfərinizin məhz əməli nəticələrindən və bu bir il ərzində görə bildiyimiz böyük işlərdən xəbər verir.

Rus dilinə bizim diqqət yetirməyimiz və s. barədə Sizin dediklərinizə gəldikdə, bu, prinsipcə ölkəmizdə adi haldır, çünki biz bunu normal hesab edirik və belə də olmalıdır. Biz bu xətti gələcəkdə də davam etdirəcəyik və əslində, bu məsələdə heç bir dəyişiklik olmayacaqdır. Puşkinin abidəsini biz, əlbəttə ki, onun yaradıcılığına dərin ehtiram hissi ilə acdıq.

Vladimir Putin: Heydər Əliyeviç, Azərbaycanda rus dilində hamı prezident kimi danışa bilsə, hamı ancaq xoşbəxt olacaqdır.

Heydər Əliyev: Biz bu abidəni Puşkinə böyük məhəbbət hissi ilə açdıq, axı bizim hamımız onun əsərlərini oxuya-oxuya böyümüşük, Puşkini əzbərdən bilirik. Necə olub ki, indiyədək bu abidə qoyulmayıbdır. Bu, diqqətsizlik olub, lakin biz bu nöqsanı aradan qaldırdıq. Mən minnətdaram ki, burada, Moskvada tez-tez Azərbaycan mədəniyyət günləri keçirilir, müxtəlif sərgilər açılır. Lakin Azərbaycanda da həm Rusiya mədəniyyət günləri, həm də Moskva mədəniyyət günləri keçirilir. Bundan əlavə, ümumiyyətlə, respublikamıza Rusiyanın mədəniyyət xadimləri doğma, yaxın adamlar kimi tez-tez gəlirlər. Bizimkilər də buraya tez-tez gəlirlər. Butun bunlar tamamilə təbiidir və mən belə hesab edirəm ki, münasibətlərimizin möhkəmlənməsi və inkişafı üçün mühüm amillərdir.

Mən çox minnətdaram ki, Siz bizim görüşlərimizə, mənim səfərimə belə böyük diqqət yetirirsiniz. Şübhəsiz, mən yaxşı başa düşürəm ki, bu, Azərbaycana, Rusiya-Azərbaycan əlaqələrinə münasibətinizin təzahürüdür və əmin ola bilərsiniz ki, Azərbaycan prezidenti kimi, mən də, hökumətimiz də, dövlətimiz də eyni hissləri keçiririk.