Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar keçirilən mərasimdə çıxışı - Təzəpir məscidi, 26 fevral 1995-ci il


Hörmətli həmvətənlərimiz! Hörmətli müsəlmanlar!

Bu gün biz Təzəpir məscidinə, Allah evinə matəm günü münasibətilə toplaşmışıq. Xocalı soyqırımının, faciəsinin üçüncü ildönümünü qeyd edirik.

Azərbaycan xalqı çoxəsrlik tarixində, öz həyat yolunda böyük qələbələr çalmış, yüksək zirvələrə qalxmış, dünya mədəniyyətini zənginləşdirmişdir. Müsəlman aləmi dünya mədəniyyətinə Qurani-Kərim kimi müqəddəs bir kitab bəxş etmişdir. Azərbaycan xalqı çoxəsrlik tarixində böyük bəlalarla da rastlaşmış, müxtəlif mərhələlərdə faciələr də baş vermişdir. Həmin faciələrdən biri də erməni qəsbkarlarının, işğalçılarının xalqımıza qarşı altı ildən bəri davam edən təcavüzüdür və bu təcavüz nəticəsində torpaqlarımızın parçalanması, bir qisminin əldən getməsi, vətəndaşlarımızın həlak olması, qan tökülməsidir. Amma bu ümumi bəlanın içərisində Xocalı faciəsi ən dəhşətlisidir, bizim üçün ən ağır yaradır.

Tarixdə insanın insana qarşı vəhşilik etməsi halları dəfələrlə qeyd olunub. Soyqırımı da dünyanın bir çox yerlərində baş veribdir. Azərbaycana qarşı Ermənistan qəsbkarları, təcavüzkarları tərəfindən edilən soyqırımı bunların ən dəhşətlilərindən biridir. Uzun müddət, demək olar ki, XX əsr ərzində Azərbaycan xalqına, millətinə qarşı Ermənistan təcavüzkarları tərəfindən olunan soyqırımları xalqımıza böyük yaralar vurmuşdur. Onların arasında ən böyük, ən ağır yaralardan biri Xocalı soyqırımıdır, altı il davam edən müharibədir.

Müharibəni erməni təcavüzkarları başlayıblar. Azərbaycan xalqı öz torpaqlarını qoruyur. Şübhəsiz ki, müharibədə qan da tökülür, şəhidlər də veririk, böyük əzab-əziyyətlər də çəkirik. Ancaq üç il bundan əvvəl xocalılara, dinc əhaliyə qarşı, qadına, uşağa, qocaya, xəstəyə qarşı qəsbkarlar tərəfindən vəhşicəsinə aparılmış hərbi əməliyyat, soyqırımı altı illik müharibənin ən dəhşətli mərhələsidir və ən ağır, qara səhifəsidir.

Xocalı hadisələri bir də onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir.

Xocalı soyqırımı, ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaqdır. O gecə, o günlər həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunda qurban olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhiddirlər. Onların faciəli surətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir.

Altı ildən artıq gedən müharibədə biz çox şəhidlər vermişik. Bir də qeyd edirəm ki, Xocalı şəhidləri də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi yolunda şəhid olmuş vətəndaşlarımızdır. Bu gün biz burada onların xatirəsini qeyd edirik, onların ruhu qarşısında baş əyirik, onlara dua edirik. Mən bütün Azərbaycan xalqı adından, Azərbaycan dövləti adından bu matəm günündə xalqımıza bu faciəli hadisə münasibətilə bir daha başsağlığı verirəm. Xocalıda şəhid olanların ailələrinə, qohum-əqrəbalarına dərin hüznlə başsağlığı verirəm. Allah Xocalı şəhidlərinə rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Xocalı şəhidlərinin ailələrinə səbr versin. Allah bütün xalqımıza səbr versin. Allah səbr versin ki, biz bütün bu bəlalardan qurtaraq, müstəqil Azərbaycanın tam müstəqilliyini, ərazi bütövlüyünü təmin edək, müstəqil Azərbaycanı əbədi olaraq yaşadaq.

Xocalı faciəsi bizim dərdimizdir, kədərimiz, qəmimizdir. Ancaq eyni zamanda Azərbaycan xalqının əsrlər boyu keçdiyi mübarizə yolu, milli azadlıq yolu şanlı, uğurlu yoldur. Keçmişdə də bizim yolumuzda çətinliklər olub. Çətinliklər bu gün də var. Ancaq heç bir şey Azərbaycan xalqının iradəsini sındırmayıb və sındırmayacaqdır. Biz belə hadisələrdən onu götürməliyik ki, daha da cəsur olmalıyıq, daha da mətin, daha da bir olmalıyıq. Dərk etməliyik ki, biz özümüz öz taleyimizin sahibi olduğumuz kimi, özümüz də öz taleyimizi, öz müstəqilliyimizi qorumalı, Allahın bizə buyurduğu yolla gedərək öz yolumuzu açmalı və bu yolla irəliləməliyik.

Buna görə də biz bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq, eyni zamanda başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, o qədər də nikbin olmalıyıq, irəliyə, gələcəyə ümidlə baxmalı, ümidlə yaşamalıyıq. Mən tam əminəm ki, Azərbaycan xalqı bu ağır mərhələlərdən də keçəcəkdir. Çətinliklər təkcə müharibə, torpaqlarımızın işğal edilməsi, qaçqınlarımızın ağır vəziyyətdə olması ilə bağlı deyil. İndi xalqımız keçid dövründə yaşayır. Sosial-iqtisadi böhran içərisindəyik. İnsanların həyatında, yaşayışında çətinliklər həddindən artıq çoxdur. Ancaq bizim xalqımız əsrlər boyu belə çətin mərhələlərə dözüb, onlardan keçib və ona görə də min illərlə yaşayıb, bundan sonra da min illərlə yaşayacaqdır.

Biz öz inamımızı itirməməliyik, məsləkimizdən, tutduğumuz yoldan çəkinməməliyik. Tutduğumuz bu yol Azərbaycanın müstəqilliyidir, milli azadlığıdır, müstəqil Azərbaycanın müstəqil dövlət kimi əbədi olmasıdır. Tutduğumuz yol bizim mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, dinimizə, dilimizə, tariximizə sədaqətimizdir. Bunlara nə qədər sadiq olsaq, bugünkü ağır şəraitin səbəblərini bir o qədər dərk edəcək, bir-birimizə əl tutacağıq, kömək edəcəyik, erməni qəsbkarlarının qarşısını da alacağıq. Torpaqlarımızı da azad edəcəyik və xalqımızı, respublikamızı bu böhran vəziyyətindən də çıxaracağıq.

Mən əminəm ki, tutduğumuz yol şərəfli, doğru yoldur, xalqımızın mənafeyini təmin edən yoldur. Biz bu yol ilə də gedəcəyik. Azərbaycanın müstəqil dövləti xalqımızın birliyinə əmindir, onun mətanətinə inanır və bu birliyimiz, mətanətimiz, dəyanətimiz, dözümlülüyümüz bizi bu ağır vəziyyətdən çıxaracaqdır.

Mən Xocalı şəhidlərinə bir daha Allahdan rəhmət diləyirəm. Bütün şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Sizi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan dövləti xalqımızın hüquqlarının qorunmasında, torpaqlarımızın, ərazilərimizin qorunmasında möhkəm duracaq və Azərbaycan xalqını bu bəlalardan çıxaracaqdır.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - 3-cü cild, Azərnəşr, Bakı - 1998, səh.215-217).