Hörmətli cənab səfir Volfoviç!
Hörmətli xanımlar və cənablar!
Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram və sizə ən xoş arzularımı bildirirəm.
Mən Hopkins Universitetinə, onun Beynəlxalq Tədqiqatlar Mərkəzinə gəlib burada görüş keçirmək üçün aldığım dəvətə görə çox məmnunam və təşəkkür edirəm. Hamınıza təşəkkür edirəm ki, siz mənimlə bu görüşə maraq göstərmisiniz, gəlmisiniz və güman edirəm ki, məni səbrlə dinləyəcəksiniz.
Mənim burada deyəcəyim söz çoxdur. Ancaq bilirəm ki, vaxt məhduddur. Mən bilirəm, - sizi bizim bölgəyə, yəni Qafqaza aid, Mərkəzi Asiyaya aid, keçmiş Sovetlər İttifaqı məkanına aid məsələlər çox maraqlandırır. Mən bu barədə sizə saatlarla danışa bilərəm. Ancaq sizi incitmək istəmirəm. Mən bir neçə məsələ haqqında sizə məlumatlar vermək istəyirəm.
Səfir cənab Volfoviç məni təqdim edərkən mənim haqqımda və ölkəm barədə artıq bir neçə məlumatları verdi. Ancaq ona baxmayaraq, mən istəyirəm sizə Azərbaycan haqqında qısaca məlumat verim.
Bilirsiniz, xəritədən sizə məlumdur ki, Azərbaycan Qafqazda yerləşən bir ölkədir. Azərbaycan xalqının çox qədim və zəngin tarixi vardır. Bu tarix çox minillikdir. VII əsrdə azərbaycanlılar müsəlman dinini qəbul ediblər. Azərbaycanın keçmişdə çox zəngin ədəbiyyatı, elmi dünyada məşhur olubdur. Hələ X-XII əsrlərdə Azərbaycanın böyük şairləri Nizami Gəncəvi, Xaqani dəyərli əsərlər yazıblar. Ondan sonrakı əsrlərdə böyük şairlər Məhəmməd Füzuli, Nəsimi və bir çox başqaları dünya mədəniyyətini, dünya sivilizasiyasını öz dəyərli əsərləri ilə zənginləşdiriblər.
XIX əsrin əvvəlində Rusiya-İran müharibəsi nəticəsində - əvvəl iki dəfə də müharibə olubdur - Azərbaycan parçalanıbdır. Azərbaycanın şimal hissəsi, indi biz yaşadığımız Azərbaycan Rusiya imperiyasının tərkibinə keçib və Azərbaycanın cənub hissəsi - o sərhədi də Araz çayı təşkil edir - İranın tərkibinə keçibdir. İki əsr - XIX, XX əsrlərdə Azərbaycan Rusiya imperiyasının tərkibində yaşayıbdır. Oktyabr inqilabından sonra 1920-ci ildə Azərbaycanda da sovet hakimiyyəti qurulubdur və 70 il sovet hakimiyyəti Azərbaycanda hakim olubdur. Azərbaycan Sovetlər İttifaqını təşkil edən 15 müttəfiq respublikadan biri olubdur.
Həqiqətən, səfir Volfoviç burada çox gözəl dedi ki, Azərbaycanın çox əhəmiyyətli və dəyərli coğrafi vəziyyəti var. Bunu biz yaratmamışıq, bunu təbiət yaradıbdır. Azərbaycanın zəngin təbii sərvətləri var. 1848-ci ildə Azərbaycanda dünyada ilk dəfə sənaye üsulu ilə neft istehsal edilməyə başlanıbdır. Bundan bir neçə il sonra Amerikada, Pensilvaniyada neft istehsalına başlanıbdır, ona görə də Azərbaycan dünyada bu məsələ üzrə birinci yer tutur. Azərbaycan uzun illər, on illər böyük bir neft ölkəsi kimi tanınıbdır. XX əsrin əvvəlində dünya neftinin təxminən 80 faizi Azərbaycanda hasil olunurdu.
Azərbaycan təxminən XIX əsrin ortalarından, 70-ci illərindən xarici şirkətlərin diqqətini cəlb edibdir. Bir çox böyük şirkətlər, o cümlədən Nobel qardaşları Azərbaycana gəliblər və orada neft sənayesinin inkişafı ilə məşğul olublar. Nobel qardaşlarının əldə etdiyi sərvətin bir hissəsi də Azərbaycanın olubdur. Buna görə, o Nobel mükafatını alanlar da bunu bilməlidirlər.
İkinci dünya müharibəsi zamanı Sovet İttifaqının neft ilə təchizatının 80 faizi Azərbaycandan, Bakıdan olubdur. Demək, bu neft Sovet İttifaqını təmin edirdi. Bəzi mütəxəssislər belə hesab edirlər ki, əgər Azərbaycan nefti olmasaydı İkinci dünya müharibəsində Sovetlər İttifaqının faşist Almaniyasına qalib gəlməsi ya mümkün olmazdı, ya da çox çətin olardı.
Sovet hakimiyyəti dövründə Azərbaycanın sənayesi, bütün iqtisadiyyatı, mədəniyyəti, elmi, təhsili çox inkişaf edibdir. Azərbaycan Avropa qitəsinə daxildir, Avropa ilə Asiyanın qovşağında yerləşir.
1991-ci ildə Sovetlər İttifaqı dağılan zaman başqa müttəfiq respublikalar kimi, Azərbaycan da öz müstəqilliyini, dövlət müstəqilliyini elan edibdir. Səkkiz ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Bu dövr bizim üçün nə qədər çətin, nə qədər ağır olsa da, o qədər də əzizdir, qiymətlidir. Çünki nəhayət, Azərbaycan xalqı öz müstəqil dövlətində yaşayır və öz milli azadlığını əldə edibdir.
Sovetlər İttifaqının dağılması və müttəfiq respublikaların dövlət müstəqilliyinin elan edilməsi çox ağır, çətin bir proses olubdur. Çünki müstəqillik əldə edən ölkələr, respublikalar artıq sovet ideologiyasından, kommunist ideologiyasından, sosialist iqtisadi-siyasi sistemindən imtina etməyə başlayıb, yeni, yəni Qərb ölkələrində olan iqtisadi sistemi qəbul edərək, demokratiyanı qəbul edərək inkişaf etməyə başlayıblar. Bunu biz hamımız keçid dövrü hesab edirik. Amma keçid dövrü müstəqillik əldə etmiş bu ölkələrin hamısında eyni şəraitdə keçmir. Bəzilərində sakit, münaqişəsiz, bəzilərində isə münaqişələr və daxili ictimai-siyasi vəziyyətin qeyri-sabit olması şəraitində keçir. Bu baxımdan, deyə bilərəm ki, Azərbaycan keçmiş Sovet İttifaqına daxil olmuş bütün respublikalar içərisində ən ağır vəziyyətdə olubdur və bu gün də ağır vəziyyətdədir. Çünki Azərbaycan öz dövlət müstəqilliyini əldə edən zaman - 1991-ci ildə artıq üç il idi ki, Ermənistanla Azərbaycan arasında hərbi münaqişə mövcud idi və müharibə gedirdi.
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək məqsədi ilə başlayıbdır. Artıq burada deyildi ki, mən keçmişdə Sovetlər İttifaqının rəhbərliyində olmuşam, Siyasi Büro üzvü, sonra baş nazirin, yəni Nazirlər Soveti sədrinin birinci müavini olmuşam. Buna görə də Sovetlər İttifaqını yaxşı tanıyıram - yuxarıdan da tanıyıram, aşağıdan da tanıyıram. Mən hesab edirəm ki, 1988-ci ildə bu münaqişənin qarşısı alına bilərdi. Ancaq hesab edirəm ki, o vaxt bəzi qüvvələrə, bəzi şəxslərə, bəlkə moskvadakılara da lazım idi ki, bu münaqişə olsun. Bu, keçmiş Sovet İttifaqı ərazisində, postsovet məkanında ilk münaqişədir. Bu münaqişənin qarşısı alınmadığına görə o, genişlənib və nəhayət, müharibəyə çevrilibdir. Bu müharibə də çox böyük faciəvi nəticələrə gətirib çıxarıbdır. Yenə də deyirəm, Moskva bu məsələnin qarşısını almamaqda, hesab edirəm ki, həm Ermənistana qarşı, həm də Azərbaycana qarşı çox günahlar edibdir.
Dağlıq Qarabağ - o, xəritədə qırmızı rənglə rənglənmişdir - Azərbaycanın tərkibində 1923-cü ildə yaranmış muxtar vilayətdir. Bu muxtar vilayət yarananda orada həm azərbaycanlılar, həm də ermənilər yaşayırdılar. Amma ermənilər çoxluq təşkil edirdilər. Ona görə də bu vilayətə muxtariyyət statusu verilibdir. Sonrakı dövrlərdə, məsələn, 50-ci, 60-cı illərdə Ermənistan tərəfindən məsələ qaldırılmışdır ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilsin. Amma o vaxtkı sovet hökuməti təbiidir ki, bu təklifləri qəbul etməmişdir.
1988-ci ildə münaqişə başlayan zaman Dağlıq Qarabağda 170 min insan yaşayıbdır. Onun 70 faizi ermənilər, 30 faizi azərbaycanlılar olubdur. Münaqişə nəticəsində 1990-cı ildə azərbaycanlılar Dağlıq Qarabağdan tamamilə, zorla çıxarılıbdır. Ondan sonra isə Ermənistan Azərbaycanla müharibə etdiyinə görə və Ermənistana həm Rusiyadan, həm də başqa ölkələrdən yardım göstərildiyinə görə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ətrafında olan, bu xəritədə yaşıl və sarı rənglənmiş əraziləri də işğal ediblər. Beləliklə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal olunubdur. Burada yaşamış bir milyona qədər azərbaycanlı öz yerlərindən, yurdlarından zorla çıxarılıbdır və Azərbaycanın müxtəlif şəhərlərində, qəsəbələrində, əksəriyyəti çadırlarda yaşayırlar.
Bu müharibə 1994-cü ilə qədər davam edibdir. Səfir Volfoviç bildirdi ki, 1993-cü ildə mən Azərbaycanın prezidenti seçilmişəm. 1994-cü ilin may ayında biz müharibəni dayandırmışıq, Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş imzalamışıq. Beş ildən artıqdır ki, biz atəşkəs şəraitində yaşayırıq, yəni müharibə yoxdur, döyüşlər yoxdur. Ancaq sülh də yoxdur. Mühüm cəhət ondan ibarətdir ki, həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi atəşkəs rejiminə riayət edir.
Bir də onu qeyd edim, xüsusiyyət ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasındakı bu münaqişəyə baxmayaraq, bu sərhədlərdə heç bir kənar sülhməramlı, yaxud ayırıcı hərbi hissələr yoxdur. Bütün bu beş il ərzində biz çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. ATƏT bu işlə məşğuldur və ATƏT bunu öz tərkibində yaradılmış Minsk qrupuna həvalə edibdir. Minsk qrupuna Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa başçılıq edirlər.
Bəs nə üçün məsələ həll olunmur? Biz hesab edirik ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə. Çünki biz Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verməyə hazırıq və bunu dəfələrlə bəyan etmişik. Biz belə bir status verərkən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasını tələb edirik və yerindən-yurdundan didərgin düşmüş insanların öz yerlərinə qayıtmasını təmin etmək istəyirik. Ancaq Ermənistan Dağlıq Qarabağa dövlət müstəqilliyi statusu almaq istəyir. Təbiidir ki, biz buna razı ola bilmərik.
Ümumiyyətlə, Ermənistanda belə fikirlər deyilir ki, \"Dağlıq Qarabağ öz müqəddəratını təyin etmək prinsipi əsasında bunu edir\". Beynəlxalq hüquq normaları, o cümlədən 1975-ci ildə qəbul olunmuş Helsinki aktı onu göstərir ki, hər bir ölkənin ərazi bütövlüyü qorunmalıdır və hər bir millətə də öz müqəddəratını təyin etmək imkanı verilməlidir.
Azərbaycanın ərazi bütövlüyü pozulubdur. Bu, bərpa olunmalıdır, torpaq bütövlüyümüz bərpa olunmalıdır. Dağlıq Qarabağ isə yüksək dərəcəli status alarkən özünüidarəetmə hüququna malik olacaqdır. Amma burada bir qəribə məqam var. Erməni xalqının öz dövləti var - Ermənistan. Demək, erməni xalqı öz müqəddəratını təyin edibdir, müstəqil dövləti var. Əgər Dağlıq Qarabağ dünyada ikinci erməni dövləti olmaq istəyirsə, bu çox təəccüb doğurur.
Təbiidir ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu veriləndə onun dünya ilə və o cümlədən Ermənistan ilə bilavasitə əlaqələri təmin olunmalıdır. Ermənistan tərəfi deyir ki, Dağlıq Qarabağ anklav vəziyyətində ola bilməz. Ancaq Dağlıq Qarabağa bu istiqamətdən yol var. Demək, Ermənistanla əlaqə qurmaq üçün yol var, oradan dəhliz verilə bilər. Amma onu da bilməlisiniz ki, Naxçıvan Muxtar Respublikası anklav şəraitindədir. Ermənistan-Azərbaycan münaqişəsi başlayandan Naxçıvan Muxtar Respublikası blokadadadır. Çünki Azərbaycanın əsas hissəsindən Naxçıvana gedən yollar Ermənistanın ərazisindən keçirdi. Dəmir yolu, avtomabil yolu, elektrik xətləri, qaz xətləri, telefon xətləri - hamısı kəsilibdir. Bunu bildirmək istəyirəm ki, siz nəzərə alasınız. İndi vəziyyət bu cürdür.
Keçən ilin aprel ayında Vaşinqtonda mən Ermənistanın prezidenti Koçaryanla görüşdüm və ondan sonra 1999-cu ilin içərisində və bu il də biz bir neçə görüş keçirmişik. Bu görüşlərimizin əsas məqsədi iki prezidentin bilavasitə danışıqları nəticəsində sülh əldə etməkdir. Hər iki tərəf elan edibdir ki, bunun üçün müəyyən kompromislər lazımdır və hər iki tərəf də belə kompromis addımlar atmaq fikrini ifadə edibdir. Ancaq təəssüflər olsun ki, biz bu məsələni indiyə qədər hələ də həll edə bilməmişik.
Koçaryan-Əliyev görüşü son dəfə Davosda olmuşdur. Mənim fikrim budur ki, məsələ sülh yolu ilə həll edilməlidir. Bəyan edirəm ki, yenidən müharibə başlamaq, yenidən döyüşlər aparmaq olmaz, buna yol vermək olmaz. Baxmayaraq ki, Azərbaycanın ərazi bütövlüyü pozulubdur və bir milyondan artıq azərbaycanlı çadırlarda yaşayır, Ermənistan ərazisinin bir metri də işğal olunmayıbdır, Azərbaycana böyük zərbələr dəyibdir, işğal olunmuş ərazilərdə bütün mülkiyyət dağıdılıbdır, viran edilibdir, - bunlara baxmayaraq biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Mənə belə gəlirdi ki, 2000-ci ildə biz bu məsələni həll edə bilərik. Mən bu gün də bu ümidlərlə yaşayıram. Amma Minsk qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa bu məsələyə daha da ciddi yanaşmalıdırlar, daha da böyük səylər qoymalıdırlar. Təbiidir ki, eyni zamanda Koçaryan-Əliyev dialoqu da davam etməlidir.
Bu münaqişə bütün Qafqazda vəziyyəti gərginləşdiribdir. Məhz bu münaqişədən dörd il sonra Gürcüstanda Abxaziya, Osetiya münaqişələri başlayıbdır. Ondan sonra Moldovada Dnestryanı münaqişəsi başlayıbdır. Ondan da sonra Çeçenistan münaqişəsi başlayıbdır. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bütün post-sovet məkanında münaqişələrin meydana çıxmasının əsasını qoyubdur. Hesab edirəm ki, əgər bu münaqişənin təkcə Ermənistan və Azərbaycan üçün zərərli olduğunu yox, bütün başqa ölkələrə də sirayət edəcəyini vaxtında anlaya bilsəydilər, bu münaqişənin qarşısı alına bilərdi.
Mən bilirəm ki, Azərbaycan haqqında sizi maraqlandıran bir neçə məsələ vardır. Onlardan biri də Azərbaycanın neft və qaz sərvətlərinin istifadə edilməsi və bu sahədə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları, Avropa ölkələri arasında müştərək işlər görülməsidir.
Mən bəyan etdim ki, Azərbaycan qədim neft ölkəsidir. 50 il bundan öncə Azərbaycan Xəzər dənizinin dərinliklərindən neft hasil etməyə başlamışdır. Demək olar ki, Azərbaycan dünyada ilk dəfə dənizdən neft hasil edən ölkə olmuşdur. Amma sonra dünyanın bir çox ölkələrində bu məsələ çox güclü inkişaf etmişdir. Çox yüksək imkanlara malik olan texnika, texnologiya, avadanlıq yaratmışdır və suyun böyük dərinliklərindən neft çıxarılması prosesi dünyada çox yüksək səviyyədədir.
Dövlət müstəqilliyini əldə etməyimiz bizə imkan verdi ki, artıq özümüz müstəqil olaraq öz təbii sərvətlərimizdən istədiyimiz kimi istifadə etməyə başlayaq. Bunun üçün biz birinci növbədə Amerikada, Avropa ölkələrində çox yüksək texnikaya, texnologiyaya malik olan böyük neft şirkətləri ilə müştərək işlər görməyə başladıq və 1994-cü ilin sentyabr ayında Azərbaycanda 11 neft şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında - 11 neft şirkəti yeddi dövləti təmsil edirdi - böyük bir müqavilə imzalandı.
Bu müqavilə ilk dəfə \"Azəri\", \"Çıraq\" və \"Günəşli\" yataqlarının əsasında imzalandı. Burada əvvəlki illərdə geofizika işləri getmişdi və biz bilirdik ki, orada çoxlu neft ehtiyatları vardır. Doğrudur, bu müqavilənin imzalanmasına hazırlıq dövründə bizə çox maneçilik etmək istəyənlər oldu. \"Xəzər dənizinin statusu müəyyən edilməlidir\" - bu məsələ ortaya atıldı. Qərb ölkələrinin - Amerikanın, Avropa ölkələrinin Xəzər dənizinə gəlməsinə etirazlar oldu. Bizə çox təzyiqlər oldu. Amma buna baxmayaraq, biz müqaviləni imzaladıq. Bundan sonra təzyiqlər artdı. Bəzi Xəzəryanı ölkələr elan etdilər ki, onlar bu müqaviləni tanımaq istəmirlər. Hətta bizim tərəfdaşlarımızdan biri - İngiltərənin bir naziri mənimlə görüşdü və dedi ki, biz nə edəcəyik? Dedim nə barədə? Dedi elan ediblər ki, kimsə bu müqaviləni tanımır.
Mən dedim, narahat olmayın, kim tanıyır-tanısın, kim tanımır-tanımasın. Bu yataqlar Xəzər dənizinin Azərbaycan sektorundadır və bu sektor da Azərbaycana məxsusdur. Ona görə də biz müstəqil dövlət kimi öz təbii sərvətlərimizdən istifadə etmək hüququna malikik.
Xəzər dənizinin statusu məsələsi belədir. Hələ Sovetlər İttifaqı dövründə Xəzər dənizində neft hasilatına başlanan zaman sovet hökumətinin qərarı ilə 70-ci ildə Xəzər dənizi sektorlara bölünmüşdür. Bu, Azərbaycan sektorudur, sonra Rusiya sektoru, Qazaxıstan sektoru, Türkmənistan sektoru, ondan sonra İran sektoru. Biz öz sektorumuzdan kənara çıxmamışıq. Ancaq bəzi Xəzəryanı ölkələr deyirdilər ki, bu sektor prinsipi sovetlər hökuməti zamanından yaranıbdır, biz buna yenidən baxmalıyıq. Biz buna etiraz etmirik. Bir neçə dəfə müzakirələr gedibdir. Biz bu gün də müzakirəyə hazırıq. Ancaq əgər sektor məsələsini ortaya atıb bizim işlərimizin qarşısı alınacaqsa, biz buna razı ola bilmərik.
Ötən beş ildə biz çox böyük nailiyyətlər əldə etmişik. Birincisi, ilk müqavilədən 1997-ci ildə \"Çıraq\" yatağından neft hasil etmişik və onun ixracına başlamışıq. Təbiidir ki, Bakının yaxınlığında böyük bir terminal - Səngəçal terminalı tikilibdir, neft oraya borularla gəlir. Eyni zamanda biz neftin ixracı haqqında da hələ 1994-cü ildən lazımi işlər görmüşük. 1994-cü ildə imzaladığımız müqavilədə yazılıbdır ki, əsas ixrac kəməri Bakı-Ceyhan boru xətti olmalıdır. Ancaq ilk neftin ixracı üçün biz 1996-cı ildən başlayaraq Bakıdan Qara dənizdəki Novorossiysk limanına bir xətt çəkmişik. Bunu Rusiya çox istəyirdi, biz də razı olduq. Rusiya istəyir ki, bütün neftin hamısı Rusiyanın ərazisindən ixrac edilsin.
Doğrudur, o vaxt biz narahat idik ki, Çeçenistandakı vəziyyət, ola bilər, bu boru xəttindən lazımi qədər istifadə edilməsinə mane olsun. Amma Rusiya bizə zəmanət verdi ki, onlar bunu təmin edəcəklər, yəni neft ixrac olunacaqdır. Bunu nəzərə alaraq biz alternativ neft kəməri - Bakıdan Gürcüstanın Qara dənizdəki Supsa limanına xətt çəkmişik. 1997-ci ilin noyabrında biz ilkin neft doldurulmuş ilk tankeri Novorossiysk limanından yola salmışıq. Amma sonra, Çeçenistandakı müharibə nəticəsində bu xətt artıq işləmir. 1999-cu ilin aprel ayında biz Bakı-Supsa boru xəttini tamamlamışıq və oradan tankerlə neft ixrac etmişik. 1997-ci ilin noyabr ayından indiyə qədər 8 milyon tonadək neft hasil etmişik və onu ixrac etmişik.
Amma bizim qarşımızda duran məqsəd Bakı-Ceyhan neft kəməri idi. Bunun da tikilməsinə çox maneçilik vardı. Beş il idi ki, biz bu barədə işləyirdik. Nəhayət, keçən il noyabr ayının 18-də İstanbulda dörd ölkə - Türkiyə, Azərbaycan, Gürcüstan və Qazaxıstan Bakı-Ceyhan neft kəməri haqqında saziş imzalayıbdır. Çünki Qazaxıstan da öz ərazisində hasil olunan neftin böyük hissəsini Xəzər dənizi vasitəsilə Bakıya gətirib, oradan Bakı-Ceyhan boru xətti ilə dünya bazarlarına çıxarmaq istəyir.
Qeyd etmək istəyirəm ki, bizim bütün bu işlərimizi Amerika Birləşmiş Ştatlarının hökuməti və şəxsən prezident cənab Bill Klinton daim dəstəkləyibdir. Amerika Birləşmiş Ştatlarının dəstəyi olmasaydı biz 1994-cü ildə ilk müqaviləni imzalaya, başqa işləri də görə bilməzdik. Bakı-Ceyhan neft borusu haqqında sazişi imzalaya bilməzdik. Ona görə də, təbiidir ki, keçən il noyabr ayının 18-də biz İstanbulda bu sazişi imzalayarkən prezident cənab Bill Klinton da bu sazişə öz imzasını atıbdır.
Biz Xəzər dənizində neft yataqlarının işlənilməsinə 1994-cü ildə başladıq. Amma ondan sonra dünya ölkələri şirkətlərinin Azərbaycanın Xəzər dənizindəki sektoruna marağı o qədər artdı ki, beş il müddətində 19 müqavilə imzalanıbdır. 19 müqavilədə 30 neft şirkəti iştirak edir və 15 ölkə təmsil olunubdur. Amerika Birləşmiş Ştatlarının 9-dan çox neft şirkəti Azərbaycanda yer aldı.
İlkin hesablamalarımıza görə, bu müqavilələrin hamısına təxminən 57-60 milyard dollar investisiya qoyulmalıdır. Müqavilələr 30 il müddətinə bağlanıbdır. Amma güman edirəm ki, neft də gözlənildiyindən artıq olacaq, bəlkə investisiya da daha çox olacaqdır. Bu gördüyünüz - pay bölgüsünə aid xəritədir. Başqa yataqlarımızda da böyük imkanlarımız var. Bizim Xəzər dənizindəki sektorumuzda neft və qaz vermək imkanı olan təxminən 120-130 yataq var. Deyə bilərəm ki, bunların hamısını son 50 il ərzində Azərbaycanın alimləri, mütəxəssisləri, Azərbaycanın neftçiləri kəşf ediblər.
Biz gözləyirik ki, bu müqavilələr nəticəsində təxminən 4,5 milyard ton neft hasil ediləcəkdir. Amma hesab edirik ki, bundan da çox olacaqdır. Məsələn, biz hesab edirdik ki, \"Çıraq\" yatağında hər quyudan gündə 500 ton neft alınacaqdır. Amma 1000-1500 ton alınır.
Son illər aparılan işlər onu göstərir ki, Xəzər dənizinin Azərbaycan sektorunda böyük qaz yataqlarımız da var. 1996-cı ildə \"Şahdəniz\" yatağına dair imzaladığımız müqaviləni indi həyata keçiririk. Birinci quyu qazılandan sonra orada 1 trilyon kubmetrdən artıq qaz ehtiyatı olduğu gözlənilir.
Onun yanında \"Abşeron\" yatağı var. Orada Amerikanın \"Şevron\" şirkəti işləyir. Onlar belə proqnoz verirlər ki, orada 3 trilyon kubmetrdən artıq qaz ehtiyatı gözlənilir. Bunlar hələ ilkin nailiyyətlərdir. Güman edirəm ki, başqa yataqlarda da böyük qaz ehtiyatları açılacaq və Azərbaycan təkcə neft yox, eyni zamanda böyük miqdarda qaz ixrac etmək imkanına malik olacaqdır.
Demək, indi biz qazın ixracı haqqında düşünürük. Çünki nefti, ola bilər, sisternlərdə dəmir yolu ilə daşıyasan, tankerlərlə daşıyasan. Ancaq qaz yalnız borularla gedə bilər. Güman edirik ki, biz bunun da yolunu tapacağıq.
Doğrudur, biz bu işlərə başlayandan indiyə qədər dünyanın bir çox ölkələrinin mətbuatında, o cümlədən Amerika mətbuatında belə fikirlər irəli sürülür, belə məqalələr yazılır ki, guya Azərbaycanın neft və qaz imkanları haqqında verilən məlumatlar şişirdilmişdir, bu qədər ehtiyatlar yoxdur. Güman edirəm, onlar səhv edirlər. Ya vəziyyəti bilmirlər, yaxud da qəsdən qərəzlilik edirlər. Biz bilirik ki, bu sahədə Azərbaycana qarşı düşmən mövqedə duran qüvvələr az deyildir. Bizim rəqəmləri şişirtməyə ehtiyacımız yoxdur - nə var, odur. İndiyə qədər nefti də, qazı da gözlədiyimizdən artıq alırıq və gələcəkdə də belə olacaqdır, yaxın vaxtlarda biz Bakı-Ceyhan neft kəmərinin inşasına başlamalıyıq.
Bir də qeyd edirəm, Azərbaycan çox əhəmiyyətli coğrafi-strateji vəziyyətə malikdir. Bu, bizim üçün yaxşıdır. Amma eyni zamanda bizə qarşı müxtəlif qüvvələri də hərəkətə gətirir. Biz öz vəzifəmizi onda görürük ki, ölkəmizi inkişaf etdirək və bizə göstərilən bütün təzyiqlərin qarşısını alaq.
Ölkəmiz müstəqillik əldə edəndən elan edibdir ki, demokratiya yolu ilə gedir. Azərbaycanda ardıcıl olaraq demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi həyata keçirilir. 1995-ci ildə biz ilk Konstitusiyamızı qəbul etmişik, orada bütün demokratik prinsiplər öz əksini tapıbdır. Bazar iqtisadiyyatı yolu ilə gedirik və gedəcəyik. İqtisadi, sosial islahatlar həyata keçiririk. Xarici investisiyanı cəlb etməyə çalışırıq - özü də təkcə neft sektoruna deyil, həm də başqa sektorlara. Beş il müddətində Azərbaycana 5 milyard dollardan artıq xarici investisiya gəlibdir. Qeyri-neft sektoruna gələn investisiyanın miqdarı get-gedə artır. Məsələn, 1999-cu ildə xarici investisiyanın 60 faizi qeyri-neft sektoruna, 40 faizi neft sektoruna gəlibdir.
İqtisadi islahatlar öz nəticələrini verir. Özəlləşdirmə, torpaq islahatı, torpağın şəxsi mülkiyyətə verilməsi, sahibkarlığın formalaşması və bir çox başqa proseslər gedir. Təbiidir ki, biz bu proseslərin hələ ilkin mərhələsindəyik. Qarşımızda görüləsi hələ çox işlər var. İqtisadi cəhətdən biz Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Birliyi ilə çox sıx əməkdaşlıq edirik. Biz inanırıq və indi əhalimizin də əksəriyyəti inanır ki, sosialist sistemindən tam imtina etmək və bazar iqtisadiyyatı, demokratiya yolu ilə getmək lazımdır.
Biz bütün qonşu dövlətlərlə çox mehriban əlaqə yaratmaq istəyirik. İstəyirik ki, dünyanın bütün dövlətlərilə çox mehriban, qarşılıqlı surətdə faydalı əlaqələr yaradaq. Təbiidir, bizi birinci növbədə Qafqaz və xüsusən Cənubi Qafqaz maraqlandırır. Cənubi Qafqazda üç ölkə var: Azərbaycan, Gürcüstan və Ermənistan. Gürcüstanla Azərbaycan arasında çox yaxşı dostluq, əməkdaşlıq əlaqələri var. Amma Ermənistan-Azərbaycan münaqişəsi Cənubi Qafqazda ümumi əməkdaşlığın həyata keçirilməsinə maneçilik törədir. Ona görə də Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi təkcə iki ölkə üçün yox, bütün Qafqazda sülhün, təhlükəsizliyin, əmin-amanlığın təmin olunması və geniş iqtisadi əməkdaşlığın təmin olunması üçün lazımdır.
Qonşu Türkiyə ilə bizim çox yaxşı dostluq, mehribanlıq əlaqələrimiz var. Rusiya ilə də əlaqələrimiz normaldır, İran ilə də normaldır. Amma biz arzu edirik ki, bundan da yaxşı olsun. Lakin bu, təkcə bizdən asılı deyildir.
Beləliklə, hesab edirəm ki, Qafqaz problemi dünyanın ən çətin və ən ağır bir problemidir. Dünyanın Qafqaza marağı artıb, ancaq bununla yanaşı, Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunması üçün də bizlərə kömək etmək lazımdır.
Dedim ki, Azərbaycan Avropa ilə Asiya arasında yerləşən bir ölkədir. Son illər tarixi İpək yolunun bərpa edilməsi aktual bir problem kimi meydana çıxıbdır. Bu məsələ hələ 1980-ci ildə YUNESKO tərəfindən qaldırılmışdı. Amma sovet hakimiyyəti, Sovet İttifaqı dağılandan sonra bu proses inkişaf edibdir.
Azərbaycan İpək yolunun bərpasında, demək olar ki, açar rolunu oynayır. Biz bu barədə çox fəaliyyət göstəririk. Təbiidir ki, bunun əsasını Avropa Birliyinin tərtib etdiyi TRASEKA proqramı təşkil edir. Son beş ildə bu barədə çox işlər görmüşük. 1996-cı ildə biz - Türkmənistan, Özbəkistan, Azərbaycan və Gürcüstan Türkmənistanın Sərəxs şəhərində müqavilə imzaladıq və Transqafqaz, Transxəzər dəhlizindən istifadə olunması haqqında lazımi tədbirlər gördük. Bu, qısa bir müddətdə öz müsbət nəticəsini göstərdi.
1998-ci ilin sentyabr ayında Azərbaycanda böyük beynəlxalq konfrans keçirildi. İpək yolu üzərində yerləşən Yaponiyadan, Çindən ta İspaniyaya qədər uzanan ölkələrin - 32 ölkənin nümayəndələri Azərbaycanda toplaşdılar. 9 ölkəni prezidentlər təmsil edirdi. 12 beynəlxalq təşkilatın nümayəndələri konfransda iştirak etdilər. Biz saziş imzaladıq və indi onu həyata keçirməyə çalışırıq.
Qısaca, bunun səmərəliliyi nədən ibarətdir? Məsələn, son beş ildə Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan xətti ilə keçən nəqliyyatdan istifadə edilməklə yük daşımaları 2,5 dəfə artıbdır. 1996-cı ildə yük daşınması 2 milyon ton idi, 1999-cu ildə isə 5 milyon ton yük daşınmışdır. Asiyanı Avropa ilə birləşdirən şimal marşrutlarına nisbətən burada məsafə 2 min kilometr azdır. Gömrük rüsumları və başqa şeylər də burada oradakından xeyli ucuzdur. Ona görə İpək yolunun bərpası indi aktual məsələlərdən biridir.
Amerika Birləşmiş Ştatlarında da buna çox diqqət yetirilir. Senator Braunbek bu barədə Konqresə böyük bir layihə təqdim etmişdir. Keçən ilin aprel ayında biz burada, Senatın binasında bir konfransda iştirak etdik. Senat üzvləri, hökumətin nümayəndəsi Semuel Berger, böyük siyasi xadimlər Beyker, Bjezinski və başqaları bu barədə çox müsbət fikirlər söylədilər. Bu konfransda Türkiyə, Rumıniya ilə birlikdə Asiya və Qafqaz ölkələrinin doqquz prezidenti nitq söylədilər və onların hamısı Böyük İpək yolunun bərpa edilməsinin lazım olduğunu bildirdi. Təəssüf ki, Konqres Sem Braunbekin təqdim etdiyi qanun layihəsini təsdiq etmədi. Amma bunun bizim üçün o qədər də əhəmiyyəti yoxdur, biz bu proqramı həyata keçiririk və keçirəcəyik.
Beləliklə, indi Qafqaz və Mərkəzi Asiya çox maraqlı regiondur. Burada yeni müstəqil dövlətlər var. Müstəqilliyini möhkəmləndirmək və proqramlarını həyata keçirmək üçün onların hamısına kömək etmək lazımdır.
Azərbaycan haqqında onu deyə bilərəm ki, o, özünün dövlət müstəqilliyini günü-gündən möhkəmləndirir. Azərbaycanın ərazisində heç bir başqa ölkənin ordusu yoxdur. Təəssüflər olsun ki, Ermənistanda Rusiyanın çox böyük ordu hissələri və hərbi bazaları var. İndi Rusiya o hərbi bazalara daha da yeni silahlar - \"C-300\" raketləri, MİQ-29 təyyarələri və başqa güclü silahlar gətiribdir. Beləliklə, Cənubi Qafqazın militarizasiyası gedir. Biz bunun əleyhinəyik.
Ermənistanla Rusiya arasında hərbi ittifaq yaranıbdır. Bu gün xəbər verdilər ki, Belarus ilə Ermənistan arasında da hərbi ittifaq yaranır. Rusiyada bəzi qüvvələr var ki, Sovetlər İttifaqını yenidən bərpa etmək istəyirlər.
Biz bunun əleyhinəyik. Azərbaycan öz dövlət müstəqilliyini xalqın tarixi nailiyyəti hesab edir və biz daim müstəqil yaşamaq istəyirik. Biz istəyirik ki, müstəqilliyimizə heç kəs təcavüz etməsin. İstəyirik ki, böyük dövlətlər iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər - Amerika, Avropa dövlətləri və başqa dövlətlər bizim kimi ölkələrin, konkret olaraq Azərbaycanın müstəqil, demokratik dövlət kimi yaşamasına, inkişaf etməsinə yardım etsinlər.
Təəssüf ki, 1992-ci ildə Amerika Birləşmiş Ştatlarının Konqresi Azərbaycana qarşı ədalətsiz bir qərar qəbul edibdir- \"Azadlığı dəstəkləmə aktı\"na düzəliş, 907-ci maddə. Bu qərarı guya ona görə qəbul edib ki, \"Azərbaycan Ermənistanı blokadaya alıbdır\". Buna görə də Amerika Birləşmiş Ştatlarından Azərbaycana hər türlü yardıma embarqo qoyulubdur.
Amma əslində baxın, kim kimi blokadaya alıbdır - Azərbaycan Ermənistanı, yoxsa Ermənistan Azərbaycanı? Bakıdan Ermənistana gedən dəmir yolu var - o, Naxçıvandan keçib Yerevana gedir. Bu dəmir yolu bizim üçün də Ermənistan üçün də əhəmiyyətlidir. Amma Ermənistan Azərbaycan torpaqlarını işğal edərək bizim dəmir yolunu, İranla sərhədin 130 kilometrini ələ keçiribdir. Ona görə biz bu dəmir yolunu işlədə bilmirik. Əgər işğal edilən torpaqlar azad olunsa, dəmir yolu işləməyə başlayacaq, Ermənistanla Azərbaycan arasında dəmir yolu xətti olacaqdır. Ona görə deyirəm - blokadaya alınan da Azərbaycandır və 907-ci maddə ilə cəzalanan da Azərbaycandır.
Amerika Konqresində çox dəyərli senatorlar, konqresmenlər var ki, 907-ci maddənin aradan götürülməsi üçün təkliflər veriblər. Amma elə konqresmenlər də var ki, bu təkliflərin həyata keçirilməsinə maneçilik törədirlər.
Amerika hökuməti 907-ci maddənin Azərbaycana qarşı ədalətsiz olduğunu dəfələrlə bəyan edibdir, onun ləğv olunması haqqında fikirlərini söyləyibdir. Ancaq bu, ləğv olunmayıbdır. Mən bununla onu demək istəyirəm ki, son 5-6 il içərisində Azərbaycan Amerika Birləşmiş Ştatları ilə çox böyük müttəfiqlik, tərəfdaşlıq əlaqələri yaradıbdır və geniş iqtisadi əməkdaşlıq edir. Bizim haqqımız var ki, Amerika Birləşmiş Ştatlarına sual verək: Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasında nə üçün Azərbaycana təsirli kömək etmirsiniz? Nə üçün 907-ci maddəni aradan götürmürsünüz?
Ancaq mən nikbinəm, hesab edirəm ki, məsələ sülh yolu ilə həll ediləcək, Cənubi Qafqazda sülh, əmin-amanlıq təmin olunacaq və Azərbaycan müstəqil, demokratik dövlət kimi yaşayıb inkişaf edəcəkdir.
Mən sizin vaxtınızı çox aldım, diqqətinizə görə təşəkkür edirəm.
\"Azərbaycan\" qəzeti, 16 fevral 2000-ci il