Rusiya Federasiyası hökuməti sədrinin birinci müavini Nikolay Aksyonenko başda olmaqla Rusiyanın hökumət nümayəndə heyəti ilə görüşdə söhbət - Prezident sarayı, 5 noyabr 1999-cu il


Heydər Əliyev:  Nikolay Yemelyanoviç, mən sizi və sizin bütün nümayəndə heyətini Azərbaycanda salamlayıram. Şadam ki, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya birgə komissiyası öz işini fəallaşdırmağa başlayır. Hörmətli Nikolay Yemelyanoviç Aksyonenkonun başçılığı ilə Rusiya Federasiyasının belə böyük, geniş tərkilədə nümayəndə heyətinin Bakıya gəlməsi buna sübutdur. Mənə dedilər ki, siz bu gün praktiki işlə çox fəal məşğul olmusunuz. Hesab edirəm ki, siz hələ işləməli olacaqsınız. Amma Rusiyanın iqtisadi sahəsinin bir çox istiqamətlərini təmsil etdirən nümayəndə heyətinin buraya gəlməsi faktının özü onu göstərir ki, ölkələrimizin gələcək əməkdaşlığında həqiqətən hansısa praktiki nəticələrə nail olmaq mümkündür. Bir daha demək istəyirəm ki, biz Rusiya ilə bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, elmi, insani sahələrdə münasibətlərimizə böyük əhəmiyyət veririk. Biz ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın, hər vasitə ilə inkişaf etdirilməsi və genişləndirilməsi, dostluğun möhkəmləndirilməsi mövqeyində dururuq. Bu, Azərbaycanın xarici siyasətinin prinsipial, strateji istiqamətidir. Biz onu ardıcıl surətdə həyata keçiririk yə keçirəcəyik. Şübhəsiz ki, iqtisadi sahə çox mühüm yer tutur. Xüsusən də ona görə ki, Rusiya və Azərbaycan bir çox onilliklər ərzində, hətta iki əsr iqtisadi cəhətdən bağlı olmuşdur. Sovetlər İttifaqı zamanı Azərbaycan ilə Rusiyanın müxtəlif regionları arasında yaranmış iqtisadi əlaqələrin bizim üçün çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu əlaqələr Rusiya üçün də eyni dərəcədə əhəmiyyətlidir. Ona görə də, sərbəst iqtisadiyyata, bazar iqtisadiyyatına keçidlə əlaqədar Rusiya iqtisadiyyatının və Azərbaycan iqtisadiyyatının qarşılaşdıqları çətinliklərə baxmayaraq, ölkələrimizin iqtisadiyyatının, xüsusən sənayenin müxtəlif sahələrinin inteqrasiyasında birgə səylərlə yaxşı nəticələrə nail ola bilmək üçün böyük ehtiyatlar var. Vaxtilə Azərbaycanın sənaye müəssisələrinin bir çoxu Sovetlər İttifaqının və xüsusilə Rusiyanın müxtəlif sənaye müəssisələri ilə inteqrasiyada idi. Dostumuz və həmyerlimiz, dövlət plan komitəsinə, xatirimdə deyil, 25 və ya 30 il rəhbərlik etmiş Nikolay Konstantinoviç Baybakov bu gün burada, bizim aramızdadır. O, Sovetlər İttifaqı respublikalarının iqtisadiyyatını həmişə elə planlaşdırırdı, bu respublikalar bir-biri ilə elə bağlanmışdı ki, heç kim onları ayıra bilmirdi. Bu, onun siyasəti idi. O, Sovetlər İttifaqının iqtisadiyyat sahəsində intəhasız olaraq möhkəmləndirilməsi siyasətini həyata keçirir, düşünürdü ki, bu, Sovetlər İttifaqının bütün sahələrdə daha da inkişafına kömək edəcəkdir. Sovetlər İttifaqının mənafeləri baxımından bu siyasət o zaman düzgün və uzaqgörən siyasət idi. Bu mənada Nikolay Konstantinoviçi təqsirləndirmək olmaz. Lakin Sovetlər İttifaqı dağılandan, biz, necə deyərlər, milli evlərimizə, mənzillərimizə yığışandan sonra, vaxtilə çox güclü şəkildə bir-birindən asılı olan iqtisadiyyat Rusiyaya da, Azərbaycana da və hesab edirəm ki, keçmişdə Sovetlər İttifaqına daxil olan digər ölkələrə, müstəqil dövlətlərə çox böyük zərər vurur. Elə bu vəziyyətdə də bizi, inteqrasiyanın, necə deyərlər, yeni, keçmişdə olmayan yollarını axtarmağa vadar edir. Biz məhsulun hissələrini istehsal edib Rusiya Federasiyasının hansısa vilayətinə göndərir, oradan da onu tamamile son məhsulun istehsalı üçün başqa bir regiona göndərirdilər. Amma o zaman problem yox idi, çünki istehsal etdiyimiz məhsul üçün satış bazarları axtarmırdıq, bütün bunları bizim sosialist planlaşdırma və təsərrüfatçılıq sistemimiz təmin edirdi. Yalnız nə qədər məhsul buraxılması, onun qiyməti, istehsal həcminin nə qədər yüksəlməsi, artım sürəti qeydə almır və bizim bütün işimiz də bunun əsasında qiymətləndirilirdi. Mən bu işlər uzun illər məşğul olduğuma görə onu yaxşı xatırlayıram. Ancaq, yenə də deyirəm, Sovetlər İttifaqının dağılması, müstəqil dövlətlərin yaranması bazar iqtisadiyyatına, sərbəst iqtisadiyyata keçid hər yerdə - Rusiyada da, Azərbaycanda da çətinliklər doğurmuşdur. Çətinliklərdən çıxış yolları müxtəlifdir, hər bir ölkə bu vəziyyətdən çıxmaq üçün öz yollarını axtarır. Amma bizim fikrimizcə, şəxsən mənim fikrimcə, nə qədər ağır olsa da, əlbəttə, başlıcası islahatları ardıcıl surətdə aparmaq, bazar iqtisadiyyatı prinsiplərini bərqərar etməkdir. Çünki son nəticədə bu məqsədə doğru gedirik və biz məhz həmin səviyyəyə gəlib çatanda, yəqin ki, xeyli asan olacaqdır. İndi isə, şübhəsiz ki, keçid dövrünə böyük ehtiyac var. Ona görə də Rusiya-Azərbaycan komissiyası bu baxımdan çox iş görə bilər. Ancaq bu, zənnimcə, məsələnin bir hissəsidir. Digər hissəsi isə odur ki, Rusiyada da, Azərbaycanda da islahatlar aparılır, mülkiyyət özəlləşdirilir, özəl sektor üstünlük təşkil edir və dövlət planlaşdırması, hansısa inzibati vasitələrdən istifadə etmək daha yaramır. Yəni özəl sektorun daha sıx inteqrasiyası lazımdır. Məsələn, bizdə çoxlu şərab istehsal olunur. Əvvəllər biz Sovetlər İttifaqında hamıdan çox üzüm istehsal edirdik. Nikolay Konstantinoviçin xatirindədir. Sovetlər İttifaqında yığılan 6 milyon ton üzümün 2 milyon tonunu biz verirdik. Amma Azərbaycan o qədər də spirtli içkilər istehlak edən ölkə deyildir. Biz bütün bunları - yaxşı şərab materiallarını, yaxşı şərabları Sovetlər İttifaqına göndərirdik. Altayda, Rostovda, Rusiyanın bir çox regionlarında hətta şərab zavodlarımız da vardı. İnsanlar bu məhsullardan istifadə edirdilər. İndi isə Rusiya hər şeyi Qərb ölkələrindən gətirir, amma burada, yanında olanı almaq istəmir. Başqa məhsullar sahəsində də belədir, hər şey Qərbdən gətirilir. Əlbəttə, Rusiya beləliklə, başqalarını da buna sövq edir. Bizdə də belədir, özümüzün gözəl şərablarımızı içmək əvəzinə, indi varlı yaşamağa başlamış bəzi adamlar deyirlər ki, yox, Fransa şərabı içəcəyik. Amma hesab etmirəm ki, onlar Fransa və Azərbaycan şərablarının dadını ayırd edə bilərlər. Ədəbazlıqdır! Desinlər ki, o, yalnız Fransa şərabı içir. Bu, yalnız kiçik bir misaldır. Belə misallardan çox çəkmək olar. Dediyim odur ki, sənaye müəssisələrimizin işləməsi üçün keçmiş inteqrasiya əlaqələrindən istifadə etməliyik. Digər tərəfdən, bir-birimizdəki bazarları itirmək lazım deyildir. Məsələn, biz taxılı ən çox Rusiyadan, Qazaxıstandan gətiririk. Özümüz əvvəlkindən çox taxıl istehsal edirik, ancaq bu, kifayət etmir. Rusiyadan gətiririk. Bəs nə üçün Rusiyaya, deyək ki, yaxşı şərab materialları aparılmasın? Yaxud, misal üçün, bizim Zaqatala zonasında gözəl və dadlı meyvə olan xurma yetişdirirlər. Bizdə bu məhsulun istehsalı ilə məşğul olan xüsusi kolxozlar və ya sovxozlar yox idi, necə ki, yeri gəlmişkən, üzüm yetişdirən dövlət təsərrüfatları da olmamışdır. Belə bitkiləri insanlar özlərinin həyətyanı sahələrində yetişdirirdilər. Xatirimdədir, 80-ci illərin əvvəllərində biz ildə təxminən 50 ton nar tədarük edirdik. Rusiyada isə son dərəcə faydalı məhsul olan narı çox xoşlayırlar. Eləcə də xurma. Amma çoxlu çətinliklər var. Bilmirəm, bu il necədir. Mövsüm artıq başlayıb.

Abbas Abbasov: Bu gün biz həmin məsələni müzakirə etdik.

Heydər Əliyev: Lakin keçən il çox məhsulumuz zay oldu. Belə ki, biz özümüz o qədər xurmanı yeyə bilmərik, insanlara fayda gətirəcəyi yerlərə isə xurma gedib çıxmır. Ona görə də özəl biznes sahəsində iqtisadi əlaqələrimizin inkişafı üçün, hələlik tamamilə özəlləşdirilməmiş iri sənaye müəssisələrinin xətti ilə daha yaxşı nəticələr əldə etməkdən ötrü inteqrasiya əlaqələrimizin inkişafı üçün böyük imkanlara malikik. Amma təəssüflər olsun ki, bu imkanlardan indiyədək istifadə edilmir. İndi görürəm ki, komissiya belə yaxşı və mötəbərdir. Mən sizin buraya gəlməyinizi alqışlayıram. Ümid edəcəyik ki, bu, iqtisadi münasibətlərimizin inkişafında yeni mərhələ olacaqdır. Odur ki, buraya gəldiyinizə görə sizə təşəkkür edirəm, sizi salamlayıram və ümidvaram ki, Azərbaycanda keçirdiyiniz görüşlər ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etməsi üçün yaxşı zəmin yaradacaqdır. Sözü sizə verirəm.

Nikolay Aksyonenko: Çox hörmətli Heydər Əlirza oğlu, burada, Azərbaycanda, Bakıda olmaq imkanına görə çox şadam. Biz Sizə minnətdarıq ki, bu gün bütün sahələrdə əməkdaşlığın qaydaya salınması ilə bağlı iş aparılması üçün dövlət başçıları tərəfindən təyin olunmuş birgə hökumətlərarası komissiyamızı qəbul edirsiniz. Mən Sizinlə tam razıyam ki, bizim bu gün burada olmağımız gələcək inkişaf yolu ilə irəliləmək istədiyimizi, şübhəsiz, təsdiqləyir. Biz bu şəhərdə olmağımızdan məmnunluq duyuruq. 1997-ci ildə burada MDB ölkələrinin dəmir yol nəqliyyatı şurasının iclasını keçirərkən Sizin qəbulunuzda olmaq imkanı qazanmışdım. Siz bütün nümayəndə heyətimizi qəbul etdiniz, sonra isə ayrıca söhbətimiz oldu. Elə onda biz Azərbaycanın çox ciddi şəkildə irəlilədiyini, dinc inkişafını, iqtisadiyyatın təşəkkül tapdığını gördük. Bu gün şəhərdən bir daha keçərkən Bakının getdikcə gözəlləşdiyini, yeni-yeni evlərin, məhəllələrin, komplekslərin meydana gəldiyini, onun müasir bir şəhərə çevrildiyini gördüm və bundan məmnunluq duydum. Biz Sizin hökumətinizlə əlaqə saxlayır, bir çox istiqamətlərdə əməkdaşlıq etməyə çalışırıq. Məlumatımız var ki, Sizin rəhbərliyinizlə iqtisadiyyat indi kifayət qədər fəal inkişaf edir, real istehsala qoyulan sərmayələr artır. Bütün bunlar Azərbaycan kimi belə gözəl bir dövlətin, onun insanlarının firavan yaşaması üçün zəmin yaradır. Başa düşürəm ki, bu gün problemlərimiz çoxdur. Sizinlə razıyam ki, biz qısa zaman kəsiyində hər şeyi yenidən qiymətləndirməli, bir çox mövqelərə yenidən baxmalı, bir çox istiqamətlərdə yenidənqurma ilə məşğul olmalı idik. Şübhə yoxdur ki, bu, hətta çox böyük arzu olsa da, həm obyektiv, həm subyektiv səbəblərə görə, bəlkə də müəyyən çətinliklər ucbatından həmin işi daha konstruktiv surətdə görməyə, iki dövlətin həqiqətən həll etməli olduğu məsələləri həll etməyə imkan verməmişdir. Bəzi məsələlər yığılıb qalmış, digərləri həllini gözləmədən öz-özünə yox olub getmişdir. Lakin bu gün, zənnimcə, bizim bir-birimizi başa düşərək, problemləri konstruktiv, operativ surətdə həll etməyə və nəinki dövlət strukturları çərçivəsində, həm də, Sizin vurğuladığınız kimi, özəl strukturlar çərçivəsində əməkdaşlığa zəmin yaratmağa imkan verən münasibətləri sahmanlamaq üçün bütün imkanlarımız var. Buna görə də komissiyamız çərçivəsində vəzifəmiz, şübhəsiz, həmin strukturların işi üçün ən əlverişli şərait yaratmaqdır. Əgər onlar ümumi dil tapsalar və biz, hökumətlər, həmin strukturlardan ötrü qanunvericilik məkanı, şərait yaratmalı olanlar da bunu başa düşsək, onda, əlbəttə, müvəffəqiyyət də əldə ediləcəkdir. Heydər Əlirza oğlu, bu gün biz komissiyamız çərçivəsində işlədik, ekspertlərimizin yerinə yetirdikləri işə yekun vurduq. Demək istərdim ki, biz vaxt tələb olunan məsələlərin əslində hamısının həlli yollarını tapa bildik. Belə məsələlər var. Biz bu vaxtı uzatmağa, əlavə müzakirə üçün ən qısa vaxtı müəyyənləşdirməyə çalışdıq və komissiyanın qərarları əsasında nazirliklərə də, baş idarələrə də, ayrı-ayrı müəssisələrimizə də yaranmış vəziyyətdən çıxış yolunu tez tapmağa imkan vermək üçün necə görüşmək barədə, nəinki hökumətlərarası komissiya çərçivəsində, həm də işguzar əlaqələr səviyyəsində görüşmək haqqında razılığa gəldik. Düşünürəm ki, biz bunların hamısına nail olacaq və nə kimi addımlar atdığımız, bu addımların hər iki dövlətin iqtisadiyyatları üçün nə dərəcədə sərfəli və səmərəli olduğu barədə dövlətlərin rəhbərlərinə - Sizə və Boris Nikolayeviçə məmnunluqla məlumat verəcəyik. Bu gün həqiqətən kifayət qədər mötəbər komissiya var və bu, onun rəhmidir ki, biz problemlərin həllinə, əməkdaşlığın yeni-yeni formalarını axtarıb tapmağa çalışırıq. Demək istəyirəm ki, həmkarımdan, həmsədr Abbas Aydın oğlundan tərəvəz, digər məhsul növləri ilə bağlı eşitdiyimiz faktlar ancaq ürək ağrısı doğurur ki, belə hallar baş vermişdir. Çünki biz bütün bunların hər hansı dövlət üçün, bütün bunlara malik olmaq imkanından məhrum insanlar üçün nə qədər gərəkli və mühüm olduğunu bilirik. Başa düşürük ki, bu, həlledici məqamdır və qiymətlərin artmasına səbəb olur. Şübhəsiz, biz nəinki bu qiymətli məhsulu yetişdirənlərin, həm də onu istehlak edənlərin mənafeyi ilə bağlı olan bu məsələlərə münasibətimizi bildirəcəyik. Biz bütün bu məsələlərin həlli yollarını tapacağıq. Bu gün həmkarlarımın və komissiyanın Azərbaycan tərəfindən olan bütün üzvlərinin konstruktiv mövqeyi xoşuma gəldi. Zənnimcə, Siz əmin ola bilərsiniz ki, növbəti görüşün gələn il aprelin axırlarında keçiriləcəyi barədə razılığa gələrək, biz vaxtı hədər yerə itirməyəcəyik, əksinə, onu elə bir məzmunla dolğunlaşdıracağıq ki, bu bizə komissiyamızın işinə yekun vurmağa və müəyyən məmnunluq duymağa imkan verəcəkdir. Sağ olun.

Heydər Əliyev: Fikirlərimiz və baxışlarımız ümumən üst-üstə düşür. İndi işi yaxşı təşkil etmək və onu yaxşı həyata keçirmək lazımdır. Əlbəttə, bununla əlaqədar komissiyalarımızın nümayəndələrinin görüşü böyük əhəmiyyətə malikdir. Məsələn, mən hesab edirəm ki, bu görüşlər daha tez-tez keçirilməlidir. Doğrudur, biz komissiyanın Rusiya tərəfindən bir neçə həmsədri ilə görüşməli olmuşuq, çünki orada hökumət dəyişmiş, insan dəyişilmişdir, - biz onlardan birinə öyrəşməyə başladıqda, o dəyişilmişdir. Bizdə isə hər şey sabitdir. Mənə elə gəlir ki, Abbasov birgə Azərbaycan-Rusiya komissiyasının həmsədri olmaqda, necə deyərlər, saç-saqqal ağartmışlar. Bir sözlə, biz heç kimi dəyişdirmirik və gələcəkdə daha sıx, daha fəal əməkdaşlıq etmək mövqeyində möhkəm dururuq. Hesab edirəm ki, mümkün bilməniz əsas məsələlər və ya çətinliklər barədə sonra mənə məlumat verərsiniz. Ancaq ona qədər mən bəzi mülahizələrimi söyləmək istərdim. Sözümün əvvəlində bəyan etdim ki, xarici siyasətimizin strateji istiqaməti bütün sahələrdə, o cümlədən siyasət sahəsində Rusiya ilə münasibətlərimizi inkişaf etdirmək və möhkəmlətməkdən ibarətdir. 1997-ci ilin iyulunda mən prezident Boris Yeltsinin dəvəti ilə Rusiyaya rəsmi səfərə getdim. Yaxşı görüşlərimiz, danışıqlarımız oldu, dostluq, əməkdaşlıq haqqında çox yaxşı sənədlər imzaladıq. O vaxta qədər də, sonra da müxtəlif problemlər olmuşdur. Lakin hər halda bu, bütün sahələrdə münasibətlərimizin inkişafı üçün mühüm mərhələ oldu. Biz münasibətlərimizin inkişafı üçün bundan əvvəl də çox işlər görmüşdük. Məsələn, 1996-cı ildə mən Moskvaya xüsusi olaraq gedib Bakı-Novorossiysk neft kəmərinin inşası haqqında Baş nazir Viktor Stepanoviç Çernomırdinlə saziş imzaladım - elə bunun özü mühüm addım, iqtisadi və siyasi münasibətlərimizin inkişafına mühüm töhfə idi. Yeri gəlmişkən, bu sazişin həyata keçirilməsi Çeçenistanın mövqeyi ilə əlaqədar böyük çətinliklərlə qarşılaşdı. Lakin biz bunu dəf etdik və bildirmək istəyirəm ki, öz xidmətlərimizdən danışmaq üçün demirəm, - mən bu işə qarışmalı olmuşdum. Moskvada sənədi imzalaya bilmirdilər və belə olduqda mənə zəng vurdular, buraya gəldilər, bax bu salonda Çeçenistan nümayəndə heyəti və o vaxt Baş nazirin birinci müavini Nemsovun başçılıq etdiyi Rusiya nümayəndə heyəti razılaşmalar əldə etməyə və sənədi imzalamağa müvəffəq oldular. Biz neft kəmərini çəkdik. 1997-ci ildə neft çıxartdıq və bu kəmərin açılışını elan etməzdən əvvəl borunu neftlə doldurduq. Yəni bu, qiymətləndirilməli olan bir addım idi. Biz onu qiymətləndiririk. Halbuki bu, elə bir dövr idi ki, Çeçenistan hadisələri ilə əlaqədar Azərbaycan əleyhinə güclü kampaniya aparılırdı. Xatirimdədir, 1996-cı ilin yanvarı idi, mən Moskvaya gəldim və Boris Nikolayeviç Yeltsin və Viktor Stepanoviç Çernomırdin ilə görüşdüm, biz Viktor Stepanoviçlə bu neft kəməri haqqında saziş imzaladıq. Orada mətbuat konfransı keçirildi. Mətbuatda, televiziya ilə Azərbaycana qarşı yenə də ittihamlar yağdırılıb bildirilirdi ki, ərəb ölkələrindən, Əfqanıstandan, İrandan, Türkiyədən və başqa ölkələrdən silah gətirən təyyarələr guya Azərbaycan ərazisinə enir. O vaxt mən onlara cavab verdim ki, yalan məlumatla məşğul olmaq lazım deyildir. Bütün bunlar sonra da davam etdi və mən Rusiya sərhəd qoşunlarının o vaxtkı rəhbəri Nikolayevi dəvət edib, ondan xahiş etməli oldum ki, öz komissiyasını buraya göndərsin. Başa düşürsünüzmü, heç bir fakt aşkara çıxarılmadıqda başladılar ki, guya hansısa keçidlər var və Çeçenistana da oradan keçib gedirlər. Əvvəla, Azərbaycan ərazisində belə keçidlər yoxdur, onlar oraya necə keçib gedə bilərlər? İkincisi isə, Rusiya sərhəd qoşunlarının komissiyası gəldi, onlar bir həftə bütün sərhədə baxdılar, amma bir dənə də olsun elə yer tapa bilmədilər ki, oradan adamlar qanunsuz olaraq keçə bilsinlər. Özü də elə bir halda ki, Rusiya-Azərbaycan sərhədinin Dağıstan tərəfdən Rusiya sərhədçiləri də qoruyurlar. Bu, televiziya ilə nümayiş etdirildi, - o, etiraf etdi ki, heç nə yoxdur. Sonra Çeçenistanda hadisələr bir qədər səngidi və bu mövzu bir növ unuduldu, biz də arxayınlaşdıq. Neftin bu boru ilə ixracını davam etdirdik. İndi orada hadisələr yenidən başlayandan biz neftimizi ixrac etmək imkanından məhrum olduq. Deyirlər ki, orada sistemlərdən istifadə edirlər. Amma bu, beş aylıq fasilədən sonra edilir. Bir baxın, biz nə qədər ziyan çəkmişik. Halbuki biz bu sənədi imzalayarkən Rusiya hökuməti bizə möhkəm təminat verərək bildirmişdi ki, narahat olmayın, bütün tədbirlər görüləcəkdir. Şükürlər olsun ki, biz Bakı-Supsa neft kəmərini çəkdik. Axı indinin özündə konsorsium 5 milyon ton neft çıxarır. Biz nə edərdik? Axı bu, daha Azərbaycan nefti deyil, burada işləyən şirkətlərin neftidir. Lakin mən bu barədə demək istəmirəm. Azərbaycan əleyhinə bu təbliğat səngidi. Biz sevindik, çünki bunu istəmirik və Rusiyanın mətbuatı, ayrı-ayrı dairələri tərəfindən belə dezinformasiya xarakterli təbliğat müharibəsinə layiq deyilik. Amma bu son bir neçə ayda Azərbaycan əleyhinə yenə də güclü təbliğat gedir. Televiziya vasitəsilə, qəzetlər vasitəsilə beyinlərə yeridirlər ki, "Azərbaycan antirusiya siyasəti aparır". Moskvada partlayışlar baş verdi - dərhal azərbaycanlıları bazarlardan qovmağa, onları nədəsə təqsirləndirməyə başladılar və s. Təəssüf ki, siz partlayışları törədənləri indiyədək tapmamısınız. Eyni zamanda, bazarlarda ticarətlə məşğul olan azərbaycanlıların bununla heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, bazarlarda azərbaycanlılara hücumlar başlandı, hər cür xoşagəlməz yazılar dərc edilməyə başlandı. Bundan əvvəl "Qafqaz millətindən olan şəxslər" kimi termin uydurmuşdular, sonra da konkret olaraq deməyə başladılar ki, bu şəxslər azərbaycanlılardır. Biz bununla əlaqədar öz münasibətimizi bildirərək dedik ki, belə hərəkət etmək olmaz, səfirimiz orada işləyirdi və sairə. Son vaxtlar isə bizə qarşı həyasız təbliğat gedir. Dəhşətdir! Hər axşam televiziya ilə belə təbliğat aparılır. Bizdə burada ORT-yə də, RTR-ə də, NTV-yə də baxırlar - ölkəmiz azad ölkədir, halbuki bu kanallar bəzi MDB ölkələrində yayımlanmır. Elə bunun özü də göstərir ki, biz Rusiya ilə çox yaxın əlaqə saxlamaq istəyirik. Əgər biz, məsələn, başqa əhvalruhiyyədə olsaydıq… Yeri gəlmişkən, bəziləri mənə deyirlər: Bizim burada özəl kanallarımız var, onlar təkcə Bakıya yayımlanır, bütün respublikaya translyasiya etdiyiniz üç Moskva kanalı sizin nəyinizə gərəkdir, gəlin, özəl kanallardan birini Azərbaycanın digər rayonlarına translyasiya edək. Amma biz öz mövqeyimizi saxlayırıq. Əlbəttə, xalqımız Moskva televiziyasına baxır, Moskva qəzetlərini oxuyur. Açığını deyəcəyəm, böyük narahatlıq var. Bu, bir tərəfdən. Digər tərəfdən isə, belə dezinformasiya, bir sıra hallarda düşməncəsinə böhtanlar, təbii ki, Rusiyada ictimai rəyi formalaşdırır. Biz isə bunu istəmirik, istəyirik ki, Rusiya ilə dostluq münasibətlərimiz olsun, istəyirik ki, Rusiya ictimaiyyətinin Azərbaycan haqqında, Azərbaycanın Rusiyaya münasibəti haqqında doğru-düzgün təsəvvür olsun. Bizim Rusiyaya qarşı iradlarımız var, biz onları açıq bildirmişik, demişik ki, Ermənistanla Azərbaycan arasında münaqişə olduğu halda, Rusiya Müdafıə Nazirliyindən ayrı ayrı adamlar Ermənistana qanunsuz olaraq bir milyard dollarlıq silah göndərmişlər. Bu məsələ indiyədək təhqiq edilir. Təhqiqat hələ də qurtarmayıb, hərçənd hər şey - bunu kimlərin etdiyi aydındır, biz bütün sənədləri vermişik. Boris Nikolayeviç də əvvəlcə təhqiqat aparılması üçün qəti göstəriş vermişdi. Amma 1997-ci ilin martından başlayaraq indiyədək təhqiqat gedir. Bizim iradlarımız var. Biz ondan narazıyıq ki, Rusiya Ermənistan ərazisində böyük miqdarda silahlar və hətta C-300 raketləri, MİQ-29 təyyarələri yerləşdirir. Biz bundan narazıyıq. Bunu açıq bildiririk. Amma bizim fikrimizlə hesablaşmırlar. Bu, artıq Rusiya hökumətinin işidir. Lakin biz açıq bildiririk. Həm də təkcə burada yox. Mən bunu MDB dövlətləri başçılarının iclaslarında açıqca bildirmişəm. Bu, bir məsələ. Başqa məsələ Şimali Qafqaz hadisələridir. Əlbəttə, çətin məsələdir, əlbəttə, müşkül məsələdir. Başa düşürəm. Bununla belə, niyə öz səhvlərindən danışmırlar, Şimali Qafqazda indiyədək qayda-qanun yaradıldığına görə kimlərin təqsirkar olduğunu niyə açıqlıği ilə demirlər, niyə təqsirkarları burada axtarırlar? - "Yaraqlılar, silahlar Azərbaycandan keçib gedir". Açığını deyim ki, bu, bizi hiddətləndirir. Hesab edirəm ki, Rusiya hökumətindəki və ya dövlətindəki, bilmirəm haradakı ayrı-ayrı dairələr, hər halda, rəsmi orqanlardakı dairələr, xüsusən Rusiya mətbuatı televiziya və qəzetləri Rusiya-Azərbaycan münasibətlərinə olduqca böyük ziyan vururlar.

Bu gün bəyan edirəm - Azərbaycan ərazisi ilə Çeçenistana bilavasitə və ya tranzitlə silah göndərilməsinə bizim heç bir əlaqəmiz olmayıb və yoxdur. Azərbaycandan oraya heç vaxt, heç bir yaraqlı keçib getməmişdir. Bəlkə də hansısa bir könüllünün özü getmişdir və sairə. Biz buna cavabdeh deyilik. Hər halda, belələri də tutulmamışdır. Siz fakt verin. Yeri gəlmişkən, dünən mən televizora baxırdım, Rusiya hökumətinin iclasını göstərirdilər. Orada sərhəd qoşunlarının rəisi Totski məlumat verirdi. O, burada, daha doğrusu, Azərbaycanın Rusiya ilə sərhədində - Dağıstanda olub, bizim sərhəd qoşunlarının rəisi ilə görüşübdür. Onlar informasiya, rəy mübadiləsi aparıblar. O, Moskvaya qayıtdıqdan sonra bəyan etdi ki, onlar Azərbaycandan Çeçenistana silah və ya yaraqlılar keçdiyini təsdiqləyən heç nə tapmamışlar. Bir də ki, məsələni belə qoymaq təəccüblüdür. Axı sərhədi Rusiya sərhədçiləri də qoruyurlar. Əgər kimsə Azərbaycandan keçirsə, Azərbaycan sərhədçiləri onu ya görməyiblərsə, ya da, Azərbaycan əleyhinə aparılan təbliğatda deyildiyi kimi, "qəsdən buraxıblarsa", onda nə üçün Rusiya sərhədçiləri tutub saxlamırlar? Nə üçün? Nə üçün dünən hökumətdə Rusiya sərhədçilərini qınayıb demədilər ki, onlar öz sərhədini pis qoruyurlar və birdən-birə başlayıblar ki, Azərbaycana qarşı viza rejimi tətbiq etmək lazımdır? Buyurun. Əgər Rusiya istəyirsə, qoy tətbiq etsin. Biz bu mövzuda danışıqlar apara bilərik. Amma bunu sivil yolla etmək lazımdır. Heç bir əsas olmadan bütün dünyaya car çəkərək, bunun hökumətdə birtərəfli qaydada bəyan edilməsini isə mən heç cür başa düşə bilmirəm. Mən rəsmən bəyan edirəm. Nəyə görə? Ona görə ki, əgər həqiqətən hər hansı bir fakt olsaydı… Yeri gəlmişkən, dünən məlumat verən sərhədçi Gürcüstandan danışdı, Azərbaycan haqqında isə heç nə demədi. Amma birdən Azərbaycan peyda olur, bu gün biz nota alırıq. Yaxşı. Bu, ümumiyyətlə, həqiqətən sivil münasibətlərdir. Elə isə nota verməzdən əvvəl televiziya ilə, hökumətin iclasında bu cür bəyanatla çıxış etmək nəyə gərəkdir? Bu, nəyə lazımdır? Biz bu nota ilə bağlı məsələlərlə məşğul olmaqdansa, danışıqlar aparmaqdansa, ona nail oldular ki, hökumətin bütün televiziya kanalları ilə verilən iclasında edilmiş bu bəyanat artıq Rusiya-Azərbaycan münasibətlərinə ziyan vurur. Ona görə də bu gün mən bundan öz narazılığımı bildirmək istəyirəm. Bütün bu məsələlər barəsində mən sentyabrın 2-də Bakıda Rusiyanın xarici işlər naziri İqor İvanovla, "Əsrin müqaviləsi"nin 5-ci ildönümünü birlikdə qeyd etdikdən sonra, sentyabrın 21-də Viktor İvanoviç Kalyujnı ilə ətraflı danışmışdım. Açıq demişdim və mənim mövqeyim bütün qəzetlərdə, televiziyada, hər yerdə var. Çeçenistanda baş verən hadisələrlə bizim heç bir əlaqəmiz yoxdur. Bizi bu hadisələrə süni şəkildə bağlamaq cəhdləri o deməkdir ki, Azərbaycanla Rusiya arasında münasibətləri qəsdən mürəkkəbləşdirmək istəyirlər. Dağıstan bizə dost respublikadır. Əlbəttə, Rusiyanın ayrılmaz hissəsidir. Dağıstanda müxtəlif millətlərə mənsub insanlar yaşayırlar, onların Azərbaycanda qohumları var. Avarlar, ləzgilər, dargilər və başqa xalqlar Dağıstanda da, Azərbaycanda da yaşayırlar, çünki bu sərhəd əvvəllər yox idi. Dağıstanda 130-140 min azərbaycanlı yaşayır. Biz çox istəyirik ki, Dağıstanda sakit, sabit vəziyyət olsun. Bunu çox istəyirik. Biz Dağıstanla dostluq münasibətləri saxlayırıq. Bu yaxınlarda Dağıstan rəhbərləri mənə müraciət etmişdilər, onlarda yanacaq sarıdan çətinlik vardı. Bütün müqavilələrimizin imzalanıb qurtarmasına baxmayaraq, sözün düzü, bunun müəyyən haqqını ələ almayacağımızı hələ bilməsək də, dostluq münasibətlərimizi nəzərə alaraq, mən göstəriş verdim və biz yanacaq göndərdik. Hansı məbləğdə?

Artur Rasizadə (Azərbaycanın Baş naziri): Haqqı üç aydan sonar ödənilmək şərti ilə bir milyon dollarlıqdan artıq.

Heydər Əliyev: Məlum deyil, olacaq, ya yox. Bizim münasibətimiz bax belədir. Biz istəyirik ki, Dağıstanda sabitlik olsun. Rusiya Dağıstanda sabitlik yarada bilməyibsə, bu, Rusiyanın işidir. Deməliyəm, mən artıq bu barədə danışmışam ki, hələ 1997-ci ildə Moskvada rəsmi səfərdə olarkən Boris Nikolayeviç Yeltsinə demişdim - Dağıstandakı vəziyyət bizi narahat edir, çünki oraya şimaldan müxtəlif qüvvələr soxulur və orada vəziyyət çətinləşə bilər, tədbir görün. Mən bunu demişdim. Mən bunu 1997-ci ilin oktyabrında MDB-nin iclasında da demişdim. Yəni, biz istəyirik ki, Rusiyanın hər yerində, xüsusən Azərbaycanla sərhədin keçdiyi yerlərdə, soydaşlarımızın yaşadıqları yerlərdə, bizi çoxəsrlik dostluq telləri bağlayan insanların yaşadıqları yerlərdə sabitlik olsun. Biz həmişə bunu əsas tutmuşuq və bu gün də əsas tuturuq və bəyan etmişik ki, hər bir dövlətin ərazi bütövlüyünə tərəfdarıq. Artıq 12 ildir ki, biz erməni separatizmindən əzab çəkirik, bunlar başımıza gəlmişdir və bu gün də gəlir. Azərbaycanın ərazi bütövlüyünün pozulmasından, Azərbaycan ərazisinin 20 faizinin erməni silahlı birləşmələri tərəfindən işğal olunmasından uzun illərdən bəri əzab-əziyyət çəkirik. Biz bundan əzab-əziyyət çəkirik ki, bir milyon azərbaycanlı işğal edilmiş torpaqlardan qovulmuşdur, 6-7 ildir çadırlarda yaşayır. Biz bundan əzab-əziyyət çəkirik. Bu nə deməkdir? Bu, ekstremizm, separatizm, terrorizm deməkdir, bu, nəhayət, beynəlxalq hüququn pozulması, Azərbaycanın ərazi bütövlüyünün pozulması deməkdir. Ona görə də biz bu mövqelərdə möhkəm dayanmışıq, möhkəm. Bu gün Rusiya səfiri mənə dedi ki, Boris Nikolayeviç Yeltsin üçüncü minillik üçün öz mülahizələri haqqında Birləşmiş Millətlər Təşkilatına böyük bir təklif göndərmişdir. Səfir oradan bir abzası mənə oxudu. Mən dedim - bilirsinizmi, biz bunun uğrunda on ildir mübarizə aparırıq. Helsinki sənədlərində nəzərdə tutulmuş ərazi bütövlüyünə və öz müqəddəratını təyinetmə prinsipinə, sənin izah etdiyin kimi, elə baxılmamalıdır ki, guya öz müqəddəratını təyinetmə hər şeydən üstün olan bir prinsipdir.

Aleksandr Bloxin (Rusiyanın Azərbaycandakı səfiri): Öz müqəddəratını təyinetmə ərazi bütövlüyü prinsipini pozmamalıdır.

Heydər Əliyev: Ərazi bütövlüyünü. Biz artıq on ildir deyirik ki, Ermənistan Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə tələb edir. Erməni xalqı öz müqəddəratını çoxdan təyin etmişdir, çünki öz dövlətinə malikdir. Ermənilər isə Azərbaycanda daha bir dövlət yaratmaq istəyirlər. Görürsünüzmü, siz şikayətlənirsiniz ki, ərazi bütövlüyü pozulmuşdur, beynəlxalq təşkilatlarda isə deyirdilər - baxın, onlar öz müqəddəratını təyin etmək uğrunda mübarizə aparırlar. Biz bütün bunlara qarşı çıxış etmişik və edirik, çünki bunlardan özümüz əzab əziyyət çəkirik, xalqımız əzab-əziyyət çəkir. Ona görə də bu məsələyə münasibətimiz aydın və anlaşıqlıdır: Biz Rusiyanın ərazi bütövlüyünə tərəfdarıq. Çünki Rusiya kimi bir dövlətin ərazi bütövlüyü pozularsa, bunun çox ağır nəticələri olar. Mövqeyimiz belə açıq və aydın olduğu halda, bütün bu məsələləri təhrif etmək lazım deyildir. Əlbəttə, biz həmişə terrorizmin əleyhinə olmuşuq, ondan əzab-əziyyət çəkmişik. Moskvadakı partlayışlar. Bizim metropolitendə iki partlayış törədilmişdir. 1994-cü ildə 60-dək adam həlak olmuşdur. Bunu Ermənistanın xüsusi idarələri Qarabağ müharibəsində əsir düşmüş sakinlərimizin əlləri ilə etmişlər. Onları aldadıb öz tərəflərinə çəkmiş, bir nəfərin anasını Rusiya ərazisi ilə oraya aparıb girov saxlamış, onlara göstəriş vermişlər. Həmin adam buraya gələrək qrup toplamış, bir partlayış törətmiş, sonra ikincisini törətmişdir. Yeri gəlmişkən, bu partlayışı təşkil edən adama sonra Rusiya pasportu vermişlər. Federal Təhlükəsizlik Xidməti sağ olsun ki, onları sonra bizə verdilər. Biz onları tapdıq. Yəni biz partlayışın nə demək olduğunu bilirik. Biz tapdıq. Siz də evləri partladanları tapın. Gah birindən, gah da başqasından şübhələnmək nəyə lazımdır? Ona görə də mən bu fikirdəyəm ki, Şimali Qafqazda nə edirsinizsə, bunlar sizin daxili işlərinizdir. Biz terrorizmə qarşı çıxış etmişik və edirik. O ki qaldı Çeçenistanla bağlı məsələnin hansı yolla edilməsinə, bu sizin işinizdir. Biz həmişə məsələnin siyasi yolla həll edilməsinə tərəfdarıq. Bu mövqedə möhkəm dayanmışıq. Yeri gəlmişkən, sizin rəhbərləriniz də deyirlər ki, siyasi qərarı dəstəkləyirlər. Biz Ermənistanla müharibə edirik. Lakin 1994-cü ildə hərbi əməliyyatları dayandırdıq. İnsanlarımızın çadırlarda zillət çəkməsinə baxmayaraq, beş ildən artıqdır ki, biz məsələnin siyasi yolla, danışıqlar yolu ilə həll edilməsinə çalışırıq. Beş il keçib, amma bunu edə bilməmişik. Ancaq mən bu gün də məsələnin zorakılıqla həllinin əleyhinəyəm, silah işlədilməsinin əleyhinəyəm, müharibənin yenidən başlanmasının əleyhinəyəm. Nəyin bahasına başa gəlsə də, biz bu məsələnin dincliklə həllinə nail olacağıq. Buna görə də, təbii olaraq, biz də ona tərəfdarıq ki, siz bu məsələləri sülh yolu ilə, danışıqlar yolu ilə həll edəsiniz. Amma, nəticə etibarilə, bu sizin daxili işinizdir. Biz Rusiyanın daxili işlərinə qarışmırıq. Mən bütün bunlar barəsində ürək ağrısı ilə danışıram, çünki Rusiyanın mətbuat orqanları vasitəsilə yayılan əsassız, yalan təbliğat, bəzən dövlət, hökumət dairələrindən olan ayrı-ayrı şəxslərin dilindən çıxan informasiya bizi narahat edir. Bu, bizi məhz ona görə narahat edir ki, dostluq münasibətlərimizə hansısa pislik edilməsini istəmirik. Əgər biz Rusiya ilə dostluq münasibətlərinə biganə olsaydıq, onda buna etinasız yanaşardıq və indi bunları sizə deməzdik. Bilirəm ki, siz bəlkə də bu məsələlərlə məşğul olmursunuz. Amma fürsətdən istifadə edərək, bunu sizə söyləməyi lazım bildim.

Nikolay Aksyonenko: Hörmətli Heydər Əlirza oğlu, mən Sizin ağrılarınızı, indicə dediklərinizi başa düşürəm. Məncə, bu gün nəinki Rusiyanın, eləcə də onunla həmsərhəd dövlətlərin - Azərbaycanın, Gürcüstanın, digər dövlətlərin maraqları ilə bağlı tutulan mövqeləri açıqlamaq istəyirəm. Sizin indicə danışdığınız, xüsusən kütləvi informasiya vasitələrinə aid problemlər məlumdur. Mən bu suallara Rusiya daxilində, onun hüdudlarından kənarda dəfələrlə cavab vermişəm. Zənnimcə, Siz mənimlə razılaşırsınız ki, ağır xəstəlikdən çıxan cəmiyyətdə, - biz isə etiraf etməliyik ki, inkişafın tarixi gedişinin bərpası yolunda çox ciddi addımlar atırıq, ayrı-ayrı xəstə adamlar, fəaliyyətdə tam bir sıra istiqamətlər, o cümlədən də xəstə kütləvi informasiya vasitələri ola bilər. Çox uzun bir müddət ərzində biz təkcə bu məsələlərdə deyil, başqa məsələlərdə də düzgün qərarlar tapa bilməmişik, bizdə hər şey həddindən ziyadə bəsit idi və şübhəsiz ki, bu sərbəstlik, bu açıqlıq siyasəti, təəssüflər olsun, heç də hamı tərəfindən lazımi, konstruktiv yönümdə - dövlətlər arasında təşəkkül tapan vəziyyətə müvafiq kifayət qədər obyektiv mövqe yaradılması yönümündə dərk edilmir. Şübhə yoxdur ki, ayrı-ayrı kütləvi informasiya vasitələri, hətta ayrı-ayrı kütləvi informasiya vasitələri çərçivəsində elə adamlar, elə qruplar tapılır ki, onlar öz mövqeyini vəziyyətin əksinə izhar edə bilərlər, zənnimcə, biz buna diqqət yetirməklə yanaşı, müəyyən hövsələyə də malik olmalıyıq. Siz nə kimi hadisələr baş verdiyini və bu səpgidə nə kimi mülahizələr irəli sürüldüyünü bilirsiniz. Şübhəsiz ki, biz Sizin fikirlərinizi nəzərə alırıq. İnanın, təkcə bu söylədiklərinizlə bağlı olan fikirlərinizi deyil, başqa fikirlərinizi də nəzərə alırıq. Dərc olunanların bir çoxundan biz özümüz də narazıyıq, müvafiq tədbirlər görürük və görəcəyik. Amma bu tədbirlər mövcud hüquq çərçivəsində olmalıdır. Çox təəssüflər olsun ki, hüquq daha kamil cəmiyyət üçün, daha yetkin insanlar üçün nəzərdə tutulmuşdur. Yəqin doğrudur ki, hüquq insanın inkişafını nəzərdə tutur. Amma buna gəlib çatmaq lazımdır.

Heydər Əlirza oğlu, biz əməkdaşlığımıza, dostluğumuza və bu münasibətlərin inkişafına kömək edə biləcək şərait yaradılması üçün mövcud hüquq çərçivəsində hər şeyi edəcəyik. İnanın ki, uzun illər ərzində Qafqazda, xüsusən Çeçenistanda yaranmış şəraitdə yaşamaq bu gün bizim üçün çox çətindir. Təfsilata varmaq istəmirəm, amma bildirmək istərdim ki, Rusiyada biz -hökumətin üzvləri, sədri, Sizin doğru nəzərə çarpdırdığınız kimi, separatizm meyllərinin, terrorizmin inkişafını istisna edən şərait yaratmağa çalışırıq. Niyyətimiz də bu problemləri birlikdə, o cümlədən və ya ən əvvəl çoxdankı yaxşı ənənələri nəzərə alaraq Azərbaycanla, Gürcüstanla, başqa ölkələrlə, dost dövlətlərlə həll etməyə çalışmaqdır. Təəssüflər olsun, Rusiya sərhədi məsələsi. Siz doğru qeyd etdiniz. Bax, bu hadisələr, gah bir nöqtədən, gah da digər nöqtədən onu keçmək faktları bizi də narahat edir. Ona görə yox ki, biz demək istəyirik, bunun üçün Rusiyadan savayı hamı təqsirkardır. Ümumiyyətlə, mən heç bir irad irəli sürməzdim. Amma elə adamlar var ki, onlar müəyyən işlərlə məşğuldur, müəyyən məqsədlər güdürlər. Sərhədlərin müəyyən dərəcədə şəffaf olduğu bir şəraitdə nə isə bir iş görmək istəyimizin və cəhdlərimizin əksinə olaraq, onlar kifayət qədər sərbəst hərəkət etmək və elə çirkin əməllər törətmək imkanına malikdirlər ki, sonra biz Sizinlə bunları Rusiyada, Azərbaycanda terror hərəkətləri kimi qeydə alırıq. İnanın, biz dövlət, hökumət başçıları bununla məşğul olmalı və bu məsələləri həll etməli olan idarələrin başçıları səviyyəsində çalışırıq ki, hazırda baş verən və ya baş verə biləcək hadisələrin verdiyi itkilər və vurduğu zərər az olsun. Bax, siz nota haqqında danışdınız, zənnimcə, müvafiq idarələr bu nota və ya qarşılıqlı münasibətlərimiz çərçivəsində, ola bilər, danışıqlar stolu arxasında əyləşəcək və bütün məsələləri sakitcə müzakirə edəcəklər. Həqiqətən, biz çalışırıq ki, Rusiya ilə Azərbaycan arasında artıq təşəkkül tapmış bütün maksimum mümkün şəraiti qoruyub saxlayaq. Biz gediş-gəlişlə, köçmələrlə bağlı nə kimi miqrasiya baş verdiyinə bələdik. Mən Dağıstanda dəfələrlə olmuşam. Yeri gəlmişkən, biz orada yeni dəmir yol keçidlərini sahmana salmışıq. Həqiqətən, orada ləzgilər də, darginlər də yaşayırlar. Orada yaşayan xalqların sayı çoxdur, onları bir-birindən fərqləndirmək çətindir, nə etmək olar, həyat belədir. Əlbəttə ki, biz bunların hamısını nəzərə almalıyıq və bu istiqamətdə işləyərkən belə bir şəraitin saxlanması üçün imkan tapmaq olar və lazımdır. Biz Sizə minnətdarıq ki, Siz müdaxilə etməmək, bu məsələlərin həll edilməli olması mövqeyini dəstəkləyirsiniz. Biz bu məsələlərlə Rusiyada məşğul olacağıq. İnanın, biz problemi maksimum dinc yolla həll etməyə çalışırıq. Amma elə metastazlar da var ki, onlar çoxdan bəri kök atilə, bir qədər başqa münasibət göstərilməsini tələb edir. Bax, bu başqa münasibətdən son dərəcə müstəsna hal kimi istifadə olunur. Bilirsiniz ki, bunların hamısı çox mürəkkəbdir. Azərbaycanda Siz elə bir yollar tapdınız ki, bunlar insanlara sülh, qurub-yaratmaq imkanı verdi. Odur ki, bu gün Azərbaycanda baş verən hadisələr daxili məsələləri necə həll etməyi göstərən bir nümunədir. Heydər Əlirza oğlu, biz buna sadiqik və Sizin müdrikliyinizi son dərəcə yüksək qiymətləndiririk. Biz Rusiyada bütün bu məsələlərin həlli yollarını, inanın, hökumətlərarası komissiyanın xətti ilə atdığımız addımları, indiki görüşümüzün, söhbətimizin nəticələrini nəzərə alaraq tapacağıq. Bizim bir niyyətimiz var - hər şeyi etməyə çalışırıq ki, indi hamımızda olan yönümü, əhval-ruhiyyəni və arzuları itirməyək və mürəkkəb şəraitdə elə yollar axtarıb tapaq ki, bunlar müvəffəqiyyət gətirməyən və müəyyən vaxtdan sonra bizi peşman edəcək hər hansı sərt hərəkətlərə uymağa imkan verməsin. Heydər Əlirza oğlu, biz hamımız hövsələli, müdrik olmalıyıq. Biz baxacağıq, deyilənləri dinləyəcəyik, vəziyyəti həqiqətən lazımi istiqamətdə irəlilədən qərarlar tapacağıq. Zənnimcə, bunun məhz belə olması üçün Rusiya ilə Azərbaycan arasında bütün imkanlar var. Demək istəyirəm ki, işimizə qara yaxmaq, nəyi isə başqa cür demək üçün, şübhəsiz, hər cür cəhdlər var. Bu, müəyyən kin-küdurətə, müəyyən daxili gərginlik yaranmasına gətirilə çıxarır. Məncə, bizim iradəmiz birini digərindən ayırmağa və məsələlərin həllinə yönəldilməlidir. Heydər Əlirza oğlu, bununla əlaqədar Sizə demək istərdim ki, biz Rusiyada komissiyamızın çərçivəsi daxilində işləyəcəyik, bu keşməkeşli zəmanəmizə müvafiq fəaliyyət göstərməyə, səhvlərə və nöqsanlara yol verməməyə çalışacağıq.

Heydər Əliyev: Azərbaycan ilə Rusiya arasında viza rejimi tətbiq olunacağı barədə dünən bəyanat verilməsi və bu gün nota almağımız ilə əlaqədar bəyan etmək istəyirəm ki, əlbəttə, bunların hamısını biz dövlətlərarası münasibətlərə uyğun surətdə nəzərdən keçirəcəyik. Siz bilirsiniz, MDB ölkələrinin Bişkek sazişinə əsasən 90 gün əvvəldən bildirilməlidir ki, viza rejimi tətbiq edilir. Biz buna baxacağıq. Amma bəyan etmək istəyirəm ki, Rusiya tərəfindən bu təklifin meydana gəlməsinin səbəbi ilə heç cür razılaşa bilmərəm. Çünki əgər biz sadəcə, müəyyən əsaslandırmalarla adi, sakit ruhlu bir nota alsaydıq, onda bu, dövlətlərarası münasibətlər baxımından həqiqətən normal hal olardı. Amma dünən bütün dünyaya car çəkiləndə ki, Azərbaycanla viza rejimi qoymaq lazımdır və bütün bunlar Çeçenistan hadisələri ilə bağlanılır, onda bu səbəblə razılaşa bilmərəm. Əlbəttə, Sizin dövlətinizin belə bir məsələ qaldırmağa haqqı var, amma mən bu səbəbi rədd edirəm.

Nikolay Aksyonenko: Heydər Əlirza oğlu, bu məsələlərə dair danışıqlar çərçivəsində elə bir yol axtarmağa imkanımız var ki, bu gün üçün real vəziyyəti əsas götürdükdə, ikitərəfli münasibətlərimizdəki vəziyyəti, faktları, habelə sərhədlə ayrılmış əhalinin qohumluğunu nəzərə aldıqda, hazırda həmin yol doğru olardı. Düşünürəm ki, Rusiyanın Xarici İşlər Nazirliyi də Sizin Xarici İşlər Nazirliyiniz də məhz belə bir mövqeyi əsas götürəcək, nəzərə alacaqdır. Doğru buyurdunuz ki, danışıqlar prosesi gedir, hər iki tərəfi kifayət qədər obyektiv surətdə razı salan nəticələr əldə etmək olar. Gəlin, bu gün Azərbaycanın və Rusiyanın əhalisi, sakinləri tərəfindən ağrılı qəbul oluna biləcək sualların cavablarını danışıqlar prosesinin bu cür inkişafı çərçivəsində tapmağa çalışaq.

Heydər Əliyev: Yaxşı. Görünür, indi bəzi konkret iqtisadi məsələlərlə bağlı mülahizələri də dinləmək olar.