Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına (27 iyul-5 avqust 1997-ci il) ilk rəsmi səfərinin iqtisadi aspektlərinə dair ümumi tarixi arayış


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 27 iyul - 5 avqust 1997-ci ildə Amerika Birləşmiş Ştatlarının Prezidenti Bill Klintonun dəvəti ilə bu ölkədə ilk rəsmi səfərdə olub. 10 gün davam edən bu rəsmi səfər çərçivəsində çox sıx iş qrafiki ilə işləyən dövlət başçısı Nyu-York, Vaşinqton, Çikaqo və Hyüston şəhərlərində olub. Heydər Əliyev ABŞ-ın istər rəsmi dövlət, istərsə də yüksək işgüzar dairələrinin nüfuzlu nümayəndələri ilə yüzdən çox görüş keçirib, danışıqlar aparıb. Dövlət başçısının bu rəsmi səfəri Azərbaycan-ABŞ münasibətlərinin istər siyasi-diplomatik, istərsə də iqtisadi baxımdan inkişafında mühüm rol oynayıb. Bu səfər çərçivəsində Azərbaycanla ABŞ arasında iqtisadi əlaqələrin qurulması və inkişafında mühüm rol oynayan və bu gün də qüvvədə olan aşağıdakı sənədlər imzalanıb:

"Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında energetikanın inkişafı üzrə ikitərəfli dialoq yaradılması niyyətləri haqqında Bəyanat". Vaşinqton, 1 avqust 1997;

"Azərbaycan - Amerika münasibətləri haqqında Birgə Bəyanat". Vaşinqton, 1avqust 1997;

"Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləsmis Statları Hökuməti arasında sərmayə qoyulusunun qarsılıqlı qorunması və təşviq edilməsi haqqında Müqavilə". Vaşinqton, 1 avqust 1997;

"Layihələrin təşviqinə dair Bas Saziş, Azərbaycan Respublikası Hökuməti, Azərbaycan Respublikasının Milli Bankı və Amerika Birləşmiş Ştatları "Eksimbank"ı arasında". Vaşinqton, 1 avqust 1997.

Rəsmi səfərin ilk gününə Nyu-Yorkdan başlayan Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ-da nəşr edilən, "İnstituşnal İnvestor" jurnalının redaktoru Stiven Kuinç və həmin jurnalın sərmayəşisi Sisel Morenlə görüşüb, Azərbaycanın iqtisadi potensialı, xarici investisiya mühiti haqqında geniş müsahibə verib. Səfərin ikinci günü Azərbaycan Prezidenti "Uoll Strit Cornal" jurnalı və "Nyu-York Tayms" qəzetinə müsahibə verib.

28 iyul 1997-ci ildə Heydər Əliyev "Bi-Pi Amerika" neft şirkətinin rəhbər şəxslərindən Stif Persi, Ed Uoyhet və Maykl Taunshet ilə görüşüb. "Əsrin müqaviləsi"ndə iri pay alan bu şirkətin Azərbaycandakı perspektiv işləri müzakirə edilib. İyulun 29-da Heydər Əliyev Azərbaycan-Amerika Ticarət Palatası və Beynəlxalq Anlaşma Təşkilatı İşgüzar Şurasının üzvləri ilə görüşüb. Dövlət başçısı Azərbaycanın iqtisadi potensialı və perspektiv inkişaf istiqamətlərinə həsr olunan geniş nitq söyləyib. Bu ölkənin Azərbaycanla əməkdaşlıq etmək niyyətində olan işgüzar dairələrinin nümayəndələrinin çoxsaylı suallarına da cavab verib. Heydər Əliyevin nitqini olduqca maraqlı qarşılandığını bildirən "Dau Cons" informasiya agentliyi həmin nitqin mətninin dünya informasiya agentliklərində yaymaq üçün razılığını alıb. Azərbaycan-Amerika Ticarət Palatasının həmsədrləri Don Steysi və Rza Vəziri də adı çəkilən mərasimdə çıxış ediblər. Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev BMT-nin Baş qərargahında bu beynəlxalq təşkilat çərşivəsində fəaliyyət göstərən humanitar təşkilatların nümayəndələri (Beynəlxalq Yardım Komitəsi, Beynəlxalq Bərpa Mərkəzi, Beynəlxalq Ərzaq Mallarının Bölüşdürülməsi Komitəsi, Amerika Yardım Təşkilatı, YUNİSEF) ilə də görüşüb.

İyulun 29-da ABŞ-a rəsmi səfərin Nyu-York hissəsini başa çatdıran Azərbaycan Prezidenti Heydər Əliyev Vaşinqtona yola düşüb. O, təyyarədə "Filadelfiya İnkuayrer" və "Cornel of Kommers" qəzetlərinə müsahibə verib.

30 iyul 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev Vaşinqtonda onun üçün ayrılmış iqamətgahda "Hallibortn" şirkətinin prezidenti Riçard Çeyni ilə görüşüb. Görüşdə şirkətin Azərbaycandakı üç illik fəaliyyəti və milli neft sənayesinin müxtəlif sahələrində yeni əməkdaşlıq imkanları müzakirə edilib.

Həmin gün ABŞ Konqresində Heydər Əliyev Xarici Əlaqələr Komitəsinin üzvü Bencamin Gilmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müzakirə edilən məsələlər arasında iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına da xüsusi diqqət verilməsinin vacibliyi vurğulanıb. Konqresdəki çoxsaylı görüş və danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Amerika Ticarət Palatası Vaşinqtondakı Milli Tikinti Muzeyində Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil edib.

İyulun 31-də Azərbaycan Prezidenti Heydər Əliyev ilk olaraq Vaşinqtonda onun üçün ayrılmış iqamətgahda ABŞ-ın "Eksimbank"nın prezidenti Ceyms Harmanı qəbul edib, iki ölkə arasında maliyyə münasibətlərini tənzimləyəcək və imzalanmağa hazır olan sənəd haqqında fikir mübadiləsi aparıb. Sonra o, ABŞ -ın maliyyə naziri Robert Rubin, energetika naziri Federiko Penyanı ayrı-ayrılıqda qəbul edərək ikitərəfli münasibətlərin konkret sahələri üzrə əməkdaşlıq məsələlərini müzakirə edib. Həmin gün ABŞ-ın Ticarət Nazirliyində Azərbaycan Prezidenti burada təşkil edilən Amerika işgüzar dairələrinin nümayəndələri ilə görüşüb, onların qarşısında Azərbaycanın tarixi, siyasi və iqtisadi sistemi, mədəniyyəti, müstəqillikdən sonra ölkədə həyata keçirilən köklü islahatlar haqqında geniş nitq söyləyib. Nitqini başa çatdırdıqdan sonra Heydər Əliyev mərasimdə iştirak edən qonaqların suallarına cavab verib.

Tədbir başa çatdıqdan sonra Azərbaycan Prezidenti onun üçün ayrılmış iqamətgahında BMT çərçivəsində fəaliyyət göstərən ən iri beynəlxalq maliyyə qurumu olan Dünya Bankının prezidenti Ceyms Vulfensonu qəbul edib. Qəbulda əsasən Azərbaycanın maliyyə sektorunda son illər həyata keçirilən islahatlar və onların müsbət nəticələri müzakirə olunub.

Günün sonunda ABŞ-ın ticarət naziri Ulyam Deyli və energetika naziri Federiko Penya Azərbaycan Respublikası Prezidentinin şərəfinə ABŞ Konqresinin "Old senate suite" binasında rəsmi ziyafət təşkil edib. Ziyafətdə B.Klinton hökumətinin yüksək vəzifəli şəxsləri, ABŞ-ın görkəmli siyasətçiləri, dövlət xadimləri, müxtəlif şirkətlərin rəhbərləri iştirak edib.

1 avqust 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev ilə ABŞ Prezidenti Bill Klinton arasında Ağ Evdə təkbətək görüş olub. Həmin görüş başa çatdıqdan sonra dövlət başçılarının iştirakı ilə adları yuxarıda qeyd edilən rəsmi sənədlərin imzalanması mərasimi olub. Sonra hər iki prezident bəyanatla çıxış edib. Bunun ardınca ABŞ-ın neft şirkətləri ilə ARDNŞ arasında Xəzərin Azərbaycan sektorunda yerləşən dörd neft yatağının birgə işlənilməsi haqqında müqavilə imzalanıb. Heydər Əliyev və Bill Klintonun iştirak etdiyi imzalanma mərasimi Ağ Evin "Ruzvelt" otağında təşkil edilib. Qeyd edək ki, bu məkanda ABŞ üçün xüsusi əhəmiyyət kəsb edən müqavilə və sazişlər imzalanır. Rəsmi sənədlərin imzalanması başa çatdıqdan sonra ABŞ Prezidenti Bill Klinton adından Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə rəsmi ziyafət verilib. Həmin gün axşam Azərbaycan Prezidenti rəsmi səfərini davam etdirmək üçün təyyarə ilə ABŞ-ın iri biznes mərkəzlərindən biri kimi tanınan Hyüston şəhərinə gedib.

Avqustun 2-də Hyüstonda Azərbaycan Prezidenti əsasən bu ölkənin iri neft şirkətlərinin nümayəndələri ilə görüşüb, qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında danışıqlar aparıb. Həmin gün o, "Frontera Resursez" şirkətinin prezidenti Ulyam Uaytı, "Şevron" şirkətinin prezidenti Riçard Matskeni, "Con Vinq ənd Çarli Uelson" şirkətinin rəhbərlərini, "Pennzoyl" şirkətinin prezidenti Ceyms Peyti, "Konoko" şirkətinin prezidenti Arqu Dunxamı qəbul edib. Günün sonunda Azərbaycan-Amerika Ticarət Palatası və "Hyüston Əməkdaşlıq Cəmiyyəti" Prezident Heydər Əliyevin şərəfinə rəsmi qəbul təşkil edib. Qəbulda Heydər Əliyev nitq söyləyib.

3 avqust 1997-ci ildə Azərbaycan Prezidenti bu ölkəni təmsil edən və bütün dünyada neftin hasilatı, nəqli və satışı üzrə ixtisaslaşan iri şirkətlər kimi tanınan "Eriksson", "Teksako", "Arko", "Şell", "Mobil" şirkətlərinin prezidentlərini qəbul edib. Neft strategiyası çərçivəsində əməkdaşlığa qoşulan bu şirkətlərin Azərbaycandakı gələcək investisiya layihələri müzakirə edilib. Həmin gün Hyüstondan Çikaqoya gələn Heydər Əliyev İllinoys şirkətinin varlı ailələrindən olan və Azərbaycanın qeyri-neft sektoruna iri investisiya qoyan iş adamı Tomas Pritskerlə görüşüb.

Avqustun 4-də Azərbaycan Prezidenti Çikaqoda ABŞ-ın "FMS", "Katerpillar", "Motorolla", "AMOKO" şirkətlərinin rəhbərləri ilə görüşüb. Bu görüşlərdə Azərbaycanın rabitə və qeyri-neft sektorunda investisiya yatırımları müzakirə edilib. Həmin gün Azərbaycan Prezidenti Heydər Əliyev Amerika-Avrasiya Sənaye-Ticarət Palatasının sədri Yelena Teplitskayanı da qəbul edib. Sonra Çikaqoda fəaliyyət göstərən məşhur əmtəə-xammal birjasına gələn Heydər Əliyev buraya toplaşanlar qarşısında çıxış edib.

Rəsmi səfərin sonuncu günü - 5 avqustda Azərbaycan Prezidentinin "Çikaqo klub"da ABŞ-ın maliyyə və bank qurumlarının rəhbərləri ilə görüşü təşkil edilib. Görüşdə Amerikanın ən nüfuzlu şirkətlərinin, bank və maliyyə qurumlarının rəhbərləri və işgüzar dairələrin nümayəndələri, o cümlədən "AMOKO" korporasiyasının maliyyə məsələləri üzrə vitse-prezidenti Con Kol, "Sosayte Ceneral" bankının vitse-prezidenti Mey Mallou, "Ceys Manhetten" bankının icraçı direktoru Piter Lind, "Qoltman Çacs" bankının icraçı direktoru Con Qlipertson, "Sitibank"ın icraçı direktoru Conn Qrinney, "Morqan Stenli", "Lazert Freres", "Kredit Syus Boston", "Bank of Amerika" banklarının yüksək vəzifəli şəxsləri iştirak ediblər. Bu görüşdən sonra Azərbaycan Prezidenti Heydər Əliyev ABŞ-a ilk rəsmi səfərini başa çatdırıb və həmin gün vətənə dönüb.

Ümumi tarixi arayış 20 noyabr 2008-ci ildə tərtib edilib.