Hörmətli xanım Olbrayt!
Əvvəlcə onu deməliyəm ki, prezident Bill Klintonun dəvəti ilə ABŞ-a ilk rəsmi səfərimin gedişindən çox razıyam və hər yerdə mənə göstərilən yüksək qonaqpərvərliyə, diqqətə, hörmət və ehtirama görə Sizə təşəkkürümü bildirirəm.
Azərbaycanda gedən müsbət dəyişiklikləri yüksək qiymətləndirdiyinizə və ölkəmiz barədə söylədiyiniz xoş sözlərə görə Sizə minnətdarlıq edirəm.
Bəyan edirəm ki, XX əsrin sonunda Azərbaycanın müstəqillik qazanması xalqımızın tarixi nailiyyətidir və bu müstəqilliyin qorunub saxlanması, onun əbədi və dönməz olmasından ötrü bundan sonra da var gücüm ilə çalışacağam. Azərbaycan gələcəkdə də demokratiyaya sadiq qalacaqdır.
Azərbaycan xalqı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli, ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal olunmuş torpaqlarımızın azad edilməsi, bir milyondan çox azərbaycanlı qaçqının öz doğma yurd-yuvalarına geri dönməsi üçün Amerika Birləşmiş Ştatlarına, onun Minsk qrupundakı fəaliyyətinə böyük ümidlər bəsləyir. ABŞ, Rusiya və Fransa prezidentlərinin Denverdə imzaladıqları birgə bəyanatı yüksək qiymətləndirərək ümidvar olduğumu bildirirəm ki, münaqişə bu il sülh yolu ilə həll ediləcəkdir.
Azərbaycana tətbiq olunmuş ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi üçün ABŞ hökumətinin göstərdiyi səyləri ürəkdən bəyəndiyimi bildirməklə yanaşı, Sizə məlumat verirəm ki, bu məsələ ilə əlaqədar Konqresin rəhbərliyi və üzvləri ilə ətraflı danışıqlar aparmışam. Bu danışıqlar zamanı onlar da bildirmişlər ki, 1992-ci ildə \"Azadlığı müdafiə aktı\"na edilmiş 907-ci düzəliş Azərbaycana münasibətdə erməni lobbisi tərəfindən süni şəkildə formalaşdırılmış ədalətsiz mövqeyin nəticəsində meydana gəlmişdir və onun bugünkü Azərbaycana da tətbiq olunmasını heç cür məqbul saymaq olmaz.
Əlli il bundan əvvəl Xəzər dənizində ilk dəfə neft hasilatına başlayan Azərbaycanın XX əsrin sonunda bu hövzənin zəngin enerji ehtiyatlarını dünya üçün açması, heç şübhəsiz, dünya birliyi, dünya iqtisadiyyatı ilə sıx inteqrasiya olunmaq istəyindən irəli gəlmişdir. Xatırladıram ki, Azərbaycan iqtisadiyyatının dirçəldilməsi üçün xarici şirkətlərlə müştərək iş görülməsində, neft və qaz yataqlarının birgə işlənməsində, neftin dünya bazarlarına nəqlində Amerika şirkətləri xüsusi rol oynayırlar. Əminəm ki, hər iki tərəf üçün qarşılıqlı faydalı bu əməkdaşlıq bundan sonra daha da inkişaf etdiriləcəkdir.
Azərbaycan Respublikasına, xalqımızın və şəxsən mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə Sizə bir daha minnətdarlığımı bildirirəm. Ümidvaram ki, prezident Bill Klintonla, Sizinlə aramızda yaranmış şəxsi dostluq münasibətləri ölkələrimiz arasında daha sıx, mehriban əlaqələrin təşəkkül tapmasında və möhkəmlənməsində mühüm rol oynayacaqdır.
\"Azərbaycan\" qəzeti, 3 avqust 1997-ci il