Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti zati-aliləri cənab Süleyman Dəmirələ məktubu - Bakı şəhəri, 13 may 2000-ci il


Hörmətli cənab Prezident!

Əziz dostum və qardaşım!

Mayın 5-də mənə yazdığınız məktuba görə sizə təşəkkur edir, dərin minnətdarlığımı bildirirəm.

Qafqaz regionunda çoxtərəfli əməkdaşlıq forumunun yaradılması ilə əlaqədar Sizin təşəbbüsünüzə dünyanın bir çox dövlət başçılarının müsbət cavab verməsi barədə məlumatlar məni məmnun etdi. Hesab edirəm ki, belə bir forumun yaradılması Qafqaz regionunda sülhün və təhlükəsizliyin bərqərar olmasında muhum rol oynaya bilər. Eyni zamanda Sizinlə tam razıyam ki, regionda real, səmərəli və uzunmüddətli əməkdaşlığa nail olmaq üçün ilk növbədə Cənubi Qafqazdakı hərbi münaqişələri, xüsusilə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini aradan qaldırmaq, bölgədə daimi sülhü təmin etmək lazımdır. Bu baxımdan Türkiyənin Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması üçün göstərdiyi davamlə səyləri yüksək qiymətləndirirəm.

Dünyanın aparıcı dövlətlərinin və Türkiyənin Balkanlarda uğurlu əməkdaşlığına istinad edərək beynəlxalq ictimaiyyətin diqqətini Cənubi Qafqazın təhlükəsizlik problemlərini yönəltmək istiqamətindəki səyləriniz xüsusilə təqdirəlayiqdir.

Cənubi Qafqazın üç ölkəsi ilə yanaşı, Türkiyənin, Amerika Birləşmiş Ştatlarının, Rusiyanın, Fransanın, İngiltərənin, Almaniyanın, Avropa Birliyinin marağı olan digər dövlətlərinin, habelə nüfuzlu beynəlxalq maliyyə qurumlarının səylərini birləşdirərək regionun bütövlükdə dircəlişinə və inkişafına nail olmaq, bərpa və quruculuq işləri aparmaq üçün dünya dövlətlərinin başçılarına və beynəlxalq təşkilatların rəhbərlərinə müraciətlərinizi alqışlayıram.

Bir daha bəyan edirəm ki, biz bölgəmizdə və beləliklə də, bütün Avroatlantika məkanında sülhün və əminamanlığın bərqərar olması üçün konstruktiv əməkdaşlığa hazırıq.

Əziz qardaşım Süleyman Dəmirəl, bir necə gündən sonra Siz Türkiyə Cumhuriyyətinin Prezidenti kimi fəaliyyətinizi başa vuracaqsınız. Hər şeydən öncə, qardaş Türkiyə dövlətini rəhbərlik etdiyiniz dövrdə Azərbaycana və Azərbaycan xalqına göstərdiyiniz daimi diqqətə və qayğıya görə xalqımız adından Sizə dərindən təşəkkur edirəm. Türkiyə Cumhuriyyətinin prezidenti vəzifəsini çiyninizdə daşıdığınız ötən illərdə Türkiyənin dünyada hörmətini qaldırmaq, türk xalqının rifahini yüksəltmək, Türkiyənin iqtisadiyyatını inkişaf etdirmək, həm də

Türkiyəni daha əzəmətli, qüdrətli və çiçəklənən dövlət etmək üçün Siz çox böyük işlər görmüsünüz.

Siz bir daha nümayiş etdirdiniz ki, böyük Mustafa Kamal Atatürkün sədaqətli və etibarlı davamçısısınız. Bütün başqa keyfiyyətlərinizlə yanaşı, Siz böyük dövlət xadimi, böyük siyasət adamı, həm də çox etibarlı, sədaqətli dostsunuz. Müstəqilliyini əldə etdiyi vaxtdan bəri Siz daim Azərbaycan xalqının yanında olmusunuz, onun haqq işini yorulmadan müdafiə etmiş, xalqımıza qarşı törədilən ədalətsizliyə, soyqırımına, etnik timizləməyə qarşı öz etiraz səsinizi ucaltmısınız.

Mən Türkiyə - Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi və inkişaf etdirilməsində Sizin xidmətlərinizi yüksək qiymətləndirirəm. Sizinlə birgə fəaliyyətimiz nəticəsində Azərbaycan ilə Türkiyə, iki qardaş ölkə, xalq və dövlət arasında qarşılıqlı faydalı münasibətlər, hərtərəfli əməkdaşlıq ən yüksək səviyyəyə catmış və Türkiyə - Azərbaycan dostluğu, qardaşlığı dönməz, əbədi və sarsılmaz olmuşdur.

Xalqımız Sizin xidmətlərinizi heç vaxt unutmayacaqdır, Azərbaycana hər gəlişiniz zamanı Sizi öz oğlu kimi təkrar-təkrar bağrına basmağa şad olacaqdır. Mən isə şəxsən Sizinlə dostluğumuzdan qurur duyuram və bu dostluğa daim sadiq qalacağam.

Əziz qardaşım, bir daha şəxsiyyətinizə dərin hörmət və ehtiramımı bildirir, sizə və ailənizə cansağlığı, uzun ömür, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına sülh, əmin-amanlıq, firavan və xoşbəxt həyat arzulayıram.

Dərin Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti