Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəl ilə birgə Azərbaycan ictimaiyyəti ilə görüşdə nitqi - Prezident sarayı, 10 may 1998-ci il


Hörmətli cənab prezident, əziz dostum, əziz qardaşım Süleyman Dəmirəl!

Sizin bu gün Azərbaycana qısamüddətli ziyarətiniz, səfəriniz adi hadisə deyildir. Bu, birinci növbədə sizin Azərbaycana, Azərbaycan xalqına göstərdiyiniz daimi diqqətin və qayğının təzahürüdür. Bu, sizin Azərbaycanı nə qədər sevdiyinizi, Azərbaycanla nə qədər bağlı olduğunuzu nümayiş etdirir. Bu, eyni zamanda sizin şəxsən mənə göstərdiyiniz dostluq münasibətinin ən gözəl ifadəsidir. Azərbaycana gəlməyiniz münasibətilə, burada ifadə etdiyiniz hərarətli nitqinizə görə, Azərbaycan - onun keçmişi, bu günü, gələcəyi haqqında dediyiniz dəyərli ifadələrə görə sizə ürəkdən təşəkkür edirəm. Sizə deyirəm, - qardaş kimi çox sağ olun. Sizə cansağlığı, uzun ömür, gələcək işlərinizdə uğurlar arzu edirəm.

Əziz Süleyman Dəmirəl, mənim qardaşım!

Azərbaycan xalqı öz doğma qardaşları olan Türkiyəyə, türk xalqına dostluq və qardaşlıq hissləri ilə yanaşır. Bu, əsrlər boyu belə olmuşdur. Bizim dostluğumuzun, qardaşlığımızın, birliyimizin böyük nümunələri var və bunlar tarixin çox parlaq-parlaq səhifələrində öz əksini tapıbdır. XX əsrdə Azərbaycanın həyatında gedən proseslərdə baş verən hadisələr Türkiyəni həmişə maraqlandırmışdır. Amma eyni zamanda Azərbaycan xalqı da çox çətinliklərlə, müsibətlərlə üzləşməsinə baxmayaraq, həmişə Türkiyəyə, türk xalqına maraqla, mehribanlıq, sevgi hissi ilə baxmışdır. Azərbaycanda 1918-ci ildə ilk demokratik respublika yarananda bu hökumət Türkiyənin böyük dəstəyini almış və Türkiyə ilə Azərbaycan arasında münasibətlər yaranmışdı. Bu hökumət süqut edəndən sonra, Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bizim münasibətlərimiz get-gedə məhdudlaşdırılmış, demək olar, kəsilmişdi. Elə zamanlar olmuşdur ki, Azərbaycanda yaşayan hər bir insan Türkiyədə qohum-əqrəbasının olduğunu gizlətməyə məcbur idi. Çünki əks halda ola bilərdi ki, ya həbs olunsun, ya işdən kənarlaşdırılsın, yaxud da başqa təzyiqlərə məruz qalsın. Azərbaycanın bir çox dəyərli insanları 20-30-cu illərdə "Pantürkist" damğası ilə həbs olunub zindanlara salınmış, böyük əzab-əziyyətlər çəkmişlər. Ancaq bunlara baxmayaraq Azərbaycan xalqı öz dostluq münasibətini, marağını və məhəbbətini Türkiyədən heç vaxt kəsməyibdir. Hansı illərdəsə bunlar onun qəlbində yaşayıb, geniş ifadə edilməyibdir. Ancaq sonra, imkan olanda insanların qəlbindəki bu hisslər fəvvarə kimi qalxıb və bugünkü bu dostluq əlaqələrini yaradıb.

O illərdə - Azərbaycan özü ağır bir dövr yaşadığı zaman Azərbaycan xalqı çox sevinirdi ki, Türkiyə Cümhuriyyəti quruldu və türk xalqının, bütün türk dünyasının ulu öndəri Mustafa Kamal Atatürkün iradəsi ilə bu cümhuriyyət yarandı və bu gün də yaşayır. Türkiyənin keçdiyi cümhuriyyət yolu, demokratiya, iqtisadi inkişaf yolu bu gün Azərbaycan üçün böyük örnəkdir. Biz onu yüksək qiymətləndiririk ki, Azərbaycan dövlət müstəqilliyi əldə edən kimi Türkiyə ilk olaraq Azərbaycanın müstəqilliyini tanımış və bu da məhz bizim əziz dostumuz Süleyman Dəmirəlin iradəsi ilə olmuşdur. O illərdə Türkiyənin Azərbaycana göstərdiyi dəstək, Türkiyənin Azərbaycana dayaq, arxa olması bizə güc vermiş, xalqımıza çox böyük mənəvi yardım olmuşdur. Ermənistanın Azərbaycana təcavüzü başlayandan, Dağlıq Qarabağ münaqişəsi başlayandan Türkiyə həmişə Azərbaycana qayğı göstərib, Azərbaycanın haqq işini dünyada müdafiə edir. Türkiyənin hökuməti də, ictimaiyyəti də, Türkiyədə yaşayan hər bir türk də Azərbaycanın bu qayğıları ilə də yaşayır.

Son illər Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində də Minsk qrupunun üzvü kimi Türkiyə böyük xidmətlər göstərir. 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə məhz Türkiyənin böyük dəstəyi nəticəsində ATƏT-in zirvə görüşünün Lissabon bəyanatı - Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsinə dair bəyanat hasil oldu. Bir çox başqa faktlar da gətirmək olar. Bunlar hədsiz dərəcədə çoxdur. Xalqımız bunların hamısını bilir və bildiyinə görə də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycanda Türkiyəyə daimi məhəbbət, daimi sevgi ifadə olunur.

Əziz dostum, qardaşım Süleyman Dəmirəl, sizi Azərbaycanda belə sevgi ilə, məhəbbətlə, hərarətlə qarşılayırıq. Son illər Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir. Bizim hələ böyük imkanlarımız var, bu imkanlardan istifadə etməliyik. Xüsusən biz Türkiyənin iqtisadiyyat sahəsində təcrübəsindən, Türkiyə şirkətlərinin imkanlarından, bütün başqa vasitələrindən Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün istifadə etməli və bütün sahələrdə əməkdaşlığımızı genişləndirməli, dərinləşdirməliyik. 1994-cü ildə Azərbaycanın Xəzər dənizindəki sektorunda olan zəngin neft yataqlarının işlənilməsi haqqında imzalanmış müqavilənin hazırlanmasında da Türkiyənin böyük xidmətləri var. Türkiyə şirkəti həmin müqavilənin iştirakçısıdır. Yəni Türkiyə Azərbaycana xarici sərmayə qoyuluşunun, Azərbaycan neftinin hasil olunmasının başında duran ölkələrdən biridir. İmzalanmış sonrakı müqavilələrdə də Türkiyənin neft şirkəti iştirak edir. Amma Türkiyənin bu işə münasibəti təkcə müqavilələrdə iştirakdan ibarət deyildir. Biz bu barədə Türkiyə ilə daim bir yerdəyik. Çünki Xəzər dənizinin zəngin neft yataqları - həm Azərbaycan sektorundakı, həm də Xəzəryanı başqa dövlətlərin sektorlarındakı yataqlar gələcəkdə bütün dünya üçün çox faydalı olacaqdır. Artıq biz 1994-cü ildə imzalanmış müqaviləni həyata keçiririk. Ötən ilin noyabrında ilkin nefti hasil etdik və onu ixrac edirik. Ancaq o yataqların daha zəngin olması günü-gündən təsdiqlənir. Gələcəkdə Xəzər dənizinin Azərbaycan sektorunda çox böyük neft hasilatı gözlənilir və biz bunun hamısını dünya bazarına ixrac etməliyik. Bu ixrac üçün bir çox yollar var. Amma Azərbaycan üçün ən əlverişli, əhəmiyyətli yol, Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələrini nəzərə alaraq bizim üçün ən etibarlı yol - Azərbaycanın, Xəzər dənizi neftinin ixracı yolu Bakı-Gürcüstan-Türkiyə-Ceyhan yoludur. Azərbaycan hökuməti, Azərbaycan prezidenti bu mühüm məsələ haqqında öz fikrini dəfələrlə bildirmiş, öz qərarlarını qəbul etmişdir.

Bu gün mən bir daha bəyan edirəm ki, bu il ərzində əsas neft kəmərinin, böyük neft kəmərinin layihəsi hazırlanıb qurtarmalı və kəmərin tikilməsi üçün əməli işə başlanmalıdır. Bizim neft Şirkəti, konsorsiumun iştirakçısı olan başqa dövlətlərin neft Şirkətləri, Türkiyənin neft şirkəti və enerji naziri bu sahədə konkret işlər görürlər. Bir neçə gündən sonra Türkiyədə bu barədə görüşlər olacaq, danışıqlar aparılacaqdır. Biz may, iyun, iyul, avqust aylarında hansı işlər görülməsi haqqında xüsusi bir təqvim tərtib edəcəyik. Bunun nəticəsində payıza, yəni sentyabr-oktyabr aylarına qədər bu proqram hazırlanmalıdır, layihə başa çatdırılıb əməli işə başlanmalıdır. Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin qərarı məlumdur və bu gün mən bir daha bəyan edirəm ki, Xəzər dənizindən, Azərbaycandan əsas neft kəməri yalnız Bakı-Gürcüstan-Türkiyə-Ceyhan marşrutu ilə gedəcəkdir.

Əziz dostum, əziz qardaşım Süleyman Dəmirəl! Siz Azərbaycana çox qayğılar göstərmisiniz. Şəxsən məni sizinlə bağlayan dostluğun da tarixi böyükdür. 30 il bundan öncə siz Türkiyənin Baş naziri kimi ilk dəfə Sovetlər İttifaqına rəsmi ziyarətə gəldiyiniz zaman mütləq Azərbaycana, Bakıya gəlməyi arzu etmiş və buna nail olmuşdunuz. O vaxt, o günlərdə mən Sizinlə görüşdüm, biz tanış olduq, ondan sonra aramızda dostluq əlaqəsi yarandı. Bütün başqa keyfiyyətlərinizlə yanaşı, Siz böyük dövlət xadimi, böyük siyasət adamı, türk dünyasının ən görkəmli şəxsiyyətlərindən biri olaraq, eyni zamanda çox etibarlı, sədaqətli dostsunuz, etibarlı, sədaqətli insansınız. Bizim 30 illik dostluğumuz ərzində mən bunu görmüşəm, hiss etmişəm, sınamışam və xüsusən Azərbaycanda müstəqillik addımları atılan zaman, o vaxt mən Naxçıvanda olarkən siz Azərbaycana kömək edirdiniz, Azərbaycanın ayrılmaz bir hissəsi olan Naxçıvana kömək edirdiniz. Azərbaycanla Türkiyə arasında - Naxçıvan ərazisində körpünün tikilməsinə nail oldunuz və bir çox başqa işlər gördünüz. Xalqımız bunları heç vaxt unutmayacaq, mən də bir dost, qardaş kimi bunları heç vaxt unutmayacağam. Bütün bunlara görə də Sizin bu gün burada - Bakıda, Azərbaycan torpağında olmağınız mənim üçün çox əzizdir. Bir daha nümayiş etdirirsiniz ki, Siz sadə insansınız. Bir daha nümayiş etdirirsiniz ki, Siz böyük siyasi xadimsiniz. Bir daha nümayış etdirirsiniz kı, sız Mustafa Kamal Atatürkün çox etibarlı davamçısısınız.

Sizə bir daha təşəkkür edirəm. Sizə cansağlığı, səadət arzu edirəm. Sizin həyat yoldaşınız, ömür dostunuz Nəzmiyyə xanıma mənım hörmət-ehtiramımı, salamlarımı çatdırın. Mən sizi dost, qardaş kimi qucaqlayır, bağrıma basıram.