Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Süleyman Dəmirələ - Bakı şəhəri, 1 fevral 1999-cu il


Əziz dostum və qardaşım!

Ankarada olarkən mənə göstərdiyiniz çox böyük qayğı və diqqətə görə sizə səmimi-qəlbdən təşəkkürümü bildirirəm.

Mən səhhətimlə bağlı narahatlıq keçirdiyim ilk anlardan əsl dost və qardaş kimi sizin nigarançılığınızı və fədakarcasına qayğıkeş münasibətiniz hiss etdim. Müayinə olunmağım üçün Bakıya iki təyyarə ilə həkimlər göndərdiyinizi, məni təkidlə Türkiyəyə dəvət etməyinizi, Ankaraya qədəm qoyduğum andan sizin mənə göstərdiyiniz əvəzsiz qayğınızı, hər gün mənə baş çəkməyinizi, sizinlə maraqlı və dərin məzmunlu söhbətlərimizi böyük məmnuniyyət hissi ilə xatırlayır, çox yüksək qiymətləndirir və sizin mənəvi dəstəyinizi sağlamlığımın tam bərpa olmasının mübaliğəsiz surətdə əsas şərti hesab edirəm.

Mən qardaş, dost ölkəmdə müayinəmi etibar etdiyiniz Gülhanə Tibb Akademiyası kimi dünya miqyaslı müasir tibb ocağının olmasından da böyük iftixar hissi keçirirəm. Ən yeni texnika ilə təchiz olunmuş bu tibb müəssisəsində çalışan yüksək bilik və təcrübəyə malik tibb heyətinin nəcib insani keyfiyyətləri, böyük qayğıkeşliyi və nəvazişi mənim üçün çox dəyərli və unudulmazdır.

Bütün bunlar, şübhəsiz ki, xalqlarımız və ölkələrimiz arasında qədim tarixi kökləri olan əbədi dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi, Türkiyə-Azərbaycan əlaqələrinin sarsılmazlığının və dönməzliyinin parlaq sübutudur.

Mən bunu həm də ilk növbədə sizinlə, əziz dostum və qardaşım, qırılmaz şəxsi münasibətlərimizin, qarşılıqlı ehtiram və məhəbbətimizin, səmimi dostluq duyğularımızın saflıq mücəssəməsi kimi dəyərləndirirəm.

Əziz dostum!

Mənə göstərdiyiniz yüksək diqqət, qayğı və qonaqpərvərliyə görə bir daha Sizə və ailənizə, Türkiyənin dövlət xadimlərinə, bütün qardaş türk xalqına ürəkdən təşəkkür edir və ən xoş arzularımı bildirirəm.

Dərin ehtiramla,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.