Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikasının prezidentinə Moskva Dövlət Hüquq Akademiyasının fəxri doktoru adı verilməsi mərasimində çıxışı - 29 mart 1997-ci il


Hörmətli nazir, hörmətli rektor, hörmətli xanımlar və cənablar!

Sizi səmimi salamlayır və gözəl görüş münasibətilə ürəkdən sevindiyimi bildirirəm. Mənə Moskva Dövlət Hüquq Akademiyasının fəxri doktoru adı verərək mənə göstərdiyiniz böyük şərəfə görə Moskva Dövlət Hüquq Akademiyasının rektoru hörmətli akademik Oleq Yemelyanoviç Kutafinə, akademiyanın Elmi Şurasına, sizin hamınıza təşəkkür edirəm. Sözün düzü, bu qərardan xəbər tutduqda təəccübləndim və həyəcanlandım ki, axı bu, nə üçün, nə ilə əlaqədar baş verdi. Sonra belə qənaətə gəldim ki, bu akademiya çox nüfuzlu akademiyadır, burada görkəmli hüquqşünaslar, alimlər, professorlar işləyirlər, onlar isə çətin ki, səhv etsinlər. Bir də ki, bizdə həmişə belə olurdu, - mən bunu öz təcrübəmə əsasən deyə bilərəm ki, hər hansı bir sənəd və ya məsələ müəyyən şübhə doğurduqda, mütləq hüquqşünasların rəyini soruşurdular. İndi imzalamalı olduğum hər hansı sənədə hüquqşünas imza qoymasa, o mənə çatdırılmır. Axı söhbət qanundan gedir. Əgər belə alimlər, hüquqşünaslar belə qərar qəbul etmişlərsə, deməli, bu, qanunidir. Ona görə də mən bu qərarla razılaşdım; sözün düzü, indi də çox böyük həyəcan və sevinc hissi keçirirəm. Çox sağ olun.

Hesab edirəm ki, bu fakt Azərbaycanın və Rusiyanın təhsil müəssisələri arasında, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin bundan sonra da möhkəmlənməsinə və inkişaf etdirilməsinə yönəldilmişdir. Əmin ola bilərsiniz ki, bu yüksək adı almağımla əlaqədar mən öz vəzifəmi, öz məsuliyyətimi başa düşürəm və Rusiya ilə Azərbaycan arasında mehriban münasibətlərin, dostluq münasibətlərinin gündən-günə inkişaf etməsi və möhkəmlənməsi üçün, Rusiyanın və Azərbaycanın ali təhsil müəssisələri arasında, təhsil orqanları arasında əlaqələrin uğurlu və səmərəli olması üçün səylərimi əsirgəməyəcəyəm.

Burada çıxış edənləri dinləyərkən xatırladım ki, keçmişdə öz işimdə həqiqətən qanunla, qanunvericiliklə, hüquqşünaslıqla, hüquq elmi ilə sıx bağlı olmuşam. Sizin vaxtınızı almaq və bütün bunlar haqqında danışmaq istəmirəm, çünki buna çox vaxt gedərdi. Ancaq bəzi epizodlar haqqında danışmaq istəyirəm.

Hər şeydən öncə Moskva Dövlət Hüquq Akademiyasının rolu və əhəmiyyəti barədə demək istəyirəm. Müasir mərhələdə bu təhsil müəssisəsinin çox böyük əhəmiyyəti var. Şübhəsiz ki, hüquq təmayüllü, yaxud hüquqşünaslar hazırlayan hər hansı ali məktəbin keçmiş dövrlərdə də əhəmiyyəti var idi. Ona görə də 1931-ci ildə yaradılmış, böyük tarixi yol keçmiş və o vaxtkı Sovetlər İttifaqı üçün, onun müttəfiq respublikaları üçün hüquqşünaslar, alimlər, əməli işçilər hazırlanması işinə çox böyük töhfə vermiş Ümumittifaq Qiyabi Hüquq İnstitutu bu gün də çox mühüm rol oynayır. 80-ci illərin ortalarında Qiyabi Hüquq İnstitutunun zəruri olub-olmaması haqqında məsələnin meydana çıxmasını xatırladan Oleq Yemelyanoviç haqlı idi, mən həqiqətən bu məsələyə dair qərar qəbul etməli olmuşam. Özü də ona görə yox ki, mən bu kollektiv üçün nə isə yaxşı bir iş görmək istəyirdim, ona görə ki, bu ali məktəbin gələcəkdə də mövcud olmasının zəruriliyinə şübhə edənlər səhv edə bilərdilər, mən isə elə etdim ki, bu səhvə yol verilməsin.

Siz bilirsiniz ki, keçmişdə mən bir çox illər dövlət təhlükəsizliyi orqanlarında işləmişəm. Şübhəsiz ki, bu orqanlar digər hüquq-mühafizə orqanları, hüquq xidmətləri ilə çox sıx bağlı idi. Xatirimdədir, o illərdə, 50-ci, 60-cı illərdə Azərbaycandan çoxları Ümumittifaq Qiyabi Hüquq İnstitutuna daxil olmaq üçün Moskvaya gəlirdi və onlar burada oxuduqlarına görə fəxr edirdilər. Onlar bu gün də institutun diplomu ilə yaşayır, işləyirlər, bəziləri yüksək vəzifələr tuturlar. Bu institut o vaxtlar Sovetlər İttifaqında, o cümlədən də Azərbaycanda böyük şöhrət və nüfuz qazanmışdı.

Bu institut nə üçün lazım idi? Açığını deyək, keçmişdə bizim Sovetlər İttifaqında hüquq təhsilinə kifayət qədər diqqət verilmirdi. Lakin bu, onda, ola bilsin o qədər də başa düşülmürdü. İndi isə, böyük dəyişikliklər baş verdiyi, ictimai dövlət sisteminin dəyişdiyi bir vaxtda hər şey aydın oldu. Sovet sosialist idarəetmə sisteminin hüquqşünaslara bir o qədər də ehtiyacı yox idi, çünki ümumiyyətlə, ölkə bir qanunla yaşayırdı. Buna görə də hüquq sahəsində kadrlara, əsl hüquqşünaslara çox da böyük tələbat yox idi, onların nüfuzu da yüksək deyildi, yalnız prokurorluqda, məhkəmədə, daxili işlər orqanlarında və sairədə işləmək üçün hazırlanırdı. O illərdə, - mən 40-cı, 50-ci illəri deyirəm, - bu orqanlarda işləmək də çox da şərəfli olmadığına görə, hüquq fakültəsinə daxil olmaq istəyən adamlar da az idi. Şəxsi həyatımdan xatirimdədir, mən 1939-cu ildə Bakı Universitetinin memarlıq fakültəsinə daxil olanda hüquq fakültəsində yerlər dolmamışdı. İnsanlar o fakültəyə getmirdilər. Bu, onların günahı deyildi, cəmiyyətin günahı idi, çünki hüquq təhsili olan bu qədər saylı adamlara ehtiyac yox idi. Ancaq Sovetlər İttifaqında qanuna hörmətin artması prosesi getdikcə, hüquq təhsilinin nüfuzu da yüksəlirdi. Lakin mənfi proses də gedirdi, hər halda Azərbaycanda belə idi, hüquq fakültəsinə daxil olmaq üçün gözlənilmədən ajiotaj yarandı. Bizim universitetdə hüquq fakültəsinə hər il 50 nəfər - rus və Azərbaycan bölmələrinin hər birinə 25 nəfər qəbul edirdilər. Müsabiqə çox yüksək idi. Mən maraqlandım ki, bu, nə məsələdir və aydın etdik ki, bu hüquqşünas işinə olan maraqla deyil, sadəcə olaraq milisdə, prokurorluqda, məhkəmələrdə işləmək arzusu ilə izah edilir.

Sonralar mən gördüm ki, müsabiqə böyük olduğuna görə oraya ən çox hüquq-mühafizə orqanları işçilərinin və rəhbər vəzifəli işçilərin uşaqları daxil olurlar. Bir il ərzindəki qəbulu təhlil edib aydınlaşdırdım ki, oraya bir nəfər də olsun sıravi adam girməyib, yalnız prokurorların, milis rəislərinin, raykom katiblərinin uşaqlarıdır. Mən onda düşünməyə başladım ki, belə halda bizdə deformasiya baş verə bilər, bəs həqiqətən yaxşı hüquqşünas ola biləcək istedadlı, qabiliyyətli insanlar nə etsinlər ki, onların valideynləri raykom katibləri, prokuror, milis rəisləri deyil? Bax, onda mən ixtiyarı öz əlimə alıb yüksəkvəzifəli adamların uşaqlarının Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə qəbul edilməsinə qadağa qoydum. Bu, mənfi münasibət doğurdu. Burada, Moskvada bəzi hüquqşünaslar etiraz etməyə başladılar. Mərhum Yuri Vladimiroviç Andropov bir dəfə mənə zəng etdi. Həmin dövrdə o, Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi və bizim aramızda çox yaxşı dostluq münasibətləri vardı. O, mənim qərarımın narazılıq doğurduğunu bildirdi. Mən "Literaturnaya qazeta"da dərc olunmuş müsahibəm haqqında onun rəyini soruşdum, dedi: "Əladır". Mən soruşdum: bəs onda nə məsələdir? Cavabında mənə dedi ki, bəzi hüquqşünaslar Əliyevin qərarından şikayət etmək niyyətindədirlər, çünki o, insan hüquqlarını tapdalayır. Mən bu barədə onun fikrini xəbər aldım. Andropov dedi ki, mən düzgün hərəkət etmişəm və mənim əleyhimə çox da çıxmasınlar deyə, bu məsələni burada yoluna qoymağa söz verdi. Ancaq deməliyəm ki, sonra, 1987-ci ilin axırında mən istefaya çıxanda - sizin xatirinizdədir, 1988, 1989, 1990-cı illərdə burada, Moskvada mənim əleyhimə böyük təqib başlamışdı, müxtəlif qəzetlərdə məni gözdən salan, başdan-başa iftiralarla dolu yazılar dərc edilirdi, məni özbaşınalıqda və sairədə günahlandırmaq üçün bu faktdan istifadə edildi. Ancaq hesab edirəm ki, mən o zaman düzgün hərəkət etmişdim və keçmişdə qəbul etdiyim heç bir qərardan imtina etmirəm.

Mən bu barədə məhz ona görə danışıram ki, hüquqşünas peşəsinə marağın birdən-birə artmasını, hüquq təhsilinə birdən-birə yaranmış böyük marağı nəzərə çarpdırım. Ancaq bu, qeyri-sağlam maraq idi.

Bu mərhələlər arxada qalmışdı. İndi Rusiya da, Azərbaycan da, keçmiş Sovetlər İttifaqının ölkələri də özlərində demokratik, hüquqi dövlət qurduqları zaman bu peşə, bu ixtisas birinci dərəcəli əhəmiyyət kəsb edir. Bir vaxtlar Sovetlər İttifaqında biz təəccüblənirdik ki, nə üçün Amerika Birləşmiş Şrarlarında hüquq kontorundan olan hansısa vəkilin böyük nüfuzu var, üstəlik də o, varlı adamdır. Fikirləşirdik ki, ilahi, bizdə hüquqşünas, hansısa bir notarius, hansısa icraçı ən kasıb adamdır, heç nəyi yoxdur. Düzdür, milis rəisinə əlavə nə isə gəlir. Biz təəccüblənirdik, çünki həqiqətən qanunlarla yaşayan ölkələrdən büsbütün fərqlənən bir ölkədə yaşayırdıq. İndi Rusiyada da, Azərbaycanda da qanun hər şeydən yüksəkdir. Qanun isə səriştəli hüquqşünaslar tərəfindən yaradılır və hüquqşünas bütün sahələrdə lazımdır. Hesab edirəm ki, bu ixtisas, bu peşə indi xüsusi nüfuz qazanır. Ona görə də həmin Ümumittifaq qiyabi institutdan böyük yol keçərək yaranmış bu akademiya, Rusiya Hüquq Akademiyası Rusiyanın təhsil sistemində belə layiqli yer tutur. Çünki, əvvələn, böyük tədris və elmi potensialı var, ikincisi isə, hüquqi Rusiya dövlətində bu akademiya hüquqşünas kadrlar, bir çox məsələlərin həlli üçün mütəxəssislər hazırlanmasında hələ çox, uzun illər fayda gətirəcəkdir. Ona görə də burada belə ad almağımdan, sizinlə bir yerdə olmağımdan son dərəcə məmnunam.

Bununla yanaşı, keçmiş Sovetlər İttifaqında hətta həmin sistemdə, - indi mən burada Sov. İKP MK Siyasi Bürosunun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini işlədiyim dövrləri xatırlayıram, - biz dövləti, cəmiyyəti və başqa sahələri demokratikləşdirmək üçün az iş görməmişdik. Bu xətt Andropov ölkənin rəhbərliyinə gəldikdən sonra götürülmüşdü. Həmin dövrdə mən görkəmli hüquqşünaslarla, hüquq institutları ilə çox fəal əməkdaşlıq edirdim və xatırlamağa şadam ki, o illərdə mən dərin hüquqi mənaya malik olan çox mühüm sənədlərin hazırlanmasında yaxından iştirak edirdim.

Məsələn, 1983-cü ilin əvvəllərində əmək kollektivləri haqqında qanun hazırlamaq qərara alınmışdı. Buna görə MK Siyasi Bürosunun qərarı ilə mən bu qanunun layihəsini hazırlayan komissiyanın sədri təyin olunmuşdum. Mənim komissiyamda hüquqşünaslar, professorlar, akademiklər, o cümlədən Kudryavtsev və başqaları var idi. Biz bu qanunu bir neçə aya hazırladıq. Elə olurdu ki, mən günlərlə şəhər ətrafında komissiyanın üzvləri ilə otururdum və biz müzakirə edirdik. 1983-cü ilin iyununda Ali Sovetin sessiyasında mən layihə haqqında məruzə etdim və biz əmək kollektivləri haqqında ilk qanun qəbul etdik. Bu, onu göstərirdi ki, biz dövlətimizdə qanunçuluğu möhkəmləndirmək yolu ilə gedirik. Sonralar, 1985-ci, 1986-cı illərdə isə biz dövlət müəssisəsi haqqında qanun üzərində işlədik. Bu, yəqin ki, yadınızdadır. O vaxtlar bu komissiyaya Nazirlər Sovetinin sədri Rıjkovun özü başçılıq edirdi, mən bu komissiya sədrinin müavini idim və işçi qrupuna başçılıq edirdim. Biz bu qanunu da hazırlayıb qəbul etdik. Doğrudur, bunların hamısı indi tarixə çevrilmişdir, çünki həmin sistem, həmin dövlət daha yoxdur. Lakin bunlar dövlət idarəçiliyində qanunçuluq prinsiplərinin bərqərar edilməsinə doğru, dövlətdə və cəmiyyətdə qanunun nüfuzunun yüksəldilməsinə doğru ilk addımlar idi.

Yeri gəlmişkən, mən öz aktuallığını bu gün də itirməmiş olan belə bir mühüm faktı da xatırlayıram. Mən Dövlət Arbitrajının islahatı üzrə komissiyanın sədri idim. Siz yuristlər yaxşı bilirsiniz ki, Dövlət Arbitrajı dövlətə bir əlavə idi, müstəqil statusa malik deyildi, Nazirlər Sovetinə tabe idi. Bu məsələni bir çox hüquqşünaslar qaldıraraq dedilər, bir halda ki, biz demokratikləşdirməyə doğru gedirik, onda Dövlət Arbitrajında islahatlar aparmaq lazımdır. Mən Nazirlər Sovetinin rəhbərlərindən biri idim, burada hamı Dövlət Arbitrajını Nazirlər Sovetinin tərkibindən çıxarmağın və ona müstəqil status verməyin əleyhinə idi. Yadınızdadırsa, Dövlət Arbitrajının sədri Anisimov idi. O da Dövlət Arbitrajının statusunun vacibliyindən danışırdı. O vaxtlar biz Siyasi Büroda Dövlət Arbitrajında islahatın zəruriliyi məsələsinin həll edilməsinə müvəffəq olduq. Mən sənədin üzərində işləmişdim və şadam ki, hazırlayıb müzakirəyə çıxara bilmişdim. Beləliklə, Dövlət Arbitrajının statusu haqqında qərar qəbul edildi. Dövlət Arbitrajına böyük müstəqillik verdilər, onu Nazirlər Sovetinin tərkibindən çıxartdılar. Mən bu epizodları sizin peşənizlə bağlı olduğunu təsdiqləmək üçün xatırlayıram.

Hazırda Rusiyada da, Azərbaycanda da bütün sahələrdə islahatlar aparılır. Bu islahatların qanunvericilik bazasına böyük ehtiyacı var. Bizdə də, Rusiyada da qanunlar qəbul edilir. Lakin nə qədər qanun qəbul etsək də, məsələn, respublikamızda biz islahatları aparmaqdan ötrü qanunlara, qanunvericilik bazasına, bazar iqtisadiyyatı, demokratiya, qanunvericilik yolu ilə tam irəliləmək üçün, şəxsiyyətin hüquqlarına əməl etmək və s. üçün lazım olan dəyişikliklərin həyata keçirilməsindən ötrü qanunlara hələ çox böyük ehtiyac duyuruq. Lakin demək istəyirəm ki, Azərbaycan müstəqil dövlət yolunda qətiyyətlə durmuşdur. Azərbaycanın dövlət müstəqilliyi tarixi nailiyyətdir, biz onu möhkəmləndirəcək və inkişaf etdirəcəyik. Azərbaycan demokratiya, tərəqqi yolu ilə gedir və hüquqi dövlət qurur. Bu, quruca söz deyil, gerçəklikdir. Bununla bərabər, dövlət bir kəlmə ilə, bir ifadə ilə hüquqi dövlət olmur. Dövləti hüquqi, əsl demokratik dövlət etmək üçün qanunlar, digər tədbirlər gərəkdir. Odur ki, biz bu yolla gedirik. Biz iqtisadiyyatı yenidən qururuq, özəlləşdirmə haqqında qanun qəbul etmişik və onu həyata keçiririk. Amma ağıl-kamalla, iqtisadiyyatımızın sosial yönümünü nəzərə alaraq. Zənnimcə demək olmaz ki, səhv buraxmayacağıq, səhvlərdən heç kəs sığorta olunmayıb. Lakin biz bu yolu daha az nöqsanlarla keçəcəyik. Torpaq islahatı haqqında çox sanballı bir qanun qəbul etmişik. Bu qanunda torpağı alıb-satmaq, vermək hüquqi ilə onun şəxsi mülkiyyətə verilməsi nəzərdə tutulur və biz bu qanunu 2-3 il ərzində real surətdə həyata keçirəcəyik, torpaq sahibkarların, adamların, vətəndaşların tam ixtiyarında olacaqdır. Biz artıq onun əməli səmərəsini görürük.

Bütün bunlarla yanaşı, biz öz fəaliyyətimizdə bunu əsas tuturuq ki, Rusiya ilə, digər MDB ölkələri ilə inteqrasiya əlaqələri son dərəcə böyük əhəmiyyətə malikdir. Odur ki, bu məsələyə xüsusi diqqət yetiririk. Dünən dövlət başçılarının iclasında, xüsusən qapalı iclasda biz bu məsələləri müzakirə etdik. Deməliyəm ki, müzakirə çox yaxşı oldu. Rusiya prezidenti, MDB-nin Dövlət Başçıları Şurasının sədri Boris Nikolayeviç Yeltsinin olduqca məzmunlu, ağıllı, yaxşı çıxışını qeyd etmək istəyirəm. Bu gün mən onunla görüşdüm və biz ikitərəfli münasibətlərə dair məsələləri müzakirə etdik. Mən bu görüşdən, söhbətdən çox məmnun qaldım. Bütün bunlar Rusiya ilə dostluq münasibətlərini inkişaf etdirmək və möhkəmlətmək niyyətlərimizə uyğundur. Bizi Rusiya ilə bir il deyil, on il deyil, yüz illərdən bəri çox şey bağlayır. Bu əlaqələri qırmaq olmaz. Bu əlaqələrin qırılması tarix qarşısında da, bu illər, bu onilliklər ərzində bir-biri ilə son dərəcə bağlı olmuş bir çox insanlar qarşısında da cinayət olardı.

Aprelin 1-də bizdə Rusiya mədəniyyəti günləri başlayır. Mənə elə gəlir ki, bu da böyük hadisə olacaq və Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsinə və genişlənməsinə xidmət edəcəkdir. Əlbəttə ki, imkanlar var. Siz əmin ola bilərsiniz ki, Azərbaycanda biz bundan sonra da təhsil sahəsində əməkdaşlığımızı daha da genişləndirmək xətti tutacağıq. Yenə də təhsildən danışarkən mən o illəri, Nazirlər Soveti sədrinin birinci müavini kimi təhsil, ali təhsil, maarif, texniki peşə təhsili sahələrini idarə etdiyim illəri xatırlayıram. O illərdə də işləmiş, indi də işləyən bir çox adamlarla - universitetlərin, təhsil orqanlarının rəhbərləri ilə yaxşı tanışam. Ali təhsil, maarif nazirliklərinin, texniki peşə komitəsinin kollegiyalarında öz görüşlərimi çox səmimiyyətlə xatırlayıram. Bunların hamısı mənim üçün çox əzizdir. Keçmiş həyatımın parlaq səhifələridir. Mən burada öz həyat fəaliyyətimin həmin dövrünə minnətdaram, çünki bu da elə bir təməl olmuşdur ki, indi belə bir çətin dövrdə prezident kimi Azərbaycan Respublikasına rəhbərlik etmək üçün mənə imkan verir.

Burada Azərbaycanda görülmüş tədbirlərdən danışıldı. Vaxtınızı almaq istəmirəm. Həqiqətən, Azərbaycan dövlət müstəqilliyinə nail olduğu vaxtdan bəri respublikada vəziyyət çox mürəkkəb idi. Əvvəla, bu, onda da, indi də bununla bağlı idi ki, 1988-ci ildən Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüz başlanmışdı. Ermənistan silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini işğal etmişlər, ölkəmizin bir milyondan çox sakini bu işğal olunmuş torpaqlardan didərgin salınmışdır, indi onlar ağır şəraitdə, çadırlarda yaşayırlar. Digər tərəfdən, daxili siyasi vəziyyət çox mürəkkəb idi, müxtəlif qruplar, silahlı dəstələr hakimiyyət uğrunda mübarizə aparırdılar.

Bu beş il ərzində hakimiyyət 1992-ci ildə, sonra 1993-cü ildə, Azərbaycanda vətəndaş müharibəsi başlayanda dəyişdi. O zaman məni Bakıya dəvət etdilər, mən bu dəvəti qəbul etdim və tezliklə dörd il olacaqdır ki, mən Azərbaycanın rəhbəriyəm. Əlbəttə, çətin idi. İndi də çətindir. Ancaq mühüm cəhət odur ki, biz vəziyyəti sabitləşdirə, bütün daxili ziddiyyətləri və çətinlikləri aradan qaldıra, bir çox silahlı, qanunsuz quldur dəstələrini təcrid edə və zərərsizləşdirə, ölkədə ictimai-siyasi sabitlik yarada bildik.

Digər böyük nailiyyət də odur ki, artıq üç ildir hərbi əməliyyatlar yoxdur, qan tökülmür. Mən dünən Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşdüm. Bu gün Boris Nikolayeviç Yeltsin ilə görüş zamanı da biz bu məsələni müzakirə etdik. Biz məsələnin sülh yolu ilə həll olunması üçün addımlar atırıq. Respublikamızdakı vəziyyəti dərindən bildiyinə görə, - bunu onun çıxışından hiss etdim, - Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasının prinsipləri haqqında ATƏT-in Lissabon Zirvə görüşündə qəbul olunmuş sənədə verdiyi, - həm də təkcə o yox, - əhəmiyyətə görə mən professor Bekeşevə çox münnətdaram. Biz bu gün də, dünən də dedik ki, Ermənistan istisna olmaqla, həmin prinsiplər ilk dəfədir ATƏT-in bütün üzvləri tərəfindən təsdiq edilmişdir. Bu prinsiplər münaqişənin sülh yolu ilə aradan qaldırılmasının əsasını təşkil edir. Əmin ola bilərsiniz ki, biz öz tərəfimizdən hərbi əməliyyatların yenidən başlanmasına heç vaxt yol verməyəcəyik. Biz Zaqafqaziyada da, bütün Qafqazda da keçmiş Sovetlər İttifaqının bütün ərazisində, bütün dünyada sülh olmasını istəyirik. Biz sülh uğrunda mübarizə aparırıq, bütün qonşularımızla sülh şəraitində yaşamaq istəyirik, istəyirik ki, hər yerdə, xüsusən Qafqazda əmin-amanlıq olsun. Qafqaz xüsusi regiondur, onun öz xüsusiyyəti var. Ancaq eyni zamanda indi onu bir çox münaqişələr - Ermənistan-Azərbaycan, abxaz-gürcü münaqişələri, Çeçenistandakı münaqişə bürümüşdür. Bir baxın, kiçik ərazidə nə qədər münaqişə var və bunlar MDB məkanının dinc yolla həllinə, sülhün bərqərar edilməsinə nail olmaq üçün tədbirlər görəcəyik. Əminəm ki, biz Ermənistanla sülhü bərpa edəndə, - şübhəsiz ki, Azərbaycan ərazisindən erməni silahlı birləşmələrinin tamamilə çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, onun suverenliyinə və sərhədlərinin toxunulmazlığına əməl olunması şərtilə - onunla da mehriban münasibətləri çox uğurla inkişaf etdirə bilərik. Mən buna inanıram.

Çıxışımın sonunda bugünkü səmimi görüş üçün mənə verdiyiniz fəxri ad üçün sizə bir daha təşəkkür etmək istəyirəm.

Sizə, Moskva Dövlət Hüquq Akademiyasının bütün kollektivinə hüquq kadrları hazırlanması işində bundan sonra da uğurlar diləmək istəyirəm.

Hesab edirəm ki, Azərbaycan ilə Moskva Dövlət Hüquq Akademiyası arasında əməkdaşlıq uğurlu ola bilər. Biz Azərbaycanda yüksək ixtisaslı kadrlar hazırlamaq üçün gələcəkdə də sizin akademiyanın imkanlarından və şübhəsiz ki, böyük təcrübənizi, elmi potensialınızı nəzərə alaraq köməyinizdən istifadə edəcəyik. Sizə təşəkkür edir, cansağlığı, xoş həyat, uğurlar arzulayıram.