Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında sənədlərin imzalanması mərasimində mətbuat üçün bəyanatı - İstanbul, "Çankaya köşkü" 5 may 1997-ci il


Hörmətli mətbuat nümayəndələri!

Hörmətli xanımlar və cənablar!

Bu gün mən prezident cənab Süleyman Dəmirəlin dəvəti ilə Türkiyəyə rəsmi səfər etməyimdən və buraya gəldiyim ilk dəqiqədən indiyədək Azərbaycan nümayəndə heyətinə, şəxsən mənə göstərilən qonaqpərvərlikdən və dostluq münasibətindən məmnun olduğumu bildirmək istəyirəm.

Bu gün biz çox səmərəli danışıqlar apardıq, çox əhəmiyyətli məsələləri müzakirə etdik, geniş fikir mübadiləsi apardıq. Bunlar hamısı Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında yaranmış dostluq və qardaşlıq əlaqələrinin parlaq təzahürüdür. Bizim ölkələrimizi, xalqlarımızı tarixi köklərimiz, tarixi keçmişimiz, ənənələrimiz, mədəniyyətimiz, dilimiz, dinimiz birləşdiribdir.

Azərbaycan müstəqil dövlət olandan indiyədək respublikamızın bütün dövlətlərlə qurduğu əlaqələr içərisində Türkiyə ilə əlaqələri xüsusi yer tutur və xüsusi əhəmiyyət daşıyır. Çünki Türkiyə həmişə Azərbaycanı dəstəkləmiş, Azərbaycanın müstəqil dövlət olması yolunda ölkəmizə daim öz rəğbətini bildirmiş və Azərbaycan öz müstəqilliyini elan edən kimi ilk dəfə respublikamızı tanıyan dövlət olmuşdur. O vaxtdan indiyədək əlaqələrimizin artıq zəngin tarixi vardır. Bizim əlaqələrimiz demək olar ki, sürətlə inkişaf edir. Bunların hamısının da səbəbi Türkiyənin Azərbaycana göstərdiyi xüsusi qayğı və dostluq münasibətidir. Bu qayğını, münasibəti bütün türk xalqı, Türkiyənin dövlət adamları göstərirlər. Türkiyənin prezidenti, mənim əziz dostum, qardaşım Süleyman Dəmirəl Azərbaycana xüsusi qayğı və münasibət göstərir.

Bu gün qeyd etmək lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini əldə edən zaman respublikamızın dövlət müstəqilliyinin tanınmasında hörmətli prezident Süleyman Dəmirəlin xüsusi rolu olmuşdur. O dövrdən indiyədək, Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrdə prezident Süleyman Dəmirəl xüsusi rol oynayıb və xidmətlər göstəribdir.

Mən bu gün bu fürsətdən istifadə edib bunlara görə hörmətli prezident Süleyman Dəmirələ hörmət və ehtiramımı və bütün Azərbaycan xalqı adından təşəkkürümü və minnətdarlığımı bildirirəm. Azərbaycan nümayəndə heyətinə və şəxsən mənə bu gün göstərilən bu münasibətə görə də təşəkkür edirəm.

Əziz dostum Süleyman bəy, mənim haqqımda və Azərbaycanın indiki ağır dövründə bir prezident kimi mənim gördüyüm işlər barədə dediyiniz xoş sözlərə görə də sizə təşəkkür edirəm.

Əziz dostlar, əmin ola bilərsiniz ki, Azərbaycan xalqı dövlət müstəqilliyini və milli azadlığını göz bəbəyi kimi qoruyur və bundan sonra da qoruyacaqdır. Dövlət müstəqilliyi Azərbaycan xalqının tarixi nailiyyətidir və bu tarixi nailiyyəti qoruyub saxlamağı biz özümüzün ali vəzifəmiz, ən yüksək borcumuz hesab edirik. Türkiyə ilə əlaqələrimiz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. İkitərəfli əlaqələrimiz, ümumiyyətlə, məsələlərin müzakirəsində çoxtərəfli əməkdaşlığımız fövqəladə dərəcədə qiymətlidir. Azərbaycan ilə Türkiyə arasında indiyədək bir çox müqavilələr imzalanmışdır. Amma bu gün imzalanan sazişlər də bizim əlaqələrimizin normativ hüquqi bazasmı daha da genişləndirir, gücləndirir. Xüsusən Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları "Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında" bəyannamə çox böyük əhəmiyyət kəsb edir. Bu, Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrin yeni bir mərhələyə, səviyyəyə çatdığını göstərir. Ümumiyyətlə, bu görüşlər, danışıqlar, imzalanan sənədlər Türkiyə-Azərbaycan əlaqələri tarixində yeni bir mərhələ, səhifə açır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz bu imkanlardan bundan sonra da səmərəli istifadə edəcəyik.

Böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, respublikamızın böyük dərdi olan Ermənistanın Azərbaycana etdiyi təcavüz və bu təcavüz nəticəsində ölkəmizin torpaqlarının 20 faizinin işğal olunması, bir milyondan çox vətəndaşımızın doğma yurdundan didərgin düşməsi və ağır vəziyyətdə yaşaması məsələsi Türkiyəni daim narahat edir və həmişə Türkiyə xalqının, ictimaiyyətinin diqqət mərkəzindədir. Türkiyənin dövlət, hökumət başçılarının diqqət mərkəzindədir. Bu məsələyə bu gün də göstərilən münasibət və Ermənistan-Azərbaycan münaqişəsinin keçən ilin dekabrında ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının Lissabonda keçirilən Zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında həll edilməsi barəsində apardığımız danışıqlar, məsləhətləşmələr və Türkiyənin bu barədə qəti mövqeyi bizim üçün böyük dəstəkdir, dayaqdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz bu məsələnin sülh yolu ilə həll edilməsinə bizim dostumuz, qardaşımız Türkiyə ilə bərabər nail olacağıq.

Mən ümidvaram ki, bugünkü görüşlər davam edəcək və Türkiyə-Azərbaycan dostluğu, əməkdaşlığı günü-gündən inkişaf edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.