Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyaya rəsmi səfərinin (24-27 fevral 1998-ci il) iqtisadi aspektləri mövzusunda ümumi tarixi arayış


Azərbaycan Prezidenti Heydər Əliyev Yaponiyanın Baş naziri Ryutaro Haşimotonun dəvəti ilə 24-27 fevral 1998-ci ildə Yaponiyada ilk dəfə rəsmi səfərdə olub. Yaponiyanın Tokio və Kioto şəhərlərini əhatə edən səfər çərçivəsində Azərbaycan Prezidenti Heydər Əliyev bu ölkənin imperatoru əlahəzrət Akixito, baş nazir Haşimoto, hökumətin bir çox üzvləri, o cümlədən bu ölkənin çoxsaylı investorları, iş adamları ilə görüşüb, danışıqlar aparıb. Bu səfər nəticəsində iki ölkə arasında yeddi sənəd imzalanıb. İki ən mühüm sənəd - "İki ölkə arasında dostluq və tərəfdaşlıq haqqında birgə bəyanat" və "Yaponiya ilə Azərbaycan arasında iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq haqqında birgə bəyanat" 26 fevral 1998-ci ildə Tokioda Yaponiyanın baş naziri Haşimoto və Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən imzalanıb. Qalan beş sənəd isə hər iki dövlətin müxtəlif hökumət qurumları arasında imzalanıb. Yaponiya-Azərbaycan münasibətlərinin hüquqi-normativ əsaslandırılması baxımından baza rolu oynayan bu sənədlər aşağıdakılardır:

1. "Azərbaycan Respublikası Hökuməti və Yaponiyanın Xarici ölkələrlə İqtisadi Əməkdaşlıq Fondu arasında ''Şimal Buxar-Qaz Elektrik Stansiyasının tikintisi'' layihəsi haqqında kredit sazişi üzrə notalar mübadiləsi", 26 fevral 1998-ci il, Tokio;

2. "Azərbaycan Respublikasında ərzaq istehsalının artırılmasına kömək məqsədi ilə kənd təsərrüfatı maşın və avadanlıqlarının alınması üçün Yaponiya Hökuməti tərəfindən əvəzsiz yardım kimi ayrılan qrant üzrə nota mübadiləsi və protokol" 26 fevral 1998-ci il, Tokio;

3. "Azərbaycan Respublikası Hökuməti və Yaponiyanın İdxal-İxrac Bankı arasında Etilen-Polietilən zavodunda EP - 300 qurğusunun yenidən qurulması layihəsinin maliyyələşdirilməsi haqqında kredit sazişi" 26 fevral 1998-ci il,Tokio;

4. "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ''Mitsui'' Neft Şirkəti arasında pay iştirakının verilməsi haqqında saziş" 26 fevral 1998-ci il, Tokio;

5. "Azərbaycan Respublikası Hökuməti və Yaponiyanın Xarici Ölkələrlə İqtisadi Əməkdaşlıq Fondu arasında ''Şimal Buxar-Qaz Elektrik Stansiyasının tikintisi'' layihəsi haqqında kredit sazişi", 27 fevral 1998-ci il, Tokio.

Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələr sahəsində siyasəti qarşılıqlı faydalı əməkdaşlıq yaratmaqdan, iqtisadi maraqların uzlaşdırılmasından, qarşılıqlı maraqların təminat mexanizminin yaradılmasından və onun qorunmasından ibarətdir. Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiyaya səfərinin ilk günü bu ölkənin məşhur "İtoçu" neft şirkətinin prezidenti Minoro Murofuşi ilə görüşlə başlanıb. Qeyd etmək lazımdır ki, Azərbaycan-Yaponiya iqtisadi münasibətlərinin əsası "İtoçu" şirkətinin 1996-cı ildə Xəzərin Azərbaycana məxsus sektorunda yerləşən üç neft yatağının iri xarici neft şirkətləri ilə birgə işlənməsini nəzərdə tutan "Əsrin müqaviləsi"nə qoşulması ilə qoyulub.

Elə həmin gün "İtoçu" şirkətinin rəhbərliyi Azərbaycan Prezidenti şərəfinə rəsmi ziyafət verib. Sonra Heydər Əliyev bu ölkənin iri şirkətlərindən olan "Niçimen" şirkətinin vitse-prezidenti İto Şunro, "Tomen" şirkətinin prezidenti Akixiro Tzuçi, "Mitsui" şirkətinin prezidenti Yeşimo Şqey, Yaponiya İdxal-İxrac Bankının prezidenti Yasuda Xiroşi, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin prezidenti Kimio Fucita, Yaponiya Xarici Ticarətin İnkişafı Təşkilatının sədri Toyoşimo Toro, Yaponiyanın Xarici Ölkələrdəki İqtisadi Əməkdaşlıq Fondunun prezidenti Akiro Nişiqaki ilə ayrılıqda görüşüb danışıqlar aparıb.

Rəsmi səfərin ikinci günü 25 fevral 1998-ci ildə Yaponiyanın İmperatoru əlahəzrət Akixito ilə təkbətək görüşlə başlayıb. Daha sonra Azərbaycan Prezidenti iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına nail olmaq məqsədilə Yaponiyanın iri şirkətlərindən olan "Mitsubişi" şirkətinin prezidenti Şinroku Moroxaşi, "Sumitomo" şirkətinin prezidenti Miyuxara Kinci, Yaponiya Milli Neft Korporasiyasının prezidenti Kunio Komats ilə də görüşüb danışıqlar aparıb. Həmin gün Yaponiya Milli Neft Korporasiyasının rəhbərləri adından Azərbaycanın dövlət başçısının şərəfinə rəsmi ziyafət verilib.

Azərbaycan Prezidenti Heydər Əliyev səfərin üçüncü günü - 26 fevralda, Tokioda onun üçün ayrılmış iqamətgahda iqtisadiyyatın müxtəlif sahələrində istehsal potensialına görə dünyada lider mövqeyə malik yapon şirkətlərinin rəhbərləri ilə görüşüb, danışıqlar aparıb. Bu görüşlərdən "Nissö İvai" şirkətinin prezidenti Husamiçe Masataki, "Marubeni" şirkətinin prezidenti İvao Toriumu, "Capeks" şirkətinin prezidenti cənab Vada, "Niçimen" şirkətinin vitse-prezidenti İto Şunro, "Soni Media Uorld" şirkətinin rəhbərləri ilə danışıqlar xüsusilə qeyd edilməlidir. Həmin gün Yaponiyanın "Kaydaren" İqtisadi Təşkilatlar Federasiyasının, Yaponiya Xarici Ticarət Məsləhəti Cəmiyyətinin və Yaponiyanın Rusiya, Mərkəzi və Şərqi Avropa ilə "Rotobo" Ticarət Assosiasiyasının təşəbbüsü ilə Heydər Əliyevin yapon investorları ilə geniş tərkibdə görüşü təşkil olunub. Milli iqtisadiyyata yapon investisiyalarının cəlb edilməsinə və bu ölkənin iş adamlarında Azərbaycan iqtisadiyyatı haqqında təsəvvür yaradılmasına kömək etmək məqsədilə Heydər Əliyev burada geniş nitq söyləyib. Daha sonra Azərbaycanın dövlət başçısının şərəfinə adı çəkilən təşkilatlar rəsmi ziyafət təşkil ediblər.

27 fevral 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Yaponiyaya səfər çərçivəsində bu ölkənin xarici ticarət və sənaye naziri Mistio Xoriuçi ilə görüşüb. İki ölkə arasında ticarət və sənaye sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev Kioto şəhərinə gəlib. 12-ci əsrə qədər Yaponiyanın paytaxtı olmuş Kioto şəhəri bu ölkənin elm mərkəzi kimi tanınır. Yaponiya üçün səciyyəvi olan qabaqcıl texnologiyaya malik sənaye müəssisələri də bu şəhərdə geniş yer tutur.

Burada Kioto prefektura və bələdiyyə idarəsi, şəhərin Ticarət-Sənaye Palatası adından Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib. Şəhərin rəsmi və işgüzar dairələrinin təmsil olunduğu qəbulda Azərbaycanın dövlət başçısı Azərbaycandakı iqtisadi islahatlar, Tokioda iki ölkə arasında imzalanan sənədlər və aparılan danışıqlar haqqında şəhərin işgüzar dairələrinə məlumat vermək məqsədilə geniş nitq söyləyib. Səfərin sonuncu günü Heydər Əliyev Kiotoda Nişicin-Ori-Kalkan toxuculuq-sənaye mərkəzində müasir texnologiya ilə təchiz edilən istehsal prosesi ilə tanış olub.

Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiyaya beş günlük səfəri həm bu ölkənin, həm də beynəlxalq kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Səfər çərçivəsində Heydər Əliyev Röyter agentliyinə, Yaponiyanın "Asahi" və "En-Eyç-Key" telekanallarına, "Nikkey Simbun", "Asahi Simbun", "Sankey Simbun", "Yomiuri Simbun" qəzetlərinə geniş müsahibələr verib. Həmin müsahibələrində bu rəsmi səfəri Azərbaycan Prezidenti Heydər Əliyev Yaponiya və Azərbaycan arasında diplomatik, siyasi-iqtisadi əlaqələrin qurulmasında və inkişafında tarixi əhəmiyyətə malik səfər kimi qiymətləndirilib.

2007-ci ilin yekun statistik rəqəmlərinə əsasən Yaponiya ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 295 milyon ABŞ dolları təşkil edib. Bunun da 99%-i Azərbaycanın bu ölkədən idxalının payına düşüb. Həmin məhsullar arasında aşağıdakılar üstünlük təşkil edib:

- qara metaldan borular, borucuqlar, içiboş profillər;

- minik avtomobilləri;

- mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər;

- elektrik transformatorların hissələri. (http://www.mfa.gov.az/)

Hazırda Yaponiyanın "İtoçu", "Mitsui", "Sumitoma", "Capeks", "Marubeni" və digər iri şirkətləri milli iqtisadiyyatımızın müxtəlif sahələrinə, o cümlədən sənaye, energetika, kənd təsərrüfatı və c. investisiya qoyublar və uğurla fəaliyyət göstərməkdədirlər. Hazırda Azərbaycan-Yaponiya iqtisadi münasibətləri özünün dinamik inkişaf mərhələsinə qədəm qoyub. Yapon investisiya və ‎texnologiyalarının tətbiqi üçün hüquqi zəmin yarandıqdan sonra, Yaponiya ‎‎hökuməti Azərbaycanda "Şimal" Elektrik Stansiyasının yeni enerji ‎blokunun tikintisi üçün 40 il ‎müddətinə 339 milyon ABŞ dolları məbləğində kredit ‎ayırıb. Daha sonra isə Sumqayıt Etilen-‎Polietilen zavodunda Buxar-Generator ‎qurğusunun tikintisi üçün 90 milyon ABŞ dolları ‎məbləğində güzəştli kredit ‎ayrılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 8-11 mart 2006-cı ildə bu ölkəyə etdiyi rəsmi səfərdən sonra iki ölkə arasındakı siyasi-iqtisadi münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu səfər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinə rəvac verib. Cənubi Qafqazda Yaponiyanın əsas tərəfdaşı olan Azərbaycan Respublikası bu ölkədən yeni texnologiyaların və müasir texnikanın milli iqtisadiyyata tətbiq edilməsi sahəsində və müştərək layihələrin həyata keçirilməsində fəal əməkdaşlığını davam etdirir. (http://www.president.az/)

 

Tarixi arayış 14 noyabr 2008-ci ildə yeniləşdirilib.