Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransanın Azərbaycandakı Səfiri Jan Pyer Ginyut ilə görüşdəki söhbətindən - Prezident sarayı, 20 aprel 1999-cu il


Jan Pyer Ginyut: Cənab prezident, Sizinlə görüşdən şərəf duyduğumu bildirirəm. Vaxt tapıb məni qəbul etməyiniz bizim fəaliyyətimiz üçün böyük dəstəkdir. Bilirəm ki, vaxtınız çox məhduddur, ona görə də çalışacağam ki, bir sıra məsələlər barədə Sizə qısa məlumat verim.

Cənab prezident, Fransa prezidentinə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı yazdığınız məktuba cənab Jak Şirak cavab göndərmişdir. İcazə verin həmin məktubu Sizə təqdim edim. Cənab Jak Şirak Sizin məktubunuzu diqqətlə öyrənibdir. Mən dəqiq bilirəm ki, Sizin məktubunuza cavabında Jak Şirak bir çox yerləri öz əli ilə düzəldib, öz fikirlərini, sözlərini yazıbdır. Bu, bizim üçün çox böyük əhəmiyyətə malikdir. Prezident Jak Şirak bu cavab məktubunda Sizin narahatlığınıza şərik olduğunu bildirmişdir.

Cavab məktubunda prezident Jak Şirak Sizi əmi edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində o, həmişə fəal iştirak edəcəkdir. Cənab Şirak belə hesab edir ki, Azərbaycanın mövqeyinə çox ciddi münasibət göstərmək, onu nəzərə almaq lazımdır. Ona görə də o bildirir ki, Azərbaycanın son dəfə qəbul etmədiyi və rədd etdiyi təkliflərin üzərinə bir də qayıtmağa ehtiyac yoxdur. Cənab Şirak belə hesab edir ki, indi, prosesin davam etmədiyi bir vaxtda bu mövqe üzərində dayanmaq mümkün deyildir. Bununla əlaqədar olaraq, o öz məktubunda bu münaqişənin həlli ilə bağlı ATƏT-in Lissabon zirvə görüşündə qəbul edilmiş hər üç prinsipə tamamilə tərəfdar olduğunu bir daha bildirişdir.

Cənab prezident, Siz həmin məktubda görəcəksiniz ki, prezident Jak Şirak həm də azərbaycanlı qaçqınların Dağlıq Qarabağa, öz evlərinə qayıtması məsələsində təkid edir. Bu elə bir prinsipdir ki, bu barədə ilk dəfə 1997-ci ildə Fransanın xarici işlər naziri Sizə öz fikrini bildirmişdi. Ümumiyyətlə, Fransa prezidenti Sizin bu sahədəki fəaliyyətinizə və Ermənistanla Azərbaycan arasındakı siyasi əlaqələrə çox böyük əhəmiyyət verir.

Cənab Şirak Bakıdakı binalardan birinin qarşısına general de Qollun xatirə lövhəsinin vurulması barədə Sizin sərəncamınızı çox yüksək qiymətləndirir.

Cənab prezident, mən bir daha bildirirəm ki, prezident Şirak Bakıdakı binalardan birinin qarşısına general Şarl de Qollun xatirə lövhəsinin vurulması barədə Sizin sərəncamınızı çox yüksək qiymətləndirir.

Cənab prezident, mən bir daha bildirirəm ki, prezident Jak Şirak Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi ilə bağlı Sizin narahatlığınıza şərik çıxır. O, bu münaqişənin həllində və Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmləndirilməsində fəallığın artırılmasının vacib olduğunu bildirir.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Prezident cənab Şirakın mənə göndərdiyi məktuba görə də təşəkkür edirəm. Xahiş edirəm, mənim təşəkkürümü prezident Jak Şiraka çatdırasınız.

Bildiyiniz kimi, həm cənab Şiraka, həm cənab Klintona, həm də cənab Yeltsinə göndərdiyim məktublarda bəhs etdiyim bu məsələ bizim üçün ən vacib məsələdir. Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması və ərazi bütövlüyünü bərpa edilməsi qarşımızda duran ən əsas, ən böyük vəzifədir.

Fransa 1997-ci ildən Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyətə başlayandan bəri biz cənab Jak Şirakla çox səmərəli əməkdaşlıq edirdik. Ancaq mən məktubumda göstərdiyim kimi, son vaxtlar, xüsusən 1998-ci ildə və 1999-cu ilin qış aylarında ümumiyyətlə, Minsk qrupu həmsədrlərinin fəaliyyəti çox zəifləyibdir, məsələ çox ləngiyir. Ona görə də mən narahatçılığımı bildirərək prezident Jak Şiraka, prezident Bill Klintona, prezident Boris Yeltsinə bu məktubları göndərmişdim.

Mən prezident cənab Şirakın cavab məktubunu diqqətlə oxuyacağam. Ancaq bu məktubun məzmunu barədə Sizin verdiyiniz məlumatlar məni məmnun edir. Qeyd etmək istəyirəm ki, 1997-ci ilin yanvar ayında Parisdə prezident Jak Şirakla mənim görüşüm zamanı biz bu məsələni çox ətraflı müzakirə etmişdik. Mən cənab Jak Şirakın ondan sonrakı dövrdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsinə olduqca böyük qayğı göstərdiyini yaxşı bilirəm. Cənab Şirakın bu barədə çox aydın, dəqiq və obyektiv mövqeyi məni həmişə məmnun edibdir. Sizin məlumatınızdan bir daha hiss etdim ki, bu məktubunda da prezident Jak Şirak həmin mövqeyində, yəni məsələnin obyektiv, ədalətli həll edilməsi mövqeyində durur. Bu, bizə yeni ümidlər verir.

Belə hesab edirəm ki, mənim məktubuma prezident Bill Klintonun, prezident Jak Şirakın, prezident Boris Yeltsinin verdiyi cavablarda əks olunmuş fikirlər sülh, danışıqlar prosesini gücləndirməyə kömək edəcəkdir. Biz danışıqlar prosesini gücləndirərək, sürətləndirərək münaqişənin tezliklə həll edilməsinə çalışacağıq.

Bu gün bir daha bəyan edirəm ki, biz münaqişənin tezliklə sülh yolu ilə, ədalətli həll olunmasını istəyirik. Mən yaxın vaxtlarda Vaşinqtonda olduğum zaman da bu məsələni ətraflı müzakirə edəcəyəm. Mənim Ermənistan prezidenti Robert Koçaryanla ikitərəfli görüşüm olacaqdır. Ümidvaram ki, Vaşinqtonda biz cənab Jak Şirakla da görüşə biləcəyik. Beləliklə, indi bu məsələnin həll olunması üçün ciddi addımlar atılması barədə yeni bir imkan yaranır.

Bir daha xahiş edirəm, prezident Jak Şiraka mənim təşəkkürümü çatdırasınız, ona bildirəsiniz ki, bu münaqişənin həll edilməsində onun gələcəkdə də fəal olmasını istəyirəm. Biz onun fəaliyyətinə ümidlər bağlayırıq.