Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri Rudolf Perina ilə söhbətindən - Prezident sarayı, 25 oktyabr 2001-ci il


Heydər Əliyev: Hörmətli cənab Perina!

Hörmətli səfir!

Siz Minsk qrupunun Amerika Birləşmiş Ştatları tərəfindən yeni nümayəndəsi kimi Azərbaycana xoş gəlmisiniz. Mən məmnunam ki, siz Azərbaycana gəlmisiniz. Bilirəm ki, siz Ermənistanda da olmusunuz. Çünki işə başlamazdan əvvəl vəziyyətlə yenidən tanış olmaq çox yaxşı haldır.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsələsinin artıq böyük tarixi var. Bu tarix ərzində həmsədrlərin nümayəndələri bir neçə dəfə dəyişilibdir. Dəyişilməyən təkcə Azərbaycanda olan adamdır. O da mənəm. Ona görə mən indi bilmirəm, bu sahədə Amerika Birləşmiş Ştatlarının neçənci nümayəndəsi ilə görüşürəm. Hər bir yeni nümayəndə təyin olunan zaman məndə ümidlər yaranır ki, yeni təyinat bizim bu işimizi daha da irəliyə aparacaqdır. Doğrudur, bu ümidlər uzun müddətdir yaranıb, amma hələ ki, məndə itməyibdir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının Minsk qrupunun həmsədri kimi siz bu məsələ ilə daha da ciddi məşğul olacaqsınız.

Mən bilirəm ki, bu, təkcə sizdən asılı deyildir. Ümumiyyətlə, dövlətin bu məsələyə olan münasibətindən asılıdır. Mən Amerika Birləşmiş Ştatlarının Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində apardığı siyasətə və verdiyi vədlərə inanıram. Amma onların reallaşdırılması hələ ki, mümkün olmayıbdır. Arzu edərdim ki, sizin bu məsələ ilə məşğul olduğunuz zamanda biz onu tamamilə həll edə bilək. Çünki axır zamanlarda müəyyən tərəqqi əldə etmişik. O da bir qədər sabit deyil, bəzən artır, bəzən də aşağıya düşür. Amma mən istərdim ki, aşağı düşməsin, bundan sonra artan istiqamətdə getsin. Ona görə mən sizinlə səmimi əməkdaşlıq etməyə hazıram. Arzu edirəm ki, siz bu məsələləri həm özünüz daha da dərindən biləsiniz, həm də öz hökumətinizə çatdırasınız. Amma ən əsas məsələ ondan ibarətdir ki, biz son nəticəyə çataq. Bir daha xoş gəlmisiniz.

Rudolf Perina: Cənab prezident, çox sağ olun. Bu gün Sizinlə görüşmək imkanı yaratdığınıza görə minnətdaram.

Cənab prezident, mən bu görüşə heç bir yeni təkliflə gəlməmişəm. Eyni zamanda, heç bir danışıqlar aparmaq və detalları müzakirə etmək fikrində də deyiləm. Sizin özünüzün də doğru qeyd etdiyiniz kimi, bu, mənim regiona tanışlıq səfərimdir. Bununla belə, bu həftənin sonunda üç həmsədr Lissabonda görüşəcəyik. Biz orada müzakirələr apardıqdan sonra, gözlənildiyinə görə, noyabrın əvvəlində buraya, eləcə də regionun münaqişəyə qatılmış digər yerlərinə gələcəyik. Lissabondakı məsləhətləşmələrdən əvvəl və buradakı görüşümüzdə istərdim ki, Sizinlə söhbət edim və danışıqlar prosesi haqqında fikrinizi öyrənim. Sizin gələcəyə baxışınız haqqında məlumatlarım, eyni zamanda, yaranmış vəziyyətə verdiyiniz qiymətlə tanış olum.

Məlum səbəblərə görə Sizin fikriniz bizim üçün olduqca vacibdir və Minsk qrupunun gələcəkdə işini necə qurması bundan çox asılı ola bilər. Lakin müzakirələri bununla bitirmək istəməzdim. İstərdim ki, müzakirələr zamanı biz sentyabrın 11-dəki faciəli hadisələrdən sonra dünyada yaranmış vəziyyəti də müzakirə edək. Bu faciəli hadisələr baş verdikdən sonra mən Vaşinqtondan bu regiona gəlmiş ilk nümayəndəyəm. Sizə bildirmək istəyirəm ki, bu hadisənin Birləşmiş Ştatlarda böyük təsiri olmuşdur. Eləcə də bu hadisələr bütün dünyaya böyük təsir etmişdir və dünya bir qədər dəyişmişdir.

Mən həm də inanıram ki, həmin hadisələrdən sonra yaranmış yeni dövr bu regionda da öz təsirini göstərmişdir. İstərdim ki, həmin hadisələrin Dağlıq Qarabağ hadisələrinə necə təsir göstərəcəyini müzakirə edək.

Amerika Birləşmiş Ştatlarında biz bu son on ili "soyuq müharibə"dən sonrakı dövr adlandırırıq. Biz bu müddəti yaşaya-yaşaya, eyni zamanda gələcəkdə nəyin baş verəcəyini bir növ gözləmirdik. Sentyabrın 11-də baş vermiş hadisələr dünyadakı vəziyyəti tez, ani və faciəli şəkildə dəyişdi. Hələ ki, bizə həmin hadisələrin təsir qüvvəsinin necə olması bir o qədər də məlum deyildir. Lakin bir şey məlumdur ki, o hadisədən sonra hazırkı dünyada vacib bir dövr gələcəkdir. Bu da terrorizmə qarşı müharibənin hökmranlığı dövrü olacaqdır. Elə bilirəm ki, bu dövr soyuq müharibə dövrü qədər, bəlkə ondan da gərgin olacaqdır.

Yaranmış yeni dövrdə yeni maraqlar, yeni prioritetlər meydana gələcəkdir və ölkələr arasında artıq yeni münasibətlər qurulmağa başlayacaqdır. Bu hadisələrin dünyadakı hadisələrə, maraqlara, münasibətlərə həm müsbət, həm də mənfi təsiri olacaqdır. Mən bir qədər sonra bunu ətraflı izah edəcəyəm.

Düşünürəm ki, yeni prioritetlər yaranan zaman münaqişələrin həll olunması vacib prioritet olacaq, ön plana keçəcəkdir. Xüsusilə də regionda qeyri-sabitlik yaradan və bizi əsas problemlərdən uzaqlaşdıran Dağlıq Qarabağ münaqişəsi kimi bir problemin həllinə ehtiyac hiss olunacaqdır. Birləşmiş Ştatlar dünyanın bu hissəsinə daim böyük maraq göstərmiş və Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına daim can atmışdır. Lakin sentyabrın 11-də baş vermiş hadisələrdən sonra Birləşmiş Ştatların bu əzmi, bu istəyi daha da artacaqdır. Bundan sonra bizim daha sıx əməkdaşlığımıza ehtiyac duyulacaqdır. Çünki biz istəyirik ki, bu regionu sabit və bizimlə sıx əməkdaşlıq edən görək.

Deyə bilərəm ki, həmin hadisələrin davamı kimi bir sıra hadisələr baş verəcəkdir. Biz onlardan birini bu günlərdə müşahidə etməkdəyik. "Azadlığa dəstək aktı"na 907-ci düzəliş hazırda Amerika Birləşmiş Ştatlarının Konqresində müzakirə olunur. Gözlədiyimizə görə, bu qanun layihəsi keçəcək və prezidentə imkan veriləcəkdir ki, ölkələrimiz arasında maneə olan həmin düzəliş aradan götürülsün. Elə bilirəm ki, haqqında danışdığım bütün bu dəyişikliklər - mən bir qədər sonra bunlar haqqında daha geniş danışacağam - bizim üçün imkan açır ki, münaqişələrin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həllini tapmış olaq.

Cənab prezident, doğrusu, əgər biz bu problemi həll etməsək, bu, başladığımız yeni dövrdə köhnə dövrdən qalmış bir problem olaraq qalacaqdır və biz onu həll etməməklə bu regionda yaşayan bütün tərəflərə zərbə vurmuş olacağıq. Bütün bu dediklərimi tamamlayaraq bildirmək istəyirəm ki, hazırda problemin həll olunması üçün bizə geniş imkan açılıbdır. Bu problemin aradan qaldırılmasında Azərbaycanın rolu və şübhəsiz ki, Sizin şəxsi rolunuz həddindən çox şeyi həll edə bilər.

Siz sözünüzün əvvəlində dediniz ki, bu məsələ ilə əlaqədar son dövrdə müəyyən qədər tərəqqi əldə olunmuşdur. Siz bunu çox düzgün hesab etdiniz. Hazırda bizim əsas məqsədimiz ondan ibarətdir ki, tərəqqini həllə çevirək. Gəlişimin əsas məqsədi də ondan ibarətdir ki, etdiyimiz tərəqqi ilə bağlı Sizin fikirlərinizi eşidək və bu tərəqqini necə sürətləndirə biləcəyimiz barədə bizə çox söz deyəsiniz. Çox sağ olun.

Heydər Əliyev: Təşəkkür edirəm. Siz dediniz ki, bu məsələlər barəsində sonra söhbət edəcəyik. Mən də bu fikirlə razıyam. Siz çox geniş danışdınız ki, sentyabrın 11-dəki hadisələr, yəni Amerika Birləşmiş Ştatlarına qarşı edilən çox dəhşətli terror dünyada, demək olar ki, vəziyyəti tamamilə dəyişdiribdir. Mən bu fikirlə razıyam. O fikirlə də razıyam ki, "soyuq müharibə" qurtarandan sonra bütün dövlətlər, xalqlar hesab edirdilər ki, artıq ona tamamilə son qoyulubdur. Ancaq indi biz görürük ki, belə olmadı. Biz də istəyirik ki, "soyuq müharibə" qurtarandan sonra dünyanın hər yerində sabitlik olsun, sülh olsun və "soyuq müharibə"nin bitməsi təkcə Şərqlə Qərbin bir-birinə qarşı durmasının aradan götürülməsindən ibarət olmasın.

İndi biz o qədər iddia edə bilmərik ki, hər şeyi qabaqcadan görə bilərdik. Təbiidir ki, bunu dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları daha da doğru-düzgün müəyyən etməli idilər. Ancaq təəssüflər olsun ki, dünyada hamıda belə bir fikir yarandı ki, artıq "soyuq müharibə"yə son qoyulubdur. Qərblə Şərq arasında, yəni NATO ilə Varşava Paktı arasındakı ziddiyyətlər götürülübdür, Varşava Paktı dağılıbdır, beləliklə də "soyuq müharibə"yə son qoyulubdur. Həqiqətən, bu, İkinci dünya müharibəsindən sonra ən böyük tarixi bir hadisə idi.

Amma indi dünyada proseslərin müxtəlif istiqamətdə inkişaf etməsi və çox təhlükəli halların meydana çıxması göstərir ki, gərək təkcə onunla qane olunmayaydı. Mən bununla onu demək istəyirəm ki, böyük "soyuq müharibə"ni sona çatdırandan sonra, dünyanın aparıcı dövlətləri gərək ayrı-ayrı bölgələrdə olan münaqişələrə, lokal münaqişələrə də diqqət yetirəydi, onların aradan götürülməsini təmin edəydi. Bunlardan biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əgər biz dünyanın ayrı-ayrı bölgələrində olan münaqişələrin başlanğıc vaxtına nəzər salsaq, deyə bilərəm ki, Yaxın Şərqdə olan Fələstin-İsrail münaqişəsindən sonra ən uzun çəkən münaqişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

Keçmiş Sovetlər İttifaqının məkanını götürsək, bu, hələ Sovetlər İttifaqının mövcud olduğu vaxtdan, 1988-ci ildən başlanmış münaqişədir. Dörd il bu münaqişə Azərbaycan da, Ermənistan da Sovetlər İttifaqının tərkibində olduğu zaman gedibdir. Amma Sovet hökumətinin rəhbərliyi buna lazımi qiymət verə bilməyibdir və bu münaqişə müharibəyə çevrilibdir.

Sovetlər İttifaqı dağılandan, biz müstəqillik əldə edəndən sonra Ermənistan-Azərbaycan münaqişəsi ilə Birləşmiş Millətlər Təşkilatı məşğul olmuş, ATƏT məşğul olmuş, ATƏT-in yaratdığı Minsk qrupu məşğul olmuşdur. 1997-ci ildən Minsk qrupunun başında üç böyük dövlət - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa durur. Vaxtilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qarşısının alınmaması gürcü-abxaz münaqişəsini meydana çıxardı. Dnestryanı münaqişəni - siz orada olmusunuz - meydana çıxardı. Çeçenistan münaqişəsini meydana çıxardı. Gürcüstanın hələ Cənubi Osetiya ilə də münaqişəsi var. Görürsünüz, nə qədər münaqişələr meydana çıxıbdır. İndi də Mərkəzi Asiyada vəziyyət çox gərginləşibdir.

Mən bununla onu demək istəyirəm ki, dünyada tam rahatlıq əldə olunmamışdı və heç kəs də hesab etməməliydi ki, artıq əmin-amanlıq yaranıbdır. Lokal münaqişələrin həll olunmasına böyük dövlətlər, Birləşmiş Millətlər Təşkilatı, ATƏT lazımi qədər diqqət yetirməyibdir.

Bir də qeyd edirəm, mən sizinlə razıyam, 11 sentyabr hadisələri, ümumiyyətlə, dünyada vəziyyəti kəskin surətdə dəyişdirir. Çünki bu hadisələrin kökü terrorizmdir və geniş yayılmış beynəlxalq terrorizmdir. Terrorizmin meydana gəlməsinin səbəbi təcavüzkar separatizmdir. Təcavüzkar separatizm, demək olar ki, terrorizmin anasıdır. Ancaq təəssüf ki, vaxtilə bu köklərə lazımi qədər qiymət verilməyibdir. İndi bəziləri yenə də beynəlxalq terrorizmlə təcavüzkar separatizmi bir-birindən ayırmaq istəyirlər. Amma bunlar bir-biri ilə bağlı şeylərdir. Ona görə də indiki zamanda qüvvələr daha da cəmləşməlidir. Beynəlxalq terrorizmə qarşı ümumi mübarizə aparılmalıdır.

Amerika Birləşmiş Ştatlarına qarşı edilən terrorizm təbiidir ki, bütün bəşəriyyətə, yəni bütün millətlərə, azad cəmiyyətlərə edilən terrorizmdir. Burada qüvvələr birləşməlidir. Biz, Azərbaycan dövləti ilk gündən bu barədə öz mövqeyimizi açıq-aydın bildirmişik və mübarizəyə qoşulmuşuq. Bu mübarizədə Amerika Birləşmiş Ştatları ilə, onun müttəfiqləri ilə bir alyansda olduğumuzu bəyan etmişik. Bilirsiniz ki, biz bu barədə öz fəaliyyətimizi göstəririk.

Mən yenə də sizinlə razıyam ki, beynəlxalq terrorizm dünyada vəziyyəti gərginləşdirəcəkdir, vaxtilə "soyuq müharibə" bitəndən sonra müəyyən birliyə gəlmək istəyən ölkələri yenə də bir-birindən uzaqlaşdıracaqdır, maraqlar toqquşacaqdır. Ona görə bu sahədə çox iş görmək lazımdır.

Ancaq məni ən çox məmnun edən sizin fikirlərinizdir ki, məhz indi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini ikinci plana keçirmək olmaz, əksinə, bununla daha da ciddi məşğul olmaq lazımdır. Bunu həll etmək, bölgədə sabitlik yaratmaq lazımdır. Bu isə beynəlxalq terrorizmə qarşı, həmin o dairələrdə olan beynəlxalq terrorizmin əsas mərkəzinə qarşı aparılacaq işlər üçün çox əhəmiyyətlidir. Mən sizə açıq deyim, belə düşünürdülər ki, indi dünyada belə dəhşətli terror hadisəsi baş verdiyinə görə və bununla çox genişmiqyaslı mübarizə aparıldığı bir zaman dünyanın böyük dövlətləri, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında müəyyən qədər zəifləyəcəkdir. Mən, təbiidir, belə düşünmürəm və belə də düşünməmişəm. İndiki söhbətdən aydın olur ki, biz eyni fikirdəyik.

Mən dedim ki, son illər bu sahədə müəyyən tərəqqi əldə olunmuşdu. Ancaq biz onları nəinki irəliyə apara bilmədik, bəzi hallarda onlar geri getdi. Güman edirəm ki, indi hamımız bir cəbhədə olduğumuza görə, gərək bü məsələnin həll olunması üçün həmsədrlər tərəfindən daha da lazımi tədbirlər görülsün. Münaqişədə olan hər iki tərəf də gərək anlasınlar ki, burada bir tərəfin o biri tərəfə diktəsi qəbul oluna bilməz. Bu məsələnin həll olunmasının kökündə, təbiidir ki, beynəlxalq hüquq normaları durmalıdır. Güman edirəm, indi sizinlə bu barədə danışığımızı davam etdirərik və daha da geniş fikir mübadiləsi apararıq.