Azərbaycan Prezidenti Heydər Əliyevin Ukraynanın Milli Müstəqillik günü münasibətilə Ukraynanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - "Gülüstan sarayı" 22 avqust 1997-ci il


Hörmətli cənab səfir!

Möhtərəm xanımlar və cənablar!

Sizi Ukraynanın milli bayramı - Müstəqillik günü münasibətilə ürəkdən təbrik edirəm və müstəqil dövlət quruculuğu yolunda Ukrayna xalqına ən xoş arzularımı yetirirəm. Ukrayna Avropanın ən iri ölkəsidir. Ukrayna xalqı zəngin tarixə, gözəl ənənələrə malikdir. Ukrayna xalqı ümumdünya sivilizasiyasına böyük töhfə vermişdir.

1991-ci il avqustun 24-də Ukrayna öz müstəqilliyini elan etdi. O, Sovet İttifaqı respublikaları arasında öz müstəqilliyini birinci elan edən respublikadır. Bu, inandırıcı surətdə göstərir ki, Ukrayna xalqı azad, müstəqil olmaq istəyirdi, heç kimdən asılı olmaq istəmirdi. Bundan ötrü həmişə əsaslar olmuşdur, çünki Ukrayna xalqı bir çox yüzilliklər ərzində öz dövlətçiliyinə malik olmuşdur, Ukrayna xalqının öz bənzərsiz mədəniyyəti, öz milli ləyaqəti var. Bu ləyaqət xalqın öz azadlığı, müstəqilliyi uğrunda mübarizəsinin ən ağır dövrlərində nümayiş etdirilmişdir. Ukraynada müstəqillik "samostiynost" hissləri güclü idi.

Sovet hakimiyyəti illərində, Sovet İttifaqının mövcudluğu dövründə Ukraynada müstəqillik uğrunda mübarizə aparmış adamlar həmişə olmuşlar. Yadıma gəlir, vaxt var idi ki, "samostiynost" sözü o dövrün rejimi tərəfindən ən mənfi hal kimi qəbul edilirdi. O vaxtlar "Ukrayna millətçiliyi" pislənilirdi. Əslində isə bu, millətçilik təzahürü deyildi. Bu, milli hisslərin, milli özünüdərk hisslərinin təzahürü idi, "samostiynost" , müstəqilliyə can atmaq isə, təbii olaraq, tamamilə normal hal idi. Şükürlər olsun ki, xalq bu müstəqilliyə, bu "samostiynost"a nail oldu. Təsadüfi deyil ki, mümkün olan kimi, 1991-ci ilin avqust qiyamından sonra Ukrayna xalqı öz müstəqilliyini elan etdi. Bu gün biz bu tarixi hadisənin altıncı ildönümünü qeyd edirik.

Ukrayna olduqca böyük iqtisadi potensiala, çox geniş əraziyə, bərəkətli torpağa, zəngin təbii ehtiyatlara, olduqca böyük intellektual potensiala malikdir. Avropanın ən böyük ölkəsi olan Ukrayna bundan sonra və bütün dövrlərdə müstəqil, heç kəsdən asılı olmayan bir dövlət kimi yaşamağa tamamilə qadirdir. İnanıram ki, belə də olacaqdır. İnanıram ki, müstəqillik, milli azadlıq Ukrayna üçün əbədi olacaqdır.

Ukrayna ilə Azərbaycan arasında, xalqlarımız arasında həmişə ən xoş və mehriban, səmimi münasibətlər mövcud olmuşdur. Bu, keçmişdə də olmuşdur. Bu, XX əsrdə də olmuşdur. Biz bunun şahidiyik. Bu, indi də, son illərdə, suveren və müstəqil dövlətlər kimi, Ukrayna ilə Azərbaycan arasında çox möhkəm, çox sıx münasibətlər yarandığı dövrdə də özünün ən yaxşı ifadəsini tapmışdır. Biz bu münasibətləri qiymətləndiririk və bu münasibətlərin möhkəmlənməsi üçün, bütün sahələrdə əməkdaşlığımızın inkişaf edib genişlənməsi üçün hər şeyi edirik və edəcəyik. Bundan ötrü bütün imkanlar var, hər cür şərait var, ən başlıcası isə, həm bizim tərəfimizdən, həm də Ukrayna tərəfindən böyük istək var. Məhz bu, Ukrayna prezidenti Leonid Kuçmanın 1995-ci ildə Azərbaycana rəsmi səfəri zamanı və Azərbaycan prezidentinin 1997-ci ilin əvvəllərində Ukraynaya səfəri zamanı parlaq şəkildə ifadə edilmişdir.

Dövlətlərimiz və hökumətlərimiz arasında kifayət qədər çox mühüm sənədlər imzalanmışdır və bu sənədlər münasibətlərimizin müqavilə-hüquqi əsasını müəyyənləşdirir və bütün sahələrdə əməkdaşlığımız üçün maksimum əlverişli şərait yaradır. Ən başlıcası budur ki, biz Ukrayna ilə Azərbaycan arasında strateji əhəmiyyətli tərəfdaşlıq münasibətləri haqqında saziş imzalamışıq. Biz bu münasibətləri qiymətləndiririk. Şübhə yoxdur ki, onlar qanuni xarakter daşıyır, ona görə ki, Ukrayna öz dövlət müstəqilliyini əldə etdiyi və Azərbaycan öz müstəqilliyini əldə etdiyi vaxtdan bəri biz həm öz siyasətimizi, həm də ən yaxın münasibətlərdə olduğumuz digər qonşu ölkələrin siyasətini təhlil edirik. Bu ilin fevralında imzaladığımız və münasibətlərimizi strateji tərəfdaşlıq münasibətləri kimi müəyyənləşdirən sənəd də bizim apardığımız dərin təhlilin və təbii olaraq, Ukrayna tərəfinin də bu cür dərin təhlilinin nəticəsini əks etdirir. Biz qiymətləndiririk ki, Ukrayna müstəqillik mövqelərində möhkəm dayanmışdır. Biz qiymətləndiririk ki, Ukrayna öz müstəqilliyini, öz suverenliyini bütün beynəlxalq məclislərdə müdafiə edir. Biz qiymətləndiririk ki, MDB çərçivəsində Ukrayna ilə fəal əməkdaşlıq edirik. Bu əməkdaşlıq ən əvvəl ona yönəldilmişdir ki, Müstəqil Dövlətlər Birliyi həqiqətən səmərəli orqan olsun. Bu əməkdaşlıq onunla bağlıdır ki, baxışlarımızda, mövqelərimizdə, addımlarımızda uyğunluqlar lap çoxdur. Bütün bunlar bizi yaxınlaşdırır və bütün bunlar iqtisadi əlaqələrimizin genişlənməsi və inkişaf etməsi üçün son dərəcə əlverişli şərait yaradır.

Görüşlərimiz və danışıqlarımız zamanı, imzalanmış sənədlərdə iqtisadi münasibətlərimizin inkişafı üçün çox şey nəzərdə tutulub və Ukraynanın da qoşulduğu Avropa-Asiya nəqliyyat dəhlizi bununla əlaqədar böyük əhəmiyyətə malikdir. Azərbaycan bu nəqliyyat magistralının mərkəzində yerləşir. Azərbaycan Avropa ilə Asiya arasında bu nəqliyyat əlaqəsində son dərəcə mühüm rol oynayır. Azərbaycan bu nəqliyyat dəhlizinin səmərəli işləməsi üçün, bu prosesdə iştirak edən bütün ölkələrə fayda gətirməsi üçün və onun qardaş Ukraynaya da maksimum iqtisadi fayda gətirməsi üçün hər şey edir və edəcəkdir.

Mən böyük məmnunluq hissi ilə demək istəyirəm ki, əslində bütün beynəlxalq məclislərdə biz - Ukrayna prezidenti Leonid Daniloviç və mən xüsusi olaraq görüşməyə, fikir mübadiləsi aparmağa imkan tapırıq. Söz yox ki, biz bir-birimizi dəstəkləyirik. Mən minnətdarlıqla qeyd edirəm ki, beynəlxalq məclislərdə Ukrayna, onun prezidenti və Ukrayna nümayəndə heyəti Azərbaycanın ədalətli xarici siyasətini, xüsusən Ermənistanla münaqişədə Azərbaycanın ədalətli mövqeyini və Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılmasına yönəldilmiş mövqeyini dəstəkləyirlər. Buna inandırıcı sübut olan konkret faktlar gətirmək olar. Lakin ən parlaq fakt budur ki, ATƏT-in Lissabon Zirvə görüşündə Ukrayna Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini dincliklə aradan qaldırmaq prinsiplərini birmənalı şəkildə dəstəklədi.

Bu ilin iyulunda Madriddə Ukrayna prezidenti Leonid Kuşma ilə Azərbaycan prezidentinin görüşü oldu. Biz bir çox məsələlər barəsində yenidən fikir mübadiləsi apardıq, - o vaxt Şimali Atlantika İttifaqının, Avroatlantika Şurasının iclası keçirilirdi. Burada da baxışlarımız, mövqelərimiz uyğun gəlir. Bütün bunlar münasibətlərimizin daha da inkişaf etməsi və dərinləşməsi üçün yaxşı əsasdır.

Bizə yaxşı məlumdur ki, Ukraynada sosial-iqtisadi və siyasi xarakterli proseslər baş verir. Lakin bununla bərabər, bizə yaxşı məlumdur ki, Ukraynanın demokratik, tərəqqipərvər qüvvələrinin qəti mövqeyi və bütün xalq tərəfindən seçilmiş Ukrayna prezidenti Leonid Kuçmanın qəti mövqeyi ardıcıl surətdə irəliləməyi təmin edir. Biz inanırıq ki, iqtisadi, sosial və siyasi islahatlar proqramlarının bundan sonra da həyata keçirilməsi Ukraynanı Avropada və dünyada daha güclü, qüdrətli, çiçəklənən demokratik bir ölkəyə çevirəcəkdir.

Biz Ukraynaya, Ukrayna xalqına böyük dostluq hissləri bəsləyirik və bunu ürəkdən istəyirik. Buna görə də mən Ukraynanın Azərbaycandakı səfirliyinə böyük ehtiram hissi ilə gəlmişəm. Ukraynanın Müstəqilliyi gününü burada biz ukraynalı dostlarımızla birlikdə qeyd edirik. Mən Ukrayna xalqını bu tarixi hadisə münasibətilə, bayram münasibətilə bir daha təbrik edirəm. Ukrayna xalqına firavanlıq, xoşbəxtlik və uğurlar arzulayıram. Ukrayna xalqına Azərbaycan xalqının səmimi salamını və xoş arzularını yetirirəm. Dostum prezident Leonid Kuçmaya ən xoş arzularımı yetirərək, ona səadət, Ukraynaya tərəqqi, əmin-amanlıq və müstəqillik, milli azadlıq yolunda yeni-yeni uğurlar diləyirəm.

Sağ olun!

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - 12 cild Azərnəşr, Bakı - 2004, səh.21