Dağıstan Respublikası Dövlət Şurasının üzvü Səid Qurbanova - Bakı şəhəri, 20 dekabr 1998-ci il


Hörmətli Səid Qurbanov!

Sizi - tanınmış dövlət xadimini yetmiş illik yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzulayıram.

Sizin çoxşaxəli fəaliyyətinizdə qədim tarixi və mədəni ənənələrə malik olan Azərbaycan-Dağıstan münasibətlərinin inkişafı xüsusi yer tutur. Bu sahədə göstərdiyiniz səylər respublikamızda çox yüksək qiymətləndirilir.

Qardaş Dağıstanın sosial-iqtisadi inkişafı, tərəqqisi, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluğun bərqərar edilməsi işində siz böyük əmək sərf etmisiniz. Mədəni quruculuqda, tarixi abidələrin qorunub saxlanmasında göstərdiyiniz xidmətlər də təqdirə layiqdir. Dövlət şurasında Dağıstanda yaşayan azərbaycanlıları təmsil edərək siz bacarıqlı təşkilatçı və ağsaqqal kimi dağlar diyarının hər yerində hörmət qazanmısınız.

Əminəm ki, Azərbaycan-Dağıstan dostluğunun möhkəmləndirilməsi naminə zəngin təcrübənizi, bacarıq və imkanlarınızı bundan sonra da əsirgəməyəcəksiniz.

Qardaş Dağıstan Respublikasının inkişafı və çiçəklənməsi uğrunda sizə işinizdə uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.