Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Katibi və onu müşayiət edən şəxslərlə görüşdə söhbəti - Prezident sarayı, 14 iyun 2000-ci il


Heydər Əliyev: Hörmətli Sergey Borisoviç, hörmətli qonaqlar. Mən sizi ürəkdən salamlayıram, Azərbaycana gəlişinizə şadam. Şadam ki, bu gün artıq sizin görüşləriniz, danışıqlarınız olmuşdur. Bütün bunların Rusiya-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsi üçün böyük əhəmiyyəti var. Bu günlərdə biz sizinlə birlikdə Rusiya gününü qeyd etdik. Rusiya səfirliyində çoxlu adam vardi, bina kifayət etmədi, ona görə də bütün ərazi adamla dolu ıdı. Elə bu faktın özü burada Rusiyaya necə böyük maraq göstərildiyinə sübutdur. Təbii ki, Rusiyanın olduqca çox dostları var. Onlar bu bayrama dəvət edilmişdilər.  Azərbaycan ilə Rusiya arasında münasibətlar mehriban, xoş, yaxşıdır.

Mən bayramda çıxış edərkən demişdim və bu gün də demək istəyirəm ki, biz bu münasibətlərin daha yaxşı olacağına böyük ümidlər bəsləyirik. Biz bütün sahələrdə - iqtisadi, mədəni, elmi sahələrdə münasibətlərimizi inkişaf etdirmək üçün böyük potensiala malikik. Odur ki, bu potensialdan istifadə etməliyik. Hesab edirəm ki, Rusiyada hakimiyyətin dəyişməsindən, Vladimir Vladimiroviç Putinin Rusiya prezidenti seçilməsindən və Rusiyanın rəhbər orqanlarının tərkibində bir çox dəyişikliklər olandan sonra Rusiya üçün də, Rusiya-Azərbaycan münasibətləri üçün də yeni, çox mühüm mərhələ başlanır.  Biz son vaxtlar Rusiya prezidentinin və hökumətinin həyata keçirdikləri tədbirləri müşahidə edirik və görürük ki, Rusiya prezidenti Rusiya dövlətçiliyinin möhkəmlənməsi, qayda-qanun yaradılması, demokratiyanın inkişafı və iqtisadi islahatların aparılması üçün tədbirlər görür və bütün bunlar bizim hamımız üçün strateji vəzifədir. Rusiya böyük dövlətdir, 1991-ci ildə Rusiyanın suverenliyi elan edilmişdir. Sövetlər İttifaqı dağılandan sonra biz də müstəqilliymizə nail olduq. Rusiya və Azərbaycan vaxtilə yaşadığımız sistemdə uzaqlaşaraq, demokratiya, demokratik inkişaf yolu, bazar iqtisadiyyatı yolu seçmişlər. Əlbəttə, Rusiyada bu istiqamətdə çox işlər görülmüşdür. Bütün sahələrdə böyük potensialı nəzərə alınmaqla, Rusiya qalan dövlətlər üçün, o cümlədən bizim üçün də nümunə ola bilər. Ona görə də Rusiya tarixinin yeni mərhələsində hər şey - həm Rusiya dövlətçiliyinin möhkəmlənməsi, qayda-qanun yaradılması, həm də demokratiyanın inkişafı, bütün demokratik dəyərlərin möhkəmlənməsi eyni vaxtda və daha intensiv surətdə irəliləyəcəkdir.

Biz Rusiyanın həmişə azad, demokratik, demokratik dəyərlərə sadiq olan ölkə kimi görmək istəyirik, onu nəzərdə tuturam ki, bu, Rusiya ilə Azərbaycan arasında bərabərhüquqlu münasibətlər, mehriban qonşuluq, dostluq münasibətləri üçün yaxşı zəmin ola bilər. Təkrar edirəm, Rusiya ilə Azərbaycan arasında münasilətlərin inkişaf potensialı çox böyükdür. Yeri gəlmişkən, bu ay, məncə, ayın 26-da Azərbaycanda Rusiya mədəniyyəti günləri keçiriləcəkdir. Son illər biz Azərbaycanda da, Moskvada da belə günləri dəfələrlə keçirmişik. Söz düşmüşkən, onlar olduqca faydalıdır. Sovetlər İttifaqının tərkibində olduğumuz illərdə respublikalar arasında belə günlər keçirirdik.  Xatirimdədir, 1972-ci ildə çox böyük bayram – Azərbaycanda Rusiya mədəniyyəti günləri oldu. Adamlar bunu o vaxt da çox yaxşı qarşılayırdılar, xüsusən indi də - biz artıq müxtəlif dövlətlərdə olduğumuz vaxtda da yaxşı qarşılayırlar. Buna görə də biz bu günləri necə lazımdırsa keçirəcəyik, sonra yəqin ki, Rusiyada, Moskvada Azərbaycan mədəniyyəti günləri olacaqdır.

Bizim mədəni əlaqələrimiz, insani əlaqələrimiz, elm, təhsil xətti ilə əlaqələrimiz çox sıxdır. İqtisadi münasibətlər də inkişaf edir. İndi bizdə özəl sektor üstün yer tutur. Buna görə də sahibkarlar, biznesmenlər arasındakı ticarət, şübhəsiz, böyük əhəmiyyətə malikdir. Rusiyadan Azərbaycana və Azərbaycandan Rusiyaya çoxlu mallar aparılır, hərçənd Azərbaycandan daha çox məhsul, xüsusən meyvə, tərəvəz aparmaq olar. İndi bizdə çoxlu meyvə var, özü də bunlar olduqca dadlıdır. Bilirsiniz, Avropa ölkələrində olanda görürsən ki, mehmanxanalarda həmişə çox gözəl meyvələr satılır, çiyələk hər yerdə belə gözəldir, amma onu yeyəndə bilmirsən ki, bu çiyələkdir, yoxsa nədir. Deyirlər ki, çiyələyin tez yetişməsi, qəşəng görünməsi üçün hansısa gübrələrdən istifadə edirlər. Amma insan üçün vacib olan bu deyil, vacib olan budur ki, dadlı və faydalı olsun. Bax, belə dadlı və faydalı meyvə, tərəvəz Azərbaycanda olduqca çoxdur. Odur ki, əgər əlaqələrimizi - nəqliyyat, ticarət və başqa əlaqələrimizi yaxşılasdırsaq, onda meyvə, tərəvəz və digər bütün kənd təsərrüfati məhsulları ilə təchizat sarıdan Rusiyaya böyük xidmət göstərə bilərik. Rusiyadan da bizə çoxlu məhsul - taxıl da, digər mallar da, ət də gətirilir. Azərbaycanda hətta "Borodinski" çörəyi, Moskva sosiskası, kolbasası da satırlar. Adamlar onları alırlar, çünki "Borodinski" çörəyinə də, Moskva kolbasasına da öyrəşmişlər, mən hələ "Stoliçnaya" arağını demirəm. Ona görə də mənə elə gəlir ki, indi biz münasibətlərimizin daha da inkişaf etməsi üçün yeni, fəal addımlar atmalıyıq. Bununla əlaqədar, hesab edirəm sizin Azərbaycana səfərinizın böyük əhəmiyyəti var. Bir daha demək istəyirəm ki, bu, Rusiya Təhlükəsizlik Şurası katibinin belə heyətdə ilk səfəridir. Hələ belə şey olmayıbdır. Doğrudur, müstəqillik dövründə buraya, təəssüf ki, belə yüksək səviyyədə səfər - məsələn, Rusiya prezidentinin, Rusiya Baş nazirinin səfəri də olmayıbdır. Ən yüksək səviyyəli səfər nazirin səfəri olubdur. Mən Rusiya prezidenti Vladimir Vladimiroviç Putini Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Bu gün bir daha həmin dəvəti sizə çatdırıram və ümidvarıq ki, biz cari ildə Vladimir Vladimiroviç Putinlə Azərbaycanda görüşə biləcəyik. Amma məsələ təkcə bununla bitmir. Haqqında danışdıqlarımın - münasibətlərimizin inkişafında yeni mərhələnin sadəcə sözlər deyil, konkret işlər olması üçün, bunu qarşılıqlı fayda məqsədi ilə həyata keçirə bilməyimiz üçün digər görüşləri, digər səfərləri də həyata keçirmək mümkündür.

Sergey İvanov (Rusiya Təhlükəsizlik Şurasının katibi): Hörmətli Heydər Əliyeviç, dediyiniz sözlərə görə, nümayəndə heyətimizi qəbul etməyə vaxt tapdığınıza görə çox sağ olun. Biz bunu çox yüksək qiymətləndiririk və rusiyalılar üçün əlamətdar bir gündə səfirliyimizə getməyə imkan və vaxt tapdığınıza, tarixə də, ənənələrə də, bugünkü günə də ehtiramınızı ifadə etdiyiniz. Buna görə də Sizə bir daha öz minnətdarlığımızı bildiririk. Biz bu addımı  dərin rəmzi mənalı və əsrlər boyu birlikdə yaşayan və birlikdə, yanaşı yaşayacaq qonşu xalqlarımızın münasibətlərinin hərtərəfli inkişafına yönəldilmiş addım kimi qiymətləndiririk. Axi Rusiyada hamı nahaq yerə demir ki, Bakı dünyanın ən beynəlmiləl şəhərlərindəndir, burada rusiyalılar özlərini həmişə evdəki kimi hiss edirlər, Bakı buxtasının gözəlliyindən feyziyab ola bilər, dənızın sahili boyunca gəzişə, təəssüf ki, keçmiş SSRİ-nin bir sıra ərazilərindən fərqli olaraq, özlərini burada arxayın hiss edə bilərlər.

Mən bunu Təhlükəsizlik Şurasının katibi olduğuma görə demirəm, sadəcə olaraq, həyat göstərir.  Biz, həqiqətən, hansısa sıçrayışlar, hansısa süni addımlar atmaq əhval-ruhiyəsində deyilik. Hesab edirik ki, xalqlarımızın heç bir problemi, heç bir mübahisəli məsələsi yoxdur, onların ümumi sərhədi ilə yanaşı, ümumi mədəniyyəti, dili də var, biz bunu da yüksək qiymətləndiririk. Buradakı soydaşlarımızın vəziyyəti, rus dili ilə bağlı vəziyyət yaxşıdır, rus dili Bakının küçələrində açıqca səslənir - bu bizim üçün xoşdur - bunu dəstəkləmək və münasibətləri inkişaf etdirmək lazımdır. Sizin iqtisadiyyat barədə dediklərinizlə mən tamamilə razıyam. Bəli, bizdə azad bazar var, bizdə özəl kommersantlar ticarətlə fəal məşğuldurlar. Bunu ancaq alqışlamaq olar. Lakin bununla bərabər, elə mümkün layihələr var ki, heç bir sahibkar məhsulun həcmlərinə, vəzifələrin mühümlüyünə görə bu layihələrə girişə bilməz. Mən Rusiya dövlətinin, icra hakimiyyəti orqanlarımız rolunu onda görürəm, onlar şirkətlər və ya adamlar arasında deyil, dövlətlər arasında ciddi, tammiqyaslı ticarətin inkişafına kömək edə bilərlər.

Siz kənd təsərrüfatını tamamilə haqlı olaraq xatırladınız, Azərbaycan torpağının zəngin, çox dadlı nemətlərindən danışdınız. Həqiqətən, Avropada pomidor nəinki süni surətdə yetişdirilir, həm də hökmən eyni ölçüdə olmalı, standart Avropa qutusuna uyğun gəlməlidir. Bilmirəm, sizdə necədir, Rusiyada isə, hər halda, hami istəyir, vərdiş edib ki, pomidor iri də ola bilər, xirda da. Eləcə də gilas, bir çox digər meyvələr də. Bu gün biz Ramiz Ənvəroviçlə saziş imzalamağı planlaşdırırıq. Fikrimcə və nümayəndə heyətimiz də hesab edir ki, bu, iki dövlətin təhlükəsizliyi kimi belə incə, ciddi sahədə də əməkdaşlığın inkişafı yolunda mühüm addımdır.

Bizim burada da bir çox ümumi vəzifələrimiz var - mən həm ümumi təhlükələri, həm də xalqlarmızın əmin-amanlıq, sakit şəraitdə yaşaması üçün, müharibələrin münaqişələrin, terrorizmin, mütəşəkkil cinayətkarlığın olmaması üçün bu təhlükələri dəf etmək, birlikdə işləmək kimi ümumi arzunu nəzərdə tuturam. Təəssüf ki, qloballaşma, zamanın yeni cərəyanları nəinki yeni nemətlər, həm də yeni təhlükə gətirmişdir, elə bir təhlükə ki, hələ bu yaxınlarda, vahid Sovet İttifaqının tərkibində olarkən biz onu heç təsəvvür edə bilməzdik. Təsəvvürümüzə gətirə bilməzdik ki, terrorizm problemi, narkotik maddələrin yayılması problemi, mütəşəkkil cinayətkarlıq, dünyada hər il çox böyük məbləğdə, milyardlarla dollar məbləğində ziyan vuran kompüter cinayətləri qarşımıza tam kəskinliyi ilə çıxacaqdır. Ola bilsin ki, indi bu problem bizə hələ birbaşa gəlib çıxmayıb, bizi öz alovlarına bürüməyib, bizə toxunmayibdır. Lakin hesab edirəm ki, biz gələcək barəsində düşünməliyik və başqalarının səhvlərindən indidən ibrət götürməli və müvafiq nəticələr çıxarmalıyıq.

Heydər Əliyeviç, Siz tamamilə doğru dediniz ki, nəinki mənim səfərim, həm də buraya planlaşdırılmış səfərlərin və Azərbaycanın nazirlərinin hakimiyyət orqanlarının yüksək vəzifəli nümayəndələrinin Rusiyaya səfərləri - biz onlara hazırlaşırıq – zənnimcə, münasibətlərimizi bir neçə il əvvəl olduğuna nisbətən keyfiyyətcə yeni səviyyəyə çıxarmağa qadirdir. MDB-nin bir çox digər ölkələrindən fərqli olaraq, bizdə iqtisadi səpkili heç bir maneə yoxdur. Mən xüsusi nəzərə çatdırmaq istərdim ki, bu gün  Azərbaycan yeganə MDB ölkəsidir ki, onun Rusiyaya heç bir borcu yoxdur. Əksinə, Rusiyanın Azərbaycana borcu, doğrudur, kiçik məbləğdə borcu var. Borc olmayan hallarda iqtisadi əməkdaşlığı möhkəmlətməkdən danışmaq həmişə asandır, bizi keçmişin heç bir yükü geri çəkmir. Bu, mühüm cəhətdir. Biz nəinki yüksək səviyyədə, həm də regionlar səviyyəsində əlaqələri də alqışlayırıq. Bu gün mən eşidib məmnun  oldum ki,   Sverdlovsk vilayətinin qubernatoru Rossel buraya gəlmiş, Azərbaycandan kənd təsərrüfatı məhsullarınınn alınması haqqında konkret danışıqlar aparmışdır. Bu, düzgün addımdır. əlbəttə, bu məhsullar yəqin ki, əsasən Moskvaya, Peterburqa göndərilməlidir. Onlar əsasən sahibkarlar tərəfindən gətirilir. Sizi əmin edə bilərəm ki, hazırda Moskvada çoxlu kiçik Azərbaycan restoranları, kafeləri var, bunlarda qəlyanaltı etmək, sizin xörəklərin dadına baxmaq da mümkündür. Biz bunu bəyənirik. Lakin Rusiya çox böyük ölkədir. Buna görə də əgər Azərbaycanın məhsulları Sibirə də, Uzaq Şərqə də gondərilərsə, zənnimcə bu, düzgün istiqamətdə atılmış addım olar. Xoşdur ki, Rusiyanın ayrı-ayrı regionlarının nümayəndələri, quberatorları da bu məsələyə diqqət yetirirlər.

Qısa çıxışıma yekun vuraraq demək istəyirəm ki, biz bütün istiqamətlər üzrə - istər siyasi, istər iqtisadi, istər hərbi, istərsə də mədəni sahədə münasibətləri inkişaf etdirməyə hazırıq. Mədəniyyət də vacibdir. Xalqların, xüsusən də belə çoxəsrlik mədəniyyəti və ənənələri olan xalqlarmızın mədəniyyəti və qarşılıqlı anlaşması, qarşılıqlı surətdə zənginləşməsi olmadan böyük tərəqqiyə ümid bəsləmək olmaz. Yaxşı ki, bizim insanlar bir-birinə qonaq gedib-gəlirlər. Rusiyada da milyonlarla azərbaycanlı yaşayır. Biz buna həmişə şadıq, çalışacağıq ki, onlar torpağımızda heç bir anlaşılmazlıqdan, heç bir hadisədən qanqaralığı çəkməsinlər. Biz çalışacağıq ki, münasibətlərimiz daim möhkəmlənsin. Çox Sağ olun.

Heydər Əliyev: Biz bu baxımdan yekdilik. Ona görə də heç bir problem yoxdur. İndi protokolu imzalamaq olar.

Sergey İvanov: Mən Ramiz Ənvəroviçi bu il ərzində Moskvaya cavab səfərinə dəvət edirəm. Biz ekspertlər səviyyəsində operativ rejimdə daim informasiya mübadiləsi edəcəyik. Şəxsi müdaxiləmiz lazım olduqda isə, biz də buna operativ surətdə qoşulmağa hazırıq. Zənnimcə, bu il Ramiz Ənvəroviç Moskvaya gələ bilər. Üstəlik, bunu eşidəndə bir qədər təəccübləndim ki, 1991-ci ildən bəri o, Moskvada bir dəfə də olmayıbdır. 1991-ci ildən bəri Moskva çox dəyişibdir. Ayrı-ayrı rayonları hətta tanımaq olmur.

Heydər Əliyev: Bəli, o, Moskvaya bu şəhəri görmək üçün deyil, siziınlə görüşmək, fikir mübadiləsi aparmaq, başlıcası isə, təcrübə öyrənmək üçün getməlidir. Əlbəttə, bu baxımdan sizin böyük təcrübəniz var. Odur ki, sizin təcrübənizdən istifadə etmək bizim üçün vacibdir. Bir sözlə, mən bu dəvəti alqışlayıram.

Sergey İvanov: Biz təcrübəmizi bölüşməyə hazırıq. Pis nəticələri də.

Heydər Əliyev: Bu səhvləri bilmək, etməmək üçün, bir də pisin hər yerdə olduğunu bilmək üçün pisi də görmək lazımdır. Yoxsa bəzilərinə elə gəlir ki, bir yerdə hər şey yaxşıdır, başqa yerdə isə hər şey pisdir. Təəssüf ki, müxtalif beynəlxalq təşkilatlarda belə ustalar var.

Sergey İvanov: Heydər Əliyeviç, əlbəttə, biz sizin MDB sammitinə səfərinizi səbirsizliklə gözləyirik.

Heydər Əliyev: Bəli, mən tezliklə, iyunun 20-də Moskvada olacağam. Ayin 21-də dövlət başçılarının görüşü var. Mən prezident Vladimir Vladimiroviç Putinlə xüsusi görüşə ümid bəsləyirəm.

Sergey İvanov: Bu görüşə o da hazırlaşır, onu səbirsizliklə gözləyir. Çox Sağ olun.