Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü - Prezident sarayı, 24 fevral 1996-cı il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Biz bu günlər Xocalı faciəsinin dördüncü ildönümünü qeyd edirik. Bu, xalqımızın, millətimizin tarixində qara bir səhifədir, xalqımızın faciəsidir. Eyni zamanda bu faciə xalqımızın, vətəndaşlarımızın öz Vətəninə, torpağına, millətinə sadiqliyinin nümunəsidir. Xocalıda şəhid olanlar, həlak olanlar Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olublar, özlərini qurban veriblər. Onların xatirəsi heç vaxt unudulmayacaqdır. Onların şəhidliyi gələcək nəsillərimiz üçün qəhrəmanlıq nümunəsi olacaq və onların xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Torpaqlarımızın müdafiəsi uğrunda gedən müharibədə artıq səkkiz il tamam olubdur ki, Azərbaycana Ermənistan tərəfindən hərbi təcavüz başlanıbdır. Səkkiz il ərzində bu təcavüz davam edib və xalqımız öz torpaqlarını, Vətənini müdafiə etmək üçün vuruşub, çalışıb, mübarizə aparıbdır və bu gün də torpaqlarının keşiyindədir.

Azərbaycan xalqı bu müddətdə çox şəhidlər, qurbanlar veribdir. Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olublar. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır - vəhşiliyin görünməmiş bir təzahürüdür. Bütün bunlara görə də biz Xocalı faciəsinin ildönümünü hər il qeyd edirik. Bildiyiniz kimi, 1994-cü ilin fevralında Xocalı faciəsinin Xocalı soyqırımı günü kimi qeyd olunması barəsində xüsusi qərar qəbul olunmuşdur.

Mən söhbətə başlamamışdan əvvəl rica edirəm Xocalı torpağını qoruyarkən, müdafiə edərkən şəhid olmuş bizim Azərbaycan övladlarının xatirəsini, torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq özlərini qurban vermiş bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin.

Bu gün hər bir Xocalı sakini ilə görüşmək bizim üçün çox əziz olardı. Lakin bilirsiniz ki, bu, mümkün deyil. Xocalıdan didərgin düşmüş soydaşlarımız Azərbaycanın bir çox yerlərində məskunlaşıblar. Mən isə Xocalının bir qrup nümayəndəsi ilə görüşərək hesab edirəm ki, bütün xocalılarla görüşürəm.

Mən bu görüşdən məmnun olduğumu bildirmək istəyirəm. Siz dörd ildir ki, özünüzün, qohum-əqrəbanızın, öz yerinizin sakinlərinin başına gəlmiş bəlalara, faciələrə, itkilərə görə dərd-kədər içindəsiniz. Eyni zamanda bu faciə bütün Azərbaycan xalqını kədərləndirir. Biz hamımız kədər hissi keçiririk - həm Xocalıda həlak olanlar üçün, onların xatirələrinə görə, həm də bütün Azərbaycanın verdiyi şəhidlərə görə. Bugünkü görüşümüzdə o günləri müəyyən qədər xatırlamaq, həyatdan gedənlərə rəhmət diləmək, yaşayanlara isə kömək etmək, onların yaşayışının daha da yaxşılaşması üçün lazımi tədbirlər görmək bizim borcumuzdur. Güman edirəm ki, bu gün bizim buradakı görüşümüzün də, söhbətimizin də məqsədi bundan ibarətdir. Mən sizi dinləmək istəyirəm, sizin sözlərinizi eşitmək istəyirəm.

Yekun sözü

Bugünkü görüşümüz və uzun sürən söhbətimiz çox əhəmiyyətlidir, çox mənalıdır. Eyni zamanda böyük hissiyyatlar doğurur, birinci növbədə kədər hissi doğurur.

Xalqımız çoxəsrlik tarixində qəhrəmanlıq nümunələri, cəsurluq nümunələri göstəribdir, öz azadlığı uğrunda, səadəti, xoşbəxtliyi uğrunda mübarizə aparıbdır. Ancaq zaman-zaman, tarixin cürbəcür mərhələlərində məğlubiyyətlərə də uğrayıbdır, bəlalara da düşübdür, faciəli dövrlər də keçiribdir.

XX əsri götürsək, əsrin əvvəlindən sonuna qədər erməni millətçiləri, erməni quldurları, cinayətkarları tərəfindən Azərbaycan xalqına qarşı edilən cinayətlər misilsizdir. Hücumlar olub, təcavüzlər olub, qırğınlar olubdur - əsrin əvvəlində də, 1918-20-ci illərdə də. Sonra, 1988-ci ildə Ermənistanın Azərbaycana təcavüzü, azərbaycanlıların Ermənistan ərazisindən zorla çıxarılması və bizim itkilərimiz, soydaşlarımızın həlak edilməsi, Qarabağ ətrafında müharibənin başlandığı zamandan indiyə qədər bizim verdiyimiz qurbanlar, şəhidlər hamısı ermənilərin, Ermənistanın Azərbaycana qarşı düşmən mövqeyinin davam etdiyini sübut edir, göstərir. Bunların nəticəsində, bir tərəfdən də keçmiş illərdə buraxılan böyük səhvlər, cinayətlər, xəyanətlər nəticəsində ərazimizin təxminən 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur və ümumən bir milyondan artıq soydaşımız yerindən, yurdundan olub, qaçqın vəziyyətində yaşayır.

Bütün bu ağır, çətin proseslərin içərisində Xocalı faciəsi xüsusi yer tutur. Xocalı soyqırımı Ermənistan, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı edilən ən dəhşətli soyqırımdır. Bu, bizim tariximizdə belə də həkk olmalıdır. Bu soyqırımının nə qədər vəhşiliklə edildiyini və nə qədər insaniyyətdənkənar bir hadisə olduğunu biz gərək daim xalqımıza anladaq, bütün xalqlara anladaq, dünya ictimaiyyətinə anladaq. Bu faciəni heç vaxt unutmaq olmaz. Və zaman keçdikcə, əksinə, bu faciəni biz dünyaya daha da kəskin göstərməliyik, xalqımıza göstərməliyik, gənc nəsillərə göstərməliyik, hamı bilsin ki, xalqımızın başına nə kimi faciə gəlibdir və eyni zamanda xalqımız öz azadlığı, öz Vətəni, öz torpağı uğrunda nə qədər qurbanlar verib, nə qədər qəhrəmanlıq nümunələri göstəribdir. Burada qeyd edildi, - nə qədər körpələr, qadınlar, qocalar, köməksiz adamlar, günahsız adamlar həmin o gün, o gecə vəhşicəsinə öldürülüblər. Amma eyni zamanda o gün, o gecə bizim nə qədər cəsur, qəhrəman övladlarımız o böyük qüvvəyə - dişinə qədər silahlanmış erməni silahlı dəstələrinə və keçmiş Sovet İttifaqının çox böyük silaha və təcrübəyə malik olan bir alayına, onun hücumlarına sinə gərə bilmişlər, vuruşmuşlar, döyüşmüşlər. Döyüşə-döyüşə həlak olmuşlar, qəhrəmanlıq nümunələri göstərmişlər və Milli Qəhrəman adı almağa layiq görülmüşlər.

Ona görə də bu hadisənin iki tərəfi də bu gün bizim üçün əhəmiyyətlidir və iki tərəfi də təbliğ olunmalıdır, iki tərəfi də geniş kütlələrə çatdırılmalıdır. Biz bundan sonra bunu etməliyik, bu, bizim vəzifəmizdir.

Bugünkü müzakirədən, bugünkü görüşdən, söhbətdən mənim çıxardığım bir nəticə də ondan ibarətdir ki, erməni işğalçılarının, vəhşilərinin törətdiyi Xocalı soyqırımını, 366-cı alayın, Sovetlər Ordusu alayının Azərbaycan xalqına qarşı etdiyi soyqırımını biz gərək dünya ictimaiyyətinə daha da kəskin, daha da geniş çatdıraq.

Mən tövsiyə edərdim ki, xocalıların adından, bəlkə də Azərbaycan ziyalılarının adından, ayrı-ayrı təşkilatların adından dünya ictimaiyyətinə Xocalı soyqırımının 4-cü ildönümü ilə bağlı müraciətlər göndərilsin. Birləşmiş Millətlər Təşkilatına göndərilsin, dünyada insan hüquqlarını qoruma komitəsi var, oraya göndərilsin, başqa beynəlxalq təşkilatlara göndərilsin. Bu, lazımdır.

Bilirsiniz, tək onunla kifayətlənmək olmaz ki, Xocalı soyqırımı haqqında bir kitab da yazıldı, bir film də çəkildi. O vaxtlar, təzə-təzə, hələ o yaralar soyumamış bu barədə məlumat çatdırıldı. Yox, daim etmək lazımdır. Daim! Hər il, hər gün! Beş il də bundan sonra, on il də bundan sonra! Bunu unutmaq olmaz! Bu, gərək dünya ictimaiyyətinə çatdırılsın və bildirilsin, hər yerdə bilinsin ki, erməni işğalçıları nə qədər qəddar, nə qədər vəhşidirlər və Azərbaycan xalqına qarşı dünya, bəşər qanunlarına zidd olaraq nə qədər böyük vəhşilik, cinayətlər ediblər.

Biz bunu mütləq etməliyik. Mən indi bu barədə ümumi fikrimi deyirəm, ancaq güman edirəm ki, bizim müvafiq işçilərimizlə birlikdə oturarsınız, bu barədə düşünərsiniz və burada yeni güclü bir hərəkət etmək lazımdır, kampaniya aparmaq lazımdır. Ancaq bu, tək kampaniya şəkli almamalıdır, mütəmadi olmalıdır, davamlı olmalıdır, ardıcıl olmalıdır. Biz dünyaya gərək sübut edək ki, Azərbaycan xalqına qarşı, dinc, günahsız, heç bir köməyi olmayan xocalılara qarşı nə qədər vəhşiliklər olubdur. Bunu etmək mütləq lazımdır.

Burada xocalılardan indiyə qədər itkin düşmüş və tapılmamış adamlar haqqında danışıldı. Mən bir də göstəriş verirəm bizim aparatın işçilərinə, milli təhlükəsizlik naziri Namiq Abbasova ki, bu işlərlə məşğul olsun və bütün müvafiq təşkilatlarla məsləhətləşsin. Yəqin ki, bu barədə, Ramiz Mehdiyev, siz yığışmalısınız, bir müzakirə keçirməlisiniz və müəyyən etməlisiniz ki, hansı kanallarla, hansı yollarla nə etmək lazımdır ki, o itkin düşmüş, yaxud əsirlikdə qalan, aqibəti indiyə qədər məlum olmayan xocalıları arayıb tapaq. Ola bilər ki, onların bəziləri indi sağ deyilər, bunu da yəqin, bir həqiqət kimi qəbul etmək lazımdır, ancaq yəqin ki, sağ olanlar da var. İndiyə qədər yaşayanlar da var, - onlar tapılmalıdır. Hansılar ki, sağ deyil, hansıları ki, öldürüblər, yaxud hansılar ki, həlak olublar, - onların da haqqında hər halda hər şey dəqiq müəyyən olunmalıdır. Bu işlə də ciddi məşğul olmaq lazımdır.

Xocalılara bundan sonra daha çox qayğı göstərilməlidir. Burada çıxış edənlərin hamısı bizim dövlət orqanlarından çox razı olduqlarını bildirdi. Mən bundan məmnunam. Ancaq eyni zamanda güman edirəm ki, bu çıxışlarda deyilən sözlərdə müəyyən qədər həqiqət var. Ümumiyyətlə, Azərbaycan xalqına xas olan bir keyfiyyət var - biz çox şükürlü millətik, bizə bir balaca da kömək edəndə onu böyük bir kömək kimi qəbul edirik. Bu, ümumiyyətlə, bizim Azərbaycan xalqının milli xüsusiyyətidir. Xüsusən indi sizin kimi adamlar - evindən-eşiyindən, yerindən-yurdundan olmuş, varını - yoxunu, qohum-əqrəbasını itirmiş adamlar xırda bir qayğıya da minnətdardırlar. Ancaq mən hesab edirəm ki, daha çox qayğı göstərilməlidir. Şübhəsiz ki, bütün qaçqınlara, bütün şəhid ailələrinə, müharibədə şikəst olmuş bütün adamlara, müharibə əlillərinə, hamıya qayğı göstərilməlidir. Ancaq xocalıların başına gələn bəla heç kəsin başına gəlməyibdir. Bu xüsusiyyət də nəzərə alınmalıdır.

İndi burada çıxış edənlər də dedilər, çıxış etməyənlərin də arasında eləsi var ki, - bilirəm, mənə bu gün məlumat veriblər, - ailəsindən beş-altı adam itiribdir, gözünün qabağında itiribdir. Bilirsiniz, itki itkidir, hər birimiz zaman keçdikcə itkiyə müəyyən qədər öyrənirik. Amma biri var, sən görürsən ki, gözünün qabağında ən istəkli adamın - atan, qardaşın, ya oğlun, ya bacın həlak oldu və sən ona bir yardım edə bilmədin, vəfat etdi. Bu, adamın qəlbində daha çox iz buraxır, adamın qəlbini daim sıxır.

Ona görə bu psixoloji cəhətləri də nəzərə almaq lazımdır və xocalıların başına bu bəlaların həddindən artıq vəhşicəsinə hərəkətlər nəticəsində gəldiyini, bunların vəhşilik şəraitində törədildiyini nəzərə alaraq bu gün xocalılara bütün sahələrdə: həm maddi yardım, həm tibbi yardım, həm də sadəcə insani münasibət göstərilməlidir. Mən bunu bizim bütün dövlət hakimiyyət orqanlarına, ictimai təşkilatlara tapşırıram, tövsiyə edirəm və güman edirəm ki, bundan sonra da bu, olacaqdır.

Bunlarla yanaşı, bizim bugünkü görüşümüzdən mən belə bir nəticəyə gəlirəm ki, əgər Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən də bizim dövlət orqanlarının, o vaxt respublikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, etdiyi cinayətlər nəticəsində və hətta deyə bilərəm, xəyanətləri nəticəsində olubdur. Ona görə də biz bu soyqrımını pisləmək, ermənilərin vəhşiliyini dünyada göstərmək, yaymaq, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda özümüzün özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik. Bu cinayətlər də, bu xəyanətlər də göz qabağındadır.

Bu gün burada danışanların hamısı, xüsusən Xocalının icra hakimiyyəti başçısı çox ətraflı məlumat verdi. Bunlar bu cinayətləri, bizim öz tərəfimizdən, yəni Azərbaycanın ayrı-ayrı dövlət nümayəndələri tərəfindən, xüsusən də dövlət başçısı tərəfindən olan cinayətləri və xəyanətkarlığı bir daha sözsüz sübut edir. Ancaq bu dörd il müddətində mən hesab edirəm ki, bir günah da, bir böyük qüsur da var. O da ondan ibarətdir ki, bu xəyanətin, bu cinayətin üstünü örtüb-basdırmağa çalışıblar. Mən belə bir qənaətə gəlirəm ki, buna bir çox tərəflərin marağı olubdur. Burada deyildi və mən bu fikirlərlə razıyam ki, məsələn, bu Xocalı faciəsi təkcə o vaxt hakimiyyətdə olanların cinayəti və xəyanətkarlığı nəticəsində deyil, eyni zamanda o vaxt hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin öz xalqına etdiyi xəyanətin və cinayətin nəticəsində olubdur. Ona görə də bu məsələnin, bu cinayətin, bu xəyanətkarlığın tamamilə açılmasında, aşkar olmasında nə o tərəfin, nə bu tərəfin marağı olmayıbdır. Bunu artıq tam qətiyyətlə demək olar.

Mənim xatirimdədir, o vaxt Naxçıvanda yaşayırdım. Xocalının icra hakimiyyəti başçısı Məmmədov mənim yadıma saldı ki, o, doğrudan da Naxçıvana gəlmişdi. Sentyabrın axırında siz ora gəlmişdiniz də?

Elman Məmmədov: Sentyabrın 30-da.

Heydər Əliyev: Sentyabrın 30-da, hə, mən bir aydan da az idi ki, xalqın tələbi ilə Naxçıvanda Ali Məclisin sədri vəzifəsini öz üzərimə götürmüşdüm. Çox ağır, qarışıq bir vəziyyət idi. Bilirsiniz ki, o vaxt Sovet hakimiyyəti dağılmışdı, demək olar ki, dağılmaq üzrə idi. Burada hələ dağılmamışdı, amma Naxçıvanda dağılmışdı, xalq Kommunist Partiyasının Vilayət Komitəsini dağıtmışdı, bağlamışdı və mən sentyabrın əvvəlində - ayın 1-i, ya 2-si idi, - Naxçıvana gələndə, artıq Naxçıvan qaynayırdı və xalq meydanlarda hakimiyyətə qarşı öz nifrətini bildirirdi, Naxçıvan ağır vəziyyətdə olduğuna görə qanun-qayda yaradılmasını tələb edirdi. O tələblərin nəticəsində də mən sentyabrın birinci günlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsini öz üzərimə götürməli oldum. O vaxt biz çox gərgin işləyirdik və özümüzün də Naxçıvanda çoxlu problemlərimiz var idi. Ancaq eyni zamanda, o zaman Qarabağın vəziyyəti də məni narahat edirdi. Xatirinizdədir, o vaxt, 1991-ci ilin fevral ayının əvvəllərində Azərbaycan Respublikası Ali Sovetinin ilk sessiyası başlandı. Mən də Naxçıvandan Ali Sovetə deputat seçilmişdim. Həmin sessiyada mən çıxış etdim və dedim ki, Qarabağ əlimizdən gedibdir. Gəlin yığışaq, danışaq, oturaq məsləhətləşək, - nə etmək lazımdır ki, Qarabağı əlimizdə saxlayaq və əldən getmiş Qarabağı qaytaraq. O vaxt mənim əleyhimə cürbəcür böhtançı çıxışlar başlandı, - bunlar xatirinizdədir? - mənim sözümü kəsdilər, yerdən cürbəcür ədəbsiz hərəkətlər etdilər, hətta belə nitqlər də oldu ki, "Siz burada yalan danışırsınız, Azərbaycan rəhbərliyinin əleyhinə iş aparırsınız, siz düz demirsiniz. Azərbaycan rəhbərini yıxmaq istəyirsiniz, Qarabağ heç vaxt indiki kimi bizim olmayıbdır".

Bu sözlər xatirinizdədir? Bu, 1991-ci ilin əvvəli idi. Sonra mən çıxdım getdim. 1991-ci ilin həmin sentyabrında Naxçıvanda olarkən mən yenə də Qarabağ haqqında düşünürdüm. Qarabağ məni narahat edirdi. O vaxt Qarabağdan ara-sıra adamlar gəlirdilər mənim yanıma, bəzən görürdün, naməlum adamlar mənə Şuşadan, yaxud da ayrı-ayrı rayonlardan, Laçından telefonla zəng edirdilər, imdad istəyirdilər, kömək istəyirdilər və o vaxt nə mümkün idi - mən öz tərəfimdən edirdim.

O vaxt Məmmədov da gəlmişdi. Bəli, mən bunu böyük bir hadisə kimi qəbul etdim və Ali Məclisin sessiyasında elan etdim ki, Qarabağda bu dəqiqə mühasirədə olan Xocalının başçısı gəlibdir bizim Naxçıvana. Sessiyada onu təqdim etdim, ona söz verdim, çıxış etdi. Biz xocalılarla öz həmrəyliyimizi bildirdik, öz fikirlərimizi bildirdik. Bundan sonra təkbətək ayrıca söhbət etdik və mən məsləhətlərimi də verdim.

Yəni demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi, Ermənistanın Azərbaycana təcavüzü məsələsi xalqı həmişə narahat edibdir, xalqı incidibdir. Xalq çalışıb ki, hərə çalışıb ki, bu işə öz payını versin, öz xidmətini göstərsin. Ancaq təəssüflər olsun ki, o səlahiyyətli adamlar nəinki öz vəzifələrini yerinə yetirməyiblər, hətta xəyanət ediblər.

O vaxt Xocalı faciəsinin araşdırılması üzrə komissiya yaradılmışdı. Mən də Naxçıvanda çox maraq göstərirdim ki, bu komissiya nə nəticə çıxaracaqdır. Sonra bu komissiyanın işinin nəticəsini televiziyada verdilər. Mən buna qulaq asdım, xüsusən Əli Ömərovun, - o, komissiyanın katibi idi, - məruzəsinə qulaq asdım. Doğrudur, o məruzə məni tam qane etmədi, ancaq eyni zamanda bu gün həqiqət naminə demək lazımdır ki, məruzədə çox ədalətli, çox kəskin, prinsipial fikirlər də vardı. Təəssüflər olsun ki, onun müzakirəsi buna gətirib çıxardı ki, burada həm günahkar var, həm də yoxdur. Siz bilirsiniz ki, bunun da nəticəsində Mütəllibov may ayının 14-də yenidən prezident vəzifəsinə qayıtdı. Onun gəlməsi Xocalı ilə əlaqədarmış. Belə çıxdı ki, o günahkar deyil, komissiya belə müəyyən edibdir. Komissiyanın sədri Ramiz Fətəliyev idi. O vaxt sessiyada ondan soruşdular - xatirimdədir, televiziya ilə göstərirdilər, - bir neçə dəfə soruşdular. Təəssüflər olsun ki, dedi yox, Mütəllibovun burada heç bir günahı yoxdur, ona görə də sessiya qərar çıxartdı ki, Mütəllibov prezident vəzifəsinə qayıtmalıdır.

Mən bununla onu demək istəyirəm ki, o zaman görülən işi layiqincə qiymətləndirərək, eyni zamanda bu gün etiraf etmək lazımdır ki, o komissiya o vaxt nə qədər istəsəydi də, məsələni obyektiv araşdıra bilməzdi. Çünki günahkar adamların əksəriyyəti o vaxt vəzifə sahibi idi. Onlar yüksək vəzifələrdə idilər. Ona görə də komissiyanın çıxardığı nəticələr tam həqiqət deyildi. Sonra respublikada hakimiyyət dəyişildi, yəni rəhbər vəzifədə olan prezident dəyişildi, yeni prezident seçildi. Gözləmək olardı ki, yeni prezident seçiləndən sonra onlar bu işi qaldıracaqlar, çünki onlar məhz bu Xocalı hadisəsindən istifadə edərək hakimiyyətə gələ bildilər. Ancaq bu məsələnin üstü ondan sonra da örtüldü və istintaq da elə getdi ki, guya ki, burada heç bir günahkar yoxdur.

Eldar Həsənov o cinayət işindən istintaqın izi ilə bəzi məlumatlar verdi. Ancaq hesab edirəm ki, indi vaxt keçib, bu istintaqa, bu araşdırmaya təsir edən adamlar indi arada yoxdurlar. Onlar heç bir təsir edə bilməzlər. Bu məsələlər yenidən araşdırılmalıdır, - mən belə hesab edirəm, - tamamilə yenidən araşdırılmalıdır və yenidən istintaq aparılmalıdır.

Mən bir də qayıdıram dediyim fikrə - Xocalı soyqırımı adi cinayət deyil. Xocalı soyqırımı gələcək nəsillərimizin xatirindən yüz il bundan sonra da çıxmamalıdır. Hər bir gələcək nəsil gərək bilsin ki, bizim millətimizə qarşı belə vəhşilik edilibdir. Əgər bu belədirsə və güman edirəm ki, siz bununla razısınız, demək, bu vəhşilər də məhkum olunmalıdır. Burada Eldar Həsənov dedi ki, bu vəhşilikləri edən erməni silahlı qüvvələrinin bəziləri məlumdur. Əgər onlar bu gün də cəzasını almayıblarsa, gələcəkdə öz cəzalarını alacaqlar. Beynəlxalq məhkəmə onların cəzasını verəcəkdir. Həmin 366-cı alay gələcəkdə cəzasını alacaqdır və beynəlxalq məhkəmə onların da cəzasını verəcəkdir. Dünya həmişə belə qalmayacaqdır. Belə olan halda, demək, bizim işimizdən cinayət edənlər, xəyanət edənlər də araşdırılmalıdır və meydana çıxarılmalıdır.

Bilirsiniz, bir adam gedib iki nəfəri öldürəndə, onu həbs edirlər, məhkəmə gedir, ona ya güllələnmə cəzası, ya da ən azı, on il azadlıqdan məhrumetmə cəzası verilir. Çünki iki adam öldürülübdür, yaxud bir adam öldürülübdür. Amma burada görürsünüz nə qədər adam, özü də vəhşicəsinə öldürülübdür, günahsız adamlar öldürülübdür.

Mən bu məsələyə də aydınlıq gətirməliyəm. Bir var ki, müharibədir, erməni silahlı qüvvələri Azərbaycana qarşı işğalçılıq müharibəsi aparıblar, döyüşlər gedibdir, o tərəf də vuruşub, bu tərəf də vuruşub, o tərəfdən də həlak olan var, bu tərəfdən də həlak olan var. Bu, müharibənin təbii nəticəsidir. Amma bir də var ki, gələsən, böyük bir yaşayış məntəqəsini mühasirəyə alasan, uzun müddət mühasirədə saxlayasan, onu xaricdən tam təcrid edəsən və nəhayət, beş-altı dəfə artıq qüvvə ilə, silahlı hücum edib dinc əhalini qırasan. Bunlar tamamilə bir-birindən fərqli hallardır.

Həmin Xocalını uzun müddət, burada Məmmədov dedi, mühasirədə saxlayan erməni silahlı qüvvələri olublar. Bəs onu mühasirədən azad etməyənlər kimlərdir? Niyə onlar dözüblər ki, bizim böyük bir yaşayış məntəqəsində xeyli adam uzun müddət mühasirədə qalıblar? Niyə? Nə üçün? Hansı tədbirləri görüblər və niyə görməyiblər?

İcra hakimiyyəti başçısı deyir ki, üç gün gəlib, burada çalışıb, prezident, eyni zamanda Silahlı Qüvvələrin ali baş komandanı onu qəbul etməyib - bunun işi var, başqa işi var. Bundan da vacib iş ola bilərmi? Mən hesab edirəm ki, o günlər Azərbaycanın hər bir rəhbəri üçün bundan vacib, bundan zəruri iş ola bilməzdi. Adicə maraq lazım idi ki, əgər icra hakimiyyəti başçısı gəlibsə, gəlsin desin görək nə var? Əgər onu qəbul etmək istəmirsə, onunla görüşmürsə, icra hakimiyyəti başçısı üç gün bu barədə ona-buna müraciət edir, buna nail ola bilmirsə, geriyə qayıdırsa, bu, sadəcə olaraq vəziyyəti bilir və vəziyyəti bilərək ölçü götürməmək üçün onu qəbul etmir. Məntiqi nəticə bundan ibarətdir. Ona görə də hesab edirəm ki, bu məsələlər araşdırılmalıdır və bütün bu məsələlərə qayıtmalıyıq.

Bilirsiniz ki, Xocalı soyqırımı 1992-ci il fevralın 26-da olubdur. 1993-cü il fevral ayının 26-da bu soyqırımın birinci ildönümü idi, o yaranın hələ tamamilə qanlı vaxtı idi. Nə üçün bəs Xocalı soyqırımı günü elan olunmadı? Niyə! Bunun böyük tarixi əhəmiyyəti var, böyük siyasi əhəmiyyəti, böyük mənəvi əhəmiyyəti var. 1994-cü ildə 26 fevral ərəfəsində mən təklif verdim bizim Milli Məclisə. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı, Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür, faciə günüdür. Bunu biz qanunla qəbul etdik. Bunu bir ildən sonra etməyənlər də yəqin ki, həmin bu cinayətin iştirakçıları olublar ki, bunu etməyiblər. Buna sadəcə etinasızlıq kimi, yaxud diqqətsizlik kimi yanaşmaq olmaz. Əgər diqqətsizlik də varsa, bu qədər diqqətsizlik olarmı? Öz millətinin aqibətinə, millətinin taleyinə bu qədər də laqeydlik, biganəlik ola bilərmi? O adamlar indi orda-burda danışırlar, qəzetdə cürbəcür şeylər yazırlar, cürbəcür böhtanlarla məşğuldurlar. Bəzisi qaçıb Moskvada gizlənib, bəzisi, nə bilim, dağlarda gizlənib, bəzisi burada müxalifətdədir. Bu gün onların heç birisinin mənəvi haqqı yoxdur danışmağa. Onların başdan-ayağa hamısı Azərbaycan xalqının qarşısında etdikləri cinayətə görə cavabdehdirlər, cavab verməlidirlər. Bu gün də cavab verməsələr, sabah verəcəklər.

1990-cı ildə Azərbaycan xalqının başına yanvar faciəsini gətirdilər. Yanvar faciəsində tökülən qanların üstündə vəzifələrə gəldilər. Sonrakı illərdə yanvar faciəsinin üstünü örtüb-basdırmaqla məşğul oldular. Bəli, yanvar faciəsinin üstünün də açılması haqqında təşəbbüsü Milli Məclisə 1994-cü il yanvarın əvvəlində mən - Azərbaycan prezidenti verdim. Bilirsiniz ki, 1994-cü ildə bu məsələ Milli Məclisin iclasında bir aydan çox müzakirə olundu. Amma 1990-cı ilin yanvarından 1994-cü ilin yanvarına qədər bu məsələnin üstü örtülüb-basdırılmışdır, günahkarların adı yazılmışdır, bir qərar qəbul edilməmişdir. Biz qərar qəbul etdik. Həmin dəst-xətdir - yanvar faciəsindən istifadə edərək vəzifələr tutdular, tökülmüş qanların üstünü örtdülər-basdırdılar. Ancaq tarix bunu açdı. Xocalı hadisəsindən, faciəsindən də istifadə edib hakimiyyətə gəldilər, faciənin üstünü örtüb-basdırmaq istədilər. İndi bu gün yenə də tarix bunu açır, açacaqdır tarix! Tarix açacaqdır, geci-tezi var. Gec olanda insanlarımız daha çox intizar içində olur, əziyyət içində olur, əziyyət içində olur. Amma bunu vaxtında edəndə hər bir insan da, xalq da mənəvi rahatlıq alır. Mənim fikrim belədir.

Bütün bunlarla yanaşı, mən bu gün bu görüşə gələrkən əsas fikrim, məqsədim, yəni ürəyimdə, qəlbimdə olan sözlər xocalıların dərdinə şərik olmaq idi. O dərd bizim millətimizin dərdidir, o kədər bizim millətimizin kədəridir, bu faciə bizim xalqımızın faciəsidir, bu matəm bizim xalqımızın matəmidir.

Mən bir daha xocalıların qəhrəmanlıq, rəşadət nümunələri qarşısında baş əyirəm, bütün xocalılara öz hörmət və ehtiramımı bildirirəm və bir daha bəyan edirəm ki, şəhidlərin qəhrəmanlığı heç vaxt unudulmayacaqdır, onların xalq, dövlət qarşısındakı xidmətləri bizim qəlbimizdə həmişə, daim yaşayacaqdır.

Mən bu gün bura çox ziddiyyətli fikirlərlə gəlmişəm, amma hamısının üstündə duran fikir bu qəm, kədər fikridir. Ona görə də, bəlkə məlumatım yoxdur, mən belə başa düşdüm ki, Xocalıda vuruşub qəhrəmanlıq göstərənlərdən bəziləri Milli Qəhrəman adı alıblar. Neçə nəfər Milli Qəhrəman adı alıb?

Elman Məmmədov: Üç nəfər.

Heydər Əliyev: Üç nəfər, başqa orden və medallarla təltif edilənlər olubdurmu?

Elman Məmmədov: Bir nəfər təltif olunubdur - həmin batalyonun həkimi Nağıyev Məmməd bu hadisədən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib, qalanları olmayıb. Amma təqdim olunmuş sənədlər var.

Heydər Əliyev: Mən hesab edirəm ki, biz orada fərqlənən adamları qiymətləndirməliyik və onları təltif etməliyik. Ona görə də mən sizə, icra hakimiyyəti başçısına, bizim aparata, Ramiz Mehdiyevə tapşırıram, oturun baxın, siz hamınız da buradasınız. Şübhəsiz ki, hamını təltif etmək mümkün deyil. Özünüz kimi hesab edirsiniz ki, bizim dövlət mükafatları ilə, ordenləri ilə təltif etmək lazımdır - təklif verin. Mən bunu etmək qərarını qəbul etmişəm, gözləyirəm ki, nə vaxt sizin təklifləriniz gələcəkdir. Siz hamınız məsləhətləşirsiniz. Bu, elə şeydir ki, gərək oturub məsləhətləşəsiniz. Məsələn, bizim komandirlər, bu döyüşdə, başqa yerdə fərqlənənlər barədə təqdimat verirlər. Deyək ki, bu, döyüşdə fərqlənibdir, ona görə təltif edirik. İndi bu hadisənin üstündən dörd il keçibdir. Ancaq siz hamınız bu hadisənin iştirakçısısınız, özünüz bilirsiniz kimlər təltif oluna bilər. Mən hesab edirəm ki, bir qrup adamlar təltif olunmalıdır. Mən sizdən bu barədə təkliflər gözləyirəm. Siz nəsə demək istəyirsiniz? Buyurun.

Səttar Ağayev (Xocalı sakini, iki şəhid atası): Mənim iki oğlum şəhid olub, o meyitlərin heç birini də tapıb gətirə bilməmişəm. Məndən müsahibə götürüblər, geniş danışmışam, ancaq çox az yazıblar. Milli Orduda olan oğlum dörd dəfə mühasirədə yaralanıb, Ağdam hərbi xəstəxanasına gətirilib, oğlumun heç yerdə, heç bir qəzetdə adı çəkilməyibdir. Xahiş edirəm, jurnalistlər mənimlə ətraflı söhbət etsin, onlara nə cür lazımdırsa, dərdimi deyim.

Heydər Əliyev: Yaxşı, mən hesab edirəm ki, birincisi, bugünkü görüşümüz televiziya ilə veriləcək, ikincisi də bu görüşü, bu çıxışların hamısını başdan-ayağa qəzetdə dərc edin və təkcə ayın 25-26-sı deyil, bundan sonra da ümumiyyətlə, Xocalı soyqırımı, Xocalı faciəsi ilə əlaqədar mətbuatda, televiziyada ardıcıl verilişlər verin. Qoy insanlar gəlsinlər, öz təəssüratlarını danışsınlar. Məsələn, bu kişi deyir ki, iki oğlu həlak olubdur. Qoy gəlsin danışsın, bunun dərdini eşitsinlər, bunun özü də müəyyən mənəvi təskinlik alacaqdır. İndi belələri çoxdur, hamı ola bilər. Ona görə də mən ümumi göstəriş verirəm və bu, olacaqdır, mətbuatda da ardıcıl getməlidir, bizim televiziya və radioda da verilməlidir. Bir də deyirəm, ağsaqqallar, vəzifəli adamlar, hamınız birlikdə oturun məsləhətləşin bu işi. Son gündə o prosesdə olan adamları, fərqlənən adamları, layiqli adamları təqdim edin, mən prezident kimi orden və medallarla təltif etməyə hazıram. Əgər o vaxt çox böyük qəhrəmanlıq göstəriblər, lakin onların xidməti unudulubsa, Milli Qəhrəman adı verməyə də hazıram, bunları etməyə hazıram. Yəni, "hazıram" deyəndə, bu, mənim borcumdur. Çünki o qəhrəmanlar özləri buna layiqdirlər. Mən bunu da təklif edirəm.

Siz nə istəyirsiniz? Buyurun.

Lətif Məmmədov (Əlif Hacıyevin atası): Yoldaş prezident, mənim iki oğlum həlak olubdur. Biri Milli Qəhrəman Əlif Hacıyev mənim oğlumdur, bir oğlumu da öz gözümün qabağında ermənilər Xocalıda nə günə qoyub, mən bunun şahidiyəm. Özüm də orada əsir düşmüşəm, 64 gün qalmışam, Şuşanın ən uca kəndi Böyük Tağlarda. Elman müəllim özü bilir, 1992-ci il aprel ayının 24-də məni əsirlikdən dəyişiblər, gəlmişəm. Mənim Milli Qəhrəman olan oğlumun məzarı buradadır. Şəhidlər xiyabanındadır, amma o biri oğlumu elə orada öz gözümün qabağında nə günə saldılar... Harada qaldı, nə oldu - heç bir məlumat yoxdur. Mənim vəziyyətim budur.

Heydər Əliyev: Adınız nədir?

Lətif Məmmədov: Məmmədov Lətif Süleyman oğlu.

Heydər Əliyev: Lətif müəllim, mən sizin dərdinizə tam şərikəm. Qəhrəman oğullar yetişdirdiyinizə görə sizə təşəkkür edirəm. Sizin oğlanlarınızın qəhrəmanlığı bizim xalqımızın şan-şöhrətidir. Dərdiniz böyükdür, amma eyni zamanda siz fəxr edə bilərsiniz ki, belə övladlar yetişdirmisiniz. Sizin böyük mənəvi haqqınız var. İndi sizin dediyiniz sözlə əlaqədar nə etmək, nə tədbir görmək lazımdırsa görək.

Bir daha bu hüzn günü ilə bağlı, Xocalı faciəsi ilə əlaqədar bütün həlak olanlara Allahdan rəhmət diləyirəm. Bütün xocalılara Allahdan səbr diləyirəm. Şikəst olanlara, əlil olanlara Allahdan daha çox cansağlığı diləyirəm. Əmin ola bilərsiniz ki, bundan sonra da xocalılara qayğının artması üçün öz tərəfimdən əlimdən gələni edəcəyəm.

Burada çıxışlarda mənə aid, hesab edirəm ki, ürəkdən gələn sözlər deyildi. Onlara görə təşəkkür edirəm. Eyni zamanda sizin bu sözlərinizi dinləyərək dərk edirəm ki, hər bir belə söz mənim üzərimə böyük məsuliyyət qoyur. Şübhəsiz ki, mən Azərbaycan Respublikasının prezidenti vəzifəsini öz üzərimə götürərək məsuliyyətimi hiss edirəm, daim hiss edirəm. O gün, o dəqiqə yoxdur ki, mən xalqımın qarşısında, millətimin qarşısında, Vətən qarşısında öz məsuliyyətim haqqında düşünməyim. Amma hər dəfə belə görüşlər zamanı, xüsusən sizin kimi adamların böyük ümidlərlə mənə müraciət etdiyi halda mən öz məsuliyyətimi daha da kəskin hiss edirəm və dərk edirəm.

Əmin ola bilərsiniz ki, bütün varlığımı, təcrübəmi, biliyimi, həyatımı Azərbaycan xalqının belə ağır vəziyyətdən çıxmasına həsr edirəm, bundan sonra da həsr edəcəyəm, Azərbaycan xalqının xoşbəxt gələcəyə çıxmasına həsr edəcəyəm. Ümidvaram ki, biz qarşımızda qoyduğumuz məqsədlərə nail olacağıq. Mən nəinki bu ümidlərlə yaşayıram, bu ümidlərin çin olması üçün, bu ümidlərin həyata keçməsi üçün gecə-gündüz fəaliyyət göstərirəm.

Sağ olun, bu görüş nə qədər kədərli olsa da, eyni zamanda o qədər də mənalıdır, o qədər də böyük iftixar hissi doğurur. Bu görüşə görə sizə təşəkkür edirəm Sağ olun.

"Azərbaycan" qəzeti, 25 fevral 1996-cı il.