"Respublikamızın prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi" (Bakı, 28 noyabr 1998-ci il) sənədinə tarixi arayış


Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı fəaliyyətə başlayıb. Bu tarixi gün əsas götürülərək 17 iyul 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü haqqında" sərəncam imzalanıb. Həmin dövrdən başlayaraq 1 oktyabr Azərbaycan Respublikasında hər il prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Azərbaycan Prezidenti Heydər Əliyevin 9 avqust 1994-cü ildə imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanı respublika hüquq - mühafizə orqanlarının, o cümlədən prokurorluğun fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirib. 12 noyabr 1995-ci ildə ümümxalq referendumu yolu ilə qəbul edilən Azərbaycan Respublikasinın Konstitusiyasında prokurorluğun təşkili və fəaliyyət prinsiplərini, hüquqi statusunu müəyyənləşdirən normalar öz əksini tapıb.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 28 noyabr 1998 - ci ildə prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edərək respublikada prokurorluğun müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutduğunu və ölkənin müstəqilliyinə layiqli xidmət etdiyini bildirib. 

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Prokurorluğunda aparılan islahatların əsas məqsədi bu orqanın səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması olubö. Bununla yanaşı, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılması da əsas meyarlardan biri olub. Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından 1999-cu il dekabrın 7-də qüvvəyə minmiş "Prokurorluq haqqında" qanunun böyük rolu var.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin iştirakı ilə 2000-ci il aprelin 26-da keçirilən geniş müşavirədən sonra reallaşdırılan məqsədyönlü tədbirlər nəticəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişikliyi aparılıb, onun fəaliyyəti üçün zəruri normativ - hüquqi baza yaradılıb. 

Respublikanın hüquq - mühafizə orqanları, prokurorluq əməkdaşları Azərbaycan ərazisində cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində və vətəndaşların hüquq və azadlıqlarını etibarlı şəkildə qorumaq üçün daim qanunların aliliyini təmin edən ciddi tədbirlər həyata keçirirlər.

Prokurorluq orqanları əməkdaşlarının fəaliyyəti daim yüksək qiymətləndirilərək onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirilib. 2008-ci il sentyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev prokurorluq əməkdaşları və veteranlarını Azərbaycan Prokurorluğunun 90 illik yubileyi münasibəti ilə təbrik edib. Dövlət başçısı yubileyə dair bir neçə sərəncam da imzalayıb. "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün dövlət proqramının təsdiq edilməsi haqqında" sərəncamda prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi - texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulub. İlham Əliyev həmçinin bir qrup prokurorluq əməkdaşını orden və medallarla da təltif edib. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 28 noyabr 1998 - ci ildə prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda çıxış edərək respublikada prokurorluğun müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz yerini tutduğunu və ölkənin müstəqiulliyinə layiqli xidmət etdiyini bildirib. 

Tarixi arayış 2 oktyabr 2008-ci ildə yeniləşdirirlib.