Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyə Respublikasının Baş naziri Bülənd Ecevit ilə görüşdəki söhbətindən - Ankara, Çankaya köşkü, 22 may 1999-cu il


Bülənd Ecevit: Cənab prezident, Sizi ürəkdən salamlayıram. Səhhətinizin tam yaxşı olduğunu görməkdən məmnun qaldığımı bildirir və Türkiyəyə gəldiyinizə görə Sizə təşəkkür edirəm.

Heydər Əliyev: Səmimi sözlərə və dostluq münasibətlərinə görə, cənab Ecevit, Sizə təşəkkürümü bildirir və doğma bir torpağa, öz vətənimə gəldiyimi nəzərinizə çarpdırıram.

Hörmətli Baş nazir, mən Sizi təbrik edirəm. Siz seçkilərdə böyük nailiyyət əldə etdiniz, partiyanız birinci yerə çıxdı. Mən sizin partiyanıza və Türkiyə Cümhuriyyətinə yeni-yeni uğurlar arzulayıram. Bilirəm ki, seçkilərdən sonra hazırda yeni hökumət qurursunuz. Siz əziz dostum, qardaşım prezident Süleyman Dəmirəl ilə birlikdə Türkiyə Respublikasını daha da yüksəklərə qaldıracaqsınız və inkişaf etdirəcəksiniz. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı onu tələb edir ki, Türkiyə həmişə güclü, inkişafda və qüdrətli olsun, Türkiyənin dostu, qardaşı olan Azərbaycan Türkiyə ilə əl-ələ verib daha da irəliyə getsin.

Bülənd Ecevit: Ölkələrimizin əlaqələrinin sürətli inkişafında prezident Heydər Əliyevin böyük xidməti olduğunu vurğulamaq istəyirəm. İmzalanmış neft müqavilələrinin həyata keçirilməsi sahəsində görülmüş işlər çox maraqlıdır.

Bakı-Ceyhan boru kəmərinin çəkilişi əsasən başlanmışdır.

Biz keçən ilin oktyabrında Ankarada birgə bəyannamə imzaladıqdan sonra işlər yaxşı gedir. İki ay bundan əvvəl İstanbulda protokol imzalandı, texniki və maliyyə məsələlərinin üç ay müddətində həll edilməsi qərara alındı.

Heydər Əliyev: Bu kəmərin çəkilişinə edilən maneələr, onun xərcinin guya çox baha olması barədə söz-söhbət artıq geridə qalmışdır. Vaxtilə deyirdilər ki, kəmər 3,7 milyard dollara başa gələcəkdir, amma belə olmadı. Türkmənistan qazının da Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Gürcüstana, ordan da Türkiyəyə nəqli çox faydalı olacaqdır. Bu məsələ müzakirə edilirdi. Qərb də, Amerika da bunu istəyirdi. Ancaq bəzi səbəblərə görə bu alınmırdı. İndi isə bu, tam realdır. Mən Vaşinqtona getməmişdən əvvəl Türkmənistan qaz kəmərinin çəkilişi ilə məşğul olan Amerika şirkətləri Bakıya gəlmişdilər. Mən onlarla görüşdüm. Həmin şirkətlər məndən bir daha icazə istədilər. Dedim ki, biz buna çoxdan icazə vermişik, çünki bu qaz Türkiyəyə gedəcəkdir.

Bülənd Ecevit: Bütün bu məsələlərin həllində böyük xidmətlərinizə görə Sizə təşəkkür edirəm. Mən Sizə Mustafa Kamal Atatürkün şəkini bağışlamaq istərdim.

Heydər Əliyev: Bu, mənim üçün çox dəyərli hədiyyədir. Bu, bir də ona görə dəyərlidir ki, siz mənə "Atatürk Beynəlxalq Sülh Mükafatı"nı vermisiniz. Çox sağ olun.

Bülənd Ecevit: Prezident Süleyman Dəmirəlin dəvətini qəbul edib Türkiyəyə gəldiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Bilirsiniz, Antalya dünyanın ən gözəl istirahət ocaqlarından biridir.

Heydər Əliyev: Mən müstəqil Azərbaycan Respublikasının prezidenti olduğum altı ildən bəri heç vaxt istirahət etməmişəm. Əziz dostum, qardaşım Süleyman Dəmirəl məni dəfələrlə Türkiyəyə dəvət etmişdi, amma gələ bilmirdim. İndi isə istirahət etməyə məcburam.

Sizə Vaşinqton səfərimdən söhbət açmaq istəyirəm. Biz orada çox işlər gördük. Prezident Bill Klintonla görüşdük, danışdıq. Dövlət katibi xanım Olbraytla görüşlərimiz oldu. Sonra xanım Olbraytın iştirakı ilə Gürcüstan, Azərbaycan, Ermənistan prezidentlərinin, bir sıra xarici ölkələrin - Amerikanın, Fransanın, Almaniyanın, İngiltərənin, Norveçin, Türkiyənin xarici işlər nazirlərinin Qafqazda barışın, sülhün, əməkdaşlığın, iş birliyinin yaranması barədə görüşü oldu.

ABŞ-ın dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü, sonra isə Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək görüşü oldu.

Bilirsiniz ki, Ermənistan - Azərbaycan münaqişəsi 11 ildir ki, başlayıbdır. 1994-cü il mayın 12-dən atəşkəs elan edilibdir. Yəni beş ildir atəş yoxdur, amma sülh barış da yoxdur. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bir milyondan çox qaçqın vətəndaşımız çadırlarda yaşayır.

Amerika, Fransa və Rusiya Minsk qrupunun həmsədrləridirlər. Onlar bu münaqişənin sülh yolu ilə həll edilməsinə çalışdılar, lakin 1998-ci ildə Ermənistanın o vaxtkı prezidenti istefaya getdi, yeni prezident seçildi, nəticədə danışıqlar prosesi müəyyən qədər ləngidi. Ona görə də mən Vaşinqtona getməmişdən əvvəl Amerikanın, Rusiyanın və Fransanın prezidentlərinə məktub yazdım. Onlara yazdım ki, siz bu münaqişənin həllini öz üzərinizə götürmüsünüz, amma mən bu işdə passivlik görürəm. Mən Bill Klintondan, Boris Yeltsindən, Jak Şirakdan cavab aldım. Vaşinqtonda cənab Klintonla, cənab Şirakla, xanım Olbataytla görüşüb bu barədə söhbət etdim. Mən bir daha bilirdim ki, biz Dağlıq Qarabağa müstəqillik verə bilmərik. Onlar dedilər ki, bu münaqişə ATƏT-in Lissabon zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında həll olunmalıdır. Mən Vaşinqtondakı görüşlərdən hiss etdim ki, biz bu münaqişənin həlli məsələsini irəliyə apara bilərik.

Senator Sem Braunberkin "İpək yolu strategiyası" qanun layihəsi hazırlandı. 1998-ci ildə Avropa Birliyinin himayəsi ilə Bakıda qədim İpək yolunun bərpası mövzusunda beynəlxalq konfrans keçirildi. Bu konfransda 35 ölkədən, 15 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, 9 ölkənin prezidentləri iştirak edirdilər.

TRASEKA proqramı çərçivəsində keçirilən bu konfransda biz çox mühüm sənədlər qəbul etdik.

1997-ci ildə mən Amerikada rəsmi səfərdə olarkən prezident Bill Klintonla birgə bəyanat imzaladıq. Orada yazılıb ki, Amerika hökuməti 907-ci düzəlişin ləğv edilməsini istəyir və buna çalışacaqdır. Bu məsələ son dəfə Konqresdə müzakirə edilərkən bizim üçün cəmi 28 səs çatmadı. Bu isə o deməkdir ki, biz ABŞ Konqresində də Azərbaycana münasibətdə müsbət dəyişikliyə nail ola bilmişik. Əminəm ki, cənab Braunbekin hazırladığı qanun layihəsi qəbul olunacaq və 907 -ci maddə də öz təsir gücünü itirəcəkdir.

Vaşinqtona səfərim zamanı Amerikanın iri neft şirkətləri ilə ARDNŞ arasında 3 yeni müqavilə imzalandı. Bunları mən yüksək qiymətləndirirəm. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üzrə artıq 19 müqavilə imzalanmışdır. Biz 1997-ci ildə ilkin neftin dünya bazarına çıxarılmasına başladıq. Biz bu il Gürcüstanda Bakı-Supsa boru kəmərinin açılışı mərasimini keçirdik. İndi Bakı nefti iki istiqamətdə - Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri vasitəsilə dünya bazarına çıxarılır. Biz Bakı-Ceyhan kəmərinin çəkilişini də başa çatdıracağıq.

Mən ABŞ Konqresində, Senatında maraqlı görüşlər keçirdim. Əminəm ki, apardığım danışıqlar öz müsbət nəticəsini verəcəkdir. Sizə məlumdur ki, Rusiya Ermənistana qeyri-qanuni yolla silah verir və həmin respublikada hərbi baza saxlayır.

Mən MDB ölkələri dövlət başçılarının bu yaxınlarda Moskvada keçirilmiş toplantısında bir daha protest verdim ki, nə üçün Rusiya Ermənistanda ordu saxlayır? Mən bu məsələni dəfələrlə qaldırmışam. Yeltsin mənə deyir ki, bu, Azərbaycana qarşı deyil.

Bülənd Ecevit: Cənab prezident, bizim bu səmimi görüşümüzə görə Sizə minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Mən Sizə böyük uğurlar arzulayıram. Çox arzu edirəm ki, tezliklə yeni hökuməti qurub, işə başlayasınız.

Bülənd Ecevit: Bu görüşdən bir daha şərəf duyduğumu bildirir, Sizə möhkəm cansağlığı arzulayıram. Sağ olun.