Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İzmir Karşıyaka bələdiyyəsinin sədri cənab Kamal Baysaka təşəkkürü - Bakı şəhəri, 18 iyul 1998-ci il


Hörmətli Kamal Baysak!

İzmir Karşıyaka Bələdiyyə Məclisi tərəfindən 1997-ci ilin İnsan haqları mükafatı ilə təltif olunduğuma görə sizə və məclisin bütün üzvlərinə dərin təşəkkürümü bildirirəm.

Azərbaycanın müstəqilliyi, ölkəmizdə demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi, Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsi yolunda fəaliyyətimin bu cür yüksək qiymətləndirilməsi mənim üçün çox xoşdur. Əvvəlcədən əldə edilmiş razılığa əsasən Londonda səfərdə olacağımdan mükafatın təqdimat mərasimində iştirak edə bilməyəcəyimə görə mənim adımdan mükafatı almağı Azərbaycan Respublikasının Türkiyədəki səfirinə həvalə edir və bir daha sizə öz minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.