Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Türkiyənin daxili işlər naziri Sadətdin Tantanı və onu müşayiət edən nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 8 iyun 2000-ci il


Heydər Əliyev: Hörmətli nazir, hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz! Mən sizi səmimi qəlbdən salamlayıram.

Bu gün bir neçə xarici nümayəndələrlə görüşlər keçirirəm. Hesablayıram ki, bunu bir saata edəcəyəm, amma bir də görürsən ki, iki saat çəkir. Avropa Şurasının, ATƏT-in nümayəndələri var idi, sən onları tanıyırsan.

Sadətdin Tantan: Yaxşı tanıyıram.

Heydər Əliyev: Söhbət çox uzandı.

Mən çox məmnunam ki, siz Azərbaycandasınız. Əgər Azərbaycana ilk dəfə gəlirsinizsə, bu, bizim üçün daha əhəmiyyətlidir ki, siz Azərbaycanı görəcəksiniz. İlk dəfə gəlməyənlər də hər dəfə gələndə Azərbaycanda nəsə yeni bir şey görəcəklər.

Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri bütün dünyaya məlumdur. Biz bu əlaqələri həmişə yüksək qiymətləndiririk. Bu əlaqələr əbədi xarakter daşıyır. Hər bir belə görüş, Türkiyədən Azərbaycana nümayəndələrin gəlməsi, yaxud Azərbaycandan Türkiyəyə nümayəndələrin getməsi, təbiidir ki, bizim əlaqələrimizi daha da genişləndirir, inkişaf etdirir. İndi bizim maliyyə nazirimiz Türkiyədədir. Görürsünüz, Türkiyənin də daxili işlər naziri Azərbaycandadır. Bu, çox gözəldir. Mən sizi salamlayıram.

Sadətdin Tantan: Sayın cümhur başkanım, çox təşəkkür edirəm. Məni və heyətimi qəbul etdiyinizə görə minnətdaram.

Hörmətli prezidentimizin, baş nazirimizin və partiyamızın sədri Məsud Yılmazın salamlarını Sizə yetirirəm.

İllərdən bəri, uşaqlığımızdan həsrətini çəkdiyimiz Azərbaycanda, Bakıda olmaqdan böyük sevinc duyuruq. Çünki türk millətinin qəlbində Bakının, Azərbaycanın çox böyük yeri var. Gəlib gördük və təxəyyülümüzdə yaşatdığımız Bakı şəhəri həqiqətdə bizi əfsunladı. Bu şəhərin və Azərbaycanın inkişafında Sizin böyük töhfələriniz olduğunu bilirik.

Sizin böyük dəstəyiniz və göstərişlərinizlə hörmətlı daxili işlər naziri Ramil Usubovun Azərbaycanda ictimai asayişin ciddi şəkildə qorunması sahəsindəki fəaliyyətini biz də təqdir edirik. Onun Türkiyəyə səfəri və bizim buraya səfərimiz zamanı gördüyümüz işlər iki ölkənin daxili işlər nazirlikləri arasında yaxşı münasibətlər qurulmasına kömək etmişdir. Bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün Sizin dəstəyinizə böyük ehtiyacımız var.

Ümidvaram ki, cinayətkarlığa qarşı mübarizədə yalnız iki ölkəni maraqlandıran sahələrdə deyil, bu bölgə üçün əhəmiyyət daşıyan sahələrdə də görəcəyimiz işlər Sizin dəstəyiniz və göstərişləriniz sayəsində bütün regionda asayişin qorunmasına müsbət təsir edəcəkdir.

Bugünkü söhbətimiz zamanı Azərbaycanın daxili işlər nazirinin bizə verdiyi statistik məlumatlarla tanış olarkən gördük ki, 1992-ci illə müqayisədə 1999-cu ildə cinayətkarlıq çox azalmışdır. Bu da onu göstərir ki, Sizin böyük dəstəyinizlə hüquq-mühafizə qüvvələri dünya standartları səviyyəsinə çatmışdır. Bu, bizi son dərəcə məmnun etdi.

Ölkələrimizin daxili işlər nazirlikləri arasında qarşılıqlı informasiya mübadiləsinin, texnologiya və təlim baxımından bir-birimizi dəstəkləmənin daha da inkişafı üçün belə qərara gəldik ki, narkotiklərin qaçaqmalçılığı, mütəşəkkil cinayətkarlıq, terrorizm, iqtisadi və texnoloji cinayətkarlıq ilə mübarizədə praktiki tədbirlər görülsün. Əminəm ki, bu işlər davam edərsə, hər iki ölkədə asayişin qorunmasında mühüm uğurlar qazanmaq mümkün olacaqdır.

Möhtərəm cümhur başkanım, bizi qəbul etdiyiniz üçün bir daha təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Sağ olun. Mən çox məmnunam. Türkiyə Cümhuriyyətinin hörmətli prezidentindən və hörmətli baş nazirindən mənə gətirdiyiniz salamlara görə təşəkkür edirəm. Mənim də cümhur başqanı, hörmətli Əhməd Necdət Sezərə və baş bakan, hörmətli Bülənd Ecevitə salamlarımı, hörmət və ehtiramımı çatdırın.

Bir də deyirəm, əlaqələrimiz çox böyük bir təməl əsasında qurulub və biz bunları daim inkişaf etdiririk. Bu əlaqələrin inkişafında ayrı-ayrı dövlət adamlarının görüşləri və onların bir-birinə olan münasibəti də böyük əhəmiyyət daşıyır.

Bizim Daxili İşlər Nazirliyi ilə sizin birbaşa münasibətləriniz çox əhəmiyyətlidir. Çünki hər bir ölkədə cinayətkarlıqla mübarizə əsas yer tutur. Təəssüflər olsun ki, son illər dünyada cinayətkarlıq artıb, cinayətkarlar çoxalıbdır. Hətta beynəlxalq cinayətkar dəstələri, beynəlxalq terrorizm yaranıbdır. Bunlar hər bir ölkəyə böyük zərər vurur.

Siz qeyd etdiniz, Azərbaycanda, məsələn, 1992-ci ilə nisbətən indi vəziyyət tamamilə dəyişibdir. Əgər 1992-ci ildə burada olsaydınız, görərdiniz ki, küçələrdə gəzmək mümkün deyildi. Təbiidir ki, bu həm insanları narahat edirdi, həm də çoxlu cinayət törədilirdi. Bunların qarşısını almaq, cinayətkarlığı azaltmaq üçün bizə bir neçə il lazım oldu. İndi bizim nazirimiz daim iftixar, qürur hissi ilə mənə raport verir ki, cinayətkarlığın sayına görə Azərbaycan MDB ölkələrində...

Ramil Usubov: Cənab prezident, ən axırıncı yerlərdən birini tutur.

Heydər Əliyev: Necə yəni axırıncı?

Ramil Usubov: Hər yüz min nəfərə düşən cinayətlərin sayına görə ən sonuncu yerdəyik.

Heydər Əliyev: Sonuncu yer yaxşı deyil, cinayətkarlığın qarşısının alınmasına görə ən birinci yerdəyik.

Yoxsa deyirsən ki, sonuncu yer, - bunu başa düşməzlər. Yəni Azərbaycan Müstəqil Dövlətlər Birliyi ölkələri içərisində ən az cinayət edilən ölkədir.

Təbiidir ki, bu, görülən işlərin nəticəsidir. Çünki vaxt var idi ki, biz çox cinayət törədilən ölkələr sırasındaydıq. Bu, görülən işlərin nəticəsi, ümumiyyətlə bizim dövlətimizin güclənməsinin nəticəsidir. Çünki, məsələn, böyük dövlətlərdə, Türkiyə kimi böyük tarixi, böyük ənənələri olan müstəqil ölkədə dövlət həmişə güclüdür. Orada dövlətin gücü var, ancaq cinayətin qarşısını almaq üçün müvafiq orqanların - polisin, jandarmın və başqa orqanların işi lazımdır. Bizim kimi gənc müstəqil ölkədə isə - cəmi 8 ildir ki, müstəqillik və müstəqillik əldə edən zaman da, birincisi, daxildə çoxlu qanunsuz silahlı dəstələr hakimiyyət uğrunda bir-biri ilə vuruşur, mübarizə aparırdı, digər tərəfdən də Ermənistanla müharibə gedirdi. Ermənistan Azərbaycana təcavüz etmişdi, müharibə gedirdi, - cinayətkarlığın qarşısını almaq üçün təkcə cinayətkarlıqla mübarizə aparan orqanların işi yetərli deyildir. Gərək dövlət möhkəmlənsin, güclənsin, lazımi tədbirlər görsün və bunların həyata keçirilməsi üçün, təbiidir ki, orqanlara, məsələn, Daxili İşlər Nazirliyinə müvafiq imkanlar yaratsın.

Biz bunları yaratdıq. Daxili İşlər Nazirliyinin tərkibində Xüsusi Təyinatlı Polis Dəstəsi var idi. Keçmiş Sovetlər İttifaqında hər bir respublikada polis orqanlarının tərkibində belə bir struktur - Xüsusi Təyinatlı Polis Dəstəsi vardı. Yəni bu, ən mütəşəkkil polis dəstəsi idi, - Rusiyada indi yenə də var, - bu, ən ağır cinayətlərlə mübarizə aparan orqan idi. Vaxtilə Azərbaycanda Qarabağ bölgəsində vuruşmaqda yaxşı nümunələr göstərmiş bu insanlar elə oldu ki, sonra, onları cəbhədən geriyə çəkəndə ki, gəlin Azərbaycanın daxilindəki işlərlə məşğul olun - onlar burada cinayətkarlıqla məşğul olmağa başladılar.

Məsələn, o dəstənin başçısı nazirin müavini idi, amma nazirə tabe olmurdu. Neçə dəfə onu çağırıb dedim ki, sənin müavinin cinayətkarlıq edir. O da deyirdi ki, doğrudur, edir. Amma qarşısını ala bilmirdi. Çünki artıq o, cinayətkar olmuşdu. Cinayətkarla isə adi danışıq ola bilməz. Nəhayət, 1995-ci ildə onlar toplaşdılar, Azərbaycanda dövlət çevrilişi etməyə çalışdılar. 1995-ci ilin mart hadisələri məlumdur. Əgər biz o dəstənin qarşısını almasaydıq, onu dağıtmasaydıq, təkcə Daxili İşlər Nazirliyi heç bir şey edə bilməzdi. Biz onların qarşısını ümumi gücümüzlə aldıq, ordu da burada iştirak etdi.

Amma cinayətkarların bir qismi qaçdı, başqa ölkələrdə - Rusiyada, Ukraynada, Orta Asiyada gizləndi. Amma hüquq-mühafizə orqanlarının böyük xidməti oldu ki, onları axtardılar, aradılar, çox hissəsini tapıb gətirdilər və məsuliyyətə cəlb etdilər. Məhkəmə onların hamısına cəza verib və indi cəzalarını çəkirlər.

Ona görə, yenə də deyirəm, bizim kimi ölkədə bunun üçün bir amil dövlətin güclənməsidir. İndi Azərbaycan dövləti güclənibdir, güclü dövlətdir. Azərbaycanın dövləti ölkənin bütün ərazisinin həm sahibidir, həm də onu nəzarət altına alıbdır. Bundan əlavə, biz hüquq-mühafizə orqanlarına, o cümlədən Daxili İşlər Nazirliyinə, polisə böyük imkanlar yaratmışıq ki, onlar cinayətkarlıqla daha da cəsarətli mübarizə aparsınlar.

Amma iş təkcə cəsarətdə deyildir. Bu işdə peşəkarlıq, professionalizm - siz də "professional" sözü işlədirsiniz, - lazımdır. Onlar artıq bunu da əldə ediblər, peşəkardırlar və çox cinayətlərin qarşısını alıblar. Bəziləri hətta cinayətkarlarla mübarizə aparanda canlarını qurban veriblər.

Amma nə qədər çox iş görülsə də, mən istəmirəm ki, biz burada öyünək, özümüzü tərifləyək. Hər halda Türkiyənin təcrübəsi olduqca çoxdur. Mən həmişə deyirəm, biz Türkiyənin təcrübəsindən bütün sahələrdə istifadə etməliyik. O cümlədən bizim Daxili İşlər Nazirliyi də. Çünki Daxili İşlər Nazirliyimiz keçmişdə Sovetlər İttifaqı tərkibində idi. İndi müstəqil olmuşuq. Müstəqil olduğumuz zaman da burada bir ilin içərisində iki nazir dəyişilib və onların özləri cinayətkar olublar. Ona görə də Daxili İşlər Nazirliyi indiki müstəqil dövlətin gənc qurumudur. Amma Türkiyədə polisin, Daxili İşlər Nazirliyinin böyük tarixi və böyük ənənələri, təcrübəsi var. Biz bu təcrübədən daim istifadə etməliyik. Güman edirəm ki, bu görüşləriniz zamanı Usubov sizdən çox şey öyrənməyə çalışmalıdır. Amma siz də ondan bir şey öyrənə bilsəniz, daha yaxşı olar.

Sadətdin Tantan: Sayın cümhur başkanım, o, çox təcrübəli insandır, bu sahədə də böyük səylər göstərmişdir. Bir-birimizin iş təcrübəsini qarşılıqlı surətdə öyrənmək və fikir mübadiləsi aparmaq hər ikimiz üçün faydalıdır. Hər iki ölkənin iqtisadi və mədəni inkişafının rəhni ictimai asayişin sabitliyindədir. Bölgədə bu sabitliyi yarada bilsək, müstəqilliyimiz əbədi olaraq davam edər. Ona görə də asayişin qorunması sahəsində əməkdaşlığımızın davamlı olması təkcə Türkiyə və Azərbaycan üçün deyil, bütün region üçün faydalıdır. Çünki ölkələrimizə qarşı yönəldilən iqtisadi təhdidlər, terror aktları, ideoloji təhdidlər yalnız birgə və sıx əməkdaşlığımız sayəsində puça çıxarıla bilər.

Sizin Türkiyənin keçmiş prezidenti ilə uzun illər davam etmiş çox yaxın əlaqələriniz ölkələrimiz arasındakı münasibətlərin bütün cəhətlərinə, o cümlədən bizim nazirliklər arasında əməkdaşlığa da öz müsbət təsirini bundan sonra da göstərəcəkdir. Nazirliklərimiz arasında əlaqələrin inkişafına gələcəkdə də verəcəyiniz dəstəyə görə bəri başdan Sizə təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Çox gözəl. Hörmətli nazir, siz həm də Böyük Millət Məclisinin millət vəkilisiniz. Beş ildir ki, biz Bakı-Ceyhan boru xətti haqqında çalışdıq və bütün anlaşmaları imzaladıq. Azərbaycan parlamenti onu təsdiq, ratifikasiya etdi, Gürcüstan parlamenti də ratifikasiya etdi. Amma Türkiyə parlamenti indiyə qədər ratifikasiya etməyibdir.

Ona görə də mən bunu sizə bildirmək istəyirəm. Bu yaxın günlərdə sizin xarici işlər naziri İsmayıl Cəm də burada idi. Mən onunla da danışdım. Mənim əziz dostum Süleyman Dəmirəlin hələ səlahiyyət vaxtı qurtarmazdan əvvəl onunla danışmışdım, indi də onunla telefon əlaqələrim var. Biz gözləyirik ki, Türkiyə Bakı-Ceyhan boru xəttinə dair sazişləri nə vaxt ratifikasiya edəcəkdir. Çünki biz işə başlamalıyıq. Türkiyədə bu layihəni daim istəyirdilər. İndi Bakı-Ceyhanı ortaya qoymuşuq, Böyük Millət Məclisi isə onun təsdiqini gecikdirir.

Sadətdin Tantan: Həmin sazişlərə parlamentin komissiyalarında baxılıbdır. Xarici işlər naziri hörmətli İsmayıl Cəm Bakıya səfərindən aldığı müsbət təəssüratı Milli Təhlükəsizlik Şurasında da söylədi. Sazişlər tezliklə Böyük Millət Məclisində təsdiq ediləcəkdir. Bakı-Ceyhan boru xəttinin Türkiyədən keçməsi uğrunda Sizin apardığınız mübarizəni bütün türk milləti çox yaxşı bilir. Keçmiş prezidentimiz Süleyman Dəmirəlin, Türkiyənin müxtəlif nazirlikləri və idarələrinin bu sahədə fəaliyyəti də hamıya məlumdur. Türk milləti yaxşı bilir ki, bu boru xətti təkcə iqtisadi deyil, həm də mədəni əhəmiyyət daşıyır. Gələcəkdə tarixi yazanlar bu cəhəti ayrıca vurğulayacaqlar. Mən buna ürəkdən inanıram.

Heydər Əliyev: Biz bunu gözləyəcəyik. Bu günlərdə Bakıda neft-qaz sərgisi keçirilir. Dünyanın 300-dən artıq neft və qaz şirkəti Bakıya toplaşmışdır. Bu, hər il burada keçirilir, Xəzər hövzəsinin neft-qaz sərgisidir. Artıq yeddinci ildir ki, bunu keçiririk. Biz Xəzər dənizində yeni böyük qaz yatağı açmışıq - "Şahdəniz" yatağı. Bu layihədə "Türk Petrolları" Anonim Şirkətinin də 9 faiz payı var.

İndi biz oradan hasil ediləcək qazın dünya bazarına çıxarılması barədə düşünürük. Sərgidə şirkətin başçıları mənə dedilər ki, 2002-ci ildə Türkiyəyə 5 milyard kubmetr qaz verə biləcəyik. Bilirəm, siz gözləyirsiniz ki, Türkmənistandan qaz gəlsin, amma o gecikir. Biz də istəyirik gəlsin, amma bimirəm nəyə görə gecikir. Siz indi başqa yerdən də qaz alırsınız, onu da bilirəm. Amma dostum Süleyman Dəmirəl mənə demişdi ki, 2010-cu ildə Türkiyənin 50 milyard kubmetr qaza ehtiyacı olacaqdır. Biz 2002-ci ildə Türkiyəyə 5 milyard kubmetr qaz verəcəyik, amma sonra hər il artıracağıq.

Demək, beləliklə, biz Türkiyəyə həm Bakı-Ceyhanı, nefti, həm də təbii qazı gətiririk.

Sadətdin Tantan: Burada aldığım məlumatı hörmətli prezidentimizə və baş nazirimizə çatdıracağam. Türkiyənin enerji daşıyıcılarına olan ehtiyacı çox böyükdür. Təbii ki, bu ehtiyacı ödəmək üçün ölkəmiz hər yerdən yanacaq almağa çalışır. Amma Xəzər hövzəsində Türkiyənin payının daha da artırılması bizim üçün son dərəcə yaxşı olardı.

Heydər Əliyev: Yüksəltmişəm, o qədər yüksəltmişəm ki...

Sadətdin Tantan: Daha da yüksəltsəniz, bölgədə təsirimiz artar. Biz istəyirik ki, Türkiyənin iş adamları Azərbaycana daha çox sərmayə qoysunlar, ölkənizin iqtisadi tərəqqisinə töhfə vermiş olsunlar.

Heydər Əliyev: Biz də bunu istəyirik. Bakı-Ceyhan boru xəttinin tikilməsi ilə əlaqədar işlər çox olacaq, orada Türkiyənin iş adamları da, başqaları da çalışa biləcəklər. Kəmərin çox hissəsi, elə min kilometri Türkiyənin ərazisindən keçəcək, orada çox iş görmək lazımdır. Amma onun bir qismi Azərbaycandan, kiçik bir qismi də Gürcüstandan keçəcəkdir. Yəni Türkiyənin şirkətləri çox önəmli işlər görə biləcəklər.

Biz Türkiyənin hörmətli cümhur başkanı Əhməd Necdət Sezəri Azərbaycanda rəsmi səfərə gösləyirik. Mən nazir İsmayıl Cəmə də demişdim, sizə də deyirəm - güman edirəm ki, Türkiyənin işə yeni başlamış cümhur başkanı gərək ilk xarici səfərini Azərbaycana etsin. Mən onu dəvət etmişəm və belə düşünürəm ki, bu dəvət qəbul olunub biz onun vaxtını müəyyən edirik. O, gələcək və burada çox məmnuniyyətlə görüşlər keçirəcəyik.

Ötən illər, yeddi il idi ki, hörmətli Süleyman Dəmirəl cümhur başkanı idi, ondan öncə də baş nazir idi. Azərbaycan-Türkiyə əlaqələrinin yaranmasında, inkişafında, belə yüksək səviyyəyə çatmasında onun çox böyük xidmətləri olubdur. Buna görə də Azərbaycanda onu çox sevirlər, çox hörmət edirlər. Dostu kimi mən də onu çox sevirəm və xahiş edirəm mənim salamımı, hörmət və ehtiramımı ona çatdırasınız.

İnşallah, yeni seçilmiş cümhur başkanı da gələr, əvvəllər yaranmış ənənələr davam və inkişaf edər.

Sadətdin Tantan: Hörmətli cümhur başkanım, mən Sizin salamlarınızı və dəvətinizi yeni cümhur başkanımıza yetirəcəyəm. Həm də keçmiş cümhur başkanımıza Sizin salamlarınızı çatdıracağam. Əminəm ki, Sizin və Süleyman bəyin başladığınız əlaqələr və səmimi dostluq, qardaşlıq münasibətləri yeni prezidentimiz tərəfindən də davam etdiriləcəkdir.

Heydər Əliyev: Çox gözəl. Sağ olun.