Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda səfərdə olan Moskva meri Yuri Lujkovla təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan və Moskva nümayəndə heyətləri arasında aparılan danışıqlarda çıxışı - Prezident Sarayıç 13 iyun 1997-ci il


Hörmətli Yuri Mixayloviç!

Moskva hökuməti nümayəndə heyətinin hörmətli üzvləri!

Mən sizi Azərbaycan torpağında, qədim və gözəl paytaxtımız Bakıda səmimi salamlayır, sizin Azərbaycana səfərinizdən, habelə Moskvanın 850 illiyinə həsr edilmiş mədəniyyət günlərinin başlanmasından məmnun qaldığımı bildirirəm.

Qeyd etmək istəyirəm ki, Moskvanın yubileyi təkcə Rusiya paytaxtı üçün böyük hadisə deyildir, bu yubileyin bir çox başqa ölkələrə, o cümlədən Azərbaycana da aidiyyəti var, çünki Azərbaycan xalqının həyatı uzun onilliklər ərzində Moskva ilə bağlı olubdur, bir çoxları orada təhsil almış, elm və mədəniyyətdə, bir çox başqa sahələrdə yüksək peşəkarlıq vərdişləri qazanmışlar.

Belə bir cəhəti də xüsusilə vurğulayıram ki, Yuri Lujkovun və Moskvanın hökumət nümayəndə heyətinin səfəri həm də Azərbaycan ilə Rusiya Federasiyasının subyekti, bütün sahələrdə çox böyük imkanlara malik olan Moskva arasında birbaşa iqtisadi əlaqələri genişləndirmək və dərinləşdirmək zərurəti ilə bağlıdır. Ona görə də Azərbaycan Moskva ilə əməkdaşlığı ölkəmizin Rusiya ilə əməkdaşlığı üçün mühüm şərt sayır. Belə əməkdaşlıq, onu genişləndirmək və dərinləşdirmək üçün böyük imkanlar var və imzalanması nəzərdə tutulan sənədlər buna kömək edəcəkdir.

Məmnuniyyətlə bildirirəm ki, Moskvanın yubileyinə həsr olunmuş mədəniyyət günlərinin açılışını Azərbaycan ictimaiyyəti böyük maraqla gözləyir və işinin çoxluğuna baxmayaraq nəzərdə tutulan təntənələrdə iştirak etmək, Bakı sakinləri ilə görüşmək üçün vaxt tapıb ölkəmizə gəldiyinə görə şəxsən Moskva meri Yuri Mixayloviç Lujkova təşəkkür edirəm. Biz bunu yüksək qiymətləndiririk, ona görə ki, Rusiyada olduğu kimi, Azərbaycanda da sizi Moskvanın inkişafı üçün çox iş görmüş və görən adam kimi yaxşı tanıyırlar. İqtisadi və sosial islahatların həyata keçirilməsinə, demokratik dəyişikliklərə görə Moskva bütün Rusiya üçün, habelə keçmiş Sovetlər İttifaqının digər regionları üçün nümunədir. Biz də Moskvanın təcrübəsindən və bütün yaxşı təşəbbüslərindən istifadə etməyə çalışırıq. Fürsətdən istifadə edərək Rusiya paytaxtının hörmətli meri Yuri Mixayloviç Lujkova, Moskvanın hökumət nümayəndə heyətinin bütün üzvlərinə və bütün moskvalılara cansağlığı, xoş həyat və işlərində yeni uğurlar arzulayıram.

... Mən ölkəmiz haqqında deyilən xoş sözlərə görə, habelə qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirməyin və genişləndirməyin zəruriliyi ilə bağlı irəli sürdüyü maraqlı və mühüm təkliflərə görə Yuri Mixayloviç Lujkova təşəkkürümü bildirirəm. Qeyd etməyi vacib bilirəm ki, Moskva kimi Azərbaycan da Rusiya paytaxtı ilə, habelə bütün Rusiya ilə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək istəyir, bundan ötrü böyük imkanlar var, bunlardan istifadə etmək lazımdır.

Mən imzalanmaq üçün hazırlanmış sazişlərin reallaşdırılmasına nəzarət üçün ikitərəfli komissiya yaratmaq barədə Moskva meri Yuri Mixayloviç Lujkovun təklifi ilə razılaşaraq və həmin komissiyada Moskva tərəfini təmsil etmək üçün Moskva hökuməti başçısının müavini Ernest Bakirovun namizədliyini bəyənərək bildirirəm ki, Azərbaycan tərəfini bu komissiyada Azərbaycanın baş nazirinin birinci müavini Abbas Abbasov təmsil edəcəkdir. Əminəm ki, imzalanacaq sənədlər, habelə görüləcək işlər əməkdaşlığın daha da inkişafını, iqtisadi sahədə və başqa sahələrdə Azərbaycanın və Moskvanın özlərinin böyük imkanlarından qarşılıqlı surətdə istifadə etmələrini təmin edəcəkdir.

Bütün bu məsələlərdə mədəni əlaqələrin mühüm rolunu xatırlatmaq istərdim. Azərbaycanın mədəniyyət xadimləri Rusiya, Moskva ilə həmişə bağlı olublar, onlar da öz növbəsində Azərbaycana böyük maraq göstəriblər. Rusiya, Moskva və Azərbaycanın ən böyük ədəbiyyat, incəsənət xadimləri arasında uzunmüddətli sıx dostluğa dair çoxlu faktlar var. Xoşbəxtlikdən, bütün bunlar qalmaqdadır və çox böyük rol oynayır, ona görə də ümumiyyətlə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək, xüsusən Rusiya ilə Azərbaycan, Moskva ilə ölkəmiz arasında dostluq və qarşılıqlı əlaqəni möhkəmləndirmək üçün mədəni əlaqələrin imkanlarından istifadə etmək lazımdır. Qətiyyətlə bildirirəm ki, Azərbaycan bundan ötrü hər şeyi edəcəkdir, o, bunu istəyir.

Sözümü bitirərək hörmətli qonaqlarımıza bir daha cansağlığı, xoş həyat arzulayıram.