Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin «Sivilizasiyaların dialoqu» Beynəlxalq Andrey Pervozvannı mükafatının təqdim edilməsi mərasimində nitqi - Sankt-Peterburq, 9 iyun 2002-ci il


Heydər Əliyev: Hörmətli sədr!

Hörmətli xanımlar və cənablar!

Sankt-Peterburq şəhərinin hörmətli qubernatoru!

Dostlar!

Fondun göstərdiyi diqqət məni təsirləndirdi. Əsas nizamnaməsində «Sivilizasiyaların dialoqu» devizi olan həmin fondun mükafatını almaq böyük şərəfdir. Mən bunu Rusiya ilə Azərbaycan arasında, rus və Azərbaycan xalqları arasında münasibətləri möhkəmlətmək və inkişaf etdirmək üçün daha bir imkan kimi qiymətləndirirəm.

Mən buraya, Sankt-Peterburqa Rusiya Federasiyasının Prezidenti hörmətli Vladimir Vladimiroviç Putinin dəvəti ilə gəlmişəm. Bu gün biz onunla birlikdə Sankt-Peterburqda, bu gözəl şəhərin ən yaraşıqlı guşələrindən birində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini açdıq.

Sankt-Peterburqun qubernatoru Vladimir Anatolyeviç Yakovlevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin açılış mərasimindəki çıxışlarını mən çox mühüm hadisə hesab edir və Azərbaycan xalqına, onun tarixi irsinə, mədəniyyətinə və ədəbiyyatına böyük diqqət və hörmətin təzahürü kimi qiymətləndirirəm.

Mərasimdən sonra Rusiya Prezidenti Putin ilə işgüzar görüş keçirdik. Görüşümüz kifayət qədər uzun çəkdi. Görüşü müşahidə edənlərin dediyinə görə, biz təkbətək iki saatdan artıq söhbət etmişik. Hər iki prezidentin, ələlxüsus da Rusiya Federasiyası prezidentinin iş cədvəlinin dəqiqəbədəqiqə bölündüyünü nəzərə alsaq, bu, qeyri-adi haldır. Lakin eyni zamanda, buna əsas da var, çünki biz Rusiya-Azərbaycan münasibətlərindən, bu münasibətlərin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə dair tədbirlərdən, müxtəlif problemlərdən danışdıq. Bir çox beynəlxalq məsələlər barəsində fikir mübadiləsi apardıq. Bu cəhətdən Vladimir Vladimirovıçdə çox zəngin məlumat vardır. Çünki o, prezident vəzifəsində dinamik fəaliyyət göstərərək, Rusiyanın ölkədaxili quruculuğuna, Rusiya dövlətçiliyinin inkişafına aid bir çox mə-sələləri həll etməklə yanaşı, beynəlxalq problemlərlə də çox fəal məşğul olur.

Mən ona dedim ki, prezident kimi o qədər fəaldır ki, nə vaxt bir ölkədən başqa ölkəyə getdiyini, çox vacib bir görüşdən sonra digər çox vacib görüş keçirdiyini izləməyə macal tapmırıq. Siz bunu bilirsiniz. Mən isə bunu ona görə deyirəm ki, Prezident Putinin son illər fəal surətdə məşğul olduğu bir sıra beynəlxalq həyat problemləri barədə onunla söhbət etməyə böyük ehtiyacım vardı.

Lakin müzakirə etdiyimiz başlıca məsələlər, əlbəttə ki, Rusiya və Azərbaycana, regionumuza, Qafqaza aid məsələlər idi. Biz Qafqazdakı mövcud münaqişələrin, o cümlədən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə fıkir mübadiləsi apardıq. Mən bugünkü gündən çox məmnunam. Mədəni, ədəbi və mənəvi həyatımız siyasi fəaliyyətimizlə, siyasi məsələlərlə üzvi surətdə çuğlaşır. Ona görə də mənə əziz olan Sankt-Peterburq şəhərini bu gün birlikdə görə bildiyimiz işlər baxımından böyük minnətdarlıq hissi ilə tərk edirəm.

Bu gün, bu mühüm görüşlər başa çatdıqdan sonra siz Andrey Pervozvannı mükafatını mənə təqdim etmək üçün buraya toplaşmısınız. Bu məni çox təsirləndirir. Hər bir mükafatın öz əhəmiyyəti, öz mənası var. İndiki halda isə mənə təqdim etdiyiniz mükafatın xüsusi mənası var. Söhbət mənəviyyatdan gedir, söhbət insandan gedir, söhbət bəşəriyyətin taleyindən gedir, söhbət sivilizasiyaların dialoqu kimi mühüm məsələdən gedir. Sivilizasiyaların dialoqu bizim zəmanəmizdə ictimaiyyətin, bütün ölkələrin siyasi xadimlərinin şüurunda bəlkə də xüsusi yer tutur.

Fondumuzun mövcud olduğunu, məhz bu deviz altında fəaliyyət göstərdiyini eşidəndə mən çox sevindim. Sizi əmin edirəm ki, Azərbaycanda sivilizasiyaların dialoqu probleminə böyük əhəmiyyət verilir. Bilirsiniz ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşir. Azərbaycanın coğrafı mövqeyi onun Avropa ilə Asiya arasında körpü olmaq taleyini əzəldən müəyyənləşdirmişdir. Azərbaycan bu funksiyanı həmişə yerinə yetirmişdir. Çindən və Yaponiyadan başlayaraq məhz Xəzər dənizindən, Azərbaycandan, Qafqazdan keçərək Avropaya, Avropanın hətta ən şimal ölkələrinə gedib çıxan Böyük İpək Yolunun mövcud olduğu dövrlərdə belə, Azərbaycan bu tarixi İpək Yolu üstündə mühüm körpü idi.

İndi Azərbaycan Böyük İpək Yolunun bərpasının iştirakçısıdır. Biz böyük iş görürük. Ancaq Azərbaycanın Şərqlə Qərb arasında, Avropa ilə Asiya arasında yerləşmək funksiyası bununla bitmir. Bilirsiniz ki, Azərbaycan əsasən müsəlman ölkəsidir. Lakin müsəlman ölkəsi olmaqla yanaşı, o öz tarixi, milli, mənəvi dəyərlərinə, adət və ənənələrinə sadiqliyi saxlayır. Bununla bərabər, artıq bir çox yüzilliklərdən bəri Azərbaycan ümumbəşəri dəyərlərdən, Avropa dəyərlərindən, Avropa mədəniyyətindən, demək olar, ardıcıl surətdə bəhrələnir. Bununla da Azərbaycan sivilizasiyalı ölkə olmaq vəzifəsini yerinə yetirir.

Azərbaycanda 10 ildir müstəqil dövlət mövcuddur. Biz demokratik, hüquqi, sivil dövlət qururuq.

Keçmişdə Azərbaycanda mövcud olmuş və bu gün qorunub saxlanılan hər şeyin vəhdəti özünü məhz bu baxımdan büruzə verir - mən xalqın milli, dini və mənəvi dəyərlərini nəzərdə tuturam. Bu xalq, bu ölkə artıq çoxdandır ki, ümum-bəşərı dəyərlərlə, Avropa dəyərləri ilə yaşayır. Ona görə də Azərbaycanın necə bir ölkə olması və sivilizasiyaların dialoqunda Azərbaycanın hansı rolu yerinə yetirməsi barədə nəticə çıxarmaq olar.

Mən bu fəxri mükafatı alarkən sizi əmin etmək ıstəyırəm ki, Azərbaycan xalqı sülhsevər xalqdır, ilk öncə, ali bəşəri dəyərləri qiymətləndirən, ilk öncə, ülvi mənəviyyatı, ən yüksək mədəniyyəti qiymətləndirən xalqdır. Hazırda öz müstəqil dövlətində yaşayan, demokratiya, bazar iqtisadiyyatı, demokratik dəyişikliklər yolu ilə inkişaf edən Azərbaycan xalqı bu prinsiplərə həmişə sadiq olacaqdır. Bu diqqətə görə sizə bır daha təşəkkür edirəm və fonda yeni-yeni uğurlar, sizin hamınıza cansağlığı, firavanlıq və əmin-amanlıq arzulayıram.