"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikası xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini və İranın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Əli Ahəni ilə söhbətindən" (22 noyabr 2000-ci il) sənədinə tarixi arayış


İranın xarici işlər nazirinin müavini və Xəzərin statusunun müəyyən edilməsi üzrə xüsusi nümayəndəsi Əli Ahəni Azərbaycana səfərlər edərək iki ölkə arasında bu məsələnin həlli ilə bağlı danışıqlar, müzakirələr aparıb. Xəzərin bölünməsində Azərbaycan orta xətt prinsipi əsasında sektorlar üzrə, İran isə beş bərabər hissəyə bölgünün tərəfdarıdır.

2000-ci ilin noyabrında Azərbaycana səfəri zamanı İran diplomatı statusla bağlı ortaq təklifin hazırlanması məqsədilə danışıqlar aparıb. 2000-ci il noyabrın 22-də onun Azərbaycan Prezidenti Heydər Əliyevlə görüşü zamanı Xəzərin statusu məsələsindən başqa İranın Naxçıvanı enerji ilə təchizi məsələsindən də danışılıb.

Əli Ahəni 2001-ci ilin yayında Xəzərin Azərbaycana aid hissəsinin cənubunda yerləşən, İranın mübahisəli saydığı "Lənkəran-dəniz" və "Talış-dəniz" adlandırılan neft yataqları ilə bağlı yaranan fikir ayrılığı ilə bağlı Azərbaycana səfər edib. 2001-ci ilin avqustunda həyata keçirilən səfər zamanı Azərbaycan Prezidenti Heydər Əliyev onunla görüşdə həmin məsələnin danışıqlar yolu ilə həllinin düzgün olduğunu bildirib. O, həmin yataqların Azərbaycana məxsusluğunu da bəyan edib (http://www.eurasianet.org/)

Əli Ahəni 2001-ci ilin dekabrında başqa bir İran diplomatı Mehdi Səfəri ilə əvəz olunub. Məhz həmin vaxt İran tərəfi Azərbaycan və Qazaxıstan arasında Xəzərin dibinin bölünməsi haqqında saziş imzalanmasından narahat olduğunu bildirib.(http://www.bizimasr.media-az.com/)
 
Mehdi Səfəri dəfələrlə Bakıda olaraq dövlət rəsmiləri ilə Xəzər məsələsi barədə fikir mübadiləsi aparıb.

2007-ci il oktyabrın 16-da Tehranda Xəzəryanı dövlət başçılarının ikinci zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak edib. Xəzəryanı ölkələrinin dövlət başçılarının birinci zirvə toplantısı isə 2002-ci ildə Aşqabadda keçirilmişdi.

Zirvə toplantısı başa çatdıqdan sonra Xəzəryanı ölkələrin dövlət başçıları görüşün yekunu olaraq Tehran Bəyannaməsini imzalayıb. Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan prezidentlərinin imzaladığı sənəd 25 bənddən ibarətdir. Bəyannamədə göstərilir ki, tərəflər Xəzər regionunun sabitlik və sülh regionu, iqtisadi inkişaf, sahil ölkələri arasında beynəlxalq hüququn təsbit olunduğu və rifah bölgəsinə çevrilməsinə çalışacaqlar. Prezidentlər Xəzəryanı ölkə başçılarının görüşlərinin tərəflərin razılığı ilə davamlı keçirilməsini, sammitlərarası dövrdə XİN başçılarının, həmçinin, tərəflərin səlahiyyətli ekspertlərinin Xəzər dənizi ilə bağlı bütün məsələlərin araşdırılmasını dəstəkləyirlər.

Tarixi arayış 8 may 2008-ci ildə yeniləşdirilib.