Respublika sarayında "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirələ "Azərbaycan Respublikasının fəxri vətəndaşı" adının verilməsi ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 9 aprel 2000-ci il


Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Bu gün "Kitabi-Dədə Qorqud"un 1300 illiyi həqiqətən xalqımızın milli bayramına, türk dünyasının, türkdilli xalqların bayramına çevrildi və türk xalqlarının sarsılmaz birliyini bir daha nümayiş etdirdi.

Dövlət başçıları, məclis başçıları və YUNESKO-nun baş direktoru "Kitabi-Dədə Qorqud"un yubileyi ilə əlaqədar burada çox dəyərli sözlər dedilər və çox dəyərli fikirlər ifadə etdilər. Bu münasibətlə onların hamısına təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan xalqının böyük dostu, mənim əziz qardaşım Süleyman Dəmirəlin bu gün "Kitabi-Dədə Qorqud" haqqında, türk xalqlarının birliyi haqqında, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı haqqında söylədiyi böyük nitq bizim hamımızda böyük ruh yüksəkliyi yaratdı və çox yüksək qiymətə malikdir.

Əziz dostumuz!

Mən bugünkü bu parlaq, dərin məzmunlu, çox dəyərli tarixi nitqinizə görə sizə xüsusi təşəkkür edirəm. Sizi əmin edirəm ki, nitqinizdəki sözlər, məsləhətlər, fikirlər bizim gələcək işlərimizdə daim öz əksini tapacaqdır.

Türkiyə Cümhuriyyətindən əziz dostumuz Süleyman Dəmirəllə bərabər bizim bir çox başqa dostlarımız da burada iştirak edirlər. Türkiyə Cümhuriyyətinin böyük nümayəndə heyətinin "Kitabi-Dədə Qorqud" yubileyində iştirak etməsi Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının yeni parlaq bir nümunəsidir.

Dünən biz Türkdilli Dövlətlər Birliyinin zirvə görüşündə birliyin gördüyü işlər haqqında danışarkən Türkiyə Cümhuriyyətinin prezidenti əziz Süleyman Dəmirəlin xidmətlərini yüksək qiymətləndirdik. Bu gün isə mən bir daha bildirmək istəyirəm ki, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, əməkdaşlığının yaranmasında və ötən illər ardıcıl surətdə inkişaf etməsində əziz dostumuz Süleyman Dəmirəl xüsusi xidmətlər göstərmişdir.

Hörmətli dostumuz Süleyman Dəmirəl Türkiyə Cümhuriyyətinin, bütün türk dünyasının ən görkəmli şəxsiyyətlərindən biridir. 50 illik gərgin siyasət və dövlət işlərində fəaliyyəti dövründə o, öz xalqına, Türkiyəyə, öz millətinə sədaqətlə xidmət etmiş və bu gün də xidmət edir. Türkiyə Cümhuriyyətində böyük öndər Mustafa Kamal Atatürkün yolu ilə türk xalqının böyük uğurlar qazanmasında, Atatürk irsinin davam etdirilməsində hörmətli Süleyman Dəmirəlin xüsusi rolu vardır. Ona görə də həm öz ölkəsində, həm Azərbaycanda, həm türkdilli digər dövlətlərdə, həm də bütün dünyada əziz Süleyman Dəmirəl böyük hörmət qazanmış, dünyanın ən böyük siyasi xadimlərindən biri kimi tanınmışdır.

Ötən illər biz hörmətli Süleyman Dəmirəlin qardaşlıq, dostluq münasibətini daim hiss etmişik. Onun bizim xalqa göstərdiyi qayğını və diqqəti daim hiss etmişik. Azərbaycanın ağır illərində, Ermənistan Azərbaycana hərbi təcavüz etdiyi zaman, xalqımız öz torpaqlarının müdafiəsinə qalxdığı vaxt əziz dostumuz Süleyman Dəmirəl daim Azərbaycan xalqı ilə bir yerdə olmuşdur.

Sonrakı illərdə Azərbaycanda ictimai-siyasi sabitlik yarananda, ölkəmiz müstəqillik yolu ilə gedərək hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesini apararkən hörmətli Süleyman Dəmirəlin dəstəyini daim hiss etmiş, onun məsləhətlərindən bəhrələnmiş, qayğı və diqqətini hiss etmişdir.

Türkiyə xalqı bizim qardaş xalqımızdır. Türkiyə Cümhuriyyəti - böyük Atatürkün yaratdığı cümhuriyyət yaşadığı illərdə bütün türkdilli xalqlar üçün örnək olmuşdur, o, Azərbaycan xalqı üçün böyük örnəkdir. Bütün bu dostluğun, qardaşlığın səbəbi ondan ibarətdir ki, - bu gün dəfələrlə deyildiyi kimi, - biz eyni kökə, eyni milli-mənəvi ənənələrə, eyni mədəniyyətə, eyni tarixə mənsub olan xalqlarıq. Eyni zamanda, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra tarixi keçmişimizi bərpa etmək, tarixi köklərimizi araşdırmaq və bir-birimizə yaxınlaşmaq, təbiidir ki, Türkiyə-Azərbaycan əlaqələrində yeni bir mərhələ yaratmışdır.

Biz Türkiyədə Azərbaycana nə qədər sevgi, məhəbbət olduğunu hiss edirik. Bizim qardaşlarımız - Türkiyə Cümhuriyyətinin bütün vətəndaşları da bilirlər və mən bu gün də bəyan edirəm bilsinlər ki, Azərbaycan xalqı Türkiyə Cümhuriyyətini, hər bir türkü ürəkdən, qəlbdən sevir, ona öz hörmət və ehtiramını bildirir.

Bu gün Türkiyə Cümhuriyyətində türk xalqının ən görkəmli, ən dəyərli, ən hörmətli ictimai-siyasi, dövlət xadimi kimi tanınan bizim dostumuz, qardaşımız Süleyman Dəmirəldir. Biz Azərbaycana olan dostluq münasibətinə görə ona hədsiz minnətdarıq. Dəfələrlə Azərbaycana gəlib bizimlə bərabər olduğuna görə ona hədsiz minnətdarıq. Həmişə Azərbaycanın qayğıları ilə yaşadığına görə ona hədsiz minnətdarıq. Bu gün yenidən Azərbaycana gəlib "Kitabi-Dədə Qorqud" yubileyində fəal iştirak etdiyinə və söylədiyi çox dəyərli nitqinə görə ona bir daha hədsiz minnətdarlığımı, təşəkkürümü bildirirəm.

Bütün bu əlaqələrimizi, əziz dostum, qardaşım Süleyman Dəmirəlin Azərbaycan xalqına göstərdiyi diqqəti, qayğını yüksək qiymətləndirərək mən Süleyman Dəmirələ "Azərbaycan Respublikasının fəxri vətəndaşı" adı verilməsi haqqında dünən fərman imzalamışam.

Əziz dostumuz, qardaşımız, Azərbaycan sizin doğma vətəninizdir. Siz Azərbaycanın əbədi dostusunuz. Sizə olan sevgimiz, məhəbbətimiz hər bir azərbaycanlının, bütün Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Biz sizə daim öz qonaqpərvərliyimizi bildirmək istəyirik. Biz sizinlə daim əlaqədə olmuşuq, bu gün də əlaqədəyik, gələcəkdə də əlaqədə olacağıq.

Mən müstəqil Azərbaycanda "Azərbaycan Respublikasının fəxri vətəndaşı" adı verilməsi haqqında ilk dəfə fərman imzalamışam. Bu ad indiyədək heç kəsə verilməyibdir. Bu ad Süleyman Dəmirələ, Azərbaycan xalqının böyük dostuna verilibdir.

Əziz qardaşım!

Mən Azərbaycanın fəxri vətəndaşlığı haqqında sənədləri təqdim edərək sizə möhkəm cansağlığı, uzun ömür, səadət, xoşbəxtlik və bütün gələcək işlərinizdə yeni-yeni böyük uğurlar arzulayıram. Bu, Azərbaycanın fəxri vətəndaşlığının nişanıdır. Bu, fərmandır, bu da onun vəsiqəsidir. Mən bunları sizə təqdim edirəm, buyurun.

"Azərbaycan" qəzeti, 10 aprel 2000-ci il.