Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl ilə görüşdəki söhbətindən - Yalta, 5 iyun 1998-ci il


Heydər Əliyev: Qardaş Türkiyə Cümhuriyyətinin prezidenti, əziz dostum, qardaşım Süleyman Dəmirəl!

Sizi səmimiyyətlə salamlayıram, bu görüşdən məmnun qaldığımı bildirirəm. Bir daha vurğulayıram ki, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluq, qardaşlıq əlaqələrini yüksək qiymətləndirirəm və bu dərin köklü əlaqələrin daha geniş inkişafına böyük əhəmiyyət verirəm.

Süleyman Dəmirəl: Əziz dostum, qardaşım Heydər Əliyev!

Sizi Yaltada, bu görüşümüzdə qardaşcasına salamlayıram. Bizim hər bir görüşümüz mənim üçün çox böyük əhəmiyyət daşıyır. Müstəqil Azərbaycan Respublikası ilə əməkdaşlığın gündən-günə inkişaf etməsinə Türkiyənin böyük maraq göstərdiyini vurğulamaq istəyirəm.

Heydər Əliyev: Təşəkkürümü bildirirəm. Biz bu əlaqələri yüksək qiymətləndirir, qardaş Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı siyasətimizin əsas istiqamətlərindən sayırıq. Azərbaycanla Türkiyə arasında bu sıx münasibətlərə heç nə mane ola bilməz. Bizim ölkələrimiz arasında yaranmış hərtərəfli əməkdaşlıq Azərbaycan Türkiyə əlaqələrinin bu günü və gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır. İqtisadi əməkdaşlığımızın əsas hissəsi Xəzər dənizi hövzəsindəki yataqlardan neft və qaz hasilatının müştərək işlənməsi, enerji daşıyıcılarının nəqli marşrutları ilə əlaqədardır. Bu barədə çox dəyərli və böyük gələcəyi olan müqavilələr imzalanmışdır. Biz bu müqavilələrin artıq əməli nəticələrini görürük.

Hörmətli Süleyman bəy! Biz artıq əsas neft kəmərinin - böyük neft borusunun tikilməsi məsələləri ilə ciddi məşğul olmalıyıq. Hesab edirəm ki, bu ilin sentyabrında TRASEKA proqramının yerinə yetirilməsi çərçivəsində Bakıda keçiriləcək Avropa Birliyinin himayəsi ilə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına dair beynəlxalq konfransda bu barədə son qərar qəbul olunacaqdır. Fürsətdən istifadə edərək Sizə türk xalqına sülh, əminamanlıq və xoşbəxtlik arzulayıram.