Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti vəzifəsini icra edən Vladimir Putin ilə görüşdə söhbətindən - Moskva, Kreml, 24 yanvar 2000-ci il


Vladimir Putin:  Hörmətli Heydər Əliyeviç, xoş gəlmisiniz. Mən hələ də Kiyevdə keçirdiyiniz görüşü məmnunluqla xatırlayıram.

Heydər Əliyev:  Səmimi sözlərə görə Sizə təşəkkürümü bildirirəm. Kiyevdə keçirdiyimiz görüşdən, orada apardığımız danışıqlardan mən də çox məmnun qaldım. Müstəqil Dövlətlər Birliyinin perspektivləri məni çox düşündürür. İnanıram ki, biz birgə fəaliyyətimiz nəticəsində bütün çətinliklərin öhdəsindən gələcəyik.

Vladimir Putin:  Əminəm ki, növbəti sammit səmərəli, demokratik şəraitdə, fikir azadlığı ruhunda keçəcək, MDB üzvü olan ölkələrin qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da genişlənməsinə öz müsbət təsirini göstərəcəkdir. Biz Rusiya ilə Azərbaycan arasında bütün sahələrdə - iqtisadiyyat, mədəniyyət, elm sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Heydər Əliyev: Ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azarbaycan, Dağlıq Qarabağ münaqişəsi 12 ildən bəri davam edir. Bu münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır şəraitdə yaşayır. Ermənistan prezidenti Robert Koçaryanla son dövrdə keçirdiyi birbaşa görüşlər keçirilir, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar aparılır. Bu münaqişənin sülh yolu ilə həll edilməsi sahəsində səylərin artırılmasının vacib olduğunu bildirirəm.

Vladimir Putin: Prezident Robert Koçaryanla aparılan birbaşa danışıqlar Rusiya Federasiyası tərəfindən dəstəklənir. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsi sahəsində səylərimizi artırmağa hazırıq və Rusiya münaqişənin həllində lazımi nəticənin əldə olunmasına çalışacaqdır, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində görülən işlər həqiqətən çox vacibdir. Minsk qrupunun həmsədrləri olan Amerika Birləşmiş Ştatları, Fransa kimi, Rusiya da bu münaqişənin həlli prosesində daha fəal mövqe tutacaqdır. Mən ölkələrimiz arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərindən razıyam. Rusiya Federasiyası Azərbaycan Respublikasına bundan sonra da hər cür dəstək verməyə hazırdır. Sizin zəngin təcrübənizin öyrənilməsinə həmişə ehtiyac duyulur.

Heydər Əliyev: Rusiyanın bir sıra kütləvi informasiya vasitələrində Azərbaycana qarşı əsassız, tamamilə yalan məlumatlı kampaniya başlanıb. Mən bəyan edirəm ki, bizim ölkəmizdən heç bir silah göndərilmir, respublikamızda yaraqlılar hazırlanmır. Ölkəmizin bərabər hüquqlu vətəndaşları olan rusdilli əhaliyə hər cür diqqət və qayğı göstərilir, rusların respublikamızdan köçüb getməsi halları yoxdur.

Vladimir Putin: Azərbaycan Respublikasında Sizin rəhbərliyiniz ilə görülən işləri bir daha yüksək dəyərləndirirəm. Sizin mövqeyinizə görə minnətdarlığımı bildirir, rusdilli əhaliyə göstərilən diqqət və qayğıya görə təşəkkür edirəm. Rusiyada da azərbaycanlılara daim qayğı göstəriləcək, lazımi şərait yaradılacaqdır.