Türkiyənin zəlzələ zonasında zəlzələdən ziyan çəkmiş əhali ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - 1 noyabr 1999-cu il


Türkiyənin cümhur başqanı, əziz dostum, qardaşım Süleyman Dəmirəl!

Hörmətli vali!

Hörmətli dostlar, mətbuat nümayəndələri, qardaşlar və bacılar!

Avqust ayının 17-də və 18-də burada, Türkiyədə, İstanbulun yanında, Kocaelidə, İzmitdə baş vermiş zəlzələ Türkiyəni sarsıtdığı kimi, bizi də sarsıtdı. Bu dərdi siz necə çəkmisiniz Azərbaycan xalqı da elə çəkibdir və bu günə qədər də elədir. Bunu biz faciə - həm Türkiyə xalqının faciəsi, eyni zamanda Azərbaycan xalqının faciəsi kimi qəbul etdik. Ona görə də biz dərhal buraya öz yardımımızı göstərmək istədik. Mən dərhal gəlib burada zəlzələ yerlərində olmaq istədim. Ancaq mənim dostum Süleyman Dəmirəl bildirdi ki, indi imkan yoxdur, sonra, münasib bir zamanda gələrsiniz.

Biz yardımlarımızı etdik, nə mümkündür buraya göndərdik və ən önəmlisi də odur ki, İzmit neftayırma zavodunda yanğının söndürülməsində Azərbaycan yanğınsöndürənləri çox fəal iştirak etmiş və böyük xidmətlər göstərmişlər. Mən məmnunam ki, Türkiyənin bu ağır, çətin günündə Azərbaycanın Türkiyə ilə bir yerdə olması Türkiyə hökuməti, dövləti tərəfindən, türk xalqı tərəfindən, Türkiyənin bütün vətəndaşları tərəfindən yüksək qiymətləndirilibdir. Bu, böyük öndər Mustafa Kamal Atatürkün dediyi sözləri bir daha təsdiq edir. O demişdir ki, "Azərbaycanın ələmi bizim ələmimizdir, Azərbaycanın sevinci bizim sevincimizdir". Biz isə demişik və bu gün də deyirik ki, Türkiyənin ələmi bizim ələmimizdir, Türkiyənin sevinci bizim sevincimizdir. Bu prinsip Mustafa Kamal Atatürk vaxtından yaşayır və bu gün, bu ağır gündə də özünü bütün dünyaya göstərdi. Mən bundan çox məmnunam.

Bu gün mən buraya gəlib, özüm şəxsən ziyarət edib, burada zəlzələdən vəfat etmiş insanların xatirəsi qarşısında baş əyirəm, onların hamısına Allahdan rəhmət diləyirəm. Bütün türk xalqına "keçmiş olsun" deyirəm, başsağlığı verirəm. Yaralanmış, xəsarət almış, xəstələnmiş insanların tezliklə sağalmasını arzu edirəm. Arzu edirəm və əminəm ki, Türkiyə Cümhuriyyəti, onun dövləti, hökuməti və türk xalqı zəlzələnin vurduğu zərərlərin hamısına qısa müddətdə son qoyacaqdır.

Zəlzələnin baş verməsindən az bir zaman keçən günlərdə artıq burada çox işlər görülübdür. Bunu biz mətbuatdan bilirik və əziz dostum, cümhur başqanı Süleyman Dəmirəl də bu barədə mənə çox geniş məlumatlar veribdir. Mən bu gün buraya gələrək Türkiyə-Azərbaycan dostluğunu, türk xalqı ilə Azərbaycan xalqı arasında olan əbədi, sarsılmaz dostluğu bir daha, bir daha dünyaya nümayiş etdirmək məqsədi daşıyıram. Buraya gələrək sizinlə birlikdə məhz burada zəlzələdən zərər çəkmiş, zəlzələ nəticəsində indi əziyyət çəkən, matəm tutan, xəstələrini müalicə edən insanlara ürək-dirək vermək, onlarla bir yerdə olmaq məqsədi daşıyıram.

Mən sizin hamınıza cansağlığı arzu edirəm. Bu, mənim buraya gəlişim münasibətilə gətirdiyim yardım ərmağanlarıdır. İndi nə mümkündür - onu etmişəm. Ancaq güman edirəm ki, bu, yaraların bir qisminin sağalmasına kömək edəcəkdir. Həlak olanlara Allah rəhmət eləsin. Keçmiş olsun.

Türk xalqı çox böyük sınaqlardan çıxmış bir xalqdır. Türk xalqı böyük bəlalardan çıxmış bir xalqdır. Türk xalqı qəhrəman xalqdır. Türk xalqı qurucu xalqdır, yaradıcı xalqdır. Heç şübhə yoxdur ki, xalq, vətəndaşlar zəlzələnin vurduğu zərərlərin hamısına dövlətin, hökumətin başçılığı ilə qısa bir zamanda son qoyacaq, dağıdılmış binaların hamısı bərpa olunacaq və Kocaeli də, zəlzələdən zərər çəkmiş başqa yerlər də bəlkə öncəsindən daha da gözəl olacaqdır. Mən bunu arzu edirəm.

Bu fürsətdən istifadə edib türk xalqına, Türkiyə vətəndaşlarına - bacılarıma, qardaşlarıma salamımı, sevgimi, məhəbbətimi və hörmət-ehtiramımı bildirirəm.

* * *

Əziz dostlar, bacılar, qardaşlar!

Zəlzələnin baş verdiyi ilk gündən Azərbaycan xalqı Türkiyə ilə bir yerdə olubdur. Bu dərdi siz çəkdiyiniz kimi, biz də çəkmişik. O gündən indiyə qədər mümkün olan yardımları etmişik və bu gün də edirik.

Mənim buraya gəlməkdə məqsədim ondan ibarətdir ki, əziz qardaşım, cümhur başqanı Süleyman Dəmirəllə bərabər gəlim, sizi görüm, sizin yanınızda olum, bugünkü vəziyyətinizi görüm və "keçmiş olsun" deyim. Ölənlərə, vəfat edənlərə Allahdan rəhmət diləyirəm.

Mən inanıram ki, qəhrəman türk xalqı, çox fədakar türk xalqı, Türkiyə vətəndaşları bu zəlzələnin vurduğu zərəri aradan götürəcəklər. Bunun da əsasını təşkil edən Türkiyənin cümhur başqanı Süleyman Dəmirəlin zəlzələ baş verəndən indiyə qədər gördüyü böyük işlərdir. Dövlət, hökumət, bütün xalq bu işlərə səfərbər olubdur. Biz bunu Azərbaycanda olaraq görürük. Qısa bir zamanda çox işlər görülüb, zəlzələnin vurduğu ziyanın çox hissəsi aradan götürülüb və götürüləcəkdir.

Azərbaycan xalqı sizinlə birlikdədir, bir yerdədir. Bu gün mən sizin yanınıza gəlmişəm. Həyatlarını qeyb edən bütün insanların xatirəsi qarşısında baş əyirəm. Sizin hamınıza cansağlığı arzu edirəm. Ümid edirəm ki, tezliklə siz bu ağır vəziyyətdən çıxacaqsınız. Sağ olun.

"Azərbaycan" qəzeti, 3 noyabr 1999-cu il.