"Dan ulduzu" və "Əşrəfi" strukturlarının birgə işlənməsi haqqında sazişin imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 14 dekabr 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu gün Azərbaycan Respublikasının həyatında yeni əlamətdar bir hadisə baş verir. Azərbaycanın neft yataqlarının xarici ölkələrin neft şirkətləri ilə müştərək işlənməsi və istifadə olunması ilə əlaqədar yeni bir neft müqaviləsi imzalanır.

Bu hadisə Azərbaycan Respublikasının neft yataqlarının, təbii sərvətlərinin birgə işlənməsi və ölkəmizin iqtisadiyyatını inkişaf etdirmək, xalqımızın rifah halını yüksəltmək üçün atılan daha bir dəyərli addımdır. Bu hadisə Azərbaycan Respublikasının iqtisadiyyatını inkişaf etdirmək üçün aparılan kompleks tədbirlərin, ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərinin həyata keçirilməsinin yeni bir təzahürüdür. Bu hadisə Azərbaycan Respublikasının dünya iqtisadiyyatı üçün açıq olduğunu və dünya iqtisadiyyatı ilə bağlılığa daim cəhd göstərdiyini bir daha nümayiş etdirir. Bunlar hamısı birlikdə Azərbaycan Respublikasını inkişaf etdirmək, xalqımızın rifah halını yaxşılaşdırmaq üçün atılan addımlardır. Eyni zamanda bu, Azərbaycan Respublikasının iqtisadi siyasət sahəsində tutduğu strateji yolun davamıdır və ölkəmizin təbii sərvətlərindən, dünyanın qabaqcıl texnologiyasından səmərəli istifadə olunması üçün dünyanın böyük şirkətləri ilə sıx əməkdaşlıq etməyimizin yeni bir təzahürüdür.

Biz bu sahədə tutduğumuz yola sadiqik. 1994-cü ilin sentyabrında Xəzərin Azərbaycan sektorundakı neft və qaz yataqlarının müştərək istifadə olunması barədə dünyanın çox iri və ən nüfuzlu neft şirkətləri ilə böyük bir müqavilə imzalanmışdır. Bu gün məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, iki il bundan əvvəl imzalanmış müqavilə həyata keçirilir, artıq o öz müsbət nəticələrini verir. Həmin müqavilənin həyata keçirilməsi üçün yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti bu müddətdə xeyli iş görübdür və yaxşı nəticələr əldə edibdir.

Bu ilin sentyabrında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin hesabatını dinləyərkən məlum oldu ki, nəzərdə tutulan proqram vaxtlı-vaxtında və ardıcıl surətdə həyata keçirilir. Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən hazırlanmış, modernləşdirilmiş, bərpa edilmiş "Dədə Qorqud" yarımdalma qazma qurğusu bu ilin avqust ayında istifadəyə verilmiş və bu qurğu vasitəsilə "Çıraq" neft yatağında qısa müddətdə - 69 gün ərzində böyük bir quyu qazılmış, yaxşı nəticələr əldə olunmuşdur. Verilən məlumatlar onu göstərir ki, qazılan quyudan alınan nəticələr bizim nəzərdə tutduğumuz, gözlədiyimiz proqnozlardan da yüksəkdir. İndi orada ikinci quyunun qazılmasına başlanır və bu gün daha qətiyyətlə demək olar ki, o da öz müsbət nəticəsini verəcəkdir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti qazma işləri ilə bərabər, hasil olunan neftin ixracı ilə bağlı tədbirlər də həyata keçirir.

Bildiyiniz kimi, ilkin neftin ixracı üçün iki neft kəmərinin tikilməsi barədə qərar qəbul olunmuşdur. Bu kəmərlərin biri şimal istiqaməti ilə Rusiya ərazisindən Qara dənizdəki Novorossiysk limanına, ikincisi isə Qərb istiqamətində - Gürcüstan ərazisindən Qara dənizin Supsa limanına gedən kəmərdir.

Bu ilin sonunda - 1997-ci ilin ilk günlərində birinci neft kəməri, yəni Rusiya ərazisindən şimala, Novorossiysk limanına gedən neft kəməri tamamilə hazır olacaqdır və Azərbaycandan bu kəmər vasitəsilə neft nəql etmək mümkün olacaqdır. Qərb istiqamətində neft kəmərinin inşasına 1997-ci ilin əvvəlində başlanacaq və Beynəlxalq Əməliyyat Şirkətinin verdiyi məlumata görə, bu iş 1998-ci ilin sonunda başa çatacaqdır. Beləliklə, 1994-cü ildə imzalanmış neft müqaviləsi əsasında hasil olan ilkin neftin ixracı məsələləri tamamilə həll edilibdir.

Bu ilin sentyabrında biz Beynəlxalq Əməliyyat Şirkətinin məlumatı əsasında geniş müzakirə aparmışıq, mən onların hesabatını dinləmişəm. Beynəlxalq Əməliyyat Şirkəti məlumat veribdir ki, "Əsrin müqaviləsi"nin proqramı əsasında 1997-ci ilin avqustunda "Çıraq" yatağından neft hasil ediləcək və bu məhsul ixrac üçün hazır olacaqdır.

Beləliklə, 1994-cü ildə imzaladığımız neft müqaviləsinin son iki il müddətində yüksək səmərəli olduğunun şahidiyik və bunlar indən sonra da bu istiqamətlə hərəkət etməyə bizdə daha da çox inam yaradır.

Bildiyiniz kimi, 1995-ci ilin noyabrında Azərbaycan Respublikasının Xəzər dənizindəki sektorunda olan "Qarabağ" neft yatağının müştərək istifadə edilməsi üçün ikinci bir müqavilə imzalanmışdır. İndi bu müqavilə də işləyir, həyata keçirilir. Xəzərin Azrbaycan sektorunda olan "Şahdəniz" neft və qaz yatağının müştərək işlənməsi üçün bu il iyunun 4-də üçüncü müqavilə imzalanıbdır.

Bu gün isə biz bu istiqamətdə hərəkətimizi davam etdirərək dördüncü neft müqaviləsinin imzalanmasına toplaşmışıq. Bu müqavilə Xəzərin Azərbaycan sektorundakı "Dan ulduzu" və "Əşrəfi" yataqlarının müştərək istifadə edilməsinə həsr olunubdur. Bu zəngin neft yataqları Azərbaycan Respublikasının alimləri, geoloqları, neftçiləri, mütəxəssisləri tərəfindən hələ 1970-ci illərdə kəşf olunmuş, açılmışdır. Bundan sonra həmin yataqların istifadə olunması üçün bəzi cəhdlər göstərilmişdir. 1982-1985-ci illərdə bu yataqlardan istifadə etmək üçün müəyyən addımlar atılmış, ancaq bu məsələ o vaxt başa çatdırıla bilməmişdir.

"Dan ulduzu" və "Əşrəfi" neft yataqlarının istifadə olunması üçün 1992-ci ildə Amerika Birləşmiş Ştatlarının "AMOKO" və "Yunokal" şirkətləri ilə danışıqlar başlanmışdır. O vaxtdan indiyədək həm danışıqlar, həm də bu yataqların istifadə olunmasına hazırlıq aparılmışdır. 1996-cı ildə bu işlər son mərhələyə çatmışdır. Bu yataqlardan müştərək istifadə olunması bu məsələnin konkret həll edilməsi üçün 1996-cı ildə həm Azərbaycan Dövlət Neft Şirkəti, həm də Amerika Birləşmiş Ştatlarının "AMOKO" və "Yunokal" neft şirkətləri tərəfindən təkliflə irəli sürülmüşdür. Bu təkliflərin səmərəliliyi, Azərbaycan Respublikası üçün faydası, əhəmiyyəti və bütün iqtisadi, texniki göstəriciləri bir neçə dəfə müzakirə edilmiş, təhlil olunmuşdur.

Bütün bunlardan sonra mən bu təklifləri bəyənmişəm, "Dan ulduzu" və "Əşrəfi" neft yataqlarında bundan sonra iş görmək, bu yataqların istifadəsinə əməli surətdə başlamaq barədə Azərbaycan Dövlət Neft Şirkətinin verdiyi təklif əsasında müvafiq sərəncam imzalamışam, danışıqların son mərhələsinin həyata küçirilməsi üçün respublika Dövlət Neft Şirkətinə səlahiyyətlər vermişəm.

Bütün bunların nəticəsində Azərbaycan Dövlət Neft Şirkəti Amerika Birləşmiş Ştatlarının "AMOKO" və "Yunokal" şirkətləri ilə birlikdə "Dan ulduzu" və "Əşrəfi" neft yataqlarının istifadə olunması üçün müqavilənin layihəsini hazırlayıb təqdim etmişdir. Bu layihəyə baxıldıqdan sonra, yenə də deyirəm, bütün göstəricilərinə görə onun respublikamız üçün səmərəli olduğunu nəzərə alaraq mən bu müqavilənin imzalanması barədə lazımi qərar qəbul etmişəm.

Qeyd etdiyim kimi, 1992-ci ildən indiyə qədər "Dan ulduzu" və "Əşrəfi" neft yataqlarının istifadə olunması üçün Amerika Birləşmiş Ştatlarının "AMOKO" və "Yunokal" şirkətləri ilə birgə iş, danışıqlar aparılıbdır. Son mərhələdə bu yataqlara başqa neft şirkətləri də maraq göstəriblər.

Mən məmnuniyyətlə qeyd edirəm ki, Yaponiya Azərbaycan iqtisadiyatına son illər günü-gündən daha çox maraq göstərir. Yaponiyanın şirkətləri Azərbaycana gəlib respublikamızın imkanlarını öyrənirlər və ölkəmizlə müştərək iş görmək haqqında bir neçə təklif irəli sürüblər. O cümlədən, Yaponiyanın böyük "İtoçu" şirkəti Azərbaycan Respublikasının neft və qaz yataqlarına maraq göstərmiş və bu barədə ciddi addımlar atmışdır.

Yaponiyanın "İtoçu" şirkətinin ABŞ-ın "Pennzoyl" və "MakDermott" şirkətləri ilə apardığı danışıqlar nəticəsində o, 1996-cı ildə bizim əvvəl imzaladığımız neft müqavilələrinə daxil olmuşdur. Biz bunu bəyənmişik və buna razılıq vermişik. İndi "Dan ulduzu" və "Əşrəfi" neft yataqlarının işlənməsi ilə əlaqədar aparılan danışıqlar prosesində Yaponiyanın "İtoçu" şirkəti bu neft yataqlarında müəyyən hissə almaq və bu müqavilənin iştirakçısı olmaq barədə bizə müraciət etmişdir. Biz bu müraciəti qəbul etmişik və Yaponiyanın "İtoçu" şirkəti də indi bu müqavilənin üzvüdür.

Bildiyiniz kimi, Səudiyyə Ərəbistanının "Delta" şirkəti Amerika Birləşmiş Ştatlarının "Yunokal" şirkəti ilə daim əməkdaşlıq edir. 1994-cü ildə imzalanmış neft müqaviləsində "Delta" şirkətinin də özünün müvafiq hissəsi var. Səudiyyə Ərəbistanının "Delta" şirkəti "Dan ulduzu" və "Əşrəfi" neft yataqlarının istifadə olunması üçün hazırlanan neft müqaviləsində də iştirak edir və onun da burada özünəməxsus hissəsi var. Beləliklə, "Dan ulduzu" və "Əşrəfi" neft yataqlarının müştərək işlənməsi, istifadə olunması və neft hasil edilməsi üçün hazırlanmış müqavilə Azərbaycan Dövlət Neft Şirkəti ilə Amerika Birləşmiş Ştatlarının "AMOKO", "Yunokal", Yaponiyanın "İtoçu" və Səudiyyə Ərəbistanının "Delta" şirkətləri tərəfindən yaradılmış konsorsium ilə bağlanır.

Xəzərin Azərbaycan sektorunda olan "Dan ulduzu" və "Əşrəfi" neft yataqları bizim neft yataqlarımızdandır. Proqnozlara görə bu yataqlardan 150 milyon ton neft hasil etmək mümkün olacaqdır. Bu müqaviləni həyata keçirmək üçün hazırlanmış layihənin yerinə yetirilməsi üçün təxminən iki milyard Amerika dolları sərmayə qoyulması nəzərdə tutulur. Bütün bu sərmayə Azərbaycan ilə neft müqaviləsi imzalayan şirkətlər tərəfindən qoyulacaqdır. Müqavilənin müddəti 25 ildir.

Şübhəsiz ki, bu göstəricilərin hamısı ilkin xarakter daşıyır, bunlar müəyyən qədər dəyişilə bilər. Amma mən hesab edirəm ki, onların dəyişilməsi bu göstəricilərin artması istiqamətində olacaqdır. Beləliklə, mən qeyd etdiyim kimi, bu müqavilə hər cəhətdən səmərəli bir müqavilədir. Azərbaycan Respublikasının milli mənafelərinə, ölkəmizin iqtisadiyyatına çox faydalı olan bir müqavilədir. Eyni zamanda o, Azərbaycan Respublikası ilə müştərək iş görmək istəyən və bu müqaviləni imzalayan xarici ölkələrin neft şirkətləri üçün faydalı və səmərəli olan bir müqavilədir.

Bu müqavilə bir daha onu nümayiş etdirir ki, Azərbaycan dünyanın bütün ölkələri, respublikamıza maraq göstərən şirkətləri, korporasiyaları ilə əməkdaşlıq etmək yolu ilə gedir. Bu gün mən qeyd etmək istəyirəm ki, biz bundan sonra da bu yolla gedəcəyik.

Mən əməkdaşlıq sayəsində Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında yaranmış dostluq əlaqələrinin xüsusi əhəmiyyətini qeyd edirəm.

Bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının neft şirkətləri Azərbaycan Respublikasının təbii sərvətlərinə, o cümlədən neft və qaz yataqlarına maraq göstərən ilk şirkətlərdir. Amerika Birləşmiş Ştatlarının xüsusən "AMOKO" şirkəti hələ 1990-cı illərin əvvəllərində Azərbaycana gələn ilk şirkətdir. Bu gün məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının "AMOKO" və digər şirkətləri Azərbaycanın bu sahədə gördüyü işlərin təşəbbüskarlarındandır. Artıq bu əməkdaşlıq geniş miqyas alıbdır. Bu əməkdaşlığı nəinki Amerika Birləşmiş Ştatlarının özəl şirkətləri, həm də bu ölkənin hökuməti, Prezident cənab Bill Klinton və digər yüksək vəzifəli şəxslər daim dəstəkləyirlər və bu əməkdaşlığın indən sonra da daim inkişaf etməsi üçün səylər göstərirlər.

Bildirmək istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton ilə, vitse-prezident cənab Albert Qor ilə mənim görüşlərimdə və danışıqlarımda və bütün başqa məsələlərlə yanaşı, Amerika-Azərbaycan iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi və xüsusən Xəzərin Azərbaycan sektorunun enerji ehtiyatlarından müştərək istifadə edilməsi məsələsi həmişə diqqət mərkəzində olmuşdur. Məhz bunların nəticəsidir ki, Amerika Birləşmiş Ştatlarında Azərbaycan Ticarət Palatası və Azərbaycanda Amerika Birləşmiş Ştatlarının Ticarət Palatası yaradılmışdır. Dünən biz Amerika Birləşmiş Ştatlarının Azərbaycanda Ticarət Palatasının işə başlaması mərasimində birlikdə iştirak etdik.

Mən bu əməkdaşlığı yüksək qiymətləndirirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, bizim əməkdaşlığımız bundan sonra günü-gündən genişlənəcək və inkişaf edəcəkdir. Mən bununla yanaşı, bütün başqa ölkələrlə də iqtisadi əməkdaşlığın Azərbaycan üçün çox əhəmiyyətli olduğunu qeyd etmək istəyirəm. Azərbaycandan çox uzaqda yerləşən, iqtisadi cəhətdən inkişaf etmiş və böyük imkanlara malik olan Yaponiyanın və onun iri şirkətlərinin Azərbaycana marağını mən bir daha xüsusi qeyd edirəm. Hesab edirəm ki, bizim bu sahədə əməkdaşlığımız səmərəli ola bilər və mən onun çox müsbət gələcəyinə inanıram.

Mən qeyd etmək istəyirəm ki, özəl şirkətlərlə birbaşa əməkdaşlığımız eyni zamanda dövlətlərin bu əməkdaşlığa böyük maraq göstərməsi, yardım etməsi beləliklə bizim dövlətlərarası əməkdaşlığımızın inkişaf etməsinin əsasını yaradır. Məhz buna görə də həmişə - artıq dördüncü dəfədir ki, bu müqavilələrin imzalanması mərasimində şirkətlərin rəhbərləri ilə yanaşı, ölkələrin hökumət nümayəndələri də iştirak edirlər.

Bu gün bu müqavilənin imzalanması mərasimi münasibətilə Azərbaycana Amerika Birləşmiş Ştatlarından, Yaponiyadan, başqa ölkələrdən qonaqlar gəliblər. Mən bütün qonaqları səmimi qəlbdən salamlayıram və onların hamısına "Xoş gəlmisiniz!" deyirəm.

Mən Amerika Birləşmiş Ştatlarının hökumət nümayəndə heyətinin rəhbəri cənab Yan Kalitskini salamlayıram. Amerika Birləşmiş Ştatlarının böyük neft şirkətlərinin başçıları - "AMOKO"nun prezidenti cənab Don Steysini, "Yunokal"ın vitse-prezidenti cənab Marti Milleri salamlayıram.

Mən Yaponiya hökuməti nümayəndə heyətinin rəhbəri cənab Toşiro Tzunozakini və "İtoçu" korporasiyasının "Enerji kemikl" qrupunun prezidenti cənab Koçu Nocimanı salamlayıram.

Mən Səudiyyə Ərəbistanının "Delta" şirkətinin prezidenti, yaxın dostumuz cənab Bədr əl-Əybanı salamlayıram.

Böyük bir neft müqaviləsinin imzalanması Azərbaycan ictimaiyyətində, respublikamızda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərində geniş maraq doğurur. Bu, xarici ölkələrdən Azərbaycana gəlmiş qonaqlarda da böyük maraq doğurur. Onların bir çoxu bizim bu mərasimdə, bu gün "Gülüstan" sarayında iştirak edir.

Bu mərasimdə iştirak edən xarici ölkələrin Azərbaycandakı səfirlərini, beynəlxalq təşkilatların respublikamızdakı nümayəndəliklərinin başçılarını, Azərbaycana gəlmiş bütün xarici qonaqları və Azərbaycan ictimaiyyətinin bu mərasimdə iştirak edən nümayəndələrinin hamısını ürəkdən salamlayıram.

Azərbaycanda dördüncü neft müqaviləsinin imzalanması çox sevindirici haldır, əlamətdar bir hadisədir. Bu hadisə münasibətilə "Gülüstan" sarayına toplaşanları və Azərbaycan Respublikasının vətəndaşlarını, xalqımızı ürəkdən təbrik edirəm.

Hörmətli dostlar, beləliklə, "Əşrəfi" və "Dan ulduzu" neft yataqlarının istifadə olunması üçün son illər aparılan böyük və gərgin iş başa çatıb, bu yataqların istifadə olunması üçün hazırlanmış neft müqaviləsi bizə təqdim edilibdir. Hesab edirəm ki, onu bu təntənəli mərasimdə imzalamaq artıq mümkündür. Mən şirkət rəhbərlərini və müqaviləni imzalayacaq şəxsləri bu mərasimə başlamağa dəvət edirəm.

İmzalama mərasimi başlanmazdan əvvəl bir məlumatı da sizə çatdırmaq istəyirəm. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti cənab Albert Qor ilə mənim dünən telefon danışığım olmuşdur. Bizim telefon danışığımızda Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əlaqələri haqqında bir çox məsələlər müzakirə edilmişdir. Vitse-prezident cənab Albert Qor dünən Azərbaycanda Amerika Birləşmiş Ştatlarının Ticarət Palatasının açılmasından məmnun olduğunu bildirmişdir.

Cənab Albert Qor bu gün Amerika Birləşmiş Ştatlarının "AMOKO" və "Yunokal" şirkətləri ilə və başqa şirkətlərlə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanacaq müqavilə haqqında xoş arzularını bildirmiş və bu münasibətlə öz təbrikini çatdırmışdır. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti cənab Albert Qorun bu müqavilənin imzalanması münasibətilə bu mərasimə göndərdiyi təbriki və salamları məmnuniyyətlə sizə çatdırıram.

Bir daha təbrik edirəm və sizi müqaviləni imzalamağa dəvət edirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 15 dekabr 1996-cı il.

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

Neft müqavilələri