Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Ryabovla görüşdə söhbətindən - Prezident sarayı, 30 may 2003-cü il


Heydər Əliyev: Nikolay Timofeyeviç, Sizi salamlayıram. Bu gün ölkənizdə bayramdır. Sankt-Peterburqun 300 illik yubileyi bizim üçün də bayramdır. Bununla əlaqədar Sizi təbrik edirəm, bütün Rusiyanı, prezident Vladimir Vladimiroviçi təbrik edirəm. Mən ona təbrik məktubu göndərmişəm və bu gün Sizin vasitənizlə şifahi təbrikimi də yetirirəm.

Nikolay Ryabov: Möhtərəm cənab prezident, çox sağ olun. Mən Rusiya üçün də, Azərbaycan üçün də əlamətdar olan gündə Sizinlə görüşmək imkanına görə özümü xoşbəxt sayıram. İkiqat xoşbəxtəm ki, Sizi sağlam və gümrah görürəm, Siz iş rejimindəsiniz, səfirləri, əcnəbi qonaqları qəbul edirsiniz, müşavirələr keçirirsiniz, yəni səmərəli və məhsuldar işləyirsiniz. Bu, bizim üçün çox xoşdur. Heydər Əliyeviç, bilirsiniz 2003-cü il həm də Sizin səksən illik yubileyiniz ilidir. Bu, həm də Azərbaycan Respublikasının 85 illik və Sankt-Peterburqun 300 illik yubileyi ilidir. Rusiya xalqı qarşısında və Azərbaycan xalqı qarşısında xidmətlərinizə görə, şəxsən öz adımdan Sizə səmimi qəlbdən çox böyük təşəkkür etmək, təbrikimi yetirmək istərdim.

(Səfir sonra prezident Vladimir Putinin imzaladığı təbrikin əslini və Rusiyanın ilk prezidenti Boris Yeltsinin təbrikini Azərbaycan prezidentinə təqdim edərək dedi ki, iki prezidentin təbriklərini birlikdə yetirmək diplomat üçün nadir imkandır.)

Nikolay Ryabov: Biz hamımız Rusiyanın dövlət xadimlərindən, siyasətçilərindən, sənayeçilərindən, sahibkarlarından, elm adamlarından, artistlərindən Sizin ünvanınıza nə qədər çoxsaylı təbrik teleqramları göndərildiyinə diqqət yetirdik. Çox xoşdur ki, qəzetlərdə dərc edilmiş bu təbriklərin, demək olar, yarısı Rusiyadan göndərilən təbriklər idi. Əlbəttə, bütün bunların zirvəsi Sizin müasir Rusiyanın ən yüksək, ən başlıca və mötəbər mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif edilməyiniz oldu. Bu mükafata hələ heç bir xarici dövlət xadimi layiq görülməyibdir. Heç kəs. Zənnimcə, bu, qanunauyğundur. Mən, sadəcə. xoşbəxtəm ki, həqiqətən, göstərdiyiniz və fəxr etməyə haqlı olduğunuz xidmətlərə görə Rusiya xalqı Sizə öz dərin hörmətini nümayiş etdirdiyi bir vaxtda bu ölkədəyəm. Sizinlə ünsiyyətdəyəm. Siz bu xidmətləri keçmiş illərdə, Sovet İttifaqının iqtisadiyyatının sükanı arxasında olduğunuz vaxt göstərmisiniz. Bunların hamısını bu günədək xatırlayır və Sizə dərin minnətdarlıq hissləri bəsləyirlər.

Azərbaycan Respublikasının prezidenti kimi fəaliyyətinizin 10 ili də bir tarixdir və olduqca xoş tarixdir. Bu gün mən xüsusi qeyd etməliyəm ki, hazırda Rusiya Federasiyası ilə Azərbaycan arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin memarı və yaradıcısı şəxsən Siz olmusunuz. Vladimir Vladimiroviç Putin çıxışlarından birində açıq demişdir ki, Heydər Əliveviç münasibətlərimizdə qapılan açıq saxladı ki, biz münasibətlərimizi yeni, daha yüksək, xalqlarımızın dostluq və qardaşlıq əlaqələrinin ruhuna uyğun səviyyəyə qaldıra bilək. Bütün bunlara görə çox sağ olun.

(Rusiya səfiri bu münasibətlərin indiki vəziyyəti ilə bağlı bəzi məsələlərdən, hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasından da danışdı, əmtəə dövriyyəsinin ötən il 87 faiz, cari ilin üç ayı ərzində isə 20 faizdən çox artdığını bildirdi.) Bu nəticələr bizi sevindirir və biz onların üzərində Sizin 2002-ci ilin yanvarında dövlət səfəriniz zamanı verdiyiniz birgə göstərişlər əsasında işləmişik. Müqayisə üçün demək lazımdır ki, Rusiya -Azərbaycan ticarətinin həcmi Rusiyanın Gürcüstan və Ermənistanla birlikdə götürdükdə əmtəə dövriyyəsindən 2,2 dəfə artıqdır.

Heydər Əliyev: Orada satmağa bir şey yoxdur.

Nikolay Ryabov: Heydər Əliyeviç, orada nə olduğunu bilmirəm, ancaq onu bitirəm ki, ticarət sahəsində biz yaxşı nəticələr əldə etmişik və ciddi irəliləyişlər vardır. Biz indi energetika sahəsində əlaqələrin inkişafına xüsusi diqqət yetiririk, aqrar-sənaye kompleksində artıq ciddi müsbət nəticələr vardır. Rusiya şəhərlərinə kənd təsərrüfatı təyinatlı məhsulların göndərilməsi müntəzəm hal almış, kənd təsərrüfatı maşınqayırması istehsalında, buraya kombaynlar göndərilməsinə dair lizinq münasibətlərində, mikrobiologiya komponentləri istehsalında, bitkilərin məhsuldarlığının artırılmasında və bir çox digər sahələrdə əməkdaşlığın təməli qoyulur. Deməliyəm ki, Moskvada Sizin şəxsən verdiyiniz təkliflərin yerinə yetirilməsi sayəsində metallurgiya sənayesində, məsələn, alüminium sənayesində əməkdaşlığı fəallaşdırmışıq. Artıq indi demək olar ki, müsbət nəticə əldə edəcəyik.

Azərbaycan bu gün iritonnajlı yük avtomobillərinin istehsalçısıdır. Burada KAMAZ-ların yığılması qaydaya salınmışdır, lakin biz belə qərara gəldik ki, hər halda, yenidən Gəncəyə qayıdaq və orada QAZEL-lərin - kiçik tonnajlı avtomobillərin yığılmasına başlayaq. Azərbaycan fermerlərinin də, kiçik sahibkarların da belə maşınlara ehtiyacı var, onlar şəhərdə də lazımdır. Bir sözlə, Azərbaycanla əməkdaşlıq edərək, Gəncəni də yavaş-yavaş inkişaf etdirəcəyik.

Bu gün mən ölkələrimizin hesablama palatalarının iclasında oldum, orada mənə dedilər ki, Azərbaycan Respublikasının prezidenti məni qəbul edəcəkdir. Rusiya Federasiyası Hesablama Palatasının sədri Sergey Stepaşin onun səmimi salamını və bu palataların əməkdaşlığına rəvac verdiyinizə görə təşəkkürünü Sizə yetirməyi xahiş etdi. Bütün palata tam heyətlə buradadır. Palata xaricə ilk dəfə səfərə çıxaraq Azərbaycana gəlmişdir və sırf əməli məsələləri - prezidentin büdcə barədə palataya göndərdiyi məktubun təhlilindən tutmuş büdcə vəsaitindən istifadənin səmərəliliyinin qiymətləndirilməsi və kadr hazırlığınadək məsələləri müzakirə edir. Bu, dövlətlərimizin əməkdaşlığının gözəl göstəriciləri, nümunələridir. Burada heç bir siyasət yoxdur, mənafelərə xidmət edən işgüzar əməkdaşlıq var. Sizin palatanızın yaşı bir ildən bir qədər artıqdır, bu gün qeyd olunduğu kimi, artıq təcrübə toplayıb və onu Rusiya da öyrənə bilər. Bu, çox yaxşıdır.

(Prezident Heydər Əliyev Rusiya hökuməti adından söylədiyi sözlərə görə səfirə təşəkkür etdi): Mən xəstəliyim dövründə Vladimir Vladimiroviç Putinin xüsusi diqqətini hiss etdim. O, mənə tez-tez zəng edir, hal-əhval tutur və hətta buraya gəlmək istəyirdi. Bildiyiniz kimi, sonra biz bu səfəri təxirə saldıq. Odur ki, mən bütün bunlara görə ona təşəkkür edirəm. Putin, həqiqətən, həssas qəlbli prezidentdir. Bu, çox xoşdur. Yeri gəlmişkən. haqqında danışdığınız münasibətlər, onların inkişafı Rusiyada, əsasən, Vladimir Vladimiroviç hakimiyyətə gələndən sonra təşəkkül tapmışdır. Ümumiyyətlə, münasibətlər ikitərəfli olmalıdır. Əgər Azərbaycan əməkdaşlığa çalışırsa, Rusiya tərəfindən isə adekvat cavablar yoxdursa, əlbəttə, nə qədər səy göstərsən də, bir şey çıxmayacaqdır. Burada isə Rusiya, Vladimir Vladimiroviç daha böyük təşəbbüs göstərdi. Budur, qısa müddətdə Sizin açıqladığınız nəticələr əldə edilmişdir.

Mən yüksək mükafata -Müqəddəs Apostol Andrey Pervozvannı ordeninə görə Vladimir Vladimiroviçə çox təşəkkür edirəm. Bəli, bu, həqiqətən, çox yüksək mükafatdır və Sizin dediyiniz kimi, ilk dəfədir ki, əcnəbi şəxsə verilir. Odur ki, mən bunu xüsusi qiymətləndirirəm və düşünürəm ki, Vladimir Vladimiroviç də görülmüş işləri qiymətləndirir. Çox sağ olun, mən bizim əməkdaşlığımıza çox şadam. Biz bu yolla gedəcəyik.

(Səfir Nikolay Ryabov dövlətimizin başçısına minnətdarlıq etdi): Heydər Əliyeviç, Sizinlə tamamilə razıyam, bu, iki prezidentin qarşılıqlı addımlan idi, lakin razılaşın ki, Sizin keçmiş sovet məkanındakı rolunuz və missiyanız olduqca böyük və əhəmiyyətlidir. Azərbaycan Respublikasının prezidenti Heydər Əlivevin bizim hamımız üçün nə qədər əhəmiyyətli şəxsiyyət olduğunu bilirik. Əlbəttə ki, Rusiyanın mövqeyinin, onun prezidentinin hörməti, Sizin dediyiniz kimi, böyük insani keyfiyyətlərinin də təsiri var. Vladimir Vladimiroviç, həqiqətən. həmişə narahatdır, istəyirdi ki, ona daim məlumat verək, Sizinlə əlaqə saxlayırdı. Bu onu göstərir ki, o, Sizi, həqiqətən, hətta mən deyərdim ki, bir ata kimi sevir. Həqiqətən sevir və dərin hörmət bəsləyir.

Heydər Əliyeviç, bildiyiniz kimi, iyunun 12-də bizim bayramımız - Rusiya günüdür. Əgər imkan tapsanız, qısa müddətə də olsa, təşrif gətirin.

Heydər Əliyev: Baxarıq. Hələ vaxt var.

"Azərbaycan" qəzeti, 31 may 2003-cü il.