Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin başçılıq etdiyi Azərbaycan-Rusiya danışıqlarında söhbətindən - Prezident sarayı, 9 yanvar 2001-ci il


Heydər Əliyev: Rusiya Federasiyasının cənab prezidenti, çox hörmətli Vladimir Vladimiroviç, hörmətli qonaqlar, xanımlar və cənablar!

Bu gün Rusiya Federasiyası prezidentinin Azərbaycana rəsmi səfəri başlanmışdır. Vladimir Vladimiroviç, mən sizi bu səfərlə əlaqədar ürəkdən salamlayıram. Mənim dəvətimi qəbul edib və təbii olaraq, Azərbaycanda bir çox adamların arzularını nəzərə alıb Azərbaycana rəsmi səfərə gəldiyinizə görə dərin təşəkkürümü bildirmək istəyirəm.

Desəm ki, bu səfər tarixi əhəmiyyətə malikdir, mübaliğəyə yol vermiş olmaram. Çünki Azərbaycan dövlət müstəqilliyi qazandığı və Sovet İttifaqının süqutundan sonra Rusiya öz suverenliyini elan etdiyi vaxtdan bəri Rusiya Federasiyasının dövlət başçısının Azərbaycana səfəri olmayıbdır. Bəlkə də bunun üçün hansısa səbəblər olmuşdur, buna baxmayaraq, bu, bizim üçün mühüm amildir və ona görə də biz çox istəyirdik ki, belə bir səfər baş tutsun. İndi Vladimir Vladimiroviç Putin bu səfəri həyata keçirir. Biz onunla MDB tərkibində, MDB-nin Dövlət Başçıları Şurasında birgə işimiz və ikitərəfli görüşlərimiz zamanı kifayət qədər yaxşı tanış olmuşuq, yaxınlaşmışıq və bütün məsələlərdə çox böyük qarşılıqlı anlaşmaya gəlmişik. Biz Vladimir Vladimiroviçlə iki saatdan çox təkbətək söhbət etdik. Əlbəttə, çoxları, o cümlədən də nümayəndə heyətlərinin üzvləri yəqin düşünürlər ki, görəsən, nə barədə danışdıq. Lakin biz hər şeydən əvvəl ikitərəfli münasibətlərimizdən, bu münasibətləri bütün sahələrdə, bütün istiqamətlərdə daha da inkişaf etdirməyin zəruriliyindən danışdıq. Bəri başdan deyim ki, biz müzakirə etdiyimiz bütün məsələlərdə ümumən qarşılıqlı razılığa gəldik. Bu isə Rusiya prezidentinin Azərbaycana səfərinin mühüm nəticəsi kimi məndə dərin məmnunluq doğurur. Biz Qafqazda vəziyyətdən, ümumi qayğımızdan - Qafqazda münaqişələrin aradan qaldırılmasından, terrorizmlə, ekstremizmlə, separatizmlə mübarizəni gücləndirməyin zəruriliyindən danışdıq. Əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ümumən həlli məsələsi söhbətimizdə geniş yer tutdu. Sözün düzü, şadam ki, burada bu məsələdən belə açıq, ətraflı söhbət getməsinə, eyni zamanda ona kifayət qədər diqqət yetirilməsinə və bu məsələ barəsində fikir mübadiləsi aparılmasına uzun illərdən bəri bəlkə də ilk dəfə imkan yaranmışdır.

Sənədlər, ilk növbədə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər haqqında Bakı bəyannaməsi və Xəzər dənizinin statusu haqqında birgə bəyanatımız hazırlanmışdır. Hökumətlərarası xarakter daşıyan və böyük əhəmiyyətə malik olan bir sıra sənədlər də hazırlanmışdır. Hesab edirəm, biz prezidentlə söhbət edərkən, nümayəndə heyətləri üzvlərinin də olduqca çox məsələləri, o cümlədən hazırlanmış sənədlərlə bağlı məsələləri müzakirə etməyə yəqin ki, imkanları olmuşdur.

Hesab edirəm ki, bu gün imzalayacağımız Bakı bəyannaməsinin layihəsi son dərəcə mühüm, tarixi əhəmiyyətə malik sənəddir. Bu bəyannamə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bugünkü gününün reallığını və ikitərəfli münasibətlərlə bağlı məsələlərdə, həm beynəlxalq, həm də regional xarakterli bir çox digər məsələlərdə, o cümlədən də münaqişələrdə və s. mövqelərimizi əks etdirir. Zənnimcə, Xəzər dənizi haqqında birgə bəyanat çox böyük əhəmiyyətə malikdir. Xəzər dənizinin statusu məsələsi, məncə, artıq 7-8 ildir müzakirə edilir. Lakin, təəssüf ki, çoxsaylı müzakirələr nəticələr verməmişdir. Mən bunu xüsusi vurğulamaq istəyirəm, məhz Vladimir Vladimiroviç Rusiya Federasiyasının prezidenti seçildikdən sonra məsələnin həlli baxımından bu istiqamətdə fəallaşma üçün şərait yaranmışdır. Əlbəttə, bu mənada biz bir çox məsələlərə, o cümlədən də beş Xəzəryanı ölkənin maraq göstərdiyi Xəzərin statusu kimi belə mühüm məsələyə Vladimir Vladimiroviçin məhz aydın və konkret surətdə realist münasibətini görürük. Bir çox illər ərzində müzakirə edilmiş, debatlar aparılmış, yerindən tərpənməmiş bir sıra məsələlər indi irəlilədilmişdir. Burada mən Vladimir Vladimiroviç Putinin böyük xidmətlərini bir daha və yenidən qeyd etmək istəyirəm.

Qazaxıstanla imzalanmış birinci sənəd artıq bu məsələni irəlilətmişdir. Hazırlanmış olan və bu gün imzalayacağımız sənəd də bu məsələni daha da irəlilədəcəkdir. Yəni biz Xəzərin statusunun müxtəlif beynəlxalq forumlarda və s. çoxsaylı müzakirələrin mövzusu olmaması üçün onun da həllinin reallığını görürük. Ən başlıcası budur ki, biz - Xəzəryanı ölkələr Xəzər dənizindən tam razılıqla, hər bir Xəzəryanı ölkənin xeyrinə istifadə edə bilək. Ona görə də mən bu məsələyə çox böyük əhəmiyyət verirəm, o mənada ki, bu bəyanat indiki halda nəinki ikitərəfli xarakter daşıyır, həm də bütün Xəzəryanı ölkələr üçün olduqca böyük əhəmiyyətə malikdir.

Mən aramızda olan söhbətdən son dərəcə məmnunam və bu səfərə görə bir daha təşəkkür etmək istəyirəm və düşünürəm ki, Vladimir Vladimiroviç söhbətimiz haqqında daha ətraflı danışacaqdır. Qonaq kimi sözü sizə verirəm.

Vladimir Putin: Heydər Əliyeviç, çox sağ olun. Dəvətə görə və çox səmimi qarşılanmağımıza görə mən ilk növbədə Sizə və azərbaycanlı dostlarımıza və həmkarlarımıza təşəkkür etmək istəyirəm. Biz elə ilk dəqiqələrdən nəinki danışıqlar aparılmasına, həm də konkret nəticələr əldə edilməsinə özümüzdə çox böyük həvəs və hazırlıq duyduq. Heydər Əliyeviç, biz Sizinlə son vaxtlar kifayət qədər müntəzəm və tez-tez görüşmüşük, fikir mübadiləsi aparmaq imkanına malik olmuşuq. Lakin bütün bunlar rəsmi danışıqların və səfərlərin çərçivəsindən kənar idi. Siz dediniz ki, bu gün Rusiya rəhbəri son on ildə Azərbaycana ilk dəfə səfərə gəlmişdir. Mən öz tərəfimdən, Rusiya rəhbərliyi adından Sizi Rusiya Federasiyasına rəsmi cavab səfərinə dəvət etmək istərdim.

Biz Azərbaycanla münasibətlərin inkişafına ciddi əhəmiyyət veririk. Mənə elə gəlir ki, bunun üçün bütün imkanlarımız var. Azərbaycan prezidenti ilə razıyam ki, biz Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdə, özü də fəaliyyətimizin bütün istiqamətlərində yeni səhifə aça bilərik. Biz müzakirələrə regionda münasibətlərin ümdə məsələlərindən biri olan Qarabağ probleminin nizama salınmasından başladıq.

Biz iqtisadi məsələlərə də kifayət qədər böyük diqqət yetirdik. Nəzərə çarpdırdıq ki, biz ötən il ərzində əmtəə dövriyyəsinin 25 faiz artdığını müşahidə edirik. Bu, yaxşı meyldir, amma qarşılıqlı iqtisadi əlaqələrin səviyyəsi hələlik hər iki dövlətin nə imkanlarına, nə də mənafelərinə hər halda uyğun deyildir. Odur ki, bu istiqamətin həlli barədə lazımınca düşünülməli olan məsələlər var.

Son vaxtlar siyasi dialoqumuz kifayət qədər intensiv və zənnimcə, həm də çox məzmunlu olmuşdur. Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının terrorizmə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə səmərəli qarşılıqlı fəaliyyətini ayrıca qeyd etmək istərdim. Hörmətli Heydər Əliyeviç, fürsətdən istifadə edərək, Dağıstanda yaşayış evlərinin partladılmasında əli olmuş şəxslərin Rusiyaya verilməsinə görə Sizə və bütün Azərbaycan rəhbərliyinə təşəkkür etmək istərdim. Terrorçular öz fəaliyyətini nə ilə pərdələsələr də, layiqli cəzalarını çəkməlidirlər. İndiki halda isə hətta dini şüarlarla pərdələnməyin də mənası yoxdur, çünki onların terror aktının qurbanları Dağıstan müsəlmanları olmuşlar. Mən Sizi əmin etmək istəyirəm, bunu Sizə təkbətək görüşdə də demişdim, təbii ki, heç bir qisas olmayacaqdır. Demokratik Rusiyada hər şey, o cümlədən də məhkəmə prosedurları demokratik yolla, açıq proses çərçivəsində gedir, həmin adamların hamısının vəkilləri var, lehinə və əleyhinə olan bütün dəlillər diqqətlə araşdırılacaq və yalnız bundan sonra hökm çıxarılacaqdır.

Demək istərdim ki, biz bilirik, cinayətkarlar Rusiyaya verildikdən sonra Sizə qarşı, şəxsən Sizə qarşı terror aktları törədiləcəyi barədə ünvanınıza hədə-qorxular gəlməyə başladı. Siz qorxmadınız, cəsarət və möhkəm xarakter göstərdiniz. Mən Azərbaycanın bütün rəhbərliyinə minnətdarlığımı bildirdim, lakin başa düşürük ki, bu qərar üçün məsuliyyət şəxsən Sizin üzərinizə düşür. Mən buna görə Sizə şəxsən təşəkkür etmək istəyirəm.

İndi də ticarət-iqtisadi əməkdaşlıq haqqında. İcazə verin, bir qədər ətraflı danışım. Biz hökumətlərarası Qarşılıqlı Ticarət-İqtisadi Əlaqələr Komissiyasının fəaliyyətinə böyük ümidlər bəsləyirik. Bu yaxınlarda biz Sizinlə telefonla danışarkən mən Azərbaycanın və Rusiyanın işgüzar dairələrinin nümayəndələrini bu komissiyaya daxil etmək təklifini irəli sürdüm. Biz öz təkliflərimizi verməyə hazırıq. Mən belə başa düşdüm ki, Siz bu təklifə ümumən müsbət münasibət göstərdiniz. Belə isə, biz bu barədə Sizin təkliflərinizi də gözləyirik. Mənə elə gəlir ki, işgüzar dairələrin nümayəndələri hesabına komissiyanın genişləndirilməsi onun işinə böyük dinamizm verərdi. Komissiyanın işini məhz bu istiqamətdə dəyişdirməyin zəruriliyi barədə Siz indicə ikitərəfli görüşümüzdə danışdınız.

Rusiya Azərbaycanla yanacaq-enerji kompleksi sahəsində ən sıx əməkdaşlığa tərəfdardır. Bu, həm neftin hasilatına, emalına, həm də nəql edilməsinə aiddir. Öz tərəfimizdən biz bütün lazımi şərait və imkanları, o cümlədən maddi-texniki imkanları yaradır və ümid edirik ki, bu sahədə işimiz uzun müddətli perspektiv üçün nəzərdə tutulacaqdır. Ümidvarıq ki, azərbaycanlı həmkarlarımız da bu baxımdan məhz belə mövqe tutacaqlar. Bu, ilk növbədə, neftin Novorossiyskədək marşrutla nəqlinin həcminə aiddir.

İqtisadi əməkdaşlıq sahəsində digər perspektivli problemlər də var, məsələn, söhbət Azərbaycanın sənaye obyektlərinin - metallurgiya, energetika və aqrar sənaye kompleksinin modernləşdirilməsində və yenidən qurulmasında Rusiya müəssisələri və şirkətlərinin iştirakından gedir. Biz elektroenergetikada əməkdaşlığı işləyib hazırlaya, Azərbaycanın və Rusiyanın elektrik enerjisi sistemlərinin paralel işini təşkil edə bilərik. Əvvəllər, hələ sovet dövründə əlaqələr pis deyildi, istər əvvəlki səviyyənin bərpasında, istərsə də elektroenergetika sahəsində Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafında ümumən və bütövlükdə perspektivlər var.

Rusiya Azərbaycanın kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarıdır. Bununla yanaşı, Azərbaycan Rusiyadan bir sıra mühüm ərzaq məhsulları idxal edir. Düşünürəm ki, Rusiyaya nübar meyvə və faraş tərəvəz ixracı, Rusiyanın ərzaq mallarının Azərbaycana göndərilməsi, əvvəllər olduğu kimi, yenə də qarşılıqlı və faydalı əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilə bilərdi.

Bakı metropoliteninin yenidən qurulmasında, qatarların və avadanlığın bir hissəsinin dəyişdirilməsində Rusiya müəssisələrinin iştirakını biz iqtisadi baxımdan çox perspektivli hesab edirik. Zənnimcə, maliyyə məsələlərinə dair qarşılıqlı məqbul qərarlar tapmaq mümkündür. Təbii ki, belə layihələrdə bu, həmişə birinci dərəcəli problem olur. Artıq indinin özündə mütəxəssislər deyirlər ki, əgər biz əməli işlərə başlasaq, onda bu istiqamətdə müəyyən qərarlar tapa, onların reallaşdırılması üzərində düşünə bilərik.

Bizim müəssisələr gəmiqayırma sahəsində əməkdaşlıq proqramlarının həyata keçirilməsinə, Azərbaycanda quşçuluq müəssisələrinin bərpasına, əczaçılıq sənayesinin və yüngül sənayenin inkişafına, kənd təsərrüfatı məhsullarının emalı, elektrotexnika cihazlarının istehsalı üzrə müştərək müəssisələrin təşkilinə maraq göstərirlər.

Rusiya biznesi Azərbaycanın alüminium sənayesi müəssisələrinin bərpasında və modernləşdirilməsində iştirak etməyə hazırdır. Bilirəm ki, bu sahədə artıq bəzi qərarlar var. Lakin biz ümidimizi itirmirik ki, dialoqu davam etdirmək mümkün olacaqdır.

Son illərdə, demək olar, əməkdaşlıq etmədiyimiz bir sahədə də müsbət meyllər əmələ gəlmişdir. Mən hərbi əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tuturam. Biz Rusiya Federasiyasının müdafiə naziri marşal İqor Dmitriyeviç Sergeyevin Azərbaycana səfərini və bu səfər zamanı imzalanmış sənədləri müsbət qiymətləndiririk. Biz Azərbaycan-Rusiya sərhəd əməkdaşlığı məsələlərinin necə həll olunduğunu ümumən müsbət qiymətləndiririk. Ümidvarıq ki, Azərbaycan tərəfi sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında sazişi yaxın vaxtlarda ratifikasiya edəcəkdir. Sizinlə bir az əvvəl razılığa gəldiyimiz kimi, dövlət sərhədinin delimitasiyası haqqında danışıqları davam etdirmək vacib olacaqdır.

Zənnimcə, Rusiya Federasiyası regionlarının və Azərbaycanın əməkdaşlığı qarşılıqlı fəaliyyətin mühüm sahəsidir. Mənə elə gəlir ki, həmin sahədə əməkdaşlığı nə qədər çox genişləndirsək, bu əməkdaşlıq daha konkret, daha səmərəli olacaq və əhalinin tələblərinə daha yaxşı cavab verəcəkdir. Çünki regional əməkdaşlıq həmişə ilk növbədə hər iki ölkə əhalisinin tələbatını ödəyir.

Biz Rusiya və Azərbaycanın sərhəd rayonları arasında, habelə su ehtiyatlarından səmərəli istifadə olunması və onların mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişin bağlanmağa hazırlamasını sürətləndirməyi məqsədəuyğun hesab edirik. Məncə, bu barədə düşünməyə dəyər. Bu, çoxsahəli xarakterə malik saziş ola bilər. Xoş məram olan təqdirdə isə, - mən bilən, bu, bütün tərəflərdə var, - müsbət nəticə əldə etmək olar.

Biz mədəniyyət sahəsində qarşılıqlı əlaqələrə böyük əhəmiyyət veririk. Heydər Əliyeviç, mən burada şəxsən Sizə bir daha müraciət etmək və Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına, rus dilinin dəstəklənməsinə və inkişafına diqqət göstərdiyinizə görə təşəkkürümü bildirmək istərdim. Mənə məlumdur ki, hələ sovet dövründə Bakıda olan məktəblərin əslində hamısı fəaliyyət göstərir və rus dilinin inkişaf bazası qorunub saxlanılır. Bu, Azərbaycan rəhbərliyinin münasibəti bir daha göstərir ki, əməkdaşlığımız həqiqətən gələcəyə istiqamətlənmişdir.

Heydər Əliyev: Təkcə məktəblər deyil, ali məktəblərin fakültələri də fəaliyyət göstərir.

Vladimir Putin: Yəni rus dilinin tətbiq sahəsi məhdudlaşmır. Bu, həqiqətən onu göstərir ki, biz münasibətlərin inkişafı üçün yaxşı bazaya malikik. Ümid edirik ki, mədəniyyət və incəsənət bundan sonra da münasibətlərimizin birləşdirici vəsiləsi olacaqdır.

Rusiya və Azərbaycan Qafqaz ölkələridir. Ona görə biz Qafqazın sülh, mehriban qonşuluq və tərəqqi regionuna çevrilməsinə xüsusi diqqət yetiririk. Qafqaz dördlüyü mexanizminin işə salınmasında Azərbaycan tərəfi ilə qarşılıqlı fəaliyyəti müsbət qiymətləndiririk. Biz, Qafqaz dövlətlərinin rəhbərləri dördlükdə bir neçə dəfə yığışıb görüşmüşük. Mənə elə gəlir ki, bu cür praktikanı davam etdirmək olardı, hər halda, regionda yaranmaqda olan vəziyyət barədə məsləhətləşmələr, məsləhətləşmənin özü, görüş artıq müsbət səmtə istiqamətlənmişdir.

Azərbaycanla yeni, konstruktiv əlaqələrə, o cümlədən bütövlükdə Qafqazda vəziyyətin dördlük çərçivəsində açıq müzakirəsi vasitəsilə əlaqələrə ümid bəsləyirik. Əminik ki, bu forum regionda təhlükəsizliyin möhkəmlənməsinə və əməkdaşlığın inkişafına münasibətlərin razılaşdırılması mərkəzi olmalıdır və mərkəz ola bilər.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nə dərəcədə ağrılı olduğunu biz tamamilə başa düşürük. Biz bu problem ətrafında vəziyyətin inkişafını son dərəcə diqqətlə izləyirik, onun nizama salınmasında real tərəqqinin olmamasından ciddi narahatıq. 10 ilə yaxındır normal həyat çərçivəsindən bir növ kənarda qalan çoxsaylı qaçqınların taleyinə biganə olmaq mümkün deyildir. Bununla əlaqədar bəyan etmək istərdim ki, Qarabağ düyününün tezliklə açılması yollarını tapmaq məqsədi ilə Rusiya öz səylərini həm müstəqil surətdə, həm də Minsk qrupunda həmsədrlik çərçivəsində davam etdirəcəkdir. Hər şeydən əlavə, nə müharibə, nə də sülh kimi səciyyələndirilə biləcək vəziyyətin uzun sürməsi Azərbaycanla da, Ermənistanla da, Cənubi Qafqazın digər ölkələri ilə də münasibətlərimizin inkişafına əngəl törədir, bütövlükdə regional əməkdaşlığın qaydaya salınmasına real maneələr yaradır. Hesab edirəm ki, sülhə doğru yolda bizim hamımızı hələ xeyli çətinliklər gözləyir. Buna baxmayaraq, qarşılıqlı surətdə məqbul razılaşmaya nail olmaq imkanı, zənnimcə, qalmaqdadır. Hörmətli Heydər Əliyeviç, bu baxımdan biz Ermənistan prezidenti Robert Koçaryanla Sizin birlikdə apardığınız birbaşa dialoqa böyük ümidlər bəsləyirik. Biz Sizin müdrikliyinizə də, Ermənistan tərəfinin konstruktiv mövqeyinə də inanırıq. Sizə deməliyəm ki, hər iki tərəfin razılığı olarsa, Rusiya həm vasitəçi kimi, həm də əldə edilə biləcək razılaşmaların təminatçısı kimi çıxış edə bilər və çıxış edəcəkdir. Əlbəttə ki, bu mürəkkəb münaqişəyə cəlb olunmuş bütün tərəflərin mənafelərini gözləmək şərti ilə.

Biz əminik ki, əlbəttə, beynəlxalq birliyin köməyi ilə bu problemi başqa heç kim yox, ona cəlb olunmuş tərəflərin məhz rəhbərləri həll edə bilərlər. Yalnız sonra razılaşmaları nəzərə almaqla və onların olması şərti ilə vasitəçilər işə qoşula və lazımi kömək göstərə bilərlər. Təkrar edirəm, Sizinlə danışdığımız kimi, - gizlətmirəm, Heydər Əliyeviçlə biz bu problem üzərində kifayət qədər ətraflı dayandıq, - artıq indinin özündə bu birgə işə fəal qoşulmağa hazırıq. Bizim məqsədimiz qaliblər və məğlublar olmadan sülh əldə edilməsinə kömək göstərməkdir. Düşünürəm ki, bu cür formul tamamilə məqbuldur və ona nail olmağa çalışmaq lazımdır.

Heydər Əliyeviçin dediyi kimi, biz Xəzərin hüquqi statusu problemləri barəsində Rusiyanın və Azərbaycanın mövqelərinin yaxşılaşdırılmasına böyük diqqət yetirdik. Həqiqətən, bu problem artıq kifayət qədər çoxdan müzakirə olunur və onun çoxtərəfli planda həll ediləcəyini gözləmək, görünür, hələlik məqsədəuyğun deyildir. Çoxtərəfli səyləri davam etdirmək, əlbəttə, məsləhətləşmələri və görüşləri davam etdirmək lazımdır. Əgər bu gün biz ikitərəfli səviyyədə nə barədəsə razılığa gəlmək imkanına malikiksə, bu razılaşmalar hər iki tərəf üçün məqbuldursa, onlara nail olmaq gərəkdir.

Hər şeydən əvvəl öz milli mənafelərinin qorunmasında ifadəsini tapmış konstruktiv mövqeyinə görə biz Azərbaycan rəhbərliyinə çox minnətdarıq. Lakin bu fikirdəyik ki, əldə etdiyimiz razılaşmalar məqbuldur. Rusiyanın da mənafelərinə tamamilə uyğundur. Etirazınız yoxdursa, mən belə başa düşdüm ki, Siz razısınız, zənnimcə, Türkmənistan rəhbərinin təşəbbüsünü dəstəkləmək və yaxın vaxtlarda, fevralın axırları - martın əvvəllərində Xəzəryanı dövlətlərin Türkmənistanda görüşünü keçirmək olar.

Heydər Əliyev: Bəli, əlbəttə.

Vladimir Putin: Görünür, həmkarlarımızla məsləhətləşmələr keçirmək, hamı üçün əlverişli vaxt seçmək və Türkmənistan rəhbərini dəstəkləmək lazımdır. Heydər Əliyeviç, söyləmək istədiklərim təxminən bu qədərdir və əgər bizim həmkarlarımızın, yaxud Sizin həmkarlarınızın arzusu varsa, onlara bir neçə söz demək imkanı verə bilərik.

Heydər Əliyev: Vladimir Vladimiroviç, ilk öncə, Rusiyaya rəsmi səfərə gəlmək dəvətinə görə sizə təşəkkür etmək istəyirəm. Mən bunu yüksək qiymətləndirirəm və düşünürəm ki, son vaxtlar Rusiya Federasiyası ilə Azərbaycan arasında artıq təşəkkül tapmaqda olan münasibətlər də, şəxsi münasibətlərimiz, təmaslarımız da, Rusiyanın və Azərbaycanın müxtəlif nazirlikləri və baş idarələri rəhbərlərinin çoxsaylı işgüzar əlaqələri də dəvətinizi həyata keçirməyə zəmin yaradır və hesab edirəm ki, bu cür görüşlər Rusiya-Azərbaycan münasibətlərinin inkişafını intensivləşdirəcəkdir.

Azərbaycanda bu yaxınlarda baş vermiş zəlzələyə həssas, diqqətcil münasibətinizə görə və artıq Rusiyadan göndərilmiş humanitar yardıma görə sizə təşəkkür etmək istəyirəm. Bu, zəlzələdən zərər çəkmiş adamlar üçün də böyük əhəmiyyətə malikdir, lakin, şübhəsiz, ölkələrimiz və xalqlarımız arasındakı dostluq münasibətlərini də səciyyələndirir. Rusiya-Azərbaycan münasibətləri haqqında söylədiyiniz bütün fikirlərlə mən tamamilə razıyam. Biz bu barədə təkbətək görüş zamanı danışdıq və mən burada şərh etdiklərinizi tamamilə başa düşürəm. Hesab edirəm ki, bu, həm Rusiya tərəfinin, həm də Azərbaycan tərəfinin mövqeyidir.

Düşünürəm ki, müvafiq baş idarələrimiz, nazirliklərimiz artıq əlavə göstərişlər gözləmədən, haqqında razılığa gəldiyimiz bütün işləri, öz çıxışınızda şərh etdiyiniz məsələləri həyata keçirməlidirlər. Bütövlükdə Qafqaz barəsində səylərimizin əhəmiyyətini bir daha nəzərə çarpdırmaq istəyirəm. Qafqaza birbaşa aidiyyatı olan dörd ölkənin - Rusiyanın, Ermənistanın, Gürcüstanın, Azərbaycanın prezidentlərinin görüşlərinin sizin tərəfinizdən bünövrəsi qoyulmuş praktikası bu baxımdan çox böyük əhəmiyyətə malikdir. Təbii olaraq, bu səylərin daha konkret nəticələri verməsi üçün münaqişələri - bizim üçün ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, eləcə də Qafqazın digər zonalarındakı münaqişələri həll edə bilməyimiz çox vacibdir.

Təəssüf, Qafqaz elə bir region olmuşdur ki, burada böyük və kiçik münaqişələr daha çoxdur. Buna görə də Qafqazın müqəddəratı, Qafqazın gələcəyi, təbii olaraq, bizim, yəni Qafqaz ölkələri rəhbərlərinin üzərinə xüsusi məsuliyyət qoyur. Düşünürəm ki, biz bu sahədə səylərimizi davam etdirməliyik.

İqtisadi münasibətlərimizin inkişaf etdirilməsi haqqında təklifləriniz bizim üçün böyük əhəmiyyətə malikdir. Bəli, əmtəə dövriyyəsi, sizin dediyiniz kimi, 25 faiz artmışdır. Amma ümumi səviyyə Rusiya və Azərbaycan üçün, şübhəsiz, kifayət deyildir. Sadəcə, vurğulamaq istəyirəm ki, bu əmtəə dövriyyəsində Rusiyanın ixracı üstün yer tutur, Azərbaycanın ixracı isə çox cüzidir. Bu nəyi göstərir? Əvvəla, onu göstərir ki, Rusiya bu işi hər halda daha yaxşı aparır. Görünür, biz bu imkanlardan kifayət qədər istifadə etmirik. Lakin bununla yanaşı, siz düz dediniz ki, çox istiqamətlər var, əgər biz onlardan lazımınca istifadə etsək, əmtəə dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına nail ola bilərik. Bu baxımdan sizin konkret təklifləriniz nəzərdən keçiriləcəkdir. Məsələn, mən hesab edirəm, onlar Azərbaycan üçün, eləcə də, təbii ki, Rusiya Federasiyası üçün də faydalı olacaqdır.

Regionların əməkdaşlığı barədə söylədiyiniz fikrin də müstəsna əhəmiyyəti var. Sizə tarixi xatırlatmaq istəyirəm, Rusiya Federasiyası regionlarının və Azərbaycanın iqtisadi əməkdaşlıq arzusu bir neçə il əvvəl yaranmışdır. Lakin deməliyəm ki, federasiyanın Azərbaycana yaxın olan bəzi subyektləri belə əməkdaşlığa təşəbbüs göstərdikdə və biz bunu dəstəklədikdə, bu, Rusiyanın mərkəzi hökuməti tərəfindən ağrılı və hətta etirazla qarşılandı.

Vladimir Putin: Heydər Əliyeviç, nə etmək olar, bu xəstəliyə tutulublar...

Heydər Əliyev: Mən bunu ona görə nəzərə çarpdırıram ki, onu artıq indi siz təklif edirsiniz. Qujvin buradadır, yəqin xatırlayır, biz onu dəvət etdikdə, o, buraya gəldi. Biz saziş hazırladıq və birdən Moskvadan göstəriş gəldi, soruşdular ki, niyə belə oldu, axı bu barədə razılıq yoxdur, filan şey barədə razılıq yoxdur və sair. Buna baxmayaraq, biz əməkdaşlığı həyata keçiririk. Dağıstanla da belədir, Rusiya Federasiyasının digər subyektləri ilə də. Bu məsələdə sizin rəyiniz bizim rəyimizlə tamamilə uyğun gəlir, çünki Rusiya çox böyük ölkədir, federasiyanın subyektlərinin, federasiyanın hər bir subyektinin, hətta bizə yaxın olan subyektinin iqtisadi potensialı bəzən Azərbaycanın iqtisadi potensialına bərabərdir.

Vladimir Putin: Heydər Əliyeviç, sözünüzü kəsdiyimə görə üzr istəyirəm, amma bir baxın, qarşılıqlı iqtisadi əlaqələrimizin səviyyəsi kifayət qədər deyildir. Qarşılıqlı ticarətin həcmi təxminən üç yüz milyon dollardır. Kuba ilə qarşılıqlı ticarətimizin həcmi isə bir milyard dollardan artıqdır, təqribən bir milyard 200 milyon dollardır. Kuba hara, Rusiya hara, lakin qarşılıqlı ticarətimizin həcmi bir milyard dolları keçmişdir.

Belarusla əmtəə dövriyyəsi 9,4 milyard dollardır, yaxın qonşumuz, ənənəvi əlaqələrimiz olan Azərbaycanla isə cəmi 300 milyon dollardır. Bu, hətta qeyri-normaldır...

Heydər Əliyev: Bu, qeyri-normaldır, ancaq bununla yanaşı, demək istəyirəm ki, Rusiya xarici ticarət dövriyyəmizdə birinci yeri tutur. Digər ölkələr buna qısqanclıqla yanaşırlar ki, niyə Rusiya birinci yerdədir. Rusiyanın birinci yerdə olması qanunauyğundur. Təkrar edirəm, Rusiya çox böyük ölkədir, böyük iqtisadi potensiala malikdir. Lakin təəssüf ki, bütün bunlar hələlik ticarət xətti ilə gedir. Biz istərdik ki, Azərbaycana sərmayələr qoyulsun. Məsələn, siz neft sənayesinin inkişaf strategiyası barədə siyasətimizi bilirsiniz. Biz Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının birgə işlənilməsi üçün bir çox xarici firmaları cəlb etmişik. Demək istəyirəm ki, Rusiyanın "Lukoyl" şirkətinin xüsusi çəkisi Amerika Birləşmiş Ştatlarından və Böyük Britaniyadan sonra üçüncü yeri tutur.

Vladimir Putin: Halbuki Vahid Ələkbərov kimi rusiyalı sahibkar ikinci, birinci yeri tuta bilərdi.

Heydər Əliyev: İstəyirəm ki, bunu bilsinlər, açığını deyək, bəzən Rusiyada, mətbuatda, başqa yerlərdə deyirlər ki, nə üçün Azərbaycan ancaq Qərb ölkələrinə istiqamət götürür, nə üçün ancaq Qərb ölkələri sərmayə qoyurlar? Biz nə qədər demişik - kim sərmayə qoya bilirsə, qoy gəlsin. Vahid Ələkbərov, "Lukoyl" bunu lap əvvəldən edə bildi. Axı, 1994-cü ildə imzalanmış birinci müqaviləmizdə 11 şirkət iştirak edir, iştirak payının 10 faizi "Lukoyl"a məxsusdur. Bu müqavilədən "Lukoyl" indi mənfəət götürür. Ondan sonra daha dörd müqavilədə iştirak edir. Yeri gəlmişkən, böyük qaz ehtiyatlarının aşkara çıxarıldığı "Şahdəniz" yatağının işlənilməsində də iştirak payının 10 faizi "Lukoyl"a məxsusdur. Lakin açığını deyəcəyəm, qoy heç kəs düşünməsin ki, Ələkbərovun Azərbaycana aidiyyatı var, biz bütün şirkətləri dəvət edirik. Bir mərkəzi neft şirkəti, - onun kimə məxsus olduğunu bilmirəm, hər halda ona Şafrannik başçılıq edirdi, - çox zəngin yataqlardan birinə maraq göstərirdi. Onlar Şotlandiyanın neft şirkəti ilə birləşərək, müqavilə imzaladılar. Sonra isə, bir il əvvəl onlar bütün bunları Hollandiyanın "Şell" şirkətinə satdılar. Biz ki, təqsirkar deyilik. İndi, Sizin səyləriniz sayəsində Rusiya iqtisadiyyatının yüksəlişdə olduğu vaxtda, Azərbaycana sərmayə qoymaq üçün imkan var. Buna görə də çalışacağıq ki, əmtəə dövriyyəsi artsın. Lakin bununla yanaşı, əlbəttə, arzu edərdik ki, böyük imkanlara malik olan Rusiya Azərbaycana da böyük sərmayələr qoya bilsin.

Bir daha demək istəyirəm ki, söylədiklərinizin hamısı bizim ümumi rəyimizdir. Mən bunu tamamilə dəstəkləyirəm və razılaşmalarımızın, imzalayacağımız Bakı bəyannaməsində şərh olunanların həyata keçirilməsi üçün hər şey edəcəyik. Bir daha demək istəyirəm ki, biz Rusiya ilə bütün sahələrdə qarşılıqlı münasibətlərin inkişafına son dərəcə böyük əhəmiyyət veririk. İrəliləmək üçün hər bir sahədə imkanlar var.