Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Şahbuz rayon sakinləri ilə görüşdə çıxışı - 11 avqust 2002-ci il


Əziz şahbuzlular!

Mən sizi səmimi-qəlbdən salamlayıram. Sizin hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm və bütün işlərinizdə uğurlar arzulayıram. Şahbuz rayonu Naxçıvanın gözəl bir guşəsidir. Şahbuz rayonu və onun sakinləri Naxçıvanın həyatında həmişə çox böyük rol oynayıblar. Mən bunu həm keçmişdən, yəni 1970– 1980-ci illərdə Azərbaycana rəhbərlik etdiyim zaman, həm də sizinlə bərabər 1990–1993-cü illərdə Naxçıvanda yaşadığım və muxtar respublikaya başçılıq etdiyim zaman bilirəm. Ona görə bunlar adi sözlər deyil, mənim şəxsi müşahidələrimdir, şəxsi fikirlərimdir. Mən bilirəm ki, 1990–1993-cü illərdə mən burada olarkən və təbiidir, ondan sonra da şahbuzlular həmişə Naxçıvan hakimiyyətinin dayağı, arxası olublar. Mən burada işləyəndə həmişə çətin şəraitdə işləyirdik, blokadada idik. İndi də blokadadayıq, amma biz indi Naxçıvanın yaşaması üçün böyük imkanlar yaratmışıq. Amma o vaxt blokada şəraitində yaşayış çox çətin idi, çox ağır idi. Daxili vəziyyət də sabit deyildi.

Mən ictimai-siyasi vəziyyəti deyirəm. Həm Azərbaycanda, həm də Naxçıvanda müxtəlif qüvvələr – indi xatirimə gələndə məni ancaq gülmək tutur – hakimiyyət uğrunda mübarizə aparırdılar, hakimiyyəti ələ almaq istəyirdilər. Bizə – sizə, mənə, Naxçıvanın yaşamasına imkan verməmək üçün cəhd edirdilər. Ancaq bunlardan bir şey çıxmadı. Xatirinizdədir, 1992-ci il oktyabrın 24-də Xalq Cəbhəsi üzvlərinin bir dəstəsi qəflətən gəlib Naxçıvanın Daxili İşlər Nazirliyini zəbt etdi. Təxminən 300 nəfər Naxçıvanın televiziyasını zəbt etdi və mənə ultimatum verdilər ki, onlar hakimiyyəti ələ alacaqlar. Mən isə, təbiidir ki, onların bu ultimatumuna heç fikir vermədim. Ona görə ki, bilirdim, Naxçıvanın əhalisi həmişə dayaq olduğu kimi, yenə də mənə dayaq olacaqdır.

O vaxt televiziya bizim əlimizdən çıxmışdı, başqa vasitə yox idi. Xatirimdədir, bizim hakimiyyəti istəyən adamlar avtomobillərlə gedib Naxçıvanın müxtəlif bölgələrinə xəbərlər yaydılar ki, Naxçıvanın hakimiyyəti, Heydər Əliyev təhlükə altındadır. Təxminən bir-iki saatdan sonra Naxçıvan Ali Məclisinin qarşısında 20–25 min adam toplaşdı. O cümlədən Şahbuzdan. İndi mən Naxçıvandan buraya avtomobillə gəldim, özü də yüksək sürətlə. Amma təsəvvür edirəm, o vaxt nəqliyyat yox idi, çətinliklər vardı, ancaq mən çox sevindim, eyni zamanda, təəccüb etdim. 

Bir də gördüm, mənim iş otağıma şahbuzlular – ağsaqqallar, çox hörmətli insanlar daxil oldular ki, Heydər Əliyev, narahat olmayın, biz buradayıq. İmkan vermərik ki, Sizə bir şey olsun. O vaxt mən bunu gördüm, o ağır dövrdə gördüm. Yəni sizi, şahbuzluları gördüm. Mən o vaxt demişdim, bu fürsətdən istifadə edib indi də təşəkkürümü bildirmək istəyirəm. Hesab edirəm ki, indi, Azərbaycanın müstəqilliyi dövründə – Heydər Əliyev artıq 9 ildir Azərbaycanın prezidentidir, hələ bundan sonra da xeyli vaxt prezidenti olacaqdır – heç bir şeydən qorxumuz yoxdur. İndi siz də, mən də, Azərbaycanın hakimiyyəti də çalışırıq ki, dövlətçiliyimizi möhkəmləndirək, müstəqilliyimizi möhkəmləndirək.

İslahatlar həyata keçiririk, ölkəmizi inkişaf etdiririk, bu sahədə uğurlar əldə etmişik və bundan sonra da əldə edəcəyik. Mənim xatirimdədir, biz Naxçıvanda Yeni Azərbaycan Partiyasını yaradırdıq. Onun Şahbuz şöbəsi yaranmışdı. Burada çox təşəbbüskarlar var idi. Məndən xahiş etdilər ki, təsis konfransına gəlim. Mən buraya gəldim. Həmin bu binada, onun salonunda Şahbuzda Yeni Azərbaycan Partiyasını yaradanlar toplaşmışdılar. Görürəm, Taməddin həkim başını tərpədir. Çünki o bu işlərdə əsas təşəbbüskarlardan, irəlidə gedənlərdən biri idi. Bəli, qəhrəman adamdır. Mən onu tanıyıram. Yenə Arış kəndində yaşayırsan?! Arış kəndində yaşayır, özünün təsərrüfatı var. O vaxt hələ şəxsi təsərrüfat yox idi. Özü həkimdir, təsərrüfatı var. O vaxt ondan soruşdum ki, nəyin var? Dedi ki, neçə pətək arım var, nə bilim, neçə heyvanım var. Dedim, a kişi, sən bunları necə saxlayırsan? Gərək ki, üç oğlun var, görürsən, hamısı yadımdadır. Dedi ki, mənim üç oğlum var, onlarla birlikdə – oğlanların oxuyub qurtarıblar – təsərrüfatı saxlayırıq. O çox çalışdı ki, təsərrüfatına gedim, mən də istədim, amma qismət olmadı. Yəqin ki, qismət olacaqdır.

Biz hələ o vaxtlar ilk dəfə Naxçıvanda torpaq islahatı aparmaq istəyirdik. Hələ Azərbaycanda hakimiyyət bununla məşğul olmurdu. Amma biz torpaq islahatı aparmaq istəyirdik. Mən də istəyirdim bir neçə kiçik dağ kəndlərində bu islahatları aparım. Nədən ötrü? Çünki kolxozlar, sovxozlar dağılırdı. Kolxoz sədrləri, nə bilim, briqadirlər, anbar müdirləri – indi sizin aranızda onlardan var – heyvanları kəsib yeyirdilər. Sonra da, 24-cü cədvəl var, orada hər ay yazırdılar ki, filan qədər öldü. Görürdün ki, aybaay kolxozların mal-qarası dağılır. Mən fikirləşdim, yaxşı olar ki, bunları özümüz dağıdaq, kəndlilərə verək. Kəndlilər özləri saxlasınlar. Torpağı da onlara verək. Mən istədim bunu kiçik dağ kəndlərindən edim. Biçənək, Kolanı kəndlərinə getdim. Çünki bilirsiniz, orada təsərrüfatlar xırda idi. Gəldim, camaatı toplayıb dedim ki, istəyirəm bu kolxozu dağıdam, torpaqları da, mal-qaranı da sizə verəm. Bir neçəsi çıxış etdi ki, yox, biz istəmirik. Ay balam, niyə istəmirsən, bunu sənə vermək istəyirəm. Deyir ki, mən burda qarovulçuyam, maaş alıram, bununla dolanıram. Kolxoz dağılanda mən necə dolanacağam? Deyirəm, ay kişi, sənə mal-qara verəcəyik, torpaq verəcəyik, get torpağında işlə. Yəni o vaxtkı sistem insanları, bax, belə, hökumətin himayəsində yaşamağa öyrətmişdi. Onlar işləmirdilər. Bəli, bir qarovul məvacibi onu təmin edirdi. Ancaq indi Naxçıvanın hər yerində torpaq islahatı gedib, torpaq kəndlilərdədir, mal-qara kəndlilərdədir.

Kənd təsərrüfatının nə qədər inkişaf etdiyini siz yaxşı bilirsiniz. Mənim yadımdadır, biz burada yaşayırdıq, ət tapmaq mümkün deyildi. Hələ mən burada işləməyəndə, 1990-cı ildə, təzə gəlmişdim, bacımın evində yaşayırdım. Sentyabr oktyabr ayları idi. Bir də görürdün, deyirdilər ki, yemək bişirmək üçün ət tapa bilmirik. Sonra bir nəfər qonşu gəlib xəbər verirdi ki, Cəhridə heyvan kəsiblər. Qonşular tez yığışırdı ki, gedib Cəhridən ət alsınlar. Bəziləri gedib çatırdı, bəziləri də gedəndə ət qurtarırdı. Amma indi Naxçıvanda əti alan yoxdur. Elədir, yoxsa yox?

Yerdən səslər: Bəli, elədir.

Heydər Əliyev: Mal-qaranız çox, heyvanınız çox, ətiniz də, yağınız da, südünüz də var, taxıl da əkirsiniz. Elədirmi?

Yerdən səslər: Elədir.

Heydər Əliyev: İslahatların nəticəsi, bax, budur, müstəqillik budur, sərbəst iqtisadiyyat budur. Biz bu yol ilə gedirik və gedəcəyik. Mən çox məmnunam ki, Naxçıvan Muxtar Respublikasının həm rəhbərliyi, həm də bütün əhalisi bu islahatların aparılmasında çox cəsarətlə hərəkət edirlər və yaxşı nəticələr əldə ediblər. O cümlədən Şahbuz rayonu. Mən buradan Kolanı, Biçənək kəndlərinə gedirəm. Kolanıda həmin qarovulçunu axtarıb tapacağam. Görüm, o indi necə yaşayır. O vaxt deyirdi ki, mən kolxozda qarovulçuyam, maaş alıram. Əgər ondan sonra vaxt çatsa, istəyirəm Batabata gedim, baxım. Necə məsləhət görürsünüz?

Yerdən səslər: Cənab Prezident, getsəniz yaxşı olar.

Heydər Əliyev: Deyirlər ki, indi Batabat da abadlaşıbdır.

Yerdən səslər: Vasif müəllim oranı da düzəldibdir.

Heydər Əliyev: Yaxşı, sağ olun. Çox şadam ki, sizinlə  görüşdüm. Arxayın olun, Azərbaycan dövləti etibarlı əllərdədir, müstəqilliyimiz inkişaf edir, işğal olunmuş torpaqlarımızı azad edəcəyik və Azərbaycanın bütövlüyünü bərpa edəcəyik. Arxayın ola bilərsiniz. Sağ olun.

* * *

Şahbuzlular prezident Heydər Əliyevin çıxışını böyük maraq və diqqətlə dinlədilər, dəfələrlə gurultulu alqışlarla qarşıladılar. Balaca uşaq Heydər babaya həsr olunmuş şeir söylədi.

Sən xalqın ümidi,

Xoş günü, gələcəyisən.

Onun möhkəm dayağı,

Ömrümüzün fərəhi,

Ən gözəl diləyisən.

Yaşa, Heydər babamız!

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış