Türkiyə Respublikasının Prezidenti Zati-Aliləri Cənab Süleyman Dəmirələ - Antalya, 8 iyun 1999-cu il


Əziz dostum və qardaşım Süleyman Dəmirəl!

Bu gün, ilk anlarından sizin səmimi və mehriban dostluq, qardaşlıq qayğınız altında keçən uğurlu müalicəmi və istirahətimi artıq sona çatdırıb doğma Türkiyə Respublikasından ayrılaraq Vətənə yola düşərkən qəlbimdə dolu olan hədsiz minnətdarlıq hisslərimi sizinlə bölüşmək üçün bir daha sizə müraciət etməyi özümə borc bildim.

Hər şeydən öncə, sizin liderliyiniz sayəsində Azərbaycan ilə Türkiyə, iki qardaş ölkə, xalq və dövlət arasında qarşılıqlı faydalı münasibətlərin və hərtərəfli əməkdaşlığın yüksək səviyyədə olmasından çox məmnunluq duyduğumu bildirmək istəyirəm.

Azərbaycan dövlət müstəqilliyini, azadlığını əldə etdikdən sonra Türkiyə Azərbaycan üçün dayaq nöqtəsinə, güvənc yerinə çevrilmişdir.

Qüdrətli Türkiyə dövlətinin müdrik rəhbəri kimi siz torpaqlarının iyirmi faizi işğal olunmuş, bir milyondan çox vətəndaşı qaçqın düşmüş Azərbaycanın daim yanında olmuş, onun haqq işini yorulmadan müdafiə etmiş, Ermənistanın təcavüzkar hərəkətlərini birmənalı şəkildə pisləşmiş, bütün dünya dövlətlərini, beynəlxalq təşkilatları vətənimizə qarşı edilən təcavüzə, ədalətsizliyə, xalqımıza qarşı törədilən soyqırımına, etnik təmizləməyə biganə qalmamağa çağırmış və bütün Qafqaz regionunda sülhün və əmin-amanlığın bərqərar olması üçün davamlı səylər göstərmisiniz.

Sizin rəhbərliyinizlə qardaş Türkiyə Respublikası öz keçid dövrünü yaşayan gəc müstəqil Azərbaycan dövlətinə qarşılaşdığı çətinlikləri aradan qaldırmaq üçün hər türlü yardımlar göstərişdir.

Əziz qardaşım Süleyman Dəmirəl!

XX əsrin sonunda öz istiqlaliyyətinə yenidən qovuşan Azərbaycan xalqı müstəqilliyinin ilk anlarından başlayaraq ona mənəvi dayaq olmağınızı, Türkiyə-Azərbaycan dostluğunun möhkəmləndirilməsi və inkişaf etməsi üçün göstərdiyiniz misilsiz xidmətləri yüksək qiymətləndirir. Azərbaycan xalqı yaxşı bilir ki, sizin ürəyiniz Türkiyə ilə bərabər Azərbaycanla da vurur, qəlbiniz bütün türk dünyası ilə döyünür.

Siz "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" deyən böyük Atatürkün yoluna sadiq qaldınız, onu ruhunu şad etdiniz. Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını əbədi, sarsılmaz edərək gələcək nəsillər qarşısında şərəfli bir iş gördünüz.

Bu dostluğun, qardaşlığın ən gözəl təzahürü Azərbaycan prezidenti kimi, mənə göstərdiyiniz diqqət, qayğıdır. Mən bunu bütün Azərbaycan xalqına, müstəqil Azərbaycan dövlətinə göstərilən qayğı kimi qiymətləndirirəm. Bizim dostluğumuz Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığının ən parlaq təcəssümüdür.

Hələ yanvar ayında, xəstələndiyim ilk gündən dəyərli vaxtınızı sərf edib mənim səhhətimlə çox yaxından və ciddi məşğul olmağınız, mənim taleyimə, Azərbaycanın gələcəyinə biganə qalmamağınız, oğlum İlhama ümid, inam dolu təsəlli verərək bütün əməliyyatları öz əlinizə almağınız, bir-birinin ardınca Ankaradan Bakıya təcili olaraq təyyarələrlə həkimlər qrupu göndərərək ilk tibbi yardımı təşkil etməyiniz, səhhətimə nəzarət etmək üçün şəxsi həkim ayırmağınız və buna qane olmayıb təkid edərək məni Gülhanə Hərbi Tibb Akademiyasına gətirib müalicə etdirməyiniz, oradaca hər gün yanıma gəlməyiniz, məni tək buraxmamağınız, bir an belə mənimlə əlaqəni kəsməməyiniz, sonra isə Amerika Birləşmiş Ştatlarında müalicəmin gedişini tam nəzarətdə saxlamağınız, həm cərrahiyyə əməliyyatından əvvəl, həm də sonra məni müalicə edən həkimlərlə telefon əlaqəsi saxlamağınız, mütəmadi olaraq mənimlə birbaşa ünsiyyəti davam etdirməyiniz, cərrahiyyə əməliyyatının və müalicəmin uğurla nəticələnməsinə bir qardaş kimi sevinməyiniz və tam sağalmağımın qeydinə qalaraq məni Türkiyəyə istirahətə dəvət etməyiniz, Ankarada məni doğma bir insan, əziziniz kimi qarşılayaraq istirahətimin mənalı keçməsi üçün hər cür şərait yaratmağınız, əziyyət çəkərək və böyük alicənablıq göstərərək xanımınızla məni Antalyada ziyarət etməyiniz, hər an, hər dəqiqə yüksək qonaqpərvərlik, qayğı, diqqət göstərməyiniz, mənə böyük hörmət və ehtiram bəsləməyiniz sizin nə qədər humanist, xeyirxah, insanpərvər bir şəxsiyyət, geniş qəlbli böyük insan, sadiq dost və qardaş olduğunuzu bir daha bariz şəkildə nümayiş etdirdi.

İnanın ki, sizə olan inamım, mənə göstərdiyiniz səmimi, mehriban dostluq münasibəti, qardaşlıq məhəbbəti məni çox ruhlandırdı, ürəyimə güc, qoluma qüvvət, canıma enerji, gözümə işıq verdi, müalicəmin uğurla keçməsinə, tez bir zamanda sağalmağıma, səhhətimin tam yaxşılaşmasına müsbət təsir göstərən ən mühüm amillərdən biri oldu.

Bütün bunlara görə, müasir dünyamızda bənzəri olmayan böyük dostluğunuza görə, mənə göstərdiyiniz yüksək səviyyəli münasibətə, diqqət və qayğıya, hörmət və ehtirama görə sizə hədsiz dərəcədə təşəkkür edir və sonsuz minnətdarlığımı bildirirəm.

Bəşəri dəyərləri özündə birləşdirən böyük insan, sarsılmaz Türkiyə dövlətinin yenilməz rəhbəri, əziz dostum və qardaşım Süleyman Dəmirəl, siz bütün bu nəcib insani hərəkətləriniz və sadiq əməllərinizlə bəşər tarixində əbədi qalacaq möhtəşəm, əzəmətli, monolit bir dostluq abidəsi ucaltdınız, Azərbaycan-Türkiyə dostluğunun daha da möhkəmlənərək əbədi olması üçün təməli möhkəm zəmin yaratdınız və türk birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdiniz. Siz bununla sizə minnətdar olan milyonlarla azərbaycanlının məhəbbətini qazandınız.

Sizi əmin edirəm ki, mən və mənim övladlarım bu dostluğa daim sadiq qalacağıq.

Əmin ola bilərsiniz ki, Ankarada və Antalyada sizinlə dövlətlərimizi və regionunuzu əhatə edən taleyüklü məsələlər barədə apardığımız səmərəli danışıqlar, ölkələrimiz arasında strateji müttəfiqliyin və çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı Türkiyənin yeni Baş naziri, böyük Millət Məclisinin yeni sədri, Türkiyə Ordusunun Baş Qərargah rəisi, nazirlər və ictimai-siyasi xadimlər ilə keçirdiyimiz görüşlər və apardığımız faydalı müzakirələr zamanı əldə etdiyimiz uğurlu nəticələri həyata keçirmək üçün yeni böyük enerji və tükənməz qüvvə ilə çalışacağam.

Qardaş ölkələrimiz, tarixi köklərlə bağlı olan xalqlarımız arasında qarşılıqlı faydalı əlaqələrin bütün sahələrdə daha geniş vüsətlə inkişaf etməsi, Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının daha da yüksəklərə qalxması, xalqlarımızın rifahının yüksəlməsi, bölgəmizdə və bütün dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün yorulmadan səy göstərəcək və heç nəyi əsirgəməyəcəm.

Əziz qardaşım, bir daha sizə dərin minnətdarlığımı, hörmət və ehtiramımı bildirirəm. Sizə və ailənizə cansağlığı, uzun ömür, qardaş Türkiyəyə tərəqqi və çiçəklənmə, qəhrəman türk xalqına sülh, əmin-amanlıq, firavanlıq və xoşbəxt həyat arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.