Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin NATO-nun Cənub-Şərqi Avropadakı Birləşmiş Qüvvələrinin komandanı, ordu generalı Oktar Atamanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 13 noyabr 2001-ci il

Heydər Əliyev: Hörmətli ordu generalı, Azərbaycana xoş gəlmisiniz. Mən sizi səmimi qəlbdən salamlayıram. Burada keçirdiyiniz təlimlərin - \"Koopertiv Determineyşn-2001\" təlimlərinin Azərbaycan üçün çox əhəmiyyətli olduğunu bildirmək istəyirəm. Biz məmnunuq ki, belə böyük bir təlim \"Sülh naminə tərəfdaşlıq\" proqramı çərçivəsində Azərbaycanda keçirilir və bu münasibətlə buraya çox ölkələrdən nümayəndələr gəlibdir. Bütün bu təlimlərə də siz, Türkiyənin ordu generalı başçılıq edirsiniz.

Bizim müdafiə naziri sizin təlimlər haqqında, apardığınız işlər haqqında mənə məlumat veribdir. Bildiyimə görə, hər şey normal gedir, yaxşı gedir. Biz də bunu istəyirdik. Bizim Müdafiə Nazirliyi də bunun üçün çalışırdı. Sizin başqa fikriniz də ola bilər, amma bizdə belə fikir var.

Oktar Ataman: Hörmətli prezident, əvvəlcə, bizi qəbul etdiyinizə görə həmkarlarım adından Sizə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan buraya gələn həm mənim qərargahımın təmsilçilərinə, həm də NATO ölkələrinin və \"Sülh naminə tərəfdaşlıq\" proqramına üzv olan ölkələrin əsgər və zabitlərinə son dərəcə böyük ev sahibliyi və qonaqpərvərlik göstərir. Bu baxımdan mən təşəkkürümü bildirmək istəyirəm.

Bu təlimlərə 373 hərbi qulluqçu qatılmışdır. Bu hərbi heyət 9 NATO ölkəsi və 9 tərəfdaş dövlətin nümayəndələrindən ibarətdir. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətindən və NATO-nun digər qərargahlarından da bu təlimdə bir çox hərbçilər iştirak edirlər. Bu təlimlərdən məqsədimiz NATO ilə \"Sülh naminə tərəfdaşlıq\" proqramının üzvü olan ölkələrin orduları arasında birgə çalışma və əməkdaşlığa nail olmaqdır. Digər məqsədimiz odur ki, indiki təlimlərin iştirakçıları gələcəkdə sülh və əmin-amanlıq üçün keçiriləcək hərəkətlərdə təcrübə sahibi olsunlar və bir-birilərini daha yaxşı başa düşsünlər. Bu təlimlərin icrasında bir çox millətlərin zabitlərindən ibarət briqada qərargahı yaradılmışdır və burada NATO ölkələrindən olan zabitlər birlikdə çalışırlar. Qərargahımızın hazırladığı ssenari əsasında bu təlimləri idarə edirlər. Bundan başqa, \"Sülh naminə tərəfdaşlıq\" proqramının üzvü olan ölkələrdən və NATO dövlətlərindən 10 həkim və 7 şəfqət bacısından ibarət səhiyyə bölüyü fəaliyyət göstərir. Onlar Azərbaycan xalqına, kiçik də olsa, bir tibbi xidmət göstərməyə çalışırlar.

Mənim qərargahım bu sahədə olduqca təcrübəlidir. 1995-ci ildən bəri müxtəlif ölkələrdə bu tipli təlimlər keçirmişik. İndiki isə Azərbaycanda keçirdiyimiz ilk təlimdir. Təlim əsnasında biz müxtəlif qərargahları ziyarət etdik və qərargah iclaslarında həm NATO-nu, həm də təlimlərin keçirilmə üsulunu tanıtmaq işini də yerinə yetirdik. 2002-ci ildə qonşu Gürcüstanda və Ukraynada da belə təlimlər keçirilməsi nəzərdə tutulur.

Təlimlərin keçirilməsindən istifadə edərək mən hərbi məktəbi, hərbi litseyi, müdafiə nazirini ziyarət etməyə imkan tapdım. Gördüklərim məni son dərəcə məmnun etdi. Azərbaycanın hərbi təhsil müəssisələrində böyük inkişafın şahidi oldum.

Bu, mənim Azərbaycana ikinci gəlişimdir. Bundan əvvəl 1997-ci ildə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Hərəkət İdarəsinin rəisi kimi ölkənizə gəlmişdim. O vaxtdan keçən dövr ərzində baş verən irəliləyiş məni həqiqətən çox sevindirdi.

Həkimlərimiz klinikada işləməklə bərabər, qaçqın düşərgəsinə də baş çəkdilər, orada ehtiyacı olanlara tibbi xidmət göstərdilər.

Sabah Hərbi Akademiyanı ziyarət edəcəyəm. Orada akademiya müdavimləri qarşısında NATO haqqında bir məruzə oxuyacağam. Təlimlərimiz bu günə qədər uğurla keçir. Noyabrın 16-da müşahidəçilər üçün xüsusi gün keçirəcəyik. Həmin gün axşam bağlanış mərasimi ilə təlimlər başa çatacaqdır. Ayın 17-dən etibarən iştirakçılar öz ölkələrinə qayıdacaqlar. Bu məlumatı zati-alinizə məruzə edirəm.

Heydər Əliyev: Təşəkkür edirəm. Sizin verdiyiniz bu məlumatlardan çox məmnunam. Bir daha qeyd edirəm ki, belə bir böyük təlimin - NATO-nun \"Sülh naminə tərəfdaşlıq\" proqramı çərçivəsində böyük bir təlimin Azərbaycanda keçirilməsini yüksək qiymətləndiririk.

Bilirsiniz ki, Azərbaycan 1994-cü ildən \"Sülh naminə tərəfdaşlıq\" proqramını imzalayıbdır. O vaxtdan indiyə qədər də bizim Müdafiə Nazirliyi və bütün başqa dövlət qurumları bu proqramın yerinə yetirilməsində fəal iştirak edirlər, müxtəlif yerlərdə keçirilən toplantılarda olurlar. İndi isə hamısı Azərbaycana toplanıbdır. Bu, çox əhəmiyyətlidir. Mən məmnunam ki, siz və sizin böyük bir dəstəniz bura gəldiniz, Azərbaycanı ziyarət etdiniz. Bizim xalqımızı və Bakı şəhərini gördünüz. Bu da çox əhəmiyyətlidir.

Güman edirəm ki, təlimləriniz uğurla başa çatacaqdır və bu təlimlər \"Sülh naminə tərəfdaşlıq\" proqramının inkişaf etməsində bir mərhələ olacaqdır. Mən çox məmnunam ki, siz burada olan zaman bizim hərbi məktəblərə getmisiniz, onlarla tanış olmusunuz və onların haqqında öz müsbət fikrinizi deyirsiniz. Bu, bizim üçün çox əhəmiyyətlidir.

Siz buyurdunuz ki, Baş Qərargah rəisi ilə 1997-ci ildə də buraya gəlmiş, işlərlə tanış olmusunuz. İndi dörd ilə yaxın bir vaxt keçibdir. Demək, siz bu müddətdə müsbət dəyişiklikləri də görürsünüz. Bu, məni çox məmnun edir. Çünki bz özümüz gördüyümüz işləri o qədər doğru qiymətləndirə bilmərik. Biri deyir yaxşıdır, biri deyir yaxşı deyil, biri deyir çox gözəldir, biri deyir gözəl deyildir. Amma böyük bir generalın, çox təcrübəli bir insanın - həm Türkiyə ordusunda, indi NATO-da xidmət edirsiniz - bu barədə baxışları, gördükləri və nəticələri bizim üçün çox əhəmiyyətlidir. Demək, biz düz yoldayıq. Ancaq mənə gələndə, hesab edirəm ki, hələ çox şeyi görməmişik. Bundan sonra da etməliyik və bu barədə sizin, Türkiyə Cümhuriyyətinin yardımından daim istifadə edirik. Ona görə mən təşəkkür edirəm. Təbiidir ki, bizim hərbi məktəblərdə təhsilin bu səviyyəyə qalxmasında da Türkiyənin zabitləri, hərbi attaşesi çox dəyərli işlər görürlər.

Demək, bu yol ilə gedirik və bu yol ilə də gedəcəyik. Siz burada buyurdunuz ki, müəyyən tibbi yardımlar edilibdir. Xüsusən bizim köçkünlər ki var, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində yerlərindən zorla çıxarılıblar, onlara kiçik tibbi yardım edilibsə, bu da yaxşıdır. Sonra buyurdunuz ki, burada həkimlərin də toplantısı keçirilibdir. Bu da çox əhəmiyyətlidir. Yəni bunlar hamısı bizim ölkəmiz üçün çox əhəmiyyətlidir.

Siz NATO-nun proqramını geniş miqyasda keçirirsiniz. Amma biz isə həm sizin proqramda bizim üzərimizə nə düşürsə, onu götürürük, həm də bütün başqa sahələrdə də bundan bəhrələnirik. Ona görə mən çox məmnunam. Bir də deyirəm, ümidvaram ki, siz bunu uğurla həyata keçirəcəksiniz. Azərbaycan gələcəkdə də bu əməkdaşlıqda fəal iştirak edəcəkdir.

Oktar Ataman: Sayın cümhur başqanım, əgər icazə versəniz, bu ziyarətimdən xatirə olaraq hədiyyəni Sizə təqdim edərdim. Bu, mənim İzmirdəki qərargahımın maketidir. Bunu böyük məmnuniyyətlə Sizə təqdim edirəm.

Heydər Əliyev: Çox gözəl. Təşəkkür edirəm.